«AĞ ÖLÜM»ÜN CAYNAĞINDA

Məzahir Əfəndiyev: «Qadınlar arasında narkomaniya bəlasına düçar olanların sayı artıb»

 

"Bir dəfə daddın, bir də istəyirsən. Fikirləşirsən ki, tək bircə dəfə də istifadə edim, ataram. Bir də onda ayılırsan ki, artıq əl çəkmək mümkün deyil, əksinə, digər vasitələrə əl atıbsan, doza artıb və s. Üstəlik vaxtı çatanda tapılmasa, gen dünya adama dar gəlir. Elə bu məqamdan da başqa bəlalar başlayır. Narkotik vasitə əldə etmək üçün borca girirsən. Bir gün borc da vermirlər. Evdə olan-qalan əşyaları, ardınca da evi satmaq məcburiyyətində qalırsan, ailə dağılır, qohum-əqrəba, qardaş-bacı, ata-ana, dostlar, həyat yoldaşın üz döndərir. Amma bütün bunlar vecinə də olmur. Təki narkotik vasitə tapılsın. Sonra... Sonra isə iki yol qalır: damarları doğrayıb intihar etmək, ya da cinayət törətmək...".

Bu sözləri narkomaniya bəlasına düçar olan şəxslər öz həyatları ilə bağlı danışarkən deyirlər.   

Müxtəlif statistik rəqəmlər, hadisələr, müşahidələr də onu göstərir ki, deyilənlər həqiqətdir. Təəssüf ki, bu yoldan geri, cəmiyyətə, ailəsinə dönən insanların sayı yüz minlərlə narkomanın arasında azlıq təşkil edir.

Amma bu, o demək deyil ki, çarələr tükənib. Əksinə, müasir dövrdə belə insanları yenidən həya­ta qaytarmaq üçün  vasitələrin, metodların sayı artıb. Günbəgün həmin metodlar daha da təkmilləşir.  

Müsahibimiz Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatı (BMT) İnkişaf Proqramının icra etdiyi Cənubi Qafqaz Narkotiklərə Nəzarət Proqramının (SKAT) rəhbəri Məzahir Əfəndiyevdir. Onunla müsahibəmizdə də elə bu metodlardan söhbət açmışıq. 

 

- Məzahir müəllim, rəhbəri olduğunuz proqram və onun əhəmiyyəti haqda məlumat verərdiniz...

- Bu proqram 2001-ci ildə Azərbaycan hökumətinin yazılı razılığına əsasən fəaliyyətə başlayıb. Və həmin ildən etibarən Azərbaycan hökumətinin narkomanlığın və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi reformalara yardım xarakteri daşıyır. İndiyə qədər proqram çərçivəsində müvafiq işlər görülüb. İlk növbədə hüquq mühafizə orqanlarının iş fəaliyyətinin müasir standartlara cavab verməsini təmin etmək üçün həm metodoloji, həm də texniki yardımlar həyata keçirilib. Eyni zamanda beynəlxalq tədbirlərdə yaxından iştirak etməklə məlumat mübadiləsi aparılıb.

İnkişaf etmiş ölkələrə, xüsusən də Avropa dövlətlərinə tanışlıq səfərləri edilib. Bu səfərlər zamanı həmin ölkələrdə narkomaniya ilə bağlı həyata keçirilən siyasət öyrənilib və yerli qanunvericiliyin hazırlanmasında, təkmilləşməsi istiqamətində ümumi işlər görülüb. Bundan başqa narkotiklərin epidemiologiyasının müəyyən olunması, narkosituasiya ilə bağlı ətraflı məlumatların əldə edilməsi üçün xüsusi mərkəz də yaradılıb. Bu mərkəzdə beynəlxalq standartlar çərçivəsində narkotiklərlə bağlı illik məruzənin hazırlanması istiqamətində bir çox işlər görülüb. Onu da deyim ki, bu, genişmiqyaslı tədbirlər 2001-ci ildən 2007-ci ilə qədər həyata keçirilib.

Və bu müddət ərzində dörd mərhələ icra olunub. Hal-hazırda SKAT-ın beşinci mərhələsi həyata keçirilməkdədir. Bu mərhələ Azərbaycan üçün daha əhəmiyyətlidir. Belə ki, beşinci mərhələdə altı subproyektin icrası nəzərdə tutulur. Birinci istiqamət qanunvericiliyin təkmilləşməsidir. İkinci istiqamət epidemioloji vəziyyətin müəyyən olunması və məruzənin hazırlanmasıdır. Üçüncü istiqamət daha vacib hesab etdiyimiz təbliğat-təşviqat işlərinin həyata keçirilməsidir ki, bu komponent də özlüyündə iki yerə bölünür.

- Kütləvi İnformasiya Vasitələrinin bu maariflənmədə xüsusi rolunu nəzərə alaraq onlarla iş birliyi;

- Orta məktəblərdə maariflən­dirmə işi ilə məşğul olacaq müəllimlər üçün təşviqat kitablarının hazırlanması. 

Beşinci istiqamət narkotik vasitələrə aludə olmuş şəxslərin reabilitasiyası, müalicə metodları, əvəzedici terapiyanın tətbiq olunmasıdır. Altıncı istiqamət isə beynəlxalq, regional əməkdaşlıqla bağlıdır ki, bu çərçivədə biz həm Azərbaycanda, həm də regionun digər ölkələrində narkomaniyaya qarşı mübarizə aparan idarələrlə daha sıx, daha çevik əməkdaşlıq edəcəyik.

 

- Narkomaniya bəlasına düçar olmanın əsas səbəbləri hansılardır. Konkret olaraq Azərbaycanda narkomaniyaya qurşanma hansı səbəblərdən qaynaqlanır?

- Bunun səbəbləri müxtəlifdir. Sovetlər dövründə bu problem gizli saxlanılırdı. Yəni Azərbaycan Sosialist Respublikasında narkomaniya probleminin olmadığı bildirilirdi, statistikası aparılmırdı. Bu məsələ problem kimi qarşıya qoyulmadığına görə də xüsusi ixtisaslaşmış  kadrların yetişdirilməsi üçün diqqət ayrılmırdı. Bu, məsələnin bir tərəfidir. Yeni transformasiya dövründə isə müxtəlif problemlər, işsizlik, psixoloji problemlər və s. ortaya çıxdı və məsələnin genişlənməsinə, vüsət almasına təkan verdi. Bundan başqa bir çox ailələr bu problemi gizli saxladıqlarından həlli çətinləşir. Biz Azərbaycanda narkotik vasitələrin təsirindən ölən adamların siyahısını faktlaşdırmağa çalışırıq. Amma qeyd etdi­yim kimi, ailələr bu faktları gizlətməyə çalışdıqlarından ortaya yekun analiz  qoymaq çox çətin olur.

Azərbaycan müstəqilliyini yeni əldə etmiş bir dövlətdir və müstəqillik dövründə də çox keşməkeşli bir tarix yaşayıb. Bu gün Azərbaycanın bir milyondan artıq məcburi qaçqın və köçkün düşmüş insanları var. Onların sosial-psixoloji durumları və s. də bu məsələyə öz təsirini göstərir. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən mənfur düşmənlərimiz narkotranzit kimi istifadə edirlər.

 

- Məzahir müəllim, bu bəladan xilas olmaq üçün dünya praktikasında hansı metod və üsullar tətbiq edilir?

- Bu məsələnin həlli istiqamətində dünya praktikasına nəzər salsaq, zəngin bir yol keçildiyinin şahidi olarıq. Məsələn, ABŞ-ın bu problemin aradan qaldırılması üçün xüsusi  siyasəti var. Bu ölkədə narkomaniya ilə mübarizə məsələsinə həddindən artıq radikal yanaşırlar. Dünya miqyasında isə  narkotik maddələrin qeyri-qanuni dövriyyəsi BMT-nin üç konvensiyası ilə tən­zimlənir. Bu gün demək olar dünyanın bir çox ölkələri BMT-nin üç konvensiyası ilə həm öz qanunvericiliyini təkmilləşdirir, həm də zəruri hallarda həmin konvensiyaları tətbiq edir. Azərbaycan dövləti də həmin konvensiyaları qəbul edib.

Onu da deyim ki, biz bu problemin həll olunması üçün Avropa  praktikasına üstünlük veririk. Məsələ burasındadır ki, Avropa İttifaqı bu məsələyə daha çox insan haqlarının qorunması prizmasından yanaşır. Hər bir vətəndaşın yaşamaq hüququ var. Bu kontekstdə Avropa ilk növbədə vətəndaşların hüququnu tanıyır, onların reabilitasiyası üçün şərait yaradır. Azərbaycan hökuməti də demokratik quruluşun yaradılması, insan haqlarının aliliyinin qorunması ilə bağlı öhdəliklər götürdüyü üçün Avropa metodunu məqsədəuyğun hesab edir. Bu metodun daha əlverişli olmasını həm də onunla izah edərdim ki, ABŞ-da narkomaniya ilə mübarizəyə ildə təxminən 17-18 milyard dollar civarında vəsait xərc­lənməsinə baxmayaraq, qeyri-rəsmi statistikaya əsasən, bu ölkədə narkotikdən istifadə edən şəxslərin sayı 1 milyonu keçib.

Onu da bildirim ki, Azərbaycan cəmiyyətində bu problem haqqında insanlar çox az məlumatlıdırlar. Narkomaniyaya aludə olmuş şəxslərlə görüşlər zamanı aydın olur ki, onların əksəriyyəti bilməyərəkdən bu pis vərdişə qurşanıblar. Bu mənada hesab edirəm ki, əhali arasında maarifləndirmə işlərini daha da gücləndirmək lazımdır. Ona görə də problemin həllinə iki prizmadan yanaşmaq lazım gəlir.

- İnsanların narkotik vasitələrə aludə olmasının qarşısını almaq, maarifləndirmə işləri aparmaq;

- Bu bəlaya düçar olmuş xəstənin reabilitasiyası ilə məşğul olmaq.

Təbii ki, bu iki istiqamət mütləq paralel aparılmalıdır.

 

- Sizcə, narkomaniya bəlasından xilas olmaq üçün dini faktor  təsirli ola bilərmi?

- Narkomaniya xəstəliyinə düçar olan insanın yenidən normal həyata qayıtması üçün tibbi baxımdan bütün imkanlardan  istifadə olunur. Amma bəzi hallarda əfsuslar olsun ki, tibb aciz qalır. Belə hallarda insan iradəsi önə çəkilir. Mən də düşünürəm ki, insanın iradəsini toplaya bilməsi üçün ona Allah sevgisi yardım edər. Həmsöhbət olduğumuz bir çox şəxslər özləri də etiraf ediblər ki, uzun illər aparılan müalicə heç bir effekt verməyib. Amma Allaha sevgi, dinə inam onları bu bəladan birdəfəlik xilas edib.

Məsələ burasındadır ki, narkoman fiziki asılılığa düşməmişdən əvvəl psixi asılılığa məruz qalır. Bu mənada müalicə zamanı narkotik vasitə istifadəçisi birinci növbədə psixoloji asılılıqdan yaxa qurtarmalıdır ki, fiziki asılılıqdan da yaxa qurtarmaq çətin olmasın. Bu nöqteyi-nəzərdən də bəzi hallarda dini faktor mühüm rol oynaya bilir.

 

- Yeri gəlmişkən, ölkəmizdə bu xəstəliyin müalicəsi ilə bağlı vəziyyət necədir, hər hansı effekt varmı?

- Təəssüflər olsun ki, narkomaniya xəstəliyinin müalicəsi üçün Azərbaycanda dünya standartlarına cavab verən  metodlar tətbiq olunmayıb. Düzdür, 2005-ci ildən etibarən Səhiyyə Nazirliyi tərəfin­dən əvəzedici proqramların tətbiq olunması istiqamətində müəyyən addımlar atılıb. Nəzərinizə çatdırım ki, biz hal-hazırda SKAT proqramı çərçivəsində Azərbaycanda da dünya standartlarına cavab verə biləcək reabilitasiya mərkəzlərinin yaradılmasını planlaşdırırıq. Ümidvarıq ki, yaxın gələcəkdə belə xəstələrin müalicəsi bu reabilitasiya mərkəzlərində daha da effektiv olacaqdır.

 

- Hazırda ölkəmizdə narkomaniyadan əziyyət çəkən nə qədər insan var?

- Səhiyyə Nazirliyi tərəfindən 22 min narkomaniya xəstəsi qeydə alınıb. Bunlardan təqribən 480 nəfəri qadındır. Təəssüflər olsun ki, bu rəqəm ilbəil çoxalır. Son zamanlar qadınlar arasında da belə xəstələrin sayı artmaqdadır. Hesab edirəm ki, bu, qadınların tütün məmulatlarına olan aludəçiliyinin artması ilə bağlıdır. Rəsmi statistikaya görə, 2006-2007-ci illərdə narkomaniyaya düçar olan qadınların sayı 30-40 nisbətində idisə, 2007-2008-ci illərdə bu say 100-ə qədər artıb.

Sonda qeyd eləmək istərdim ki, narkomaniya problemi cəmiyyətin problemidir. Zənnimcə, hər kəs bu problemə öz problemi kimi yanaşmağı bacarsa, narkomaniya ilə mübarizə daha yaxşı effekt verə bilər.

 

Gülnar Mayisqızı

3222 dəfə oxunub

ZƏRƏRLİ VƏRDİŞ
İCTİMAİ YERLƏRDƏ SİQARET ÇƏKİLMƏSİ QADAĞAN EDİLƏ BİLƏR. Sağlam millət sağlam gələcək deməkdir. Millətin sağlamlığına təhlükə yaradan amillərdən biri isə siqaretdir. Siqaretin vurduğu zərəri və onun gətirdiyi bəlaları nəzərə alaraq, bu bəlaya qarşı qanun çərçivəsində müvafiq mübarizə aparmaq zərurətə çevrilib. Milli Məclisin sosial-siyasət daimi komitəsinin sədr müavini, millət vəkili, həkim Musa Quliyevin ictimai yerlərdə
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB