FOLKLORŞÜNAS ALİMLƏ TİBBƏ DAİR SÖHBƏT

Görkəmli tədqiqatçı, tanınmış folklorşünas, ədəbiyyatşünas, dilçi alim Qəzənfər Paşayev 27 avqust 1938-ci ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-Azərbaycan dilləri fakültəsini bitirib.  Müxtəlif vaxtlarda İraqda tərcüməçi işləyib (1962-1966, 1972-1975),  1972-1989-cu illərdə Bakı Slavyan Universitetində müəllim, dekan müavini, xarici dillər kafedrasının müdiri vəzifəsində çalışıb. ABŞ-da (1983) və İngiltərədə (1988) ixtisasartırma kursları keçib, 1989-2000-ci illərdə isə BDU-nun filologiya fakültəsində dərs deyib. 1969-cu ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib, 1995-ci ildə professor adı alıb. AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2001-2005) işləyib, 2003-cü ildən etibarən isə Nizami adına Ədəbiyyat İnstitu­tun­da baş elmi işçidir.

 

Biz onu "Altı il Dəclə-Fərat sahilində" adlı elmi-publisistik əsərindən tanıyırıq. İraqdan, burada yaşayan türkmanlardan, onların hə­yatından, folklorundan, dərdindən-sərindən bəhs edən bu kitab elə po­pulyarlıq qazanmışdı ki, əl-əl, ev-ev gəzirdi. 1996-cı ildə bu kitab İraqda çap olunandan sonra ölkə prezidenti ona pul mükafatı da təyin etmişdi. Amma o, bu mükafatın vəziyyəti ağır olan İraq türkmanlarına verilməsini  xahiş etmişdi. Daha sonra yazdığı digər kitablar onu xalqın sevimli yazıçılarından birinə çevirdi. Aradan təxminən 25-30 il keçəndən sonra "Nostradamusun möcüzəli aləmi"ni qələmə aldı. Bu kitab da əməlli-başlı sensasiyaya səbəb oldu.

Təbii ki, müəllifinə şöhrət gətirən kitablar, əsərlər asanlıqla yazılmayıb, hər sözün, cümlənin arxasında insan zəhməti, əməyi durur. Zəhmətə qatlaşmaq isə onun alın yazısı idi. Anasını erkən yaşlarında itirmişdi. Digər problemlər də az deyildi. Dövrün çətinlikləri, kasıblıq və s. Amma buna baxmayaraq onda oxumaq həvəsi azalmamışdı. Taras Bulbanın əsərini bir gecəyə bitirirdi. Neftə qənaət etmək üçün gecələr lampanı söndürən bacısına deyərdi ki, "sabah bütün işləri özüm görəcəm, amma lampanı söndürmə". Çoxları buna oxumağa, elmə həvəs adı verir, amma zənnimcə, bu, əsl qəhrəmanlıq, fədakarlıqdır.

Tanınmış folklorşünas alim, professor Qəzənfər Paşayevi elmin zirvəsinə çıxaran da elə məhz bu qəhrəmanlıq, fədakarlıq olub.

 

- Qəzənfər müəllim, səhhətiniz necədir, sağlamlığınıza fikir verə bilirsinizmi, yoxsa siz də millətimizə xas olan "xəstələnəndən sonra həkimə müraciət etmə" prinsipinə  əməl edirsiniz?     

- Bu bütün Şərq xalqlarına (yəhudilərdən başqa) xas olan bir  xüsusiyyətdir. Hətta biz şərqlilər həkimə xəstələnəndə deyil, yeriyə, yata və dura bilməyəndə, bir sözlə ümid hər yerdən kəsiləndən sonra müraciət edirik. Təəssüf ki, bizdə "sağlamlığın qayğısına vaxtında qalmaq" prinsipi hələ tam şəkildə formalaşmayıb. Açığı mən də sağlamlığıma bir o qədər fikir verən adam deyiləm. Gec yatıram, vaxtlı-vaxtında qidalanmıram və s. Amma Avropada və dünyanın digər inkişaf etmiş ölkələrində belə deyil. Bir dəfə xaric­də yaşayan dostum bizə qonaq gəlmişdi. Burada qaldığı müddətdə xəstələndi. Təsəvvür edin, həkim müayinəsindən keçəndən sonra müayinənin nəticələrini təkrar analiz üçün Moskvaya, Türkiyəyə də göndərmişdi. Cavablar yaxşı idi. Amma ürəyi bununla da sakitləşmə­yib həmin analizləri İngiltərəyə də göndərdi. Bu, mənim üçün çox böyük dərs oldu. Amma etiraf edim ki, elə dərs olaraq qaldı. Əməl edə bilmədim. Bəxtim onda gətirib ki, ömür-gün yoldaşım qayğıma yaxşı qalır, o, sağlamlığıma qarşı məndən daha çox diqqətlidir. Yəqin, ona görə də intensiv yaradıcılıqla məşğul ola bilirəm.

 

- Sağlamlıqdan söz düşmüş­kən, Azərbaycan şifahi xalq ədəbiyyatında tibbə dair ayrı-ayrı janrlar çərçivəsində nümunələr varmı, yəni xalq bu sahəyə öz münasibətini ədəbi formada bildiribmi?

- Xalqın əsrlərlə topladığı nümunələr, gəldiyi qənaətlər şifahi xalq ədəbiyyatında öz əksini tapıb. Bu günümüzə qədər qorunub saxlanan türkəçarələr də xalqın təfəkküründən süzülüb gələn nümunələrdir. Azərbaycanda tibb elminin tarixi kökləri çox qədimlərə gedib çıxır. Xalq təbabəti ilə bağlı məlumatlara qədim Azərbaycan ədəbi abidəsi olan "Avesta"da da rast gəlinir. Ümumiyyətlə, istənilən ədəbi abidəmizdə, eləcə də folklor nümunələrimiz olan atalar sözləri, bayatılar, məsəllər, rəvayətlər, əfsanələr, dastanlar və nağıllarımızda sağlamlıqla bağlı  inanclar, misallar öz əksini tapıb. Şifahi xalq ədəbiyyatı nümunələrində öz əksini tapan müalicəvi iksirlər, məlhəmlər haqqında məlumatlar bu gün də geniş maraq doğurur. Məsələn, "Kitabi-Dədə Qorqud" dastanında "Dirsə xan oğlu Buğacın boyu"nda Dirsə xanın xatını öz yaralı oğlunu Ağ donlu Xızırın məsləhəti ilə dağ çiçəklərindən və ana südündən hazırlanmış məlhəmlə sağaldır.  "Məlikməmməd" nağılında isə cavanlıq iksiri kimi göstərilən almadan istifadəni qeyd eləmək yerinə düşər. Folklor nümunəsi olan  bayatılarımızda da belə misallara istənilən qədər rast gəlmək mümkündür. Məsələn:

 

Üzərliksən havasan,             

Hər dərdə dəvasan.               

Hər yerdə sən olasan,            

Qada-bəla sovasan.              

             ***

Zoğal yeyən adamın

Qara qanı durular.

Ona insanlar deyil,

İlanlar da vurular.

 

Bu nümunədə ağbirçəklərimizin üzərliklə, zoğalla bağlı inancları öz əksini tapıb. Atalar sözü və məsəllər də xalq təbabətini özündə əks etdirmək baxımından diqqəti çəkir.

"Az yeyənin azarı da az olar", "Min dərd varsa, min bir də dərmanı var", Piyin çoxdursa, zoğal ye, arıqsansa, qoğal ye."

Xalq təbabətinin izlərinə tapmacalarda da rast gəlinir. Məsələn:

Rəngi sarıdır,

Sarılığa dərmandır (zirinc).

Bir çox tapmacalara nəzər saldıqda aydın olur ki, zirinc mədə, qaraciyər və ürəyi qüvvətləndirir, meyvəsi və ya şirəsi qan təzyiqini aşağı salır.

Azərbaycan əfsanələrində də xalq təbabəti mövzusu özünü göstərir. "Keçi südü və ilan zəhəri" bu baxımdan maraqlıdır. Əfsanəyə görə, ağır xəstəliyə düçar olan, ən tanınmış loğmanların belə dərdinə əlac tapa bilmədikləri bir varlı kişi evdən uzaq xarabalıqda ölümünü gözləyir. Günlərin birində həmin xarabalıqda bir keçi peyda olur. Bir qadın isə gəlib, həmin keçini sağıb, südünü qoyub gedir. Bir ilan da gəlib, həmin süddən bir az içir, yerdə qalanına isə zəhər tökür. Kişi ağrısız və tez ölmək məqsədilə südlə qarışmış zəhəri başına çəkir.  Ancaq ölmür, əksinə vəziyyəti get-gedə yaxşılaşır və tam sağalmış halda evinə dönür. Yeri gəlmişkən, tibdə ilan zəhərindən istifadə hamıya yaxşı məlumdur.   

 

- Bir sıra maraqlı tərcümələrin müəllifisiniz. Bu sırada professor Sula Benetin "Necə yaşayasan, yüzü haqlayasan?" əsəri də var. Sağlam həyat tərzi keçirmək arzusunda olan oxuculara S.Benetin uzun ömür barəsindəki qənaətini necə çatdırardınız?

- Öncə qeyd edim ki, böyük alim, professor Sula Benet Nyu-York Elmlər Akademiyasının akademiki olub, bir neçə dil bilib. Onun kitabında Qafqaz xalqlarının həyat tərzi, yaşayışı, qidalanması və s. araşdırılır. S.Benet qeyd edir ki, "Qafqaz mədəniyyəti ənənəvi, sabit ailə münasibətlərini saxlayır. Burada sənayeləşmə və texnoloji səviyyə yüksək deyil. Amma bununla belə bütün yaş qruplarının və ictimai birliklərin birgə yaşadığı Qafqazda, sənaye və texnologiya  cəhətdən inkişaf etmiş ölkələrə örnək ola biləcək çox şeylər var. Müasir cəmiyyət bir daha dərk etməlidir ki, insan bir parça plastik kütlə deyil, onun ruhi, mənəvi cəhətdən təmin edilməsi zəruri olan tələbləri var".  Kitabda həmçinin qidalanma, sağlam həyat sürmənin yolları və s. haqda maraqlı məlumatlar yer alıb. Müxtəlif qida məhsullarından, onların əhəmiyyətindən söz açılır. Benet vurğulayır ki, qafqazlılar boyat yemək yemirlər. Hətta qafqazlılar soyuducu olmadığı zamanlarda məhsulların təzə və təbii şəkildə qalması üçün onları dərin quyularda saxlayardılar.

Onu da deyim ki, S.Benet uzun illər Qafqazda, o cümlədən Azərbaycanda tədqiqat aparıb. O, bu regionda qocalara olan münasibətə də xüsusi diqqət çəkib. Alim qeyd edir ki, Qafqazda uzunömürlülüyün ən başlıca səbəbi qocalara münasibətlə bağlıdır. Hansı evə getsən, qocalara böyük ehtiram görərsən. Bundan başqa, o, Qafqazda kişilik dövrünün uzun çəkdiyini, kişilərin ixtiyardan çox gec düşdüyünü xüsusi olaraq qeyd edir. S.Benet qafqazlı­ların həyat tərzini, ailə həyatını başqa xalqlardan fərqli qurduqlarını, qonaq­pərvər olduqlarını, qocalara xüsusi ehtiram göstərildiyini, onların  istirahə­tə, şənlənməyə fərqli münasibət göstərdiklərini, xalq təbabətindən geniş şəkildə istifadə etdiklərini önə çəkir. Və bütün bunların uzunömürlülüyə səbəb olduğunu qeyd edir.

 

- Sizcə, insan sağlamlığını necə qorumalıdır?

- Bu suala milliyyətcə bolqar olan məşhur görücü Vanqa yaxşı cavab verib. O, bacısı qızı Krasimira Stoyanova ilə müsahibəsində deyir ki, bunun üçün xüsusi resept yoxdur. Sadəcə insan yaxşı bilir, nə yaxşıdır, nə pisdir. Ən əsası odur ki, lazımi qədər   yeyəsən. Qədərindən artıq yemək bədənin bütün üzvlərinə mənfi təsir göstərir. Bizə çox yemək lazım olsa idi, təbiət hər birimizə iki mədə bəxş edərdi. İnsan çox yeməkdən çəkinməli, çoxlu hərəkət etməli, çox işləməli, axşam tez yatıb, səhər erkən qalxmalıdır. Bizdə belə misal var, "tez duranla tez evlənən uduzmaz".

 

- Bir çox ölkələrdə olmusunuz. Hansı ölkələrin mətbəxini "savadlı mətbəx" adlandırmaq olar? 

- Bir çox ölkələrin zəngin və maraqlı mətbəxi var, məsələn türklər salatlarda müxtəlif yeməklərdə limondan çox istifadə edirlər. Bildiyimiz kimi limon bir çox xəstəliklərin dərmanı sayılır. Keçmişdə insanlar xəstə yanına gedəndə  özləri ilə həmişə limon da aparardılar. Limon həm də həzm sistemi üçün çox yaxşı təbii vasitədir. Bu baxımdan türk mətbəxini, eyni zamanda  menyusu cana xeyirli olan mətbəxlərin hamısını "savadlı mətbəx" adlandırmaq olar. Çinlilərdə belə bir deyim var. "Dadlı olanı deyil, xeyirli olanı ye".  Çinlilərin sözünə qüvvət kimi mən də xeyirli qidalanması  olan mətbəxi "savadlı mətbəx" adlandırardım.

 

- Bu mənada bizim mətbəx barədə nə demək olar?

- Aleksandr Düma 1858-ci ildə Qafqaza səyahəti zamanı buranın mətbəxini bir o qədər də  xoşlamayıb. O yazır ki, Qafqazda yeməkləri çox qarışdırırlar. Doğrudan da bir neçə qida məhsulunu birdən yemək olmaz. Həkimlər də bunun zərərli olduğunu deyirlər. Toylarımızda, qonaq­lıqlarda vəziyyət bir qədər də qəlizdir. Süfrədə çoxlu, bir-birinə uyğun gəlməyən qidalar olur. Biz də nə gəldi yeyib, hər şeyi bir-birinə qatırıq. Bu da təbii ki, ziyandır.

 

- Məşhur görücü Nostradamusun həyat və fəaliyyətindən bəhs edən kitab yazmısınız. Nə az, nə çox, ömrünüzün yeddi ilini "Nostradamusun möcüzəli aləmi" kitabına həsr etmisiniz. Həkim Nostradamusu necə xarakterizə edərdiniz?

- Xatırladım ki, Mişel Nostradamus Fransada Monpelye Universitetinin tibb fakültəsində təhsil alıb, ixtisasca həkim olub. O, təbabət üzrə bir neçə kitabın müəllifidir. Nostradamus dezinfeksiyaedici toz dərmanlarının, dişlərin təmizlənməsi üçün diş tozunun, müxtəlif pomadaların (kosmetik yağların), mürəbbə və cemlərin, ətirlərin, sabunların, distillə olunmaq üçün suların, arıqlamağın reseptlərini hazırlayıb və kitab halında çap etdirib. Bundan başqa infeksiya düşmüş yerin dezinfeksiyası, həmçinin bakteriyaların mövcudluğu barədə bəlkə də ilk dəfə Nostradamus söz açıb. Onu da deyim ki, Nostradamusun yaşadığı dövrdə taun xəstəliyi geniş yayılmışdı. Xəstəliyin qarşısını almaq mümkün deyildi. Taun on minlərlə insanı həyatdan məhrum etmişdi. Qurbanlar arasında Nostradamusun həyat yoldaşı və iki övladı da var idi. Belə bir zamanda, 1546-ci ildə Nostradamusu Fransanın Provans vilayətinin Eks şəhərində tauna qarşı mübarizə qrupuna rəhbər təyin edirlər. Az vaxt içərisində Nostradamus epidemiyanın qarşısını alır. Bu ona böyük uğur və şöhrət gətirir. Epidemiyanın qarşısını aldığına və profilaktikanın yollarını dəqiq göstərdiyinə görə Eks şəhər bələdiyyəsi onu şəhərin fəxri vətəndaşı adına layiq görərək ömürlük pensiya kəsir.

"Nostradamusun möcüzəli aləmi" kitabına gəlincə, onu deyə bilərəm ki, yeddi il üzərində işlədiyim və "Ömür kitabı" adlandırdığım əsəri Nostradamusun məşhur katrenlərinə əsasən yazmışam. Bu kitabda katrenlər tərcümə olunub və onların barəsində şərh verilib. Astronomiyanı gözəl bilən görücü hər yüz katreni bir senturiya adı altında kodlaşdırıb. Məhz buna görə də həmin katrenlər oxucuları, hətta tədqiqatçıları belə çaş-baş salır. Katrenlərdə bilmək istədiyimiz gələcək aləmdən söz açılır. Qürur hissi ilə deyə bilərəm ki, Nostradamusun Azərbaycanla bağlı bir neçə katreni var.

 

- Qəzənfər müəllim, uzun illərdir elm sahəsindəsiniz. Təbii ki, bu yolun çətinlikləri də az olmayıb. Bu yolu seçən gənclərə, gənc alimlərə tövsiyəniz...

- İlk növbədə arzu eləyərdim ki, sağlıqlarına fikir versinlər, çünki sağlıq olarsa, hər şey əldə etmək mümkündür. Tənbəllik eləməsinlər, işləsinlər, yaratsınlar, əmək sərf eləsinlər. Nəfslərini boğmağı, vaxtdan ağılla sərf etməyi bacarsınlar. Çoxlu mütaliə eləsinlər.

Ləyaqətlə, arzu ilə yaşasınlar. Mən İraqda işləyərkən Almaniyada bir milyarderin oğlu 18 yaşında intihar eləmişdi. İntihar etməmişdən qabaq yazdığı məktubda qeyd edirdi ki, mən bu yaşa kimi nə istəmişəmsə, çətinliksiz əldə eləmişəm. Artıq mənim nə arzum, nə istəyim, nə də yaşamağa marağım var. İnsan gərək arzu ilə yaşasın. Arzunun bitdiyi gün son deməkdir. İnsanı yaşadan arzulardır. Gənclər arzu və ümidlə yaşamalıdırlar. Sonda çətin də olsa, bu arzuya nail olacaqlarına əminəm.

 

Gülnar Mayisqızı

2215 dəfə oxunub

Aynur Sofiyeva: «İndiki səviyyəyə çatmağımda ailəmin rolu əvəzsizdir»
May ayının 15-i Beynəlxalq Ailə Günüdür. Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının 1993-cü ildə çıxardığı qərara əsasən, 1994-cü ilin may ayının 15-dən etibarən qeyd olunmağa başlayıb. Artıq 3 ildir ki, Azər­bay­canda da bu gün qeyd olunur.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB