ŞƏKƏRLİ DİABET- SOSİAL BƏLA

Rafiq Məmmədhəsənov: «Fiziki hərəkətlərin azlığı, stress insanları bu xəstəliyə daha da yaxınlaşdırır»

 

1945-ci ildə Gədəbəydə anadan olub. 1963-cü ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub. 1969-cu ildə universiteti bitirdikdən sonra 2 il Naftalanda, 2 il isə Mərdəkanda mədə-bağırsaq sanatoriyasında işləyib. Daha sonra Tibb Universitetinin "Daxili xəstəliklər" kafedrasında aspiranturaya qəbul olunub. 1986-1990-cı illərdə SSRİ Tibb Elmlər Akademiyasının Endikrinoloji Elmi Mərkəzində doktoranturada təhsilini davam etdirib. 1990-cı ildə Bakıya qayıdan Rafiq Məmmədhəsənov həmin ildən Tibb Universitetində kafedra müdiri vəzifəsində çalışır. 1993-cü ildən isə Universitetin elmi işlər üzrə prorektoru kimi fəaliyyət göstərir. Respublikanın baş endokrinoloqu, millət vəkilidir.

2000-ci ildə əməkdar elm xadimi adına layiq görülən Rafiq Məmmədhəsənov 2-si dərslik olmaqla, 6 kitabın və 250-dən çox elmi məqalənin müəllifidir.

 

Müasir tibb elminin üzləşdiyi problemlərdən biri də şəkərli diabet xəstəliyidir. Vaxtilə az hallarda rast gəlinən bu xəstəlik indi milyonları əhatə edir. Həkimlərin təbirincə desək, şəkərli diabet artıq həyat tərzi­nə, sosial bəlaya çevrilib.

Dünya səhiyyə təşkilatlarının məlumatlarına görə, yaxın illər ərzində bu xəstəliyə düçar olanların sayı daha da artacaq.

Maraqlıdır, xəstəliklə mübarizə sahəsində hansı işlər görülür, insanlar bu bəlaya düçar olmamaq üçün nə etməlidirlər?

Bu və ya digər suallara aydınlıq gətirmək məqsədilə ölkənin baş endokrinoloqu, millət vəkili Rafiq Məmmədhəsənovla həmsöhbət olduq.

 

- Endikrinologiya haqqında ümumi məlumat verərdiniz...

- Endikrinologiya (endo-daxili, krino-ayırıram, ifraz edirəm, loqos- təlim, elm) daxili sekresiya vəzləri haqqında elmdir. Əvvəllər  endikrinologiya xüsusi  fənn kimi deyil, daxili xəstəliklərin bir qolu kimi tədris olunurdu. Lakin xəstəliklər, xüsusilə də şəkərli diabet, endemik ur (qalxana­bən­zər vəzin xəstəliyi)  kimi xəstəliklərə tutulma halları çoxaldıqca,  endikrinologiya ayrıca elm kimi inkişaf etməyə başladı. Daha sonra isə neyroendikrinologiya adlanan elm sahəsi meydana gəldi.

İndiyə qədər hesab olunurdu ki, endikrinoloji sistemin şah orqanı hipofiz vəzidir, lakin elm inkişaf etdikcə məlum oldu ki, hipofiz vəzindən də yüksəkdə duran hipotalamusdur. Hipotalamus beyində yerləşir. Burada hipofiz vəzinin fəaliyyətini stimullaşdıran liberinlər, həmçinin onu tormozlaşdıran statinlər var. Bunların fəaliyyəti beyin qabığı ilə bağlıdır. İnsanda elə emosional vəziyyət yarana bilər ki, bu, hormonların tormoz­lanmasına gətirib çıxarar. Bundan başqa endokrin və ekzokrin adlı vəzlər də var. Endokrin vəzlərin hasilatı birbaşa qana və limfaya, ekzokrin vəzlərin hasilatı isə həzm sisteminə daxil olur. Endokrin xəstəliklərin içərisində ən geniş yayılanı şəkərli diabetdir.

 

- Şəkərli diabet və tipləri haqqında məlumat verərdiniz?

- Şəkərli diabetin iki tipi var. Birinci tip şəkərli diabet erkən yaşlarda - 35 yaşa qədər - ortaya çıxır. Birinci tip diabetin müali­cəsi üçün mütləq insulin lazım olur. Yəni xəstəliyin bu tipinə tutulan insan insulindən asılı vəziyyətə düşür. Birinci tip şəkərli diabet mədəaltı vəzin müxtəlif infeksiyalar nəticəsində zədələnməsi, onun 85 faizinin sıradan çıxması ilə əlaqədar olaraq yaranır.

İkinci tip diabet isə adətən 35 yaşdan sonra əmələ gəlir və əsasən həblərlə, pəhrizlə müalicə olunur. Yəni xəstəliyin bu tipində insan insulindən asılı vəziyyətə düşmür. Onu da nəzərinizə çatdırım ki, ikinci tip şəkərli diabet xəstələrinin sayı daha çoxdur. Tədqiqatlar göstərir ki, diabetiklərin 85 faizi məhz ikinci tipə tutulanlardır. Artıq hamı şəkərli diabetin irsi-genetik xəstəlik olduğunu, irsi meyl vasitəsilə nəsildən-nəslə ötürüldüyünü qəbul edir. Əgər valideynlərdə bu xəstəlik varsa, özünü övladda büruzə vermə ehtimalı böyükdür.

 

- Psixosomatik problemlərin bu xəstəliyə təsiri hansı səviyyədədir?

- Alimlərin əksəriyyəti qeyd edirdilər ki, şəkərli diabet endokrinik sistemin pozulması nəticəsində yaranır. Bir qrup alim isə sübut etdi ki, bu xəstəlik baş beyin, mərkəzi sinir sistemi və beyin qabığının fəaliyyəti ilə bağlıdır. Sankt-Peterburqda bir qrup mütəxəssis pişik üzərində aparılan tədqiqat əsasında bu nəticəyə gəldilər ki, stress nəticəsində qanda şəkərin miqdarı yüksəlir. Onlar sağlam bir pişiyin qanında şəkərin miqdarını təyin etdikdən sonra onu sentrifuqaya salaraq, sürətlə fırladırlar. Beş dəqiqə sonra pişiyi oradan çıxardaraq qanında şəkərin miqdarını yoxlayırlar. Məlum olur ki, şəkərin miqdarı 500-ə çatıb. Bununla da sübut olunur ki, stress zamanı insanda şəkərin miqdarı qalxır.

İndiki cəmiyyətdə fiziki hərəkətlərin azlığı, stress insanları xəstəliyə daha da yaxınlaşdırır. Qonşundan xoşun gəlmir, hər gün onu görürsən, əsəbiləşirsən, bu da uzun müddət davam etdiyinə görə xroniki stress nəticəsində şəkərli diabet, insult, hipertoniya və s. yaranır. 

 

- Rafiq müəllim, şəkərli diabetlə nəticələnən başqa hansı amilləri qeyd edə bilərsiniz?

- Şəkərli diabetin yayılma səbəblərindən biri kimi piylənməni göstərə bilərik. Qeyd edim ki, hərəkət azlığı, düzgün qidalanmamaq piylənmə ilə nəticələnir. Piylənmə də öz növbəsində şəkərli diabetin yaranmasına yol açır. Keçmişdə deyərdilər ki, şəkərli diabet varlıların xəstəliyidir. Həqiqətən də varlı  insanlar şirniyyatla, müxtəlif yağlı qidalarla müntəzəm və çox qidalandıqlarından şəkərli diabet həmin insanların arasında çoxluq təşkil edirdi. Kasıb adamların evində isə belə qidalar heç bayramdan-bayrama da tapılmırdı. Müasir dövrdə isə insanlar şəkəri çox olan qidaları həddindən artıq qəbul edirlər. Tələbəlik illərində təcrübə zamanı xəstəxanada bir şəkərli diabet xəstəsi tapmırdılar ki, bizə göstərsinlər. İndi isə 3-4 adamdan biri bu xəstəliyin daşıyıcısıdır.

 

- Hansı əlamətlərə görə insan şəkərli diabetə tutulduğunu müəyyənləşdirə bilər?

- Əsasən 3  əlamət - çox yemək, çox su içmək, çox sidiyə getmək - şəkərli diabetin göstəriciləridir.  Bu əlamətlər baş verdikdə insan mütləq analiz verməlidir. Amma bununla belə onu da nəzərinizə çatdırım ki, şəkərli diabet artıq əlamətlərini dəyişib. İndi bəzi şəxslərdə bu əlamətlər baş vermir. Xəstəlik gizli şəkildə gedir. Ona görə də məsləhət görürəm ki, insanlar 6 aydan bir,  heç olmaya ildə bir dəfə həkim müayinəsindən keçsinlər. Müayinədən keçəndə mütləq qanda şəkərin miqdarını da yoxlamaq lazımdır.

 

 

- Qadınlar arasında süni yolla uşaq salma (abort) halları çoxa­lıb. Bu problem endekrinoloji xəstəliklərin yaranmasına zəmin ola bilərmi?

- Süni yolla uşaq salmanın qadın orqanizmi üçün bir çox fəsadları var.  Bu hal şəkərli diabetlə də nəticələnə bilər. Məsələ burasındadır ki, qadın orqanizmi bir neçə ay ərzində hamiləlik  perioduna hazırlaşır. Orqanizm də həmin prosesə köklənir. Qəfildən həmin proses süni şə­kildə pozulduqda, orqanizmdə çaşqınlıq yaranır və əks təsirlərə səbəb olur. Maddələr mübadiləsi pozulur. Bundan başqa süd vəzilərində, həmçinin klimaks dövründə müxtəlif problemlər yarana bilir. Bu da öz növbəsində hormonal dəyişikliklərə səbəb olur, qadında hormonal dəyişikliklər,  tüklənmə prosesi gedir.

 

- Sizcə, xalq təbabəti ilə şəkərli diabeti müalicə eləmək mümkündürmü?

- Xəstəliyin  yüngül formasında təbii vasitələrdən istifadə eləmək olar. Bir çox bitkilər xəstəliyin yüngül və gizli formalarında kömək edə bilər. Məsələn, lobya, palıd qozası, yer alması, qoz qabığı, dəfnə və zeytun yarpağının dəmləməsini içməklə, şəkərin miqdarını salmaq olar.  Ancaq xəstəliyin orta və ağır dərəcələrində belə vasitələrdən istifadə heç bir effekt vermir. Bu hallarda mütləq həkimin təyin etdiyi müalicəyə üstünlük verilməlidir.

 

- Dediklərinizdən belə aydın oldu ki, şəkərli diabet getdikcə öz əhatə dairəsini genişləndirir. Dünya miqyasında bu bəlaya qarşı mübarizə aparılırmı?

- Öncə qeyd edim ki, hazırda dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkən 200 milyon insan var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proq­nozuna görə, 2025-ci ildə belə xəstələrin sayı 380 milyona çatacaq. Bundan başqa  amputasiya olunanların, hipertoniya xəstəliyi­nə tutulanların 25 faizi məhz şəkərli diabet xəstələridir. Bu xəstəliyə tutulanların təxminən 50-60 faizi isə böyrək çatışmaz­lığından əziyyət çəkir.

Bir sözlə, şəkərli diabet artıq tibbi problem çərçivəsindən çıxaraq,  sosial bəlaya çevrilib. Qeyd etdiyim kimi indi şəkərli diabet bütün dünyada genetik xəstəlik kimi qəbul edilir.

Mübarizə məsələsinə gəlincə, dünya miqyasında müəyyən işlər görülür. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən tibb mütəxəssisləri birgə işlər görməyə çalışırlar. Elə bu yaxınlarda Moskvada "Diabet əleyhinə birləşək" adlı forum keçirilib. Həmin forumda mən də iştirak etdim. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə keçiri­lən foruma BMT-nin keçmiş baş katibi Kofi Annan da qatılmışdı. Bundan başqa BMT-nin  səhiyyəyə dair 4 qətnaməsindən biri məhz şəkərli diabetlə mübarizəyə həsr olunub (digər üçü isə malyariya, vərəm və QİÇS-ə qarşı yönəlib).

 

Gülnar Mayisqızı 

 

4336 dəfə oxunub

Novruz Aslan: «Qızıl Aypara Cəmiyyətinin büdcəsini möhkəmləndirmək istiqamətində işlər görürük»
MDB məkanında yeganə şəxsdir ki, Qızıl Aypara Cəmiyyətinə könüllü surətdə rəhbərlik edir. 1995 - ci ildən məvacib almadan bu vəzifədə çalışır. Bu fikirdədir ki, dünyanı gözəllik yox, mərhəmət xilas edəcək. İnsanlığın əsas ştrixi məhz mərhəmətdir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB