Aynur Sofiyeva: «İndiki səviyyəyə çatmağımda ailəmin rolu əvəzsizdir»

 May ayının 15-i Beynəlxalq Ailə Günüdür. Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının 1993-cü ildə çıxardığı qərara əsasən, 1994-cü ilin may ayının 15-dən etibarən qeyd olunmağa başlayıb. Artıq 3 ildir ki, Azər­bay­canda da bu gün qeyd olunur.

Beynəlxalq Ailə Gününün mahiyyətinə və digər suallara aydınlıq gətirmək üçün tanınmış şahmatçı, Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ilə həmsöhbət olduq.

 - Aynur xanım, Beynəlxalq Ailə Gününün qeyd olunmasında məqsəd nədir?

- Məqsəd dünya ictimaiyyətinin diqqətini ailə məsələlərinə cəlb etmək, ayrı-ayrı ölkələrin ailə problemləri ilə yaxından tanış olmaqdır. Xüsusilə də qlobal problemlərə çevrilmiş narkomaniya, QİSÇ və s. xəstəliklərə qarşı birgə mübarizə aparmaq, ailələri belə bəlalardan qorumaq üçün qarşılıqlı fəaliyyət göstərməyin vacibliyini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

- Artıq 11 ildir ki, bu gün beynəlxalq səviyyədə qeyd olunur. Beynəlxalq Ailə Gününün məqsədindən irəli gələn məsələlərdə Azərbayca­nın iştirakı hansı səviyyədədir?

- Əvvəlcə onu qeyd edim ki, Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2006-cı ildə yaradılıb. Hələ rayonlarda nümayəndəliklərimiz yoxdur. Buna baxmayaraq, komitə yarandığı ildən Beynəlxalq Ailə Gününü qeyd edirik. Ötən iki ildə yüksək səviyyəli müxtəlif tədbirlər keçirmişik. Bu il isə biz bu bayramı daha geniş, təntənəli şəkildə keçirməyi planlaşdırırıq. Adını da "Ailə bayramı" qoymuşuq. Digər dövlət qurumlarının da qatılacağı bu proqram Şamaxıda açıq havada düzənlənən tədbirlə yekunlaşacaq. Şamaxıdakı tədbirə rayon rəhbərliyinin təşəbbüsü ilə 80-ə yaxın ailə qatılacaq.

- Sizcə, Azərbaycan ictimaiy­yətində Beynəlxalq Ailə Günü ilə bağlı yetərli məlumat varmı?

- Biz imkan daxilində təbliğat aparmağa çalışırıq. Amma həqiqətən də bu gün onun mahiyyəti ilə bağlı vətəndaşlarımızda geniş məlumat olduğunu deyə bilmərik. Ola bilsin ki, bu, müddətin azlığı ilə bağlıdır. Qeyd etdiyim kimi, Beynəlxalq Ailə Günü Azərbaycanda 3 ildir ki, qeyd olunur. Əminəm ki, bu ildən etibarən insanlar daha geniş məlumat əldə edə biləcəklər. Bu məqsədlə mart ayında jurnalistlər üçün müsabiqə elan etmişik. Mükafatlar may ayının 15-də təqdim olunacaq.

- Bir qədər də Beynəlxalq Ailə Gününün əsasında duran ailədən söhbət açaq. İnsanın həyatında ailənin rolunu necə xarakterizə edərdiniz?

- Belə bir deyim var: «Ailə cəmiyyətin çox vacib institutlarından biridir». Yəni, ailə həm milli-mənəvi dəyərləri özündə saxlayır, həm də insan ailədə yetişir. İnsanın hansı biçimdə yetişməsində ailənin rolu böyükdür. Bu mənada uşağın tərbiyəsi məsələsi ön planda olmalıdır. Hər bir ailənin öz problemləri olur, amma çalışmaq lazımdır ki, bu problemlər uşaqların tərbiyəsinə, psixikasına əngəl törətməsin. Məsələn, mənim indiki səviyyəyə çatmağımda ailəmin rolu əvəzsizdir. Ailədə mənə hər çür şərait yaratmışdılar. Valideynlərim şahmata olan marağıma hörmətlə yanaşırdılar, hətta atam oyuncaq əvəzinə mənə şahmat alırdı. Təbii ki, bizim ailədə də maliyyə problemləri olurdu. Amma atam bunları mənə hiss etdirmirdi və istedadımın üzə çıxması üçün əlindən gələni əsirgəmirdi. Elə vaxt olurdu ki, məktəbdə alman dili müəllimi işləyən babamın yanına gedib, dərsin ortasında ondan mənimlə şahmat oynamağı xahiş edirdim. O da xahişimi yerə salmırdı. Təbii ki, bu məndə şahmata olan marağı bir qədər də artırırdı.

Onu da deyim ki, Azərbaycanda ailə modeli tarixən formalaşmış bir modeldir və unikal model sayılır. Bir çox ölkələrdə məhz bizim modeli öyrənməyə çalışırlar.

- Azərbaycan ailələrinin üzləşdiyi ən ciddi problem hansıdır? Ailələrin üzləşdikləri müxtəlif problemlərin həllində təmsil olunduğunuz komitə hansı işləri görür?

- Azərbaycanda ailələrin üzləşdikləri ən aktual problemlərdən biri boşanmalardır. Boşanma halları şəhərlərdə daha çoxluq təşkil edir. Ciddi problemlərdən biri də erkən nigahlarla bağlıdır. Qızların erkən yaşlarında ərə verilməsi onların təhsildən yayınmasına gətirib çıxarır. Ailələrdə məişət zorakılığı halları da var. Zorakılıqla üzləşən isə əsasən qadınlar və uşaqlardır.

Bu problemlərin qarşısını almaq üçün müxtəlif tədbirlər görürük. Məsələn, bu yaxınlarda VVAQ-lara təklif vermişik ki, nigah bağlanarkən ağsaqalların, ağbirçəklərin köməyindən istifadə olunsun. Yəni, rayon yerlərində müəyyən nüfuza, hörmətə malik insanlar yeni ailə quranlara öz məsləhətlərini versinlər.

Təəssüflər olsun ki, son vaxtlar yadlaşma prossesi gedir. Əvvəllər ailə münasibətlərində ağsaqqalın, ağbirçəyin böyük rolu vardı. Onların bir sözü ilə ən çətin problemlər belə aradan qalxırdı. Bu sahədə xarici təcrübədən də yararlanmaq olar. Məsələn, xarici ölkələrdə ailə münasibətlərində problem yarananda ər və arvad ailə psixoloquna müraciət edirlər. Bu praktikadan istifadə edə bilsək, müsbət nəticələr əldə oluna bilər. Onu da qeyd edim ki, Təhsil Nazirliyindən hər il may ayının 15-də məktəblərdə ailə məsələlərinə həsr olunmuş bir saatlıq dərs keçirilməsini xahiş edəcəyik.

- Azərbaycan Avropaya inteqrasiya dövrünü yaşayır. Sizcə, bu prosesin uşaqlara mənfi və müsbət təsirləri nədir?

- Məni düşündürən və narahat edən mənfi tərəfləridir. Məsələ burasındadır ki, gənclərimiz Avropadan gələn mənfi təsirlərə daha tez reaksiya verirlər. Bu da bizim milli-mənəvi dəyərlərimizə daha çox təsir edir. Hesab edirəm ki, valideynlər bu məsələdə diqqətli olmalıdırlar ki, övladları xarici KİV-lərdən, internetdən gələn yad təsirlərə məruz qalmasınlar. Komitə olaraq biz də bu istiqamətdə bir sıra tədbirlər hə­yata keçiririk.

- Sonda qeyd etmək istədikləriniz.

- Sizin jurnalın çox gözəl istiqaməti və ideyası var. Bu sahədə ilk addımlarınızı atırsınız. Bu sahənin maariflənməsinə böyük ehtiyac var. İnşallah addımlarınız sağlam və möhkəm olar. Bu münasibətlə sizi təbrik edir və sizə uğurlar arzulayıram.

Gülnar Mayisqızı

 

2561 dəfə oxunub

Rasim Əliquliyev: «İnsan bioloji varlıq olaraq sel kimi gələn informasiyanın qarşısında acizdir»
Qulaq gündə bir söz eşitməsə kar olar» məsəli indiki dövrdə daha aktualdır. Həqiqətən də yaşadığımız cəmiyyəti informasiyasız təsəvvür etmək çətindir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB