“SONDA ÖLƏN ÜMİDDİR”

Həyata nikbin baxış, möhkəm iradə insan şəxsiyyətinə dəyər verən amillərdir. Hər hansı çarəsiz dərdə düçar olmuş xəstənin sağalacağına bir damla   qədər də olsa inamı varsa, deməli, hələ hər şeyin sonu deyil...

MƏLUMDUR Kİ, METASTAZLAR ÇOX ZAMAN BƏDXASSƏLİ ŞİŞLƏRİN FƏSADI OLARAQ, HƏM YAXIN, HƏM DƏ KƏNAR ORQANLARA YAYILIR. METASTAZLARIN ƏMƏLƏ GƏLMƏSİ İLƏ BƏDXASSƏLİ ŞİŞ NÖVBƏTİ, DAHA AĞIR MƏRHƏLƏYƏ KEÇİR.

METASTAZ NƏDİR?
Metastazlar hər hansı xəstəliktörədici prosesin, onu törədən materialın (şiş hüceyrələri, bakteriyalar) xəstəliyin birincili ocağından yayılaraq, yerini dəyişməsi nəticəsində yaranan uzaq ikincili ocaqlarıdır. Patogen (xəstəliktörədici) bakteriyaların yayılması zamanı metastatik abseslərin əmələ gəlməsi ilə müşayiət olunan metastazlar, şiş hüceyrələrinin yayılması zamanı isə şiş metastazları əmələ gəlir.

«Metastaz» termini çox zaman şiş prosesinə aid edilir, çünki metastazlaşma şişin proqressivləşmə əlamətlərindən biri olmaqla yanaşı, onun mərhələsi, operabelliyi (əməliyyatın aparılması mümkünlüyü) və proqnozunu xarakterizə edir.

METASTAZLAŞMANIN MƏRHƏLƏLƏRİ
Metastazlaşma prosesi üç mərhələ ilə keçir. Birinci mərhələ invaziya, yəni şiş hüceyrələrinin damarlara sirayət etməsindən ibarətdir. İnvaziya şişin böyüməsi və ətraf toxumaları qidalandıran damar divarlarının parçalanması ilə əlaqədardır. Damarlara sirayət edən şiş hüceyrələri sonradan qoparaq, qan və limfa axını ilə digər orqan və toxumalara yayılır. İkinci mərhələ şiş hüceyrələrinin qan, limfa, onurğa beyni mayesi və boşluqların daxilindəki maye ilə daşınması (nəqli) prosesindən ibarətdir. Bu mərhələ şiş hüceyrələrinin qan axını ilə (hematogen metastazlaşma) və ya limfa ilə (limfogen metastazlaşma) daşınması yolu ilə həyata keçirilir. Çox zaman metastazlaşma qarışıq limfohematogen xarakter daşıyır. Hematogen və limfogen metastazlaşma birbaşa - qan və ya limfa axını istiqaməti üzrə (misal üçün, yaxın limfa düyünlərinə), retroqrad - şiş hüceyrələrinin qan və ya limfa axınına əks istiqamət üzrə daşınması (misal üçün, mədə xərçənginin yumurtalıqlara metastaz verməsi) və paradoksal (qeyri-tipik) baş verir.

Üçüncü mərhələ - implantasiya - yayılmış şiş hüceyrələrinin orqan və ya toxumaya bitişməsi, artması (proliferasiya) və ikincili şiş düyününün inkişaf etməsidir. Bu zaman immunitetin vəziyyəti böyük rol oynayır - şiş hüceyrələrinin bitişməsi və artması yalnız immunitetin zəifləməsi zamanı mümkündür.

METASTAZLARIN YAYILMA SÜRƏTİ NƏDƏN ASILIDIR?
Metastazlaşmanın başlanması üçün lazım olan müddət müxtəlifdir: bəzən metastazlar birincili şiş düyününün yaranmasından çox tez bir zamanda, bəzi hallarda isə, 1-2 ildən sonra əmələ gəlir. Şişin ləğv edilməsi əməliyyatından bir neçə il sonra aşkar edilən latent və ya mürgüləyən metastazlar da mövcuddur. Müxtəlif müalicə üsulları (şüa terapiyası, kimyaterapiya) metastazlaşma tezliyinin azalmasına və ya metastazların gec yaranmasına kömək edir. Metastazlaşma tezliyinin azalmasına trombyaranma proseslərinin süni şəkildə yatırdılması və nəticədə, qanda dövr edən şiş hüceyrələrindən şiş embolunun (trombun qopmuş hissəsi) əmələ gəlməsinin qarşısının alınması üçün şəraitin yaradılması yolu ilə nail olmaq olar. Şişin hissəvi ləğv edilməsi və ya biopsiyası (şiş toxumasının laborator tədqiqat üçün götürülməsi) metastazların inkişaf etmə tezliyini artırmır.

METASTAZLARIN DİAQNOSTİKASI
Metastazların diaqnostikası bir sıra hallarda çətinləşir. Bəzən uzaq, xüsusən də, baş beyin və ya sümükdə əmələ gəlmiş tək metastazlar birincili şişdən tez aşkar edilir və çox zaman müstəqil şiş kimi qəbul edilir. Düzgün diaqnozu xəstəni mükəmməl müayinə və müşahidə etmək nəticəsində təyin etmək olar. Metastazların aşkar edilməsində metastazların ölçüsü, yayılması və artma xarakteri, onların parçalanması, irinləşməsi, qonşu orqan və toxumalara sirayət etməsini dəqiqləşdirməyə imkan yaradan rentgenoloji və radiozotop müayinə üsulları böyük əhəmiyyət kəsb edir.

METASTAZLAŞMANIN MÜALİCƏSİ VƏ PROFİLAKTİKASI
Müalicə şişlərin ümumi müalicə prinsiplərinə əsaslanmışdır. Şüa terapiyası, kimyaterapiyadan istifadə edilir, tək metastazlar zamanı bir sıra hallarda operativ müalicənin aparılması mümkündür. Bəzən bəzi yenitörəmələrin tək metastazları spontan, müalicədən asılı olmayaraq yox ola bilər. Metastazların qarşısını almaq və ya əmələ gəlməsini ləngitmək məqsədi ilə şişin ləğv edilməsi əməliyyatından əvvəl və ondan sonra mütləq şüa terapiyası aparılır. Bundan başqa, bədxassəli şişə görə aparılmış müalicə kursundan sonra metastazların aşkar edilməsi məqsədi ilə müəyyən müddətdə müayinə aparılır. Misal üçün, yoğun bağırsaq xərçəngi zamanı metastazlar 34 gündən 210 günə qədərki müddətdə, sümük sarkoması zamanı isə - 19-dan 72 günə qədərki müddətdə əmələ gəlir. Bu müddətlər xəstənin fərdi müayinə planını tərtib edərkən nəzərə alınır və metastazları erkən mərhələlərdə aşkar etməkdə kömək edir.

3792 dəfə oxunub

ANTİBİOTİKLƏR VƏ FƏSADLARI
Məhəmməd Kərimov 1955-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Tibb İnstitu­tunun müalicə-profilaktika fakültəsinə qəbul olunub. SSRİ Tibb Elmlər Akademiyasının A.V.Vişnevski adına Cərrahiyə İnstitutunda fəaliyyət göstərib. 1988-ci ildə namizədlik dissertasiyanı müdafiə etdikdən sonra Azərbaycana qayıdıb. Həmin vaxtdan da Tibb Universitetində çalışır. Səhiyyə Nazirliyinin baş cərrahıdır.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB