ÜRƏYİ XƏSTƏ BALACALAR

Ürəyi qüsurlu uşaqlar az doğulmur. Ağır qüsur dərhal, yəni doğuluşun ilk saatları və ya günlərində  aşkar edilir. Lakin elə qüsurlar var ki, uşağın sağlamlığına heç bir təsir göstərmədən uzun illər ərzində «susur». Təhlükəli simptomlar isə ürəyin öz işinin öhdəsindən gələ bilmədiyi zaman üzə çıxır. Valideynlər ayıq olmalı və övladlarının həmyaşıdlarından gec inkişaf etməsi, süst olduğu, az oynadığı, tez yorulduğu və dərslərini pis oxuduğu məqamları diqqətdən qaçırmamalıdırlar. Uşağın fiziki gərginliyə reaksiyasını müşahidə etmək lazımdır. Xəstə uşaqda bu za- man təngnəfəslik, ürək və baş ağrıları və ya baş gicəllənmə  yarana bilər. Dərinin  avazıması və ya əksinə, göyərməsi nəzərə çarpır. Uşağı nə qədər isti geyindirsən də, onun əlləri və ayaqları həmişə soyuqdur. Ürək qüsurlu uşaqlarda çox zaman burun qanaxmaları və ağciyər iltihabı olur.

Ən çox hallarda həkimlər ürək kameraları arasında dəliklər, yaxud damarlar arasında baca aşkar edirlər.  Nəticədə, daxili orqanlar oksigen aclığı çəkir və bu, özünü təngnəfəslik, ürəkdöyünməsi, qanda hemoqlobin səviyyəsinin yüksək olması ilə göstərir. Ürək və damarlarda zəruri dəliklərin daralması və ya bitişməsi qan axınına mane olur. Lakin buna baxmayaraq, ürək qanı itələyib keçirməyə çalışır, odur ki, onun «əzələləri» inkişaf edərək qalınlaşır, vaxt keçdikcə ürək öz işinin öhdəsindən gəlmir və qan dövranı çatışmazlığı inkişaf edir. Nəticədə təngnəfəslik artır, ödemlər əmələ gəlir, qaraciyər böyüyür və həyat üçün təhlükəli aritmiyalar baş verir.

Əvvəllər qüsuru müəyyən etmək üçün həkimin yalnız stetoskopu var idi. Hər şey ürək küylərini ayırmaq bacarığından asılı idi. Hazırda vəziyyət kökündən fərqlənir. Hətta ən əhəmiyyətsiz qüsuru belə aşkar etməyə imkan yaradan çox həssas diaqnostika üsulları yaradılmışdır. Bir çox valideynlər belə hesab edirlər ki, ürək qüsurunu EKQ - elektrokardioqramma vasitəsi ilə aşkar etmək olar. Əslində isə EKQ-da yalnız kobud və çoxdan formalaşmış qüsurların - divarların qalınlaşması, ürəyin müxtəlif şöbələrinin yüklənməsi və aritmiyaların nəticələri bilinir. Exo kardioqramma isə (ürəyin ultrasəs müayinəsi) 98% hallarda qüsuru aşkar edir. Bu, tamamilə təhlükəsiz tədqiqatı, hətta hamiləlik zamanı aparmaq olar. Ürək qüsurları cərrahi müdaxilə vasitəsi ilə müalicə edilir. Və əməliyyatın həcmini təyin etmək üçün yalnız USM kifayət deyil, daha ciddi tədqiqatların aparılması zəruridir. Doppler-exo kardioqrafiya, ürəyin zondla tədqiq edilməsi və angiokardioqrafiya kimi müayinələri yalnız xüsusiləşdirilmiş tibb institutlarında aparmaq olar. Təəssüf ki, bu tədqiqatlar bahalıdır. Həkimlər əməliyyat aparılmasını təkid etmirsə, uşağı rayon kardiorevmatoloqunun uçotuna almaq və hər altı aydan bir exo kardioqramma və EKQ müayinəsi aparmaq lazımdır. 

99,8% hallarda əməliyyatın aparılması labüddür. Burada zaman uşağa qarşı işləyir. Odur ki, əməliyyat nə qədər tez aparılsa, uğurlu nəticə əldə etmək şansı da bir o qədər böyükdür. Bütün valideynlər səbirsizliklə gözləməklərinə baxmayaraq, əməliyyatdan qorxurlar. Bu da, təbiidir. Axı əməliyyatın orqanizm üçün ekstremal, yəni süni qan dövranı və ya uşaq bədəni temperaturunun endirilməsi şəraitində aparılması onlardan gizlədilmir. 

Əlbəttə, uşağın sağlamlığına görə məsuliyyət yükünü məhz valideynlər daşıyır. Valideynlər uşağın vəziyyətinə nəzarət etməyə və onu qüsurun dekompensasiyasına gətirib çıxara biləcək bütün hallardan qorumağa çalışmalıdırlar. İlk növbədə, xəstə balacalar yuxu və istirahət rejiminə riayət olunmasına ehtiyac duyurlar. Həkimlər onlara hər gün 3-4 saat təmiz havada gəzmək və uzun müddətli - 10-12 saatdan az olmayan yuxu məsləhət görürlər. Xəstə uşaqları istidən qorumaq, baş örtüklərindən istifadə etmək və onlara tez-tez mineral su vermək lazımdır. Körpəni müxtəlif infeksiyalardan qorumaq çox vacibdir. Belə ki, immunitetin zəif olması üzündən ağciyər iltihabı yarana və ürək fəaliyyəti pisləşə bilər. 

Belə uşaqlar bağca, məktəb, yaradıcılıq studiyalarına gedə bilər. Lakin tərbiyəçi və müəllimlər onun xəstəliyindən xəbərdar olmalıdırlar. Uşaq bağçasına natamam gün, məktəbə isə həftədə bir azad gün rejiminə riayət olunmaqla getmək məsləhətdir. Məşğələlər istənilən zaman fasilə vermək və istirahət etmək imkanı olan ev şəraitində aparılarsa, uşaq daha az yorular. Çox vaxt ürək qüsurlu uşaqlarda yaddaş və diqqət zəifliyi müşahidə olunur.

Ürək qüsurlu uşaqların bədən tərbiyəsi ilə məşğul olmaq imkanına gəldikdə isə, məktəb proqramında nəzərdə tutulmuş fiziki yük onlar üçün çox ağırdır. Orqanizm üçün yorucu olmayan yükü təyin etməkdə kardioloq və müalicəvi bədən tərbiyəsi həkimi kömək etməlidir. Ürəyi xəstə uşaqlar üçün poliklinikalarda və ya idman kompleksləri nəzdində xüsusi məşq proqramları tərtib edilmişdir. Bütün məşqlər həkim nəzarəti altında aparılır. Yaxınlıqda belə qrup yoxdursa, məşqləri evdə də aparmaq olar, lakin ürəyə nəzarət etmək şərti ilə: nəbzi, təzyiqi və tənəffüs sayını təyin etməklə. Bü ölçüləri məşqdən əvvəl, fasilələrdə, fiziki yükdən dərhal sonra və daha on dəqiqədən sonra apar- maq və parametrlərin normaya qayıtdığına əmin olmaq lazımdır. Ürəyi xəstə balacalara hamıya məlum olan tənəffüs hərəkətləri (nəfəs alma - nəfəs vermə, aşağı- yuxarı) etmək faydalıdır. Döş qəfəsi deformasiyasının qarşısını alan və qaməti korreksiya edən hərəkətlər mütləqdir. Müəyyən dərəcədə piyada gəzmək və qaç- maq da ürək fəaliyyətinə yaxşı təsir edir.

Müvazinətləşdirilmiş qüsur zamanı uşağa qida məhdudiyyətini tətbiq etməyə dəyməz. Qan dövranı çatışmazlığı olduqda isə, pəhriz ödem, təngnəfəslik və aritmiyaların öhdəsindən gəlməkdə kömək edir. İlk növbədə, maye qəbulunu məhdudlaşdırmaq və duzsuz qidalanmağı uşağa öyrətmək lazımdır, çünki duz orqanizmdə mayeni saxlayır.  Ağır qüsurlar zamanı qanı qələviləşdirən süd məhsullarına ehtiyac yaranır. Xəstə uşaqlarda çox vaxt qəbizlik olur, odur ki, axşamlar şirniyyatı qara gavalı və ya alma ilə əvəz etmək lazımdır. Aritmiyalar orqanizmdə kalium çatışmazlığı olduqda yaranır, bunun üçün qaysı qurusu, sobada bişmiş kartof və kişmişdən istifadə etmək lazımdır. Uşağı az-az və gün ərzində 5-6 dəfə yedirtmək lazımdır. Yuxudan əvvəl yemək olmaz.

İlk növbədə, ruhdan düşməmək və ümid etmək, uşağa dolğun həyat yaşamaqda kömək etmək lazımdır. Bəzən olur ki, valideynlər bu yükü çiyinlərində daşıya bilmir, o zaman psixoloqun köməyinə müraciət edilməlidir.

4775 dəfə oxunub

Əli Hüseynov: «Bu xəstəliyə düçar olan insanın müalicə adı altında cəmiyyətdən təcrid olunması yalnız müəyyən bir dövr üçün effektlidir»
Dünya ölkələrinin bəlasına çevrilən narkomaniya Azərbaycanda da ciddi problem olaraq qalmaqdadır. Bu ümumbəşəri bəlanın Azərbay­candan da yan keçmədiyi hamıya məlumdur. Narko­ma­ni­ya və narkobiznes cəmiy­yətin mənəvi-əxlaqi dəyərləri­nə böyük zərbə vurur, eyni za­man­­­­da insan sağlamlığına çox mənfi təsir göstərir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB