Gültəkin Hacıyeva: «İşləmədiyim günü həyatımdan hesab etmirəm»

Qonağımız rubrikasının ilk qonağı, millət vəkili, Avropa Şurası Parlament Assembleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Gültəkin Hacıyevadır.

1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini fərqlənmə diplomu ilə bitirib. 1996-2002-ci illərdə Qərb Universitetinin ingilis dili və hüquq kafedralarında,  eyni zamanda 1995-1997-ci illərdə Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasında müəllim işləyib. 2002-ci ildən BDU-nun beynəlxalq hüquq kafedra­sının müəllimidir.  İngilis, fransız, rus, ərəb və fars dillərini bilir, 40-dək elmi məqalə və tezisin müəllifidir.

- Gültəkin xanım, sizcə, sağlam ailə necə olmalıdır?

- Həyat - ilk növbədə sağlamlıq deməkdir. Fərdi mənada götürsək, təbii ki, sağlam ailə hər bir üzvün sağlam olmasından başlayır. Yəni, ailənin təməlində sağlam can, sağlam həyat tərzi olmalıdır. Təsadüfü deyil ki, insanlar yaxın və doğma adamlarına, ilk növbədə can sağlığı, sağlam olmağı arzulayırlar. «Sağlam bədəndə sağlam ruh olar» məsəli də təsadüfi deyil­mə­yib. İnsan nə qədər sağlam olarsa, onun beyni də,  qəlbi də açıq olar, onun qəlbinə ancaq saf istək və arzular hakim kəsilər. Buna görə də hər bir insan öz sağlamlığının keşiyində durmalı­dır. Sağlamlıqla bağlı diqqəti çəkən bir misal da var:  "Yəhudilər xəstələnməmişdən qabaq, rus xəstələnən  zaman, azərbaycanlı isə xəstəlik bərkiyəndən sonra həkimə müraciət edir". Bu bir qədər lətifəyə bənzəsə də, mahiyyətində həqiqət var. Yəni,  biz sağlamlığımızın keşiyində lazımi səviyyədə dura bilmirik. Bu mənada sağlam ailə vaxtlı-vaxtında öz sağlamlığının keşiyində duran, ailənin hər bir üzvünü, mütəmadi həkim nəzarətindən keçirən bir ailə olmalıdır.

Daha geniş mənada götürdükdə isə sağlam ailə cəmiyyətin  bünövrəsi, gələcəyidir. Sağlam ailə sağlam gələcək deməkdir. Zənnimcə, sağlam ailə saf əqidənin, qarşılıqlı hörmətin, səmimi hisslərin üzərində bərqərar olan bir sütundur. Və bu sütun nə qədər güclü, nə qədər möhkəm olarsa, ailənin də, dövlətin də gələcəyi bir o qədər etibarlı və möhkəm olar. Hər şeydən əlavə sağlam ailə millətin, dövlətin gələcəyini yetişdirən, formalaşdıran əsas qurum, önəmli amildir. Bu baxımdan sağlam ailə sağlam dövlət, sağlam gələcək deməkdir.

- Müəllim, millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, digər ictimai-siyasi proseslər - təbii ki, hər birinə vaxt ayırmaq lazım gəlir. Bütün bu işlərin fonunda Gültəkin Hacıyeva ana kimi üzərinə düşən vəzifənin öhdəsindən necə gəlir?

- Hər bir ananın arzusudur ki, övladı sağlam və daim onun yanında olsun. Günün 24 saatını övladı ilə bərabər keçirsin. Amma əslində bu övladın tərbiyəsi baxımından o qədər də vacib deyil. Əsas odur ki, övladınla keçirilən vaxtı necə sərf edəcəyini müəyyənləşdirəsən.  Hər bir ana kimi mən də övladımla nəfəs alıram. Hər səhər onun səsinə yuxudan oynanda sevincimin həddi-hüdudu olmur. Oğluma "həyatım" deyə müraciət edirəm. Onu belə çağıranda çox xoşuma gəlir. Səhərlər Toğrul üçün sıyıq hazırlayıram,   yeməyini özüm verməyə çalışıram. Amma qeyd etdiyiniz kimi, işlərimin çoxluğundan evdə az oluram. Ona görə də oğlum vaxtının cox hissəsini nənəsi ilə keçirir.  Bununla belə, çalışıram ki, onunla daha çox vaxt keçirim. Deyə bilmərəm ki, övladımla ünsiyyətdən tam doyuram, bunu heç bir ana deyə bilməz. Çalışıram, oğlum mənimlə ünsiyyətin çatışmazlığını hiss eləməsin. Mümkün qədər onunla çox vaxt keçirirəm.  Hətta elə olur ki, seçicilərimlə görüşə gedəndə əksər vaxtlar Toğrulu da özümlə aparıram. Elə etməyə çalışıram ki,  evdə az olmağım, mənimlə ünsiyyətin azlığı, Toğrulun əxlaqına, davranışına,  psixikasına mənfi təsir göstərməsin. Mənə elə gəlir ki, bu günə qədər bu işin öhdəsindən gələ bilmişəm. 

- Sağlam ailədən söz düşəndə ənənəvi olsa da, paralel olaraq xoşbəxtlik  də önə çəkilir. Gültəkin xanım üçün xoşbəxtlik nədir?

- Xoşbəxtlik nisbi anlayışdır. Nisbi olduğuna görə də xoşbəxtlik barədə hərənin öz fikri var, hər kəs bu deyimi bir cür qavrayır. Bəziləri üçün səhər yuxudan gözəl əhval-ruhiyyə ilə durub işə başlamaq, bəziləri üçün övladının əla qiymətlər alması, onun uğur qazanması xoşbəxtlikdir və s. Elə insanlar da var ki, onlar xoşbəxtliyi bank hesablarında, əmlakının miqdarında görür. Mənim fikrimcə, insan bütün həya­tı boyu xoşbəxt ola bilməz. Hər gün yuxudan duranda oğlumu, anamı, yoldaşımı, atamı, əziz­lərimi, dostlarımı sağlam görə bilirəmsə, bu, mənim üçün böyük xoşbəxtlikdir. Əgər hər gün sevdiyim işlə məşğulamsa, özümü tapdığım, təsdiq edə bildiyim peşəm varsa, sənətim varsa, bu mənim üçün böyük xoşbəxtlikdir. Əgər mən istədiyim şəraitdə övladımı tərbiyə edə bilirəmsə, onun qayğısına qalıramsa, bu da mənim üçün böyük xoşbəxtlikdir. Ailənin hər bir üzvünün özünü xoşbəxt hiss etməsi də mənim üçün böyük xoşbəxtlikdir. Bütün bunlara əsasən deyə bilərəm ki, çox xoşbəxtəm. Ancaq eyni zamanda sözün əsl mənasında xoşbəxt deyiləm. Xoşbəxtliyin dadını ürək dolusu hiss edə bilmirəm.

- Səbəbi nədir?

- Yəqin ki, həmvətənlərim  mənimlə razılaşar. Ayrı-ayrılıqda nə qədər xoşbəxt olsaq da, birlikdə hələ ki, xoşbəxt deyilik. Şəxsən mən bir vətəndaş kimi xoşbəxt deyiləm. Hesab edirəm ki, vətəndaş kimi xoşbəxt olmadan sözün əsl mənasında xoşbəxt olmaq mümkün deyil. Erməni işğalında olan torpaq­larımızı bütünlüklə geri qaytarmadan təbii ki, xoşbət ola bilmərik. Torpaq bizim həm keçmişimiz, həm gələcəyimizdir. Keçmişimizi qorumalıyıq ki, gələcək bizimlə olsun. Torpağa nahaqdan atam torpaq, anam torpaq deməyiblər. Və biz də atamız, anamız olan torpaq­ları­mızı işğaldan qaytarıb, qorumalı­yıq. Bu mənada torpağı işğal altında olan bir xalqın övladı sözsüz ki, çox gözəl yaşasa belə, xoşbəxt ola bilməz. Əgər bu ərəfədə kimsə özünü tam xoşbəxt sanırsa, deməli, o özünü dərk etməyən biridir və ya onun vicdanı ilə münasibətləri taraz deyil. Mən də daxil olmaqla, hər bir azərbaycanlı sinə dolusu xoşbəxtliyi hiss etmək, ağız dolusu tamını dadmaq istəyiriksə,  torpaqlarımıza, ulularımızın, ata-analarımızın narahat, sərgərdan ruhuna sahib çıxmalıyıq. Bununla biz övladımız üçün də bir örnək ola bilərik, gələcəyimizin sağlam təməlini qoya bilərik. 

- İşdən yorulub bir kənara çəkilmək istədiyiniz an olurmu?

- Əsla, insanlarla işləmək onlara yardımçı ola bilmək mənə əlavə güc, stimul verir. Düzdür, işimin çətin tərəfləri də var. Səyahətlər, görüşlər və s.  insanı yora bilər,  amma hər yeni ölkə ilə, yeni şəhərlə, yeni mədəniyyətlə tanışlıq bütün bu yorğunluğu aradan qaldırır. Hətta psixoloqlar da depressiyaya düşən adama sayahət etməyi məsləhət görürlər. Gənc yaşlarımdan xalqın vəkili kimi məsuliyyətli bir işlə məşğul olmağım, xalq üçün çalışmağım mənim üçün böyük bir şərəfdir. Xalqımla təmasdan aldığım zövqü heç nədən almaq mümkün deyil. İşləmədiyim günü həyatımdan hesab etmirəm. 

- Gənc yaşlarınızdan millət vəkili seçilmisiniz, digər mövqelər də qazanmısınız.  Uşaqlıqdan elə bir arzunuz olubmu ki, hələ də ona çata bilməmisiniz?

- Özümü dərk etməyə başlayandan ən böyük arzum hüquqşünas olmaq, insanların haqqını qorumaq, haqqı tapdanmışların haqqını geri qaytarmaq olub. Görünür, bu istək o qədər içdən gəlib ki, Allah mənə həm hüquqşünas, həm də millət vəkili kimi mövqelər nəsib etdi.  Atam həkim olmağımı istəyirdi.  Amma humanitar sahəyə olan marağım məni  əvvəlcə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə gətirdi. Sonra daxilim­də kök salmış hisslərim mənə rahatlıq vermədiyi üçün hüquq fakültəsinə də sənədlərimi verdim və daxil oldum. Beləliklə, arzum reallaşdı. Bu günsə mənim ən böyük, ən ülvi arzum torpaqları­mızı vahid, toxunulmaz və bütöv görməkdir. İnanıram ki, tezliklə bu arzum da reallaşaçaq. 

- Biz də «Ailə həkimi» jurnalı olaraq, sizin bu arzunuzun reallaşmasını arzulayırıq...

- Mən də sizə «Ailə həkimi» jurnalı olaraq öncə yaxşı, peşəkar kollektiv olmağı arzulayıram. Cünki nə qədər peşəkar olsanız, bir o qədər xalqın maariflənməsi istiqamətində çox iş görmüş olarsınız. İnanıram ki, yaxın zamanlarda "Ailə həkimi" jurnalı Azərbaycan ictimai fikrində, öz mövqeyi, öz çəkisi, öz oxucuları olan populyar nəşrə çevriləcək. Jurnalınıza uğurlar, eyni zamanda hər bir üzvünə can sağlığı, sağlamlıqlarının keşiyində durmağı arzulayıram. Bu zaman həqiqətən də işiniz yaxşı,  cəmiyyət üçün daha faydalı olar.

Gülnar Mayisqızı

 

2482 dəfə oxunub

«AİLƏ HƏKİMİ AİLƏNİN SİRDAŞIDIR!»
Professor Mustafa Salihov Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini və aspiranturanı bitirib. ATİ-nin "Hospital terapiya" kafedrasında əvvəl assistent, sonra isə dosent vəzifəsində çalışıb. 1981-1984-cü illərdə Əlcəzair Xalq Demokratik Respublikasında ezamiyyətdə olub.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB