QANUNLARIMIZ SAĞLAMLIĞIMIZI QORUYUR

Hadı Rəcəbli: «Sığorta haqqında qanun inqilabi qanun sayılır»

1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. Millət vəkilidir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədridir. Siyasi elmlər namizədi, dosentdir. 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Bəzən tanınan tanınmışların ömür yolu, həyata baxışları bizim üçün maraqlı olur. Bir çox tanınmışlar əslində öz işləri ilə məşğul olaraq, bizlərin də sağlamlığının qayğısına qalırlar. Qanunlar yazırlar - insanların həyatlarını düz axara istiqamətləndirməklə, sağlıqlarına diqqət yetirmələrinə yardımçı olan qanunları.... Biz də belə insanlardan biri olan, hamımızın yaxşı tanıdığımız Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli ilə söhbətləşdik. H.Rəcəbli ilə  qanunlara və həyata baxışı haqqındakı söhbətimizə də məhz sağlamlıqla bağlı qanunlar barədə sualla başladıq.

QANUNLARIN SAĞLIĞIMIZA TƏSİRİ

- Hazırda parlamentin Sosial siyasət daimi komissiyasında səhiyyə ilə bağlı hansı layihələrin üzərində iş gedir?
- İlk növbədə qeyd edim ki, bizim komissiya qanunları yenidən işləməyə üstünlük verir. Qanunlara çoxlu əlavə və dəyişikliklər edildikdə, o zaman növbəti addım olaraq həmin sənədləri yenidən işləməyi məqsədəmüvafiq sayırıq. Çünki burada daha çox dünya təcrübəsi, yeniliklər, dünya və Azərbaycan reallıqları özünü göstərir və göstərməlidir. Hazırda biz "Bədən tərbiyəsi və idman haqqında" mövcud qanunu yenidən işləmişik. Bununla yanaşı, bir neçə il öncə qəbul olunmuş və indi müasir dövrün tələblərinə bir o qədər cavab verməyən "QİÇS haqqında" qanunu yenidən işləyirik. Böyrəyin hemodializinə çox böyük vəsait ayırmışıq. Hansı ki, son nəticədə ölümlə nəticələnir. Eyni zamanda yaxşı olardı ki, biz bu məbləğin bir qismini suyun təmizlənməsinə və digər məsələlərə ayıraq ki, bunun da nəticəsində böyrəkdə daş əmələ gəlməsin.

Azərbaycanda müstəqillik yaranandan sonra biz səhiyyənin pullu bazasını yaratmışıq. İnqilabi qanunlar qəbul edilib. Bunlardan "Özəl səhiyyə haqqında" qanunu göstərə bilərəm. Həmçinin "Sağ­lam­lığın qorunması haqqında" qanunda transplantasiya məsələsi öz əksini tapıb. "Sığorta haqqında" qanun imzalanıb ki, bu da inqilabi qanun sayılır. Həmçinin müxtəlif sahələrə aid qanunlarımız var. Duzun yodlaşdırılmasına aid, hemofiliya-talassemiya xəstəliyi ilə bağlı qanunlar mövcuddur. Ümumilikdə bizim səhiyyə sahəsi ilə bağlı 25-30-a yaxın qanun qəbul edilib. Bundan başqa Ailə və Əmək Məcəllələrinə dəyişikliklərin, əlavələrin üzərində çalışırıq. "Reproduktiv sağlamlıq haqqında" qanuna yenidən baxılması üzərində də iş gedir.

- "Reproduktiv sağlamlıq haqqında" qanun nə üçün aktual­dır?
- Bu günün reallığında reproduktiv sağlamlığın və ailə planlaşdırılmasının hüquqi tənzimlənməsi vacibdir. Reproduktiv sağlamlıq sahəsində və bütövlükdə Azərbaycan səhiyyə sistemində xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması Səhiyyə Nazirliyi üçün də vacib məsələlərdən biridir. Reproduktiv sağlamlıq cəmiyyətin ən aktual məsələlərindəndir və geniş bir sahəni əhatə edir. Bu istiqamətdəki vəziyyət yeni bir qanun layihəsinin hazırlanması zərurətini yaradıb.

- Konkret olaraq, Ailə Məcəlləsində hansı dəyişikliklər olacaq? Oğlan və qızların nikaha girərkən sağlamlıq kağızı alma məsələsi də Məcəlləyə daxil ediləcəkmi?
- Biz nikaha daxil olan şəxslərin - oğlanların və qızların bir-birlərinin sağlamlığı haqqında tibbi arayış tələb etmək haqqını imperativ norma kimi Ailə Məcəlləsinə daxil etməyi nəzərdə tuturuq. Amma tibbi arayışlar məsələsində ciddi olmaq lazımdır ki, arayışlar saxta olmasın və gələcəkdə nikaha girənlər bundan əziyyət çəkməsinlər. Bundan başqa biz məcəllədə qızların erkən nikah yaş həddinin 18 yaş müəyyən olunmasını nəzərdə tuturuq. Çünki dünyada 18 yaşa qədərki yaş uşaq yaş həddi hesab olunur.O cümlədən, BMT-nin standartlarında qızlarla bağlı 18 yaş erkən nikah yaş həddi hesab olunur. Bu, həm fizioloji, həm psixoloji, həm ailə məsuliyyəti baxımından da düzgündür.

- İctimai yerlərdə siqaret çəkil­məsini məhdudlaşdıran bir qanun layihəsindən söhbət gedirdi, bu məsələ ilə bağlı yenilik varmı?
- Siqaretin qadağan olunması haqqında qanunla bağlı əlimizdə neçə illərdir ki, layihə var. Məsələn, siqareti qadağan edərək, bildirə bilərik ki, bu qanuna əməl etməyənləri cərimə gözləyir. Ancaq gəlin görək, bunu kim icra edəcək? Bu məsələ vizual olaraq sadə olsa da, bunun icra mexanizmi çox çətindir.

 Bu məsələ cəmiyyəti narahat edən problemlərdəndir. Siqaret sağlamlığa ciddi təsir göstərir, tütün məmulatlarının istehlakının məhdudlaşdırılması istiqamətində işlər aparırıq. Ayrı-ayrı qanunlarda müəyyən məqamlar əksini tapsa da, bunlar problemin həlli üçün yetərli deyil. Məsələn, "Reklam haqqında" qanunda siqaretin reklamı qadağan olunur. Eləcə də "Tütün və tütün məmulatları haqqında" qanun qüvvədədir. Biz bu qanunlara dəyişikliklər edə və ya yeni qanun layihəsi hazırlaya bilərik. Cərimələr tətbiq edilməsini nəzərdə tuturuqsa, onda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunmalıdır. Amma bu məsələyə nəzarəti hansısa orqana həvalə etmək lazımdır.  Bu məsələ ilə bağlı komissiyamızda işçi qrupu yaradıb, beynəlxalq təcrübəni öyrənirik. Çünki məsələ sadə deyil. Bütün hallarda siqaretdən istifadənin artmasına qarşı mübarizəni gücləndirməliyik.

- Tibbi sığorta ilə bağlı vəziyyət necədir, yaxın vaxtlarda bu sistemin tam gücü ilə işə başlayacağını deyə bilərikmi?
- Norveçdə səhiyyə sistemi pulsuzdur. Ancaq bunun qarşılığında səni sığorta edirlər. Sığortanın haqqını müəyyən qədər işçi özü verir, müəyyən qədərini isə işə götürən ödəyir. Yəni ikisi də maraqlıdır, sağlamlığın qorunmasında. Biz nə üçün sığorta sisteminə keçmək istəyirik? Birincisi səhiyyənin maliyyələşməsində yük büdcənin üzərinə düşməsin. İkincisi sahibkar bilsin ki, mənim canımın qiyməti var. Sığorta sistemi odur ki, sənin canın puldur. Yəni ki, "ay sahibkar sən bundan muğayat ol, bunu xəstələndirsən, sən pulunu ödəyəcəksən". Sığortanın mahiyyətində hansı növ xəstəliklərin sığortalanması məsələsi də var. Məsələn, elə xəstəliklər var ki, onlar sığortalanmır. Bunlardan biri də kosmetik məqsədlə aparılan əməliyyatlardır.  Doğuş prosesinin 30 %-i sığorta tərəfindən, 70 % isə həmin insanın özü tərəfindən ödənilir.

- Səhiyyə ilə bağlı qanun qəbul edərkən hansı ölkələrin təcrübələrinə istinad edirsiniz?
- MDB ölkələrinin bəzi təcrübələrinə istinad edir, bəzən də Türkiyənin qanunlarından yararlanmağa çalışırıq. Ümumiyyətlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparıcı ölkələrin qanunlarından istifadə edirik. Məsələn UNİCEF-lə bizim daimi əməkdaşlığımız var. Və eyni zamanda səhiyyə ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Bunun özü də qanun yaradıcılığı prosesinin bir hissəsidir. İmmun çatışmazlığı ilə bağlı ilk dəfə qanun qəbul edən ölkələrdən biri də Azərbaycandır. Biz bu qanunu 1996-cı ildə qəbul etmişik. Ancaq təəssüf ki, bu gün dünyada QİÇS-in azalma tendensiyası getdiyi halda, Azərbaycanda artım müşahidə olunur. Bu bizi bir daha düşündürür və həmin məsələyə yenidən dönməyimizi labüd edir. Həmin qanun üzərində yenidən işləyirik. Bu günkü gündə QİÇS-in mahiyyətində ilk növbədə narkomaniya dayanır. Yəni biz narkomaniya ilə mübarizə apararaq, QİÇS-in qabağını ala bilərik.

HƏYATA BAXIŞI

- Sizcə, həyata pozitiv baxışın sağlamlığa təsiri varmı?
- Mən Şəki şəhərində birinci katib işləmişəm. Mənim orada işlədiyim müddətdə ən ağır sözüm "məsuliyyətsiz" kəlməsi idi. Mən kimə "məsuliyyətsiz" deyirdimsə, həmin insan üçün bundan ağır cəza yox idi. Yəni mən hər zaman insanlara da, işimə də pozitiv yanaşmağa çalışıram. Pozitiv düşüncə hər bir addımımızda bizə kömək olur. Ancaq mənim hal-hazırda çalışdığım işdə - Milli Məclisdə  proqressivlik də vacib şərtdir.

- Hadı Rəcəbli  üçün düzgün həyat tərzi nə deməkdir?
- Birincisi Allah-təalanın bizə qismət etdiyi ömrü normal yaşamalıyıq. Ancaq çox təəssüf ki, insanlar öz ömürlərini çox israfla xərcləyirlər. İş gördükdə də, əsəbiləşdikdə də, yeməkdə də əndazəni aşırlar.

İlk növbədə ata-babaların məsləhətinə qulaq asmaq lazımdır. Onlar belə deyiblər ki: "Səhər yeməyini özün ye, günortanı dostunla bölüş, axşamı düşməninə ver". İkincisi deyirlər ki, "Süfrədən duranda gərək, gözün süfrədə qalsın". Həmçinin müasir təbabətin verdiyi bir sıra məsləhətlər var ki, onlara əməl etmək lazımdır. Yəni insan özü-özünün həkimi olmalıdır. İsti qida qəbul edəndən sonra soyuq yemək olmaz. Bu tipli şeylərə gərək diqqət yetirək.

 Sovet dövründən başlayaraq bizdə poliklinika sistemi mövcuddur. Sahə həkimləri ilə işləmişik. Ailə həkimi ona görə vacibdir ki, xəstənin genetik durumunu, atasının, anasının sağlamlıq durumunu və bütövlükdə nəslində hansı xəstəliklər olubsa, onları bilir. Və bu baxımdan insanların müali­cəsində genetik faktorlara əsaslanırlar.

- Ailədə xanımın rolunu necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, qadının ağıllı, ali təhsilli olması çox vacibdir. Çünki cəmiyyətin bünövrəsi ailədir. Ailənin bünövrəsi isə xanımdır.  Yəni biz ailəni sağlam görmək istəyiriksə, qadınların tibbi savadının olmasına diqqət etməliyik. Onların səhiyyədən xəbərdar olmağı çox vacibdir. Ailənin xanımı uşaqların sağlam yetişməsində, sağlam böyüməsində böyük rol oynayır.

- Sağlamlığın təzahürünü nədə görürsünüz?
- Sağlam bədəndə sağlam ruh olar, deyirlər. Mən də onun tərəfdarıyam ki, insan nə qədər çox hərəkətdə olarsa, o qədər sağlam olar. İdman edən zaman sanki meditasiya edirsən və hər şeyi unudursan. Mən özüm də idmanı çox sevirəm. Mənim ailəmdə də həmişə yüksək əhval-ruhiyyə olub. Evdə həmişə deyinməkdən çox, zarafat ab-havası olur. Bir yemək bişirəndə nənəm deyərdi ki, elə edin ki, qonşuya iyi çıxmasın. Və ya bayramlarda yaxşı paltar geyəndə deyərdi ki, kasıb uşağın yanında bunu nümayiş etdirib, onların qəlbinə dəyməyin. Bu tipli şeylər də insanda bir təmizlənmə aparır, xeyirxah hisslər aşılayır.

Bizim Milli Məclisdə işləyənlərin birinci xəstəliyi hipodinamiyadır (hərəkətsizlik). İkincisi mədə-bağırsaq xəstəlikləri siyasətçilər arasında geniş yayılıb.

Çox zaman mühüm məsələlər iki şəxs arasında müzakirə olunduqda bir süfrə arxasında oturmaq məqsədəuyğun olur.Tez-tez təkrar olunan belə işgüzar yemək mərasimləri mədə-bağırsaq sistemi­nə mənfi təsir göstərir. Mən özüm işləməyəndə, işim az olanda xəstələnirəm. Ancaq işim çox olanda heç bir ağrı hiss etmirəm. Bir saniyə belə boş dayanmağı sevmirəm.

- Sizin ailəyə məxsus hansı ənənə var ki, hələ də davam eləyir?
- Mənim dörd övladım var, üçü evlidir, kiçik oğlum subaydır. Biz ənənəvi olaraq ayda bir dəfə ailəlikcə yığışıb, Lənkəran yeməklərindən ibarət süfrə açırıq. Mənim yoldaşım Bakıdan Lənkərana gəlin gəlib.  Bütün qədim Lənkəran yeməklərini hazırlamağı öyrənib. Yoldaşım hətta Lənkəran mətbəxi­nə məxsus ən qəliz yeməkləri belə məharətlə bişirir.

Mən başda olmaqla bütün ailə üzvlərim az yeməyin tərəfdarıdır. O qədər də çox ət yeməkləri sevmirik. Ancaq arada bir piti bişirtdirirəm.  Mən yağlı yemək yeyəndən sonra şalğam suyu içirəm. İnsan orqanizmi eyni zamanda yeməklə də müalicə olunur. Məsələn, mənim anam həmişə deyib ki, yeməyi çeynəməmiş udma. Bu mənim beynimdə həkk olunub.  Hər səhər yerkökü şirəsi ilə alma şirəsi içməyə adət etmişəm.

- Sizcə, sağlamlığı və xoşbəxtliyi necə əldə eləmək olar?
- Sağlamlıqla bağlı tövsiyələrim odur ki, birinci hipdinamiyanın əksinə olaraq, hərəkət etmək lazımdır. İkinci stressdən uzaq olmalı, yüksək əhval-ruhiyyəni qorumaq lazımdır. Məsələn, mən özüm bəzən evdə yaxşı bir müsiqi eşidəndə yoldaşımla rəqs edirəm. Bu, yüksək əhval-ruhiyyə yaradır. O adam xoşbəxtdir ki, kininə, həsə­dinə, tamahına qalib gələ bilir. İnsanın xoşbəxtliyi üçün onu başa düşən həyat yoldaşı olmalıdır. Bu zaman sosial durumda, təfəkkürdə, dünyaya baxışda da uyğunluq olmalıdır.

Əməli saleh, tərbiyəli övladlar böyütmək də xoşbəxtlikdir. İnsan işindən razı qalmalı, zövq almalıdır. Ləzzət verməyən işdə gərək işləməyəsən. Sağlamlığın, xoşbəxtliyin rəhni bunlardır.

- Jurnalımıza arzunuz.
- Sizin jurnala daim oxucu sevgisi arzulayıram. Oxucularınızın nəşrini səbirsizliklə gözləyəcəyi bir jurnal ola biləcəyinizə inanıram. Hər zaman inkişaf edib, daha da mükəmməl  olmağınızı arzulayıram.

Gülnar Mayisqızı

2414 dəfə oxunub

ANATOMİYA - TİBBİN ƏLİFBASI
Vaqif Şadlinski: «Diri ikən öyrənirik, ölü ikən öyrədirik!». Professor Vaqif Şadlinski 1940-cı ildə anadan olub. 1970-ci ildən insan anatomiyası kafedrasında çalışır. 1982-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1995-ci ildən insan anatomiyası kafedrasına rəhbərlik edir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB