SAĞLAM AİLƏ – CƏMİYYƏTİN SAĞLAMLIĞIDIR

Faizə Əliyeva: «Reproduktiv sağlamlıq insanın tam fiziki, zehni və sosial rifah vəziyyətidir"

Sağlam analıq hamiləliyin fəsadsız, təhlükəsiz keçməsindən, sağlam körpələrin dünyaya gəlməsindən, cinsi həyatın düzgün qurulmasından, yəni reproduktiv sağlamlıqdan asılıdır. Reproduktiv sağlamlıq dedikdə təkcə hansısa bir ailənin deyil, bütün cəmiyyətin sağlamlığı nəzərdə tutulur. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə milli koordinator Faizə Əliyeva ilə söhbətimiz də məhz Azərbaycanda reproduktiv sağlamlığın vəziyyəti, ana və uşaqların sağlamlığının qorunması, onlar arasında xəstələnmə və ölüm hallarının aşağı salınması istiqamətində görülən işlər barəsindədir.

- Reproduktiv sağlamlıq, ailə planlaşdırılması Azərbaycanda yeni termindir. 50 ildən artıqdır ki, dünya ölkələrində aktual olsa da, bizdə ilk dəfə 1992-ci ildən işlədilməyə başlayıb. Əhalinin reproduktiv sağlamlığı yüksək olanda ana ölümü olmur, uşaq sağlam olur, genefond sağlam olur. Milli genefondumuz reproduktiv sağlamlıqla sıx bağlıdır. Reproduktiv sağlamlıq olan ailədə tam sağlam uşaqlar dünyaya gəlir. Reproduktiv sağlamlıq insanın tam fiziki, zehni və sosial rifah vəziyyətidir. Reproduktiv sağlamlıq insanların təhlükəsiz cinsi həyat sürmək, nəsil törətmək imkanına malik olması deməkdir. Bu baxımdan əhalinin reproduktiv sağlamlığının, ana və uşaq sağlamlığının qorunması həm Ümumdünya Səhiyyə Təşkilatının, həm də Azərbaycan hökumətinin prio­ritet problemlərindən biridir. Reproduktiv sağlamlıq cinsi sağlamlıq, ailə planlaşdırılması və təhlükəsiz analıq kimi tərkib hissələrindən ibarətdir. Cinsi sağlamlıq dedikdə məsuliyyətli və təhlükəsiz cinsi həyat nəzərdə tutulur. Cinsi həyat düzgün və təhlükəsiz olduqda cinsi yolla yoluxan xəstəliklər, hepatit­lər, QİÇS kimi problemlər də olmayacaq. Ailə planlaşdırılması dedikdə reproduktiv sərbəstlik, informasiya, metod, xidmətlərdən istifadə imkanı və arzuolunan vaxtda arzuolunan uşaqların dünyaya gətirilməsi nəzərdə tutulur. Təhlükəsiz analıq dedikdə isə hamilə qadının doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonra fiziki, əqli, sosial vəziyyətinin yaxşılaşdırılması və dünyaya gələcək körpənin sağlamlığının təmin olunması nəzərdə tutulur.

- Statistik məlumatlara görə, hər il dünyada arzuolunmaz hamiləliyin dayandırılması nəticəsində 74 000 qadın dünyasını dəyişir. Azərbaycanda da hamiləliyin süni yolla dayandırılmasının səviyyəsi yüksəkdir. Bunun qarşısını almaq üçün nə etmək lazımdır?
- Hamiləliyin süni yolla dayandırılması sonsuz­luğa, infeksiyalara, insan həyatı üçün təhlükə yaradan ağırlaşmalara yol açır. Arzuolunmaz hamiləliyin yarımçıq dayandırılma səviyyəsi yüksək olduqda onkoloji xəstəliklər, müxtəlif somatik xəstəliklər artır, bu amil bütün orqanizmə təsir göstərir. Bunun qarşısını almaq üçün kontraseptivlərin hamiləliyin planlaşdırılmasının ən sağlam yolu olduğu haqda ictimaiyyəti məlumatlandırmaq lazımdır.

1996-2001-ci illər ərzində əhali arasında kontraseptivlərin pulsuz paylanması kampaniyası keçirildikdən sonra reproduktiv sağlamlıq sahəsində vəziyyət müəyyən dərəcədə qənaətbəxş olub. 1996-cı ildə bu proqram təzə başlayanda kontraseptivlərdən istifadə səviyyəsi 0,5 faiz təşkil etmişdi. Ancaq bugünkü gündə həmin vasitələrdən istifadə səviyyəsi yenə də aşağıdır. Azərbaycanda gənclərin  84,5 faizi kontraseptivlərdən istifadə etmir. Qalan 15,5 faizinin isə cəmi 1 faizi müasir kontraseptivlərdən istifadə edir.

- Faizə xanım, erkən nikahlara qarşı münasibət çox vaxt mənfi olur. Amma bəlkə cinsi yetişkənlik dövründən analıq olsa daha yaxşıdır? Bu məsələ ilə bağlı həm həkim-ginekoloq, həm də respublikada bu işi yönəldən bir mütəxəssis kimi nə deyə bilərsiniz?
- 18 yaşa kimi gənclərdə  bio-psixo-sosial aspekt­lərin heç biri tam formalaşmır. Bu yaşda gənclər həm də ailənin məsuliyyətini öz üzərilərinə götürməyə psixoloji baxımdan hazır olmurlar. Onların özləri uşaqdırsa, yeni bir uşağı dünyaya gətirməyə necə hazır ola bilərlər? Bu yaşda qurulan ailələr möhkəm təməllər üzərində qurulmadığından belə ailələrdə reproduktiv sağlamlıqdan söhbət gedə bilməz. Ona görə də qızların erkən yaşda ana olması düzgün deyil.  22-24 yaşında hamilə qalmaq  və ana olmaq ən gözəl yaş həddi hesab olunur. Çünki bu yaşda qızlar artıq ana olmağa tam hazırdırlar. Ailə çox böyük məsuliyyətdir. Ailədə yaşamaq, bir-birini başa düşmək çətin prosesdir. Ona görə də gənclər bu amilləri nəzərə alıb, erkən ailə qurmağa tələsməsələr, yaxşı olar.

- Məlumdur ki, hamiləliyin normal gedişi və körpənin taleyi ananın sağlamlıq durumundan asılıdır. Ona görə də qadınlar hamiləlik dövründə bütün tibbi yoxlamalardan keçməlidirlər. "Hamiləlik Təqib Proqramı"na hansı tibbi müayinələr daxildir?
- Bununla bağlı bizdə fizioloji hamiləliyi olan qadınlara qulluq üzrə klinik protokol hazırlanıb. Bu protokollara əsasən, bütün tibb müəssisələrində həkimlər müalicə prosesində eyni yanaşmalardan istifadə etməlidirlər. Burada hamilə qadınların hansı aylarda həkimə müraciət etməsi və bu zaman hansı müayinələrdən keçməsi öz əksini tapıb. Ümumilikdə hamilə vaxtı 7 dəfə ginekoloqun qəbuluna gəlmək lazımdır. Bu 7 gəliş hamiləliyi fizioloji keçirən qadınlar üçün nəzərdə tutulub ki, belə hamilələr də təxminən 85% təşkil edir. Xüsusən də ilk gəlişdə hamilə qadın hərtərəfli müayinə olunmalıdır. Hamiləliyin 12-ci həftəsinə qədər mütləq həkimə müraciət etmək lazımdır və bu ilk müayi­nədə konsultasiya müddəti 35-40 dəqiqə çəkmə­li­dir. İlkin müayinə zamanı həkim hamilə qadının anam­ne­zini toplamalı, arterial təzyiqini ölçməli, nəbzini saymalı, bədən çəkisi indeksini, axırıncı mens­truasiya dövrünə əsasən doğuşun güman edilən vaxtını təyin etməlidir. İlk müayinə zamanı həmçinin qanın klinik analizi, sidiyin ümumi ana­lizi, qanda şəkərin təyini, qan qrupu, rezus faktorun təyini aparılmalıdır. Hepatit və sifilis testləri, məxmərək skrininqi , uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi aparılmalıdır. Hamiləliyin 12-ci həftəsinə qədər fol turşusu da (400 mkq/sut) təyin olunmalıdır. Fol turşusunun ilk 3 ay müddətində təyini döldə sinir borusunun qüsurlarının inkişaf tezliyini azaldır. Müayinələrdə 9 ay boyunca hamilə qadının yanında olacaq şəxs (ana, qaynana, həyat yoldaşı) də iştirak etməlidir. Ən yaxşı halda həkim 9 ay ərzində hamilə qadını cəmi 6 saat görür. Bu baxımdan hamilə qadınla yanaşı mütləq yaxın ailə üzvlərindən biri də yarana biləcək fəsadlar və təcili situasiyalarla bağlı məlumatlı olmalıdır. Hətta doğuş prosesində belə ailə üzvlərindən kimsə iştirak edə bilər. Düzdür, çox vaxt ana və bacılar bu prosesdə iştirak edir. Ancaq son zamanlarda həyat yoldaşlarından da doğuşda iştirak etmək istəyənlər olur. Artıq 2 ildir ki, bütün doğum evlərində ailə üzvlərindən kiminsə doğuşda iştirakına şərait yaradılır.

- Doğuşdan söz düşmüşkən, tibbi göstəriş olmadan xanımların keysəriyyə kəsiyinə meylli olması nə dərəcədə düzgündür? Keysəriyyə kəsiyinin nə kimi fəsadları var?
- Cərrahi doğuş təbii proses deyil. Hamiləyin keysəriyyə kəsiyi əməliyyatı yolu ilə başa çatdırılması yalnız əsaslı tibbi göstəriş olduqda həyata keçirilə bilər. Son zamanlar hamiləliyini keysəriyyə kəsiyi ilə başa çatdırmaq istəyən qadınların sayı artıb. Onların əksəriyyəti ağrı hissinə dözə bilməyəcəklərini düşündüklərinə və hamiləliyi təbii yolla başa çatdırmaqdan qorxduqlarına görə bu üsula əl atmaq istədiklərini bildirirlər. Amma keysəriyyə kəsiyi əməliyyatının köməyi ilə dünyaya uşaq gətirmək istəyənlər bilməlidirlər ki, bu uşaq üçün çox ziyandır. Bu zaman körpə adaptasiya prosesini keçmir və belə uşaqlar nevroloji, psixoloji baxımdan çox zəif olurlar. Cərrahi doğuş qadın üçün də çox ziyandır. Doğuş prosesi zamanı ağrı hiss etməmələrinə baxmayaraq , 10 ildən sonra bir çox fəsadlar üzə çıxa bilər. Uşaqlığın mioması, endometrioz, iltihabi proseslər və s. inkişaf edə  bilər. Hətta keysəriyyə kəsiyi yolu ilə dünyaya uşaq gətirən qadınların 55%-i 40 yaşından sonra uşaqlığını itirmək təhlükəsinə məruz qalır. Bir dəfə keysəriyyə kəsiyi əməliyyatı keçirmiş qadının növbəti doğuşunu təbii yolla aparmaq mümkündür. Ancaq yenə də müəyyən təhlükə mövcuddur. Azərbaycanda doğuşu bir dəfə cərrahi yolla başa çatmış qadınların   növbəti hamiləliyi də cərrahi yolla başa çatdırılır. Təəssüf ki, keysəriyyə kəsiyinin fəsadları barədə hamilə qadınlara düzgün məlumat verilmir. Həkimlər də hamilə qadınları tam məlumatlandırmırlar, çünki onlar özləri bu işdə maraqlıdırlar. Keysəriyyə kəsiyi planlı şəkildə aparıldığından həkim əziyyət çəkmir. Amma təbii  doğuşun konkret vaxt çərçivəsi olmur. Belə ki, fizioloji doğuş prosesi bir neçə saatdan bir sutkaya kimi çəkə bilər. Bütün bu proses vaxtı gərək həkim həmin qadınla maraqlansın, onu nəzarətdə saxlasın. Bəzi həkimlər öz işlərini yüngülləşdirmək üçün keysəriyyə kəsiyi əməliyyatına üstünlük verirlər.

- Əvvəllər gənc ailədə uşaq olmadıqda daha çox qadını günahlandırırdılar. Ancaq son zamanlarda bu məsələnin kişilərdən də qaynaqlandığı bildirilir. Qadın və kişi sonsuzluğu nə səviyyədədir?
- Təəssüf ki, Azərbaycanda kişi sonsuzluğu qadın sonsuzluğuna nisbətən  daha yüksəkdir. Buna stress, təhlükəli cinsi həyat, cinsi zəiflik və s. səbəb olur. Qadınlar arasında sonsuzluğun təxminən 30 faizi yumurtalıqların disfunksiyası ilə , 25 faizi isə uşaqlıq borularının vəziyyəti ilə əlaqədardır. Azərbaycanda sonsuzluğun ümumi yayılma vəziyyəti 12, 8%-dir. Hər hansı bir dövlətdə sonsuz­luğun 15% olması artıq demoqrafik bəladan xəbər verir. 36% hallarda qeyri-müəyyən mənşəli sonsuzluq qeyd olunur.   Sonsuzluqların 36%-i  ikincili sonsuzluqdur. Yəni, ailədə bir övlad var, ikinci uşaq olmur.

- Süni mayalanmanın mahiyyəti barədə nə deyə bilərsiniz?
- Bizdə ekstrakorporal  müalicə üsulunu çox vaxt süni mayalanma kimi adlandırırlar. Süni mayalanma ifadəsi digər ölkələrdə işlədilmir.  Bu ifadə  insanların məsələnin mahiyyətini yanlış anlamasına səbəb olur. Valideynlər də elə başa düşür ki, bu uşaq sünidir. İlk vaxtlar bu söz düzgün anlaşılmadığına görə bizə müraciət edən cütlüklər uşaqlarının ekstrakorporal üsulla dünyaya gəldiyini bildirmək istəmirdilər. Məsələn bəzi qadınlar var ki, onlarda uşaqlıq boruları açıq deyil, yumurtalıqlar yaxşı inkişaf etməyib, qadında endometrioz inkişaf edib, kişidə cinsi zəiflik var. Bu zaman qadından yumurtahüceyrə, kişidən isə spermatozoid götürülərək kənarda mayalandırılır və uşaqlığa yerləşdirilir. Göründüyü kimi burada süni heç nə olmur, belə uşaqların da digərlərindən heç bir fərqi yoxdur.

- Reproduktiv sağlamlıq üzrə donor proqramının bir hissəsi olan qadınların surroqat ana üsulu ilə analığa qovuşmasının mümkünlüyü barədə nə deyə bilərsiniz?
- Surroqat ana bizim üçün kifayət qədər yeni termindir. Surroqat ana dedikdə öz uşaqlığında donor embrionu daşıyan somatik və psixi cəhətdən sağlam, müvafiq tibbi-genetik müayinə nəticəsində surroqat ana olmağa əks göstərişləri olmayan, yaşı 20-dən 35-dək olan qadın nəzərdə tutulur. Əgər əvvəllər bu cür problemlə üzləşən ailələr yalnız başqa ata-ananın genetik övladını övladlığa götürə bilirdilərsə, indi reproduktiv texnologiyaların inkişaf səviyyəsi imkan verir ki, onlar öz doğma övladlarını "əldə edə bilsinlər". Ginekologiyada çoxlu sayda xəstəliklər var ki, qadının ana olmasına, hamiləlik keçirməsinə imkan vermir və ya hamiləliyə tibbi əks-göstəriş sayılır. Məsələn, daxili cinsi orqanların inkişafdan qalması bu qəbil xəstəliklərdəndir. Belə qadınlar surroqat ana proqramı həyata keçirilənədək ana olmaq xoşbəxtliyindən təbii ki, məhrum olurdular. Bu proqram imkan yaratdı ki, bu cür qadınlar da öz reproduktiv funksiyalarını həyata keçirsinlər. Adətən somatik xəstəliklər zamanı da dölün bətndə gəzdirilməsi və həyata gətirilməsi böyük yük sayılır: bu, həm həmin xəstəliyin dərinləşməsinə, həm də başqa yeni xəstəliklərin - ürək, böyrək, qaraciyər xəstəliklərinin əlavə olunmasına səbəb olur. Talassemiyalı qadınlar da surroqat ana üsulundan istifadə etməklə ana olmaq xoşbəxtliyinə nail ola bilərlər.

Azərbaycanda reproduktiv problemli ailələrin arasinda surroqat ana xidmətinə ehtiyacı olanların sayı 0,5 faizi keçmir. Bu rəqəm az da olsa, mən hesab edirəm ki, bu məsələ Azərbaycan qanunvericiliyində öz əksini tapmalıdır. Bu üsul bizdə qanuni şəkildə olmasa belə, bunu icazə verilən digər ölkələrdə həyata keçirə bilərlər. O ki qaldı donor ata məsələsinə, əgər kişilərin ümumiyyətlə ata olmaq imkanı yoxdursa, bu zaman donor ata seçilir. Həmin kişi haqqında bütün informasiyalar verilir. Məsələn onun hansı peşənin sahibi olduğu, yaşı, milliyyəti və s. Yalnız ad-familiyası gizli saxlanılır. Bu zaman həm qadın bioloji donorun kimliyindən xəbərsiz olur, həm də donorun hansı qadından uşağı olduğunu öyrənmək hüququ məhdudlaşdırılır. Hər bir kişi yalnız 3 dəfə donor ola bilər. Çünki ola bilər ki, həmin insan çox sayda donor olsa, gələcəkdə, yəni 20-30 ildən sonra, onun övladları evlənsin. Donor olmaq məsələsində də müəyyən şərtlər var. Belə ki, yaşı 20-35 arasında olan, tam sağlam insanlar donor ola bilər. Bundan əvvəl isə onlar hərtərəfli tibbi müayinələrdən keçirlər.

- Ölkəmizdə ana və uşaq ölümlərinin vəziyyəti necədir?
- Əvvəlki illərlə müqayisədə ana və uşaq ölümünün səviyyəsi azalsa da, bəzi ölkələrə nisbətən bu göstərici bizdə yüksəkdir. Yenə də ana və uşaq ölümünün qarşısını almaq üçün müxtəlif islahatlar həyata keçirilir. Doğuş zamanı ana ölümünün artmasının əsas səbəblərindən biri də hamiləliyin ilk dövründən nəzarətin zəif olması ilə bağlıdır. Bəzi qadınlar hamiləlik dövründə ərazilərində olan qadın məsləhətxanalarına müraciət etmirlər. Ana ölümü amilləri sırasında qanaxma, infeksiya, təhlükəli abort, eklampsiya və s. də aiddir. Uşaq ölümü hallarının əksər çoxluğu isə körpələrin həyatının ilk həftəsinə düşür və bunun əsas səbəbi dölün hipoksiyası (oksigen çatışmazlığı), körpə asfiksiyası (boğulması), doğuş zədələridir. Onu da qeyd edim ki, bu məsələdə səhiyyə sektoru təklikdə heç nə edə bilməz. Qadınların təhsili, erkən nikahlar, gigiyena qaydalarına riayət, qidalanma vərdişləri, o cümlədən körpələrin ana südü ilə qidalanması, sağlam həyat tərzi, xəstəliklərin əlamətləri haqqında məlumat, reproduktiv sağlamlıq da xüsusi önəm daşıyır.

Prezidentin fərmanı ilə ölkədə 2009-cu il "Uşaq ili" elan edilib. Bu il çərçivəsində körpə və ana ölümünün azaldılmasında əldə edilən irəliləyişlər nəzərdən keçirilə, bu sahədə mövcud boşluqlar aradan qaldırıla bilər.

- Faizə xanım, son olaraq, "Ailə həkimi"nə arzularınızı öyrənmək istərdik...
- Ailə cəmiyyətin əsası olduğu kimi, ailə həkimi də səhiyyənin əsasıdır. Həkim ailəyə kömək etməli, ailəyə sağlamlıq verməlidir. Bu baxımdan sizin jurnal əsas psixoloji, ideoloji vəzifəni yerinə yetirməlidir və mən düşünürəm ki, "Ailə həkimi" bu lazımlı işin öhdəsindən uğurla gəlir. Bu şərəfli işdə jurnalınıza yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

 

Rəna Kərimova

3314 dəfə oxunub

Əli Hüseynov: «Bu xəstəliyə düçar olan insanın müalicə adı altında cəmiyyətdən təcrid olunması yalnız müəyyən bir dövr üçün effektlidir»
Dünya ölkələrinin bəlasına çevrilən narkomaniya Azərbaycanda da ciddi problem olaraq qalmaqdadır. Bu ümumbəşəri bəlanın Azərbay­candan da yan keçmədiyi hamıya məlumdur. Narko­ma­ni­ya və narkobiznes cəmiy­yətin mənəvi-əxlaqi dəyərləri­nə böyük zərbə vurur, eyni za­man­­­­da insan sağlamlığına çox mənfi təsir göstərir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB