ZƏRƏRLİ VƏRDİŞ

İCTİMAİ YERLƏRDƏ SİQARET ÇƏKİLMƏSİ QADAĞAN EDİLƏ BİLƏR.

Sağlam millət sağlam gələcək deməkdir. Millətin sağlamlığına təhlükə yaradan amillərdən biri isə siqaretdir. Siqaretin vurduğu zərəri və onun gətirdiyi bəlaları nəzərə alaraq, bu bəlaya qarşı qanun çərçivəsində müvafiq mübarizə aparmaq zərurətə çevrilib. Milli Məclisin sosial-siyasət daimi komitəsinin sədr müavini, millət vəkili, həkim  Musa Quliyevin ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsini hazırlaması da məhz bu zərurətdən doğub. Yeni qanun layihəsi və dünyada siqaretlə mübarizə kompaniyası barədə suallarımızı millət vəkili Musa Quliyev cavablandırır.

- Siqaretin tarixi XV əsrdən başlayır. Belə ki, dəniz səyyahlarının Amerikanı kəşf etmələri ilə tapılan tütün qısa zamanda bütün dünyaya yayıldı. Xüsusi ilə uzaqdan gətirilməsi və defisit olması tütünün şöhrətini daha da artırırdı. Orta əsrlərdə siqaret çəkmək elit təbəqəyə məxsus idi. İnsanlar seçilmək, özünü nümayiş etdirmək üçün siqaret çəkirdilər.

Müasir dövrümüzdə isə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda siqaret çəkmək kütləvi hal alıb. Bu pis vərdiş orta və ali məktəblərdə də geniş yayılıb. Ona görə də "İctimai yerlərdə siqaret çəkməni məhdudlaşdıran qanun"un qəbul olunması, xüsusilə də, yeniyetmə və gənclərin gələcək həyatı üçün çox aktualdır. Məncə, siqaretin məhdudlaşdırılmasını cəmiyyət də normal qəbul edəcək.

Hazırda bizim ölkədə uşaq bağçalarında, məktəblərdə, xəstə­xanalarda və bütün ictimai yerlər­də siqaret çəkilir. Marşrut və dayanacaqlarda siqaretdən istifadə adi hala çevrilib. Bütün dünya alimləri, tibb elmi isə deyir ki, siqaret qədər orqanizmə zərər gətirən ikinci bir məhsul yoxdur.

- Hətta siqaret çəkməyənlər də onun tüstüsündən nə qədər zəhər udurlar...
- Doğrudur, passiv siqaret çəkmənin zərəri aktiv siqaret çəkmədən heç də az deyil. Çünki passiv siqaret çəkənin orqanizmi nikotinin təsirinə öyrəşməyib. Biz siqaret çəkməyi tam qadağan etmirik. Amma mənim fikrimcə, siqaret çəkənlərdən çəkməyənlər ziyan tapmamalıdırlar. Ona görə də müəyyən yerlərdə siqaret çəkil­məsini məhdudlaşdırmaq lazımdır. İl ərzində Fransada təxminən yarım milyon insan siqaret çəkmədən dünyasını dəyi­şir ki, bunun da 5 mini passiv siqaret çəkənlərdir.

- Yeri gəlmişkən, Azərbaycanda siqaret çəkmənin statistikası hanı vəziyyətdədir?
- Azərbaycanda son vaxtlarda çox təhlükəli bir vəziyyət yaranıb. 3 milyona yaxın siqaret çəkən var. Bu uşaqları çıxandan sonra orta yaşlı əhalinin yarıdan çoxunu təş­kil edir. Çox təəssüf ki, qadınlar arasında da siqaret çəkənlərin sayı artır. Əgər 3 il bundan öncə 7-8% idisə, indi bu göstərici 10%-ə çatıb. Təxminən 300 min qadın siqaret çəkir. Hesab etsək ki, Azərbaycanda gündə 3 milyon insanın hərəsi bir qutu siqaret çəkir və hər qutuda 20 ədəd siqaret olur, onda demək gün ərzində 60 milyon siqaret çəkilir. 60 milyon siqareti bir yerə yığsan, böyük bir təpə əmələ gələr. Onun hamısını birlikdə yandırsan, Bakı şəhəri tüstü dumanın altında görünməz olar. Və görün biz bu tüstünü içərimizə çəkməklə özümüzə nə qədər ziyan vururuq. Həmçinin ekologiyanı da çirkləndiririk. Siqaret tüstüsünün tər­kibində 4 minə yaxın kimyəvi birləşmə var. Ən pisi odur ki, bu kimyəvi birləşmələrin çoxu radioaktiv xarakter daşıyır. Bu da istər istəməz birbaşa xərçəngə yol açır. Tibb alimləri də deyirlər ki, əgər siqaret çəkməsəydik, ömrümüzü 15-20 il uzada bilərdik. İl ərzində siqaret çəkmədən dünyada 5 milyon adam dünyasını dəyişir. Əgər lazımi profilaktik tədbirlər görülməsə, 2020-ci ildə bu rəqəm 8 milyona çatacaq.

- Bir çox xəstəliklərə səbəb olmasına baxmayaraq, nədənsə gənclər və yeniyetmələr arasında bu zərərli vərdiş artmaqdadır. Sizcə, bu nə ilə bağlıdır?
- Gənclərin siqaret çəkməsinə ilk növbədə pis nümunə səbəb olur. Yeniyetmələr ətraflarında, ailələrində siqaret çəkən olduqda, onu yamsılamağa başlayırlar. İkinci etapda isə artıq gənclər, yeniyetmələr özlərini cəmiyyətdə təsdiq etmək, özlərini böyük adam kimi qələmə vermək üçün siqaret çəkməyə başlayırlar. Yeniyetmə siqaret çəkməyə başlayandan 3-5 ay sonra artıq buna vərdiş edir və onda  psixoloji asılılıq yaranır. Müəyyən müddət keçdikdən sonra əgər orqanizm zəifdirsə, fiziki asılılıq yaranır. Sonradan isə siqaretin zərərləri nəticəsində həmin adamda bir çox xəstəliklər meydana çıxır. Siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil və qida borusu xərçənglərinə səbəb olur. Təngnəfəslik, tənəffüs çatışmazlığı, ürək-damar sisteminin funksiyalarının pozğunluğu bütün bunlar da siqaretdən doğan fəsadlardır.

Həmçinin ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ gəlməsinin 90%-nin səbəbi siqaretdir. Siqaret çəkənlər arasında, həm infarkt həm də infarktdan ölüm hadisələri çəkməyənlərlə müqayi­sədə 10 dəfə çoxdur. Siqaret çəkmək hafizəni zəiflədir, əhval-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir, dəridə qırışıqlar yaranır. Hamilə qadınlar üçün isə siqaretin çox zərəri var. Bu zaman hələ doğulmamış uşaqlar ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğumu, hətta ölü doğuşların ehtimalı artır.

Siqaretin ən təhlükəli cəhəti isə odur ki, onun tərkibindəki nikotin insanda müəyyən qədər asılılıq yaradır. İlk vaxtlar siqaret insanlarda yüngül eyforiya halları yaradır. Müəyyən müddətdən sonra isə sinir sistemi zəif olan insanlar siqaretdən əvvəlki kimi zövq ala bilmirlər. Buna oxşar başqa bir şey axtarmağa başlayırlar və marixuanaya keçirlər. Daha sonra da müxtəlif narkotik vasitələrdən istifa­dəyə başlayaraq, narkomana çevrilirlər. İynədən istifadə edənlər arasında QİÇS-ə yoluxmuş xəstə olduqda, avtomatik digərlərinin də yoluxmasına səbəb olur. Bir sözlə, siqaret narkomaniya və QİÇS kimi ağır problemlərə qədər uzanır.

- Musa müəllim, dünya ölkələrində siqaretdən istifadənin məhdudlaşdırılması ilə bağlı vəziyyət nə yerdədir?
- Son 25-30 ildə bütün dünyada siqaret çəkməyə qarşı çox güclü və ardıcıl kompaniya başlayıb. Və artıq bir çox ölkələr öz qanunvericilikləri səviyyəsində siqaret çəkmənin məhdudlaşdırılması, aradan qaldırılması və profilaktikası üçün tədbirlər hazırlayıb, həyata keçirirlər. İlk belə kompaniya təxminən 30 il əvvəl ABŞ-da başlayıb. Bu ölkənin bir çox ştatlarında artıq ictimai yerlərdə siqaret çəkməni məhdudlaşdıran qanunlar qəbul olunub. Daha sonra Avropada da bu qanunlar qəbul olunmağa başladı. MDB məkanında Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan kimi ölkələr bu qanunu qəbul edib. Gürcüstan, Belorus, Özbəkistanda isə bu qanun layihəsi hazırlanır. Qardaş Türkiyə Cümhuriyyətində isə ictimai yerlərdə siqaret çəkil­məsini məhdudlaşdıran qanun artıq bir ildir ki, qüvvədədir. Azərbaycanda da qanun üzərində işləyirik. Demək olar ki, artıq finiş xəttinə gəlib çatıb.

5 il əvvəl də mən Milli Məclisdə bu məsələni qaldırmışdım. Amma o zaman buna heç bir ciddi reaksiya olmamışdı. Bunun səbəbi isə həm informasiya azlığı, həm də cəmiyyətin buna hazır olmamağı idi.  Sonradan Mübariz Qurbanlı, Qənirə Paşayeva kimi millət vəkilləri də bu məsələni qaldırdılar. Düzdür, biz bu qanun layihəsini 5 il əvvəl də hazırlaya bilərdik. Ancaq o zaman cəmiyyət hazır olmadığından bu qanun işləməyəcəkdi, özünü doğrultmayacaqdı. Qanunun hazırlanması üçün sosial sifariş olmalıdır, cəmiyyət üçün tələbata çevrilməlidir. Bu mənada artıq bu qanunun hazırlanmasına sosial sifariş var idi.

- 2001-ci ildə "Tütün və tütün məhsulları haqqında" qanun qəbul edilib. Sizin hazırladığınız bu qanun layihəsi həmin qanuna əlavə olacaq, yoxsa yeni bir qanun layihəsi şəklində hazırlamısınız?
- İki variantda hazırlamışıq. Birinci variant ondan ibarətdir ki, mövcud "Tütün və tütün məmulatları haqqında" qanuna müvafiq əlavə və dəyişikliklər edilsin. Bu qanunun bir fəsli daha da zənginləşdirilsin.  Həmin qanunun 4-cü fəslinin 15-ci maddəsi sırf tütünün və tütün məmulatının ticarətinə həsr edilib. Qanunda göstərilir ki, siqareti ədədlə satmaq və 18 yaşı tamam olmayanlara siqaret satmaq qadağandır. Həmçinin tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmədiyi öz əksini tapıb. Amma bu qanun işləmədi. Çünki cəmiyyət buna hazır deyildi. İkinci növbədə ona görə işləmədi ki, bu qanunun işləməsi üçün imperativ normalar, yəni qanunu pozanlara qarşı müəyyən sanksiyaların tətbiqi məsələsi mövcud deyildi.

İkinci variant isə müstəqil, ayrıca qanun qəbul olunmasıdır ki, həmin qanun layihəsini də hazırlamışıq. Layihənin adı "Siqaret çəkilmənin məhdudlaşması haqda Azərbaycan Respublikasının qanunu" adlanır, 12 maddədən ibarətdir. Bu qanun layihəsində siqaretin zərərli təsirləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə də geniş yer verilib. Xüsusi olaraq, kütləvi informasiya vasitələrində, televiziya və radiolarda ayda 90 dəqiqə siqaretçəkmə ilə bağlı maariflən­dirmə xarakterli verilişlərin olması nəzərdə tutulub. Bu verilişlərin günün ən baxımlı vaxtlarında efirə getməsi qərara alınıb. Təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman müəssisələrinə müəyyən öhdəliklər qoyulur ki, kütləvi tədbirlər keçirsinlər, təbliğat işləri aparsınlar. Sanksiyalara gəldikdə isə hələ ki bu məsələ layihədə nəzərdə tutulmur. Qanun qəbul edildikdən sonra İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər olmalıdır. Avropa ölkələrində cərimələrin məbləğini təxminən 50-300 Avro arasında dəyişir. Türkiyədə isə cərimələrin məbləği 50 YTL-dən başlayır. Bu məbləğ birinci dəfə siqaret çəkdikdə tətbiq olunur, 2-ci və 3-cü dəfələrdə isə cərimələr daha artıq olur. Müəssisə rəhbərləri, yəni hüquqi şəxslər isə 4-6 dəfə artıq cərimə olunurlar. Düşünürəm ki, elə cərimə həddi qoyulmalıdır ki, onun insanlara təsiri olsun. Mənim fikrimcə, Azərbaycanda fiziki şəxslərin 50, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə olunması effektli ola bilər. Hər bir idarə və müəssisənin daxilində siqaret çəkmək üçün ayrılan yerlər istisna olmaq şərtilə digər yerlərdə siqaret çəkilməsinə qarşı mübarizə aparılmalıdır.

- Qanun layihəsinə əsasən harada siqaret çəkmək qadağan olunacaq?
- Siqaret çəkilməyən yerlərin siyahısı müəyyənləşib. Əgər layihə qəbul olunsa, səhiyyə, elm və təhsil müəssisələrində, muzey, kitab­xana, kinoteatr, ictimai nəqliyyat, avtovağzal və s. yerlərdə siqaret çəkən şəxslər cərimələnəcəklər. Ancaq bir məsələ də var ki, təkcə qadağalarla nəyəsə nail olmaq mümkün deyil. Bu iş könüllülük əsasında, şüurlu şəkildə həyata keçirilməlidir. Bizim qanunun əsas fəlsəfəsi siqaretin zərərli təsirlərini insanlara çatdırmaq və insanlarda siqaret çəkməyə aludəçiliyin qarşısını almaq, profilaktik tədbirlər görməkdir. Mən özüm heç vaxt siqaret çəkməmişəm, ağlım kəsəndən də siqaretə qarşı mübarizə aparıram. Hətta mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində işləyərkən otağımda bir yazı vurmuşdum ki, "siqaret çəkmədiyinizə görə sizə təşəkkür edirəm". Ona görə də düşünürəm ki, bununla bağlı təbliğat-təşviqat tədbirləri aparılmalı, xəbərdarlıq lövhələrindən istifadə edilməli və nəzarət gücləndirilməlidir. Problemdən çıxış yolu kimi tütün məmulatlarının qiymətinin artırılması da müsbət təsir edə bilər. Siqaretin qiymətinin bahalaşdırılması tütün məmulatlarından istifadəni azalda bilər.  Azərbaycanda siqaret dondurmadan ucuzdur.

- Qanun layihəsinin nə zaman qəbul edilməsi gözlənilir?
- May ayında bir daha komissiyadan keçirsək, yaz sessiyasının sonuncu iclaslarında Milli Məclisə tövsiyə oluna bilər. Bu da olmasa, yəqin ki, payız sessiyasında qanun qəbul edilər. Son olaraq, onu söyləmək istəyirəm ki, siqaret çəkməyə vərdiş etməyənlər heç zaman bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarının axtarsınlar.

Rəna Kərimova

1836 dəfə oxunub

ORUCLUQ - ARIQLAMAQ ÜÇÜN ƏN GÖZƏL TƏBİİ VASİTƏ
Akademik Vasim Məmmədəliyev elmin müxtəlif sahələrini əhatə edən mövzular üzrə maraqlı həmsöhbətdir. Amma bir məqam var ki, onu xatırlayanda, bu barədə nə isə öyrənmək, araşdırma aparmaq istəyəndə istər-istəməz hörmətli akademikimiz də yada düşür. Bu məqam İslam dini, müqqəddəs Qurani-Kərimdir. Təbii ki, bu da təsadüfi deyil. Ən azı ona görə ki, uzun illərdən sonra Qurani-Kərimi ana dilimizdə ilk dəfə məhz Vasim Məmmədəliyevin tərcüməsində oxuya bilmişik.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB