QİÇS-Ə QARŞI BİRLƏŞƏK!

Həqiqət Qədirova: «QİÇS yalnız tibbi problem deyil, həm də sosial problemdir».

HİV/QİÇS müasir dünyanın ən qlobal səhiyyə problemlərindən biri olaraq qalmaqdadır. Ona görə də dünya səhiyyə sistemi bu dəhşətli bəlanın qarşısını almaq üçün bütün mümkün variantlardan istifadə edir. Respublikamızda da bu problem ən aktual məsələlərdən biri olduğundan QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova ilə görüşdük. HİV infeksiyasının yoluxma yolları, virusdan qorunma üsulları, bu bəlanın zərərlərini azaltmaq üçün görülən profilaktik tədbirlər barədə suallarımızı cavablandıran H.Qədirova söhbətə dünyada HİV/QİÇS-in yayılma vəziyyəti barədə məlumatla başladı.

- Bu xəstəlik bəşəriyyətə 1981-ci ildən məlum olub. Və artıq 28 ildir ki, HİV/QİÇS bütün dünyada pandemiya halını alıb. Hal-hazırda dünyada 40 milyondan çox HİV-ə yoluxmuş və ya QİÇS-lə xəstələnmiş insan yaşayır. Aşkar olunduğu 1981-ci ildən bu günədək bu xəstəlik 25 milyon insanın həyatına son qoymuş və 14 milyon uşağı yetim qoymuşdur.

Yalnız 2007-ci ildə 2, 5 milyon insanın HİV-ə yoluxma halı aşkarlanıb, 2,1 milyon insan isə QİÇS-dən vəfat edib. 2008-2009-cu illər üçün dünya üzrə statistik rəqəmləri isə Ümumdünya Səhiyyə Təşkilatı hələ çap etməyib. Avropa Birliyinə daxil olan 53 ölkədən 52-də bu virus aşkarlanıb. Yalnız Monakodan başqa. Qərb ölkələrində bu göstərici sabitləşdiyi, hətta bir qədər azaldığı şəraitdə, Avropanın Şərq ölkələrində artım müşahidə olunur. Ukrayna, Belorus, Estoniya, Rusiya, Moldova kimi ölkələrdə böyük sürətlə yayılır. Bu xəstəliyin yayılmasına görə, Qafqaz ölkələrindən Gürcüstan fərqlənir.

- Həqiqət xanım, bir çoxları bu xəstəliyin mahiyyəti barədə demək olar ki, xəbərsizdir. Ona görə də "Ailə həkimi" oxucularını HİV və QİÇS anlayışları ilə tanış etməyinizi xahiş edirəm.
- HİV - İnsanın İmmunçatışmazlıq Virusu deməkdir. Bu virus insanın immun sistemini zəiflədir, nəticədə müxtəlif infeksiyalardan qorunmaq mümkün olmur. HİV infeksiyası bir neçə mərhələdən sonra QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) çevrilir. HİV virusuna yoluxmanı təəssüf ki, vaxtında müəyyən etmək olmur. Anticisimlərin qanda aşkar olunma miqdarında əmələ gəlməsi üçün orqanizmə iki həftədən üç ayadək ( nadir hallarda altı ay) vaxt tələb olunur. Bu müddət "pəncərə dövrü" adlandırılır. Bu zaman müayinə testin nəticələri mənfi ola bilər. Ona görə də üç aydan sonra təkrar müayinədən keçmək lazımdır. "Pəncərə dövründə" anti cisimləri aşkarlamaq mümkün olmasa da, HİV-ə yoluxmuş insanın qanı, sperması, vaginal mayesi və döş südü digərlərini yoluxdurmaq üçün kifayət qədər virusla zəngin olur. Düzdür, hal-hazırda müasir üsullar da mövcuddur ki, bunun nəticəsində 10 gün ərzində də qanda virusu təyin etmək mümkündür. Ancaq bu çox bahalı bir diaqnostika üsuludur. Və onu hər bir sadə laboratoriyada istifadə etmək mümkün deyil. Bu cür üsulla müayinə Bakıda yalnız bir neçə laboratoriyada var.

Yoluxandan 2-3 həftə sonra insanda qripə bənzər simptomlar yaranır. Qızdırma qalxır, limfa düyünləri şişir, əzginlik, nasazlıq halları olur. Xırda-xırda səpkilər də ola bilər. Ondan sonra uzun müddət insanda heç bir əlamət müşahidə olunmur. Hətta bu müddət illərlə də uzana bilər. Bəzi hallarda insanlarda bu xəstəliyin mövcudluğu 10-12 ildən sonra aşkar olunsa da, əsasən  HİV/QİÇS diaqnozunun qoyulması üçün 7-8 il vaxt tələb olunur.  Bu mərhələyə asimptomatik period deyirlər. İnsan özünü tamamilə normal hiss edir. Xarici görünüşə görə də heç nə müəyyən etmək olmur. Ancaq bu zaman insanın müqavimətini təyin edən immun hüceyrələr get-gedə azalır. Çünki bu virus insan immunitetini təmin edən hüceyrələrin özünü məhv edir. Müxtəlif xəstəliklərə səbəb olur. Məsələn, ağız boşluğunda kandidoz, başqa göbələk xəstəlikləri, herpes.  Düzdür, bu xəstəliklər hər birimizdə ola bilər. Ancaq HİV daşıyıcılarında belə xəstəliklər aylarla davam edir və çətin sağalır. Sitomeqalovirus infeksiyası, vərəm halları da ola bilər. Bizim hamımızda vərəm çöpü var, ancaq HİV daşıyıcılarında bu çöplərlə mübarizə aparan immun hüceyrələrin sayı azaldığına görə onlarda bu xəstəliyə tutulma riski artıq olur. İmmun hüceyrələrin sayı 200-dən aşağı düşdükdə, bədxassəli şişlər, pnevmoniya və digər xəstəliklər yarana bilər. Aparılmış hesablamalara əsasən, HİV-ə yoluxanların 95 faizi uzun müddət bundan xəbərsizdir. Virus uzun müddət heç bir əlamətlə özünü büruzə vermədiyindən hər birimiz bu virusun bizlərdən yan keçdiyini düşünürük.

- Bəs HİV-ə  yoluxma yolları hansılardır?
- HİV qan, sperma, vaginal mayesi və ana südü vasitəsilə keçir. Qeyri-steril (dezinfeksiya olunmamış) iynə və ya şprislərin və digər inyeksiya ləvazimatlarının birgə və ya təkrarən istifadə olunması ilə, qorunmamış cinsi əlaqə zamanı, üzərində qan qalıqları ola biləcək istifadə olunmuş bərbər alətlərinin, diş fırçalarının təkrarən istifadəsi ilə, manikür, tatuaj və ya pirsinq zamanı istifadə olunan qeyri-steril ləvazimatlarla bu virusa yoluxmaq mümkündür. HİV-ə yoluxmuş anadan uşağa (hamiləlik, doğuş və döşlə əmizdirmə zamanı) da bu virusun keçməsi mümkündür.

Bəzi insanlarda yoluxma yolları ilə bağlı yanlış məlumatlar var. Ancaq insanlar bilməlidir ki, əllə görüşdükdə və ya qucaqlaşdıqda, öskürmək və asqırmaqla, ümumi hamam və ya ayaqyolundan istifadə etməklə, HİV-ə yoluxmuş insanla bir otaqda olduqda, öpüş zamanı (virus ağız suyunda az miqdarda olduğuna görə) bu virusa yoluxma halları baş vermir. Dünya ölkələrinin əksəriyyətində bu xəstəliklər cinsi yolla daha çox yayılır. Azərbaycanda isə inyeksiya ilə yoluxma halları üstünlük təşkil edir. Bizdə yoluxan insanların 62-63%-i inyeksiyon narkotik istifadəçiləridir. Daha sonra cinsi yolla bu virusa yoluxanlar üstünlük təşkil edir. Az hallarda isə vertikal yolla, yəni anadan uşağa keçir.

Bu illər ərzində yalnız bircə dəfə donor qanı ilə yoluxma baş verib. Bir nəfər xəstə isə tatuaj etdirərkən bu virusa yoluxduğunu iddia edirdi. Ancaq həmin xəstə, eyni zamanda narkotik istifadəçisi olduğundan onun yoluxma mənbəyi bir qədər şübhəli qalmışdı. Ümumiyyətlə, bu virusun daşıyıcılarının 22%-i yoluxma yollarını bilmir. Ola bilsin ki, onların arasında   doğrudan da tatuaj, pirsinq, manikür kimi xidmətlərdən istifadə zamanı və ya stomatoloji xidmət nəticəsində yoluxanlar var.

HİV-ə yoluxanların 85%-i kişilərdən ibarətdir. Çox təəssüf ki, HİV infeksiyası daşıyıcıları arasında azyaşlılar da var. Hal-hazırda bizdə 14 yaşa qədər olan 18 uşaq qeydiyyatdadır. Uşaqların immun sistemi tam inkişaf etmədiyinə görə, onlar bu infeksiyaya qarşı daha həssasdır. 

- Sizin də söylədiyiniz kimi bu virus uzun müddət təzahür etmədən yaşaya bilir. Xəstəliyi erkən təyin etmək üçün insanları məcburi şəkildə müayinə olunmağa məcbur etmək mümkündürmü və bu nə dərəcədə düzgündür?
- Azərbaycanda yalnız qan və toxuma donorları məcburi qaydada müayinə edilir. Əgər kimsə bu virusa qarşı müayinədən keçmək istəmirsə, o zaman onların donorluğundan imtina edilir. Qalan bütün kontingentlər könüllülük prinsipi ilə konfidensial, hətta anonim şəkildə müayi­nəyə cəlb olunur.

Avropa Şurasına üzv olan Azərbaycan insan hüqaqlarını pozan məcburi müayinə kimi bu addımı ata bilməz. Ölkə qanunvericiliyi də vətəndaşları məcburi qaydada HİV/QİÇS müayinəsinə cəlb etməyi qadağan edir. Məcburi şəkildə deyil, maarifləndirmə yolu ilə, xəstəliyə yoluxma barədə məlumat verməklə risk qrupuna daxil olanları müayinəyə cəlb etmək daha düzgündür.

- Yoluxmanın qarşısını almaq üçün hansı profilaktik tədbirləri görməyi tövsiyə edirsiniz?
- Narkotik maddələrdən istifadə etməmək və ya inyeksiya yolu ilə narkotik maddələri yeritməmək, qeyri-steril iynə, şpris və ya digər inyeksiya ləvazimatlarından istifadə etməmək, cinsi kontaktlar zamanı prezervativlərdən istifadə etmək, manikür, tatuaj və pirsinq zamanı steril avadanlıqlardan istifadə etmək, qan və ya qanla çirklənmiş materiallarla bilavasitə təmasdan çəkinmək, yalnız şəxsi və ya təzə gigiyenik vasitələrdən (üzqırxan alətləri, diş fırçaları) istifadə etməklə bu virusa yoluxmaqdan qorunmaq olar. Anadan uşağa virusun keçməməsi üçün hamiləlik zamanı azı iki dəfə müayinədən keçmək və infeksiya aşkar olunduqda xüsusi profilaktik müalicə almaq lazımdır.

- Kontaktdan sonra profilaktika anlayışının mahiyyəti barədə oxucularımızı məlumatlandırmağınızı istərdik.
- Burada yalnız cinsi kontakt nəzərdə tutulmur. HİV virusunun daşıyıcısının qanı ilə təmasda olan hər bir kəs bu profilaktik üsuldan istifadə edə bilər. Məsələn, ola bilər ki, xəstəxa­nalarda belə xəstələrlə kontakt zamanı hər hansı bir ehtiyatsızlıq nəticəsində qanla təmasda olub, yoluxa bilərlər. Bu zaman yoluxmanın qarşısını almaq üçün 72 saat müddətindən gec olmayaraq (24 saat ərzində olsa daha yaxşı olar), həmin insana antiretrovirus preparatları vermək lazımdır. Bununla bağlı bizim mərkəzə dəfələrlə müraciətlər olunub. Tibb işçiləri, polis işçiləri, elə bizim işçilərin özləri dəfələrlə müraciət ediblər. Və şükürlər olsun ki, vaxtında qarşısı alınıb.

 

- Məlumdur ki, antiretrovirus terapiya qanda virusun miqdarını minimuma salır. Bəs yoluxma qabiliyyətinə necə, təsir edirmi?
- Əlbəttə. Bu zaman HİV daşıyıcısının başqalarını yoluxdurma qabiliyyəti də azalır. ARV terapiya zamanı elə dərmanlardan istifadə olunur ki, birbaşa həmin virusa təsir göstərir. 2006-cı ilin 8 noyabrından etibarən Respublika QİÇS-lə Mübarizə Mərkəzində antiretrovirus preparatları ilə müalicə işinə başlanılıb. 2006-cı ildə ilk 8 nəfəri bu üsulla müalicə etməyə başladıq. Onlardan biri hamilə qadın idi. Və bu müalicə nəticəsində həmin körpə sağlam dünyaya gəldi. 2007-ci ildə 94 nəfəri bu müalicəyə cəlb etmişik. 2008-ci ildə 197 nəfər, bu il isə 15 maya qədər artıq 238 nəfər bu müalicəni alır. Əvvəllər HİV virusuna yoluxan insanların ömrünü 8-10, maksimum 12 il artırmaq olurdusa, bu müalicədən sonra yenə də 8-10 il uzatmaq mümkün olmuşdur.

- Hər il may ayının üçüncü ba­zar günündə bütün dünyada QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya xatirə günü keçirilir. Belə xatirə günlərinin, aksiyaların keçirilməsi cəmiyyətin diqqətinin bu problemə yönəldilməsində nə dərəcədə effektiv olur?
- Xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini şəxsən yaşayan insanlar tərəfindən təsis edilib, həmin dövrdə bu infeksiya səbəbindən ölənlərin sayı bir neçə min nəfər idi. Ümumdünya xatirə gününün artıq 26-cı dəfədir keçirildiyi 2009-cu ildə isə QİÇS-dən dünyasını dəyişənlərin sayı milyonlarla ölçülür. Bu gün məhz onların xatirəsinin yad olunması, bütün insanların QİÇS haqqında düşünməsi, irqindən, milliyyətin­dən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin QİÇS-dən sığortalanmadığını dərk etməsi üçün qeyd edilir. Xatirə günü eyni zamanda cəmiyyətin diqqətini bu problemə cəlb etmək, HİV/QİÇS-lə yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictima­iyyətə bu haqda düzgün informa­siya çatdırmaq məqsədi daşıyır. 1988-ci ildən isə dekabrın 1-i bütün dünyada Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, Azərbay­canda da bu gün bir sıra tədbirlərin keçirilməsi ilə yadda qalır.

- Azərbaycanda QİÇS-lə mü­ba­rizə tarixi nə vaxtdan başlayır?
- Azərbaycanda QİÇS-lə mübarizə xidmətinin tarixi 20 ildən yuxarıdır. İlk dəfə 1987-ci ildə Respublika Qanköçürmə Stansiyasının nəzdində ixtisaslaşdırılmış HİV diaqnostika laboratoriyası yaradılıb. 1988-ci ildə analoji laboratoriya Respublika Gigiyena və Epidemiologiya Stansiyasının nəzdində təşkil olunub. 1989-cu ildə Səhiyyə Nazirliyinin HİV infeksiya­sının profilaktikası və onunla mübarizə xidməti sistemində baş tibb müəssisəsi kimi - Respublika QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb. 2004-cü ilədək mərkəz RGES-in bazasında yerləşib, həmin ildən isə hazırda yerləşdiyi binaya köçüb. 1998-ci ildə Səhiyyə Nazirliyinin əmri ilə respublikanın 11 regionunda - Sumqayıt, Quba, Şəki, Şamaxı, Mingəçevir, Yevlax, Gəncə, Şirvan, Salyan, Lənkəran və Naxçıvanda regional laboratoriyalar yaradılıb.

"İnsanın İmmun Çatışmazlığı Virusunun törətdiyi xəstəliyin - QİÇS-in yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının 16 aprel 1996-cı il qanununa əsasən HİV-lə yaşayan insanların bütün müayi­nə və müali­cələri pulsuzdur.

- Yəqin ki, mərkəzdə xəstələrə psixoloji yardım da göstərilir...
- Əlbəttə. Xəstələrin bəziləri HİV virusu daşıyıcısı olduqlarını eşidəndə uzun müddət özlərinə gələ bilmirlər. Hətta intihar cəhdləri belə olur. Belə insanlara vəziyyətləri ilə barışmaları, özlərini cəmiyyətdən təcrid etməmələri üçün psixoloji yardım göstəririk.

QİÇS bizim düşündüyümüzdən də yaxındır. Heç kəs bu xəstəlikdən sığortalanmayıb.

QİÇS yalnız tibbi problem deyil, həm də sosial problemdir. Burada cəmiyyətin hazırlığı da vacib məsələdir. Çünki bəzən insanlar məlumat azlığından belə insanlardan uzaq olmağın zəruriliyini irəli sürür. Bunun qarşısını almaq, insanlara çatdırmaq lazımdır ki, HİV infeksiyası nə qrip deyil, nə də digər hava-damcı yolu ilə yayılan xəstəlik deyil ki, xəstələr təcrid edilsin. Bu xəstəliyə tutulan insanları diskriminasiya etmək lazım deyil. Onların ətrafdakılar üçün heç bir təhlükəsi yoxdur. Yalnız bu virusun hansı yollarla keçdiyini bilməli və bunun profilaktikasını aparmalıyıq.

 

Rəna Kərimova

4168 dəfə oxunub

Novruz Aslan: «Qızıl Aypara Cəmiyyətinin büdcəsini möhkəmləndirmək istiqamətində işlər görürük»
MDB məkanında yeganə şəxsdir ki, Qızıl Aypara Cəmiyyətinə könüllü surətdə rəhbərlik edir. 1995 - ci ildən məvacib almadan bu vəzifədə çalışır. Bu fikirdədir ki, dünyanı gözəllik yox, mərhəmət xilas edəcək. İnsanlığın əsas ştrixi məhz mərhəmətdir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB