«BİRİ VAR İDİ, BİRİ YOX İDİ...»

Kinorejissor Eldar Quliyev: «İnanmıram ki, yaxşı insanın yaramaz övladı olsun»

Biri var idi, biri yox idi, Azərbaycanın tanınmış bəstəkarı Tofiq Quliyev var idi... Bu gün isə T.Quliyev adını fəxrlə yaşadan Azərbaycanın tanınmış rejissoru Eldar Quliyev var. Jurlanımızın oxucularını gözəl ürəyə malik səmimi insanla, böyük rejissorla bir qədər yaxından tanış etməyi qərara aldıq. Adətən rejissorla onun yaradıcılığı, çəkdiyi və çəkmək istədiyi filmlərdən söhbət edirlər. Təbii ki, biz də tanınmış rejissor Eldar Quliyevlə söhbətimizdə bu məqamı unutma­mışıq. Amma bir qədər də ənənədən kənara çıxaraq "Ailə həkimi"nin istiqamətinə uyğun olaraq, rejissorun  sağlamlıqla bağlı fikirlərini də öyrənmişik.

- Eldar müəllim, uşaqlıq və gənclik illərində sağlamlığınıza fikir verə bilmisinizmi?
- Uşaqlıq və gənclik elə bir dövrdür ki, təbii olaraq, bu dövrdə sağlamlıq barədə o qədər də düşünmürük. Yaşa dolduqca sağlamlığımıza diqqət göstərməyə başlayırıq və təəssüf edirik ki, niyə zamanında sağlamlığımıza biganə qalmışıq. Amma hazırda mən siqareti tərgitməyi təbliğ edən insanlardan biriyəm. Düzdür, özüm siqaret çəkirəm. Amma başqalarına təbliğ etməyə çalışıram ki, çəkməyə başlamasınlar. Çünki nikotin həddən artıq zərərlidir. Biz özümüzə təlqin etmişik ki, siqaret çəkəndə sakitləşirik, əsəblərimizi cilovlayırıq. Hətta mən özümə təskinlik vermək üçün deyirəm ki, atam 84 yaşına kimi gün ərzində 2-3 qutu siqaret çəkirdi. Amma digər tərəfdən də fikirləşirəm ki, o, bu qədər siqaret çəkməsəydi, daha çox yaşaya bilərdi. Çox şükür ki, onun elə də ciddi bir xəstəliyi olmamışdı. Yalnız yüksək təzyiq­dən əziyyət çəkirdi.

- Bəs Tofiq müəllim sizi siqaretdən yayındırmağa çalışmırdı?
- Artıq gec idi. Bir tərəfdən də mən ondan öyrənmişdim siqaret çəkməyi. Atam "Duka" markalı siqaret çəkirdi və onun çox gözəl qabı var idi. Bu "gözəllik" məni cəlb elədi və təxminən 18 yaşımda  siqaret çəkməyə başladım. İlk dəfə elə "Duka" çəkdim.

- Sizin uşaqlığınız müharibədən sonrakı illərə təsadüf edir. O dövrü necə xatırlayırsınız?
- Çətin illər idi. Vəzifəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hamının yaşam tərzi eyni cür idi. Bizim üçün ən dadlı yemək yağlı və pesoklu çörək idi. Kimdə olsa, bölüşdürürdük. Hamımız bərabər idik. Təzə Pir məscidinin yaxınlığında yaşayırdıq. Mənim uşaqlığım orada keçib. Uşaqlığımla bağlı çox gözəl xatirələrim var. Çox təəssüf ki, uşaqlıq dostlarımdan bəziləri dünyasını dəyişib.

- Eldar müəllim, ananız necə, sizin sağlamlığınız üçün hansısa qayda-qanun qoymuşdumu?
- Anamın atası ixtisasca həkim olduğundan təbii ki, o da sağlamlıq məsələsində həssas idi. Yeri gəlmişkən, onu da deyim ki, ana babam 1937-ci ildə həbs olunmuşdu. Onları ailəlikcə sürgün etmişdilər. Ona görə də anam 18 yaşından işləməyə məcbur olmuşdu. Məni isə daha çox nənəm, anamın anası saxlayıb. Çox maraqlı adı var idi - Badisəba. Dindar qadın idi. Namaz qılırdı.

- Bəs nənəniz necə qidalanmanıza fikir verirdi? Yoxsa müharibə dövrü olduğuna görə kim nə tapırdı, yeyirdi?
- Hə elə idi. Ancaq o vaxt qidaların dadı-tamı vardı. Hər şey təzə-tər idi. O vaxtkı üzümün dadı hələ də damağımdan getməyib. İndi heç bir məhsulda əvvəlki dad qalmayıb. Yəqin kimyəvi maddələrin təsirindəndir. Yay aylarında nənəm məni Gəncəyə aparırdı. Ata nənəm isə Quba tərəfdən Musabəyovlar ailəsindən idi. Musabəyovların hamısı sürgün olunanda yalnız mənim nənəm qalmışdı. Nənəm Ayna Sultanovanın doğma bacısıdır.

- Necə oldu ki, Eldar Quliyev rejissor oldu, uşaq vaxtdan bunu arzulayırdınız, yoxsa kimsə istiqamət verdi?
- Bir tərəfdən təsadüf olsa da, mən bunu tale, qismət sayıram. Onuncu sinfə kimi fizik olmaq istəyirdim. Məktəbi qızıl medalla qurtarmışdım. O vaxt orta məktəbi qızıl medalla qurtarmaq asan məsələ deyildi. Yadımdadır ki, mən məktəbi bitirən ili bütün Bakı məktəbləri üzrə cəmi 10-12 nəfər qızıl medal ala bilmişdi. Rejissor olmaq arzusuna gəlincə, onuncu sinifdə oxuyanda "Durnalar uçur" adlı bir filmə baxdım, bu film mənə çox təsir etdi. Və mən bu filmə baxandan sonra qərara gəldim ki, rejissor olmalıyam. Açığı həm ailəmiz, həm də qohumlar mənim bu istəyimi təəccüblə qarşıladı. Çünki mən əvvəllər fizika və riyaziyyatla daha çox məşğul olur, həmin fənlərin olimpiadalarında iştirak edirdim.

- Bəs Tofiq müəllim, sizin bu istəyinizi necə qarşıladı?
- Etiraz etmədi. İndi mən də onun kimi davranıram. Qızlarıma ixtisas seçimində sərbəstlik verdim. Qızımın biri həkimdir. Moskvada onkoloji mərkəzdə işləyir. Kimyaterapevtdir. Digər qızım isə universitetin filologiya fakültəsini bitirib. Bir neçə qısametrajlı film ssenarisi var.

- İlk dəfə hansı filmi çəkdiniz?
- İlk dəfə diplom işi olaraq "Biri var idi, biri yox idi" adlı qısa metrajlı film çəkmişəm. Yazıçı Salam Qədirzadənin hekayəsi əsasında çəkmişdim. İlk böyük filmim isə "Bir cənub şəhərində"dir. Artıq 40 ildir ki, bu sahədəyəm və xeyli film çəkmişəm.

- Həkimlərlə bağlı kino çəkmək istəmisinizmi, belə bir şey fikrinizdən keçibmi?
- Mən hər əlamətə fikir verən insanam. Yolumdan pişik keçirsə, yolumu dəyişirəm. Hesab edirəm ki, ayın 13-ü mənə düşmür. Ona görə də ayın 13-də heç vaxt yeni bir işə başlamıram. Bu baxımdan həkimlərdən film çəkib, onların əlinə düşmək istəmirəm (gülür). Yəqin ki, qismət olmayıb. Mənim həkimlərə çox böyük hörmətim var. Qızım, kürəkənim də həkimdir.

- Həkimlərə işiniz çox düşüb?
- İstər-istəməz yaş məsələsi özünü göstərir.

- Xarici ölkələrdə 6 aydan bir həkim müayinəsindən keçmək adət halını alıb, bizdə isə nadir hallarda buna əməl edənlər olur. Bəs siz necə, tez-tez müayinə olunursunuz?
- Qızım məni məcbur edir ki, mütəmadi şəkildə həkim müayi­nəsindən keçim. Çünki vaxtlı-vaxtında həkimə getdikdə, xəstəliklər də azalır. Ona görə çalışıram ki, ildə 1-2 dəfə müayinələrdən keçim.

- Sizcə, sağlamlıq iksiri nədədir? Sağlamlığı necə qorumaq lazımdır?
- İndi stress halları artıb. Mən televizorda zəlzələ, cinayət hallarının çox göstərilməsinin əleyhinəyəm. Belə şeylər insanları çox qıcıqlandırır. Əsəbləri tarıma çəkir. Hamı da bilir ki, bütün xəstəliklər əsəb nəticəsində ortaya çıxır. Gərək əsəblərimizi qoruyaq. Ətrafımızdakı insanlara, hər kəsə hörmətlə, diqqətlə, qayğı ilə yanaşsaq, stress halları da azalar, xəstəliklər də.

- Qidalanma zamanı rejim gözləyirsinizmi?
- Pəhriz saxlamağa məcburam. Çünki məndə diabet tapdılar. Məcburam ki, sevdiyim bəzi qidalardan, xüsusilə də şirniyyat və şokoladdan imtina edim. Düşbərə, qutab kimi yeməkləri çox sevirdim, ancaq ona da icazə vermirlər. Siqaret də bu xəstəlik üçün zərərlidir. Ona görə də tərgitmək istəyirəm. Amma hələlik alınmayıb.

- Səbəbi nədir?
- Demirəm ki, digər işlər asandır. Ancaq mənim işim elə bir işdir ki, hər filmə gərək ürəyinin bir hissəsini verəsən. Verməsən, film alınmaz. Qəhrəmanın keçirdiyi bütün hissləri gərək sən də keçirəsən. Ona görə də siqareti tərgidə bilməmək bir tərəfdən də mənim işimlə bağlıdır. Təsadüfi deyil ki, ən az ömür sürən peşə sahibləri arasında rejissorlar da var.

- "Özüm və zaman" adlı filminiz var. Siz özünüzlə zamanı necə görürsünüz?
- Mənim yaşıdlarım olan nəsil çox çətin zamanda yaşamışıq. Bizim uşaqlığımız müharibə dövrünə düşüb. Böyüklərimiz, qardaşlarımız müharibədə döyüşürdü. Müharibədən sonrakı vəziyyət də çox çətin idi. Sonra Azərbaycan müstəqilliyini qazananda çox çətin günlər yaşadıq. Mən ölkədən heç yerə çıxıb getmək istəmədim. Baş verənləri qəzetlərdən, kitablardan oxumaq istəmirdim.  Ona görə də keçid dövrünü mən də yaşamışam. Bir tərəfdən, xoşbəxt insanam ki, bütün bu dəyişiklikləri görmüşəm.

- Belə bir söz var, hər bir kişinin ürəyinə yol mədəsindən keçir? Sizin ürəyinizə necə yol tapmaq olar?
- Bu, bir tərəfdən düzdür. Amma qəlbimə yol tapmaq üçün ilk növbədə səmimi olmaq lazımdır.

- Siz öz həyat güzgünüzə baxanda orda nə görürsünüz?
- Mənim güzgüm mənim bala­larım, sonra isə nəvələrimdir. İnanmıram ki, yaxşı insanın yaramaz övladı olsun. Və ya əksinə. İnsanın övladları onun güzgüsüdür.

- Hər bir ailənin öz ənənəsi olur. Sizə Tofiq Quliyevdən hansı ənənə miras qalıb və siz onu övladlarınıza ötürmək istərdiniz?
- Bunu mən deyə bilmərəm. Gərək bunu mənim valideynlərimi tanıyan, kənardan müşahidə edən bir insan desin. Ancaq yəqin ki, genetik baxımdan nələrsə ötürülüb. Mənim üçünsə ən vacib şey odur ki, övladlarım və nəvələrim gələcəkdə deməsinlər ki, atamız, babamız yaxşı insan olmayıb.

- İdmanla məşğul olmağı sevirsinizmi?
- İdmanla çox məşğul olmuşam. Bəlkə də məhz bu amil kömək edib ki, mən çox xəstələnməmişəm. Cavanlıqda basketbolla məşğul olmuşam.

Futbol, stolüstü tennis, şahmat kimi idman növləri ilə də məşğul olmuşam.

- Düzgün həyat tərzi keçirmək üçün nə etmək lazımdır?
- Hesab edirəm ki, insan gərək ləzzətlə yaşasın. Dostlarından, sevdiyi insanlardan, yaxınlarından zövq alsın. Hər gün insana təzəlik gətirməlidir. Bu zaman sənin həyata da marağın artacaq. Məsələn, əgər mən öz qəhrəmanımı (aktrisanı nəzərdə tutmuram) sevməsəm, onda görmək istədiklərimi ala bilməyəcəm.

- Mütaliə etməyə vaxtınız olurmu?
- Vaxt tapıram. Hazırda Atatürk haqqında yazılmış kitab oxuyuram. Bir məqamı da qeyd edim ki, son zaman gənclər arasında kitaba maraq azalıb.

- Jurnalımıza ürək sözləriniz...
- Həm jurnalınıza, həm də oxucularınıza can sağlığı, uğur, xoşbəxtlik arzulayıram.

 

Gülnar Məsimli

2390 dəfə oxunub

ORUCLUQ - ARIQLAMAQ ÜÇÜN ƏN GÖZƏL TƏBİİ VASİTƏ
Akademik Vasim Məmmədəliyev elmin müxtəlif sahələrini əhatə edən mövzular üzrə maraqlı həmsöhbətdir. Amma bir məqam var ki, onu xatırlayanda, bu barədə nə isə öyrənmək, araşdırma aparmaq istəyəndə istər-istəməz hörmətli akademikimiz də yada düşür. Bu məqam İslam dini, müqqəddəs Qurani-Kərimdir. Təbii ki, bu da təsadüfi deyil. Ən azı ona görə ki, uzun illərdən sonra Qurani-Kərimi ana dilimizdə ilk dəfə məhz Vasim Məmmədəliyevin tərcüməsində oxuya bilmişik.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB