«AİLƏ HƏKİMİ AİLƏNİN SİRDAŞIDIR!»

Professor Mustafa Salihov

Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini və aspiranturanı bitirib. ATİ-nin "Hospital terapiya" kafedrasında əvvəl assistent, sonra isə dosent vəzifəsində çalışıb. 1981-1984-cü illərdə Əlcəzair Xalq Demokratik Respublikasında ezamiyyətdə olub. 1987-1994-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş terapevti vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Terapevtlərin Ümumittifaq Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuşdur. 1990-cı ildə bu cəmiyyətin fəxri fərmanı və S.Botkin adına medalı ilə təltif olunub.

1990-2002-ci illərdə "Poliklinik terapiya" kafedrasının müdiri vəzifəsində çalışmış, 2002-ci ildən isə yeni təşkil olunan "Ailə təbabəti" kafedrasının müdiridir. 2002-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının "ailə təbabəti" ixtisası üzrə professoru seçilib.

Elmi tədqiqatları ilkin tibbi yardım, Azərbaycanda ailə təbabətinin inkişafı problemləri, tez-tez rast gəlinən xəstəliklərin profilaktika və diaqnostikasına həsr olunub. Ölkəmizdə və xaricdə çap olunan 150-dən artıq elmi əsərin müəllifidir.

Dünya ölkələrinin səhiyyə sistemində geniş tətbiq olunan hər ailəyə məxsus "Ailə həkimi" təcrübəsi hələ ki, Azərbaycanda tam təşəkkül tapmayıb. Ancaq artıq bu sahədə bir sıra işlər aparılaraq, nailiyyətlər əldə olunub.  Jurnalımızın eksperti Azərbaycan Tibb Universitetinin "Ailə təbabəti" kafedrasının müdiri, professor Mustafa Salihovla söhbətimiz də elə ailə həkiminin qarşısına qoyulan tələblər, onun gələcək inkişaf perspektivləri barədədir. İlk sualımız isə "Ailə təbabəti" kafedrasının yaranma tarixi ilə bağlı oldu.
- 1990-cı ildə Azərbaycanda terapevtlərin I qurultayını keçirməyə nail olduq. Mən o zaman ölkənin Baş terapevti kimi fəaliyyət göstərirdim. Qurultayda SSRİ-nin bir sıra tanınmış alimləri də iştirak edirdi. Onların bir neçəsi "Poliklinik terapiya" kafedralarının rəhbərləri idilər.  O zaman onlar mənə sual verərək, nə üçün bizdə də analoji ka-fedranın fəaliyyət göstərmədiyi ilə maraqlanırdılar. Doğrudan da, bizdə də belə bir kafedranın yaranmasına ehtiyac var idi.  Və biz çətinliklə də olsa "Poliklinik terapiya" kafedrasını yaratmağa nail olduq. 2002-ci ildə isə bu kafedrasının bazasında "Ailə təbabəti" kafedrası təşkil olundu. Daha sonra Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə təbabəti kursu yaradıldı. Bir müddətdən sonra bu kurs "Ailə təbabəti" kafedrası kimi fəaliyyət göstərməyə başladı. Bizim kafedranın əsas məqsədi o deyil ki, Tibb Universitetində ailə həkimi hazırlayaq. Biz diplomaqədərki mərhələdə tələbələrə bu sistemin incəliklərini öyrədirik. Ailə həkiminin ümumi təkmilləşməsi və sertifikasiyası isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kurslarında aparılır. Bizim kafedranın bir xüsusiyyəti də odur ki, bir binada yerləşmir, 15 bazası var. Şəhərin bir çox poliklinikalarında bizim  nümayəndələr fəaliyyət göstərir və tələbələrə praktik məşğələlər keçirlər. Əsas məqsəd də odur ki, tələbələr ilkin səhiyyə xidməti ilə yaxından tanış olsunlar.

- Mustafa müəllim, gələcək ailə həkiminin fəaliyyətini indiki sahə həkimlərinin gördüyü işlərlə eyniləşdirmək olarmı?
- Ailə həkimi ali tibbi təhsil almış, əhaliyə (cinsindən, yaşından və xəstəlik növündən asılı olmayaraq) ilkin profilli tibbi-sosial yardım göstərməyə hüquqi səlahiyyəti olan mütəxəssislərə de-yilir. Başqa sözlə, ailələr bütün xəstəliklərini ailə həkimlərinə etibar edə bilərlər. Sahə te-rapevtlərindən söhbət aparırıqsa, ümumiyyətlə qeyd etmək lazımdır ki, onların nüfuzu aşağı salınıb. O qədər dar ixtisaslar yaranıb ki, hətta hər bir daxili üzvün ayrıca həkimi əmələ gəlib. Amma bir şeyi unuduruq ki, orqanizm bütövdür, bunu xırda hissələrə bölmək olmaz. Mən qətiyyən dar ixtisas həkimlərinin olmasının əleyhinə deyiləm. Ancaq hesab edirəm ki, ilk dəfə xəstəni müayinə edən həkim özü bütün məsələləri müəyyən etməli, xəstəliklər barədə məlumatlı olmalıdır. Misal üçün hazırda biz xəstələndikdə, ilk olaraq sahə terapevtlərinə müraciət edirik. Ürəyimizlə bağlı hansısa bir narazılıq olduqda sahə həkiminin göndərişi ilə kardioloqun qəbuluna yazılırıq. Kardioloq da müayinə edərək, bir neçə dərman yazır və qastoenteroloqun qəbuluna düşməyi məsləhət görür. Qastoenteroloq da bir neçə dərman yazır və başqa şikayətlərə əsasən digər ixtisas həkimlərinin qəbuluna göndərir. Beləliklə, xəstə sanki labirintə düşür. Və getdiyi hər bir ixtisas həkimi hərəsi bir neçə dərman yazır. Nəticədə xəstənin əlində uzun siyahıdan ibarət reseptlər olur. Bu qədər dərmanı içən bir xəstədə əvvəlkindən də çox şikayətlər başlayır. Hələ üstəlik, bu dərmanları almaq üçün nə qədər maddi vəsait tələb olunur. Ailə həkiminin vacibliyinin əsas cəhətlərindən biri də odur ki, xəstə sonda yenə də onun yanına qayıdır. Və həmin həkim təyinatlara baxaraq öz fikrini bildirir. Həmçinin ailə həkimi öz xəstəsini uzun illər nəzarətdə saxlayır və onun keçirdiyi bütün xəstəliklər barədə məlumatlı olur. Bir sözlə, ailə həkimi ailəyə xidmət edir. Və o, ailənin etibarlı həkimi olur.

Mən son zamanlarda yaranan terapevt sözü ilə də bağlı öz iradımı bildirmək istəyirəm. Əvvəllər bizdə terapevt əvəzinə "can həkimi" sözünü işlədərdilər. Mən özüm həkim ailəsində böyümüşəm, hər zaman ətrafımda yüksək savada malik həkimlər olub. Və mən həmişə onlardan te-rapevt yox, "can həkimi" sözünü eşitmişəm. Əfsuslar olsun ki, biz bu "can həkimi" sözünü unutmuşuq.

- Hazırda ailə həkimi sistemini həyata keçirmək üçün hansı işlər görülür?
- Bu sahədə çox böyük işlər görülür. Keçən ilin sentyabrın 1-də  "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında" əmr imzalandı və bu siyahıya ilk dəfə olaraq, "ailə həkimi" vəzifəsi də daxil edildi. Bu böyük bir nailiyyətdir. İl yarım bundan əvvəl isə Kanadada ilkin səhiyyə xidməti ilə bağlı elan olunan tenderə mənim də namizədliyim salınmışdı və Azərbaycan həmin tenderin qalibi oldu. Sonrakı müddət ərzində isə Kanadadan gələn mütəxəssislərdən ibarət qrupa məni də məsləhətçi kimi dəvət etdilər. Səhiyyə Nazirliyinin Layihənin İcraçı Qrupu ilə birgə 5 pilot rayonda - Abşeron, İsmayıllı,  Ağdaş, Qax və Şəkidə - ilkin səhiyyə xidmətinin problemləri və         perspektivləri ilə  məşğul olduq. Sonda da yekun hesabat layihəsi hazırlanaraq, 13 yanvar 2009-cu il tarixli əmrlə Səhiyyə Nazirliyinin kollegiyasında təsdiq olundu. Ailə həkimi layihəsi hələ ki, sınaq dövrünü yaşayır. Artıq dünyanın əksər ölkələrində ailə həkimləri təcrübəsi özünü doğruldub. Və mən əminəm ki, Azərbaycanda da bu proses uğurla həyata keçi-riləcək. Ümumiyyətlə, Azərbaycanda ailə həkimli-yinə keçid mərhələlərlə baş tutacaq bir prosesdir.

- Mustafa müəllim, Azərbaycanda Ailə təbabəti sahəsini yaradıb, inkişaf etdirən biri kimi bu sahədə hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Bizdə Ailə təbabəti kafedrası olsa da, fakültəsi yoxdur.  Halbuki Ailə həkimi yetişdirmək üçün ümumi tibb təhsilindən sonra hər hansı 2-3 illik əlavə proqram da keçirilməlidir. Bu fakültədə yüksək səviyyədə  ailə tibb bacıları da hazırlanmalıdır. Çünki heç bir ailə həkimi savadlı və peşəkar tibb bacıları olmadan işləyə bilməz. Həmçinin Respublikamızda Ailə Təbabəti Mərkəzi və Səhiyyə Nazirliyinin Baş ailə həkimi mütəxəssisi olmalıdır. Bütün bu məsələləri o, cəmləşdirib, bu işi aparmalıdır. Fikrimcə, gələcəkdə ailə həkimlərinin simpoziumlarının, konfranslarının keçirilməsi də zəruridir.  Ailə həkiminin nüfuzunu qaldırmaq, təbliğ etmək məqsədilə rayonlarda da seminarlar keçi-rilməlidir. Bundan əlavə, ailə həkimlərindən ibarət assosiasiyanın təşkil olunması da müsbət nəticələr verə bilər.

Bu baxımdan oxucuların sevimli jurnalı olan "Ailə həkimi"nin də işini yüksək qiymətləndirirəm. Həmçinin bu adda elmi-tədqiqat jurnalının işıq üzü görməsini də çox istərdim. 

- Siz həm də ailə həkimlərini yetişdirən bir pedaqoqsunuz. Tələbələrinizdən razısınızmı?
- Ailə həkiminin tibbin bütün sahələrindən xəbəri olmalıdır. Ona görə də mən tələbələrimə qarşı çox tələbkaram. Çünki istəyirəm ki, onlar peşəkar həkim olsunlar. Bəzən müəllimlər nəzəriyyəni, xəstəliklərin klassifikasiyanı daha çox tələb edirlər. Düzdür, bunlar da lazımlıdır. Ancaq ilk növbədə tələbə praktik vərdişləri yaxşı bilməlidir.  Məsələn, hipertonik kriz keçirən xəstə ona baxan cavan həkimdən hipertoniyanın klassifikasiyasını izah etməyini yox, onun təxirəsalınmaz köməyini gözləyir. 

- Əvvəllər insanlar arasında müxtəlif xəstəliklər bu qədər geniş yayılmamışdı, xüsusən də cavanlar arasında, sizcə, bunun səbəbi nədir?
- Bunlar hamısı sivilizasiya xəstəlikləridir. Bu xəstəliklərin cavan nəsil arasında geniş yayılmasının obyektiv və subyektiv səbəbləri var.  Son zamanlarda cavanların o qədər problemləri artıb ki, onlar idmanla məşğul olmağa, aktiv həyat tərzi sürməyə imkan tapmırlar. Bunlar obyektiv səbəblərdir. Subyektiv səbəblər isə ondan ibarətdir ki, bizdə tənbəllik var. Ayağımızı uzadıb, saatlarla televizora baxırıq, kompüter arxasında həddən çox vaxt keçiririk, oturaq rejimdə çalışırıq,  yağlı yeməklər yeyirik, bir sözlə, düzgün həyat tərzi sürmürük, sağlamlığımıza biganə yanaşırıq, zərərli vərdişlərdən qorunmuruq. Bütün bunlar da xəstəliklərin artım dinamikasına təsir göstərir. Əksər xəstəliklərin "cavanlaşması"nda stress və ekoloji faktorların təsiri də danılmazdır.

- Mustafa müəllim, necə fikirləşirsiniz, Ailə həkimi praktikasından istifadə etməklə, maarifləndirmə, düzgün istiqamətləndirmə yolu ilə bu xəstəliklərin azalmasına nail olmaq mümkündürmü?
 - Əlbəttə. Ailə həkimi bütün problemləri həll edəndən, ailənin bir üzvü kimi olandan sonra, o zaman həmin ailənin xəstəlik problemləri də nəzərəçarpacaq dərəcədə azalacaq. Çünki ailə həkimi ailədə olan vərdişləri, genetikada olan problemləri biləcək, vaxtında profilaktik tədbirlər görəcək. Həmçinin həmin ailənin düzgün qidalanmasına yardımçı olacaq. Bu da öz növbəsində qidalanma ilə sıx şəkildə bağlı olan xəstəliklərin azalmasında özünü büruzə verə bilər. Ailə həkimi pasiyentinin keçirdiyi bütün xəstəliklərdən xəbərdar olacağı təqdirdə, biləcək ki, bu insana hansısa bir müalicəni tətbiq etmək düzgündür, ya yox.  Ailə həkimi ailə üzvləri ilə yaxın olduğundan bu ailədəki münasibətlərə də yaxşı bələd olacaq. Və bu xüsusiyyət onun ailənin psixoloqu rolunda da çıxış etməsinə kömək edəcək. Bir sözlə,  ailə həkimi həm də ailənin yaxın dostu, sirdaşı olmalıdır. Bütün bunlar da öz növbəsində, heç şübhəsiz ki, sağlam həyat tərzinin qurulmasına, insanların öz sağlamlıqlarına diqqət yetirmələrinə və nəticədə  xəstəliklərin azalmasına öz təsirini göstərməyə bilməz. Həmçinin gərək gələcək ailə həkimlərinin maaşı da yüksək olsun ki, onlar həvəslə bu işə getsinlər.

- Bir çox alimlər əksər xəstəliklərin qidalanma amili ilə sıx bağlı olduğunu bildirirlər. Bununla bağlı siz nə deyə bilərsiniz?
- Tamamilə razıyam. Xəstəliklərin əmələ gəlməsində qidalanmanın böyük rolu var. Obrazlı desək, demək olar ki, bütün xəstəliklər ağızdan keçir. Vaxtlı-vaxtında yemirik, sulu qidaları az qəbul edirik. Mən özüm ilk növbədə xəstələrimə iynə-dərmandan əvvəl düzgün qidalanmağı, xüsusən də sulu yeməklər yeməyi məsləhət görürəm. Həddən artıq içki qəbul etmək də düzgün deyil. Yediyimiz yeməklərin miqdarını, yemək vaxtını nəzarətdə saxlamalıyıq. Gün ərzində az-az, ancaq tez-tez qida qəbul etməliyik. Qızarılmış, hisə verilmiş qidalardan uzaq olmalıyıq. Bol miqdarda meyvə-tərəvəz, süd məhsulları yeməyə üstünlük verməliyik.

- Mustafa Salihov üçün sağlam həyat tərzi nədir? "Ailə həkimi" oxucularına sağlamlıqlarını qorumaq üçün hansı məsləhətləri verərdiniz?
- Sağlam həyat ilk növbədə ailədəki, mikromühitdəki müsbət ab-hava ilə bağlıdır. Ailə üzvləri arasında mehribançılıq olduqda, bu insanların sağlamlığına da yaxşı təsir göstərir. İkincisi daim aktiv həyat tərzi sürmək lazımdır. Alkoqollu içkilərdən, siqaretdən və digər zərərli vərdişlərdən, yağlı və şirin qidalardan uzaq olmaq lazımdır. Həyat tərzini yaxşılaşdırmaq üçün mütəmadi şəkildə piyada gəzməli, fiziki işlə məşğul olmalıyıq. Biz gərək bir-birimizi qoruyaq, çalışaq ki, yaxınlarımızla, dostlarımızla, ailə üzvlərimizlə daha çox ünsiyyətdə olaq. Çünki ünsiyyət stressi aradan qaldırır. Yaxşılıq etməyi bacarmalıyıq, kin saxlamamalıyıq. Bu da bizim ömrümüzü uzadar. Ümumiyyətlə, unutmamalıyıq ki, cavanlığımızı necə keçirməyimiz  bizim gələcək sağlamlıq durumumuzdan xəbər verir.

Rəna Kərimova

2514 dəfə oxunub

ANTİBİOTİKLƏR VƏ FƏSADLARI
Məhəmməd Kərimov 1955-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Tibb İnstitu­tunun müalicə-profilaktika fakültəsinə qəbul olunub. SSRİ Tibb Elmlər Akademiyasının A.V.Vişnevski adına Cərrahiyə İnstitutunda fəaliyyət göstərib. 1988-ci ildə namizədlik dissertasiyanı müdafiə etdikdən sonra Azərbaycana qayıdıb. Həmin vaxtdan da Tibb Universitetində çalışır. Səhiyyə Nazirliyinin baş cərrahıdır.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB