«SAĞLAM ÖVLAD SAĞLAM GƏLƏCƏKDİR!»

Nərgiz Kərimova

1978-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. Ailəlidir, 3 övladı var. "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin təsisçisi və rəhbəridir.

- Xahiş edirik, rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti haqqında fikirlərinizi "Ailə həkimi" jurnalının oxucuları ilə bölüşəsiniz...
- İlk öncə "Ailə həkimi" jurnalının yaradıcı kollektivinə,  jurnalın tərtib olunması və işıq üzü görməsində zəhməti olan, əziyyət çəkmiş bütün insanlara öz minnətdarlığımı bildirirəm.

Doğrudan da bu gün hər bir oxucu, hətta Azərbaycanımızın ən ucqar guşəsində yaşayan insanlar həyat üçün vacib olan tibbi məlumatları məhz bu jurnal vasitəsilə oxuyurlar.

Rəhbərlik etdiyim "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi 4 ilə yaxındır ki, fəaliyyət göstərir. Fəaliyyətimizin son  1 ili aktivliyi ilə daha çox yadda qalıb. Belə ki, son bir ildə təşkilatımız Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiy­yata alınmış və Azərbaycanın  ictimai həyatında fəal rol oynamışdır. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu tibbi-sosial, habelə uşaq siyasəti təşkilatımız tərəfindən bu istiqamətdə tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaratmışdır. Adından da bəlli olduğu kimi təşkilat əsasən qayğıya, köməyə daha çox ehtiyacı olan   uşaqların problemlərinin həlli istiqamətində fəaliyyət göstərir. O cümlədən müxtəlif istiqamətli layihələr, tədbirlər həya­ta keçirməklə, uşaq evlərində, valideyn himayəsindən məhrum olmuş kimsəsiz, əlil uşaqların problemlərinin qismən də olsa yüngülləşdirilməsinə çalışır. Eyni zamanda Azərbaycanın gələcəyi olan uşaqların sağlam düşüncə tərzinin formalaşması və ləyaqətli vətəndaş kimi yetişmələri istiqamətində  aparılan maariflən­dirmə, təbliğat işlərini özümüzün prioritet  istiqamətlərindən sayırıq.

 Ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işləri məndə də bir vətəndaş, eyni zamanda ictimai təşkilatın rəhbəri kimi qarşıya qoyulan ali məqsədlərə çatmaqda stimul yaratmaqla və daha böyük enerji ilə işləməyə ruhlandırır. Xüsusi ilə qeyd etməliyəm ki, mənim bu istiqamətdə fəaliyyətə  başlamağıma ən mühüm təkan verən amillərdən biri Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, hörmətli millət vəkilimiz Mehriban xanım Əliyevanın işlərinin çoxluğunun, vaxtının azlığının olmasına baxmayaraq, bütünlüklə özünü azərbaycanlı uşaqların inkişafına, onların düzgün tərbiyə olunmasına, problemlərinin aradan qaldırılmasına həsr etməsi, habelə sabahkı Azərbaycanımızın təməli olan bu günkü uşaqlarımızın ləyaqətli, ədalətli Azərbaycan vətəndaşı kimi formalaşması işinə bütün gücünü, bütün varlığını qoymasıdır.

Hesab edirəm ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının övladlarının xoşbəxt gələcəyi naminə yorulmaq bilmədən göstərdiyi fəaliyyəti bizim üçün böyük bir örnək olmalı, hamımız  bu işdə ona dəstək olmaqla, əlimizdən gələni əsirgəməməliyik.

Fürsətdən istifadə edərək,  bu gün üzümü tanıdığım, dostluq və əməkdaşlıq etdiyim imkanlı insanlara, rəfiqələrimə tutaraq, onları da bu xeyirxah, nəcib, Azərbaycan xalqına sevinc, səadət, xoşbəxtlik bəxş edəcək işlərə səsləyir və hər bir insanın imkanları çərçivəsində uşaq evlərindəki, ailələrdəki problemli uşaqların düzgün formalaşmasına yardım etməyə çağırıram.

- Necə düşünürsünüz, Sizin bu çağırışınıza cavab verənlərin sayı çox olar, yoxsa...?
- Bilirsiniz ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq dünya dövlətləri sırasında özünün layiqli yerini tutmaqdadır. Azərbaycanın gələcək dövlətçiliyinin qorunması üçün daha ciddi, böyük işlərin görülməsi də zəruridir. Bu baxımdan qayğısını çəkdiyimiz, problemlərinin həlli istiqamətində çalışdığımız uşaqlardan ibarət olan nəslin düzgün formalaşması zənnimcə, çox vacibdir. Təəssüflər olsun ki, bəzən biz bu günkü real Azərbaycanımızda maddi durumu çox olan xanımlarımızın vəsaitlərini daha çox istirahətə, istirahət klublarının, əyləncə yerlərinin açılmasına sərf etdiklərinin şahidi oluruq. Hesab edirəm ki, bütün bunlarla yanaşı, varlı xanımlarımız həm də öz imkanları çərçivəsində bu gün Mehriban xanımın həyata keçirdiyi və canını belə əsirgəmədiyi bu xeyirxah və nəcib işlərə   qoşulmalıdırlar.

- Nərgiz xanım, bu gün Azərbaycanda geniş miqyaslı işlər görülür və paralel olaraq ailə, uşaq problemləri ilə bağlı siyasət də məhz bu günkü reallıqlar fonunda formalaşdırılmalıdır. Siz bu istiqamətdə hansı təşəbbüsdəsiniz?
- Düzgün qeyd edirsiniz ki, bu gün bu sahədə böyük işlərin görülməsinə, eyni zamanda Azərbaycanda mükəmməl siyasətin, qanunvericilik bazasının yaradılması, normativ hüquqi aktların hazırlanması istiqamətində də böyük işlərə ehtiyac var.

Məlumdur ki, Sovetlər Birliyi dönəmində uşaqların təlim-tərbiyəsi ilə bilavasitə dövlət müəssisələri məşğul idi. Lakin hesab edirəm ki, qloballaşan dünyada, xüsusilə demokratik inkişaf edən Azərbaycanda bu sahədə strategiya daha düzgün müəyyənləşdirilməlidir. Şübhəsiz ki, strategiya ilə yanaşı, qanunvericilik bazasının da düzgün qurulması imkan verəcək ki, hər bir vətəndaş, bu sahə ilə məşğul olan nəcib insanlar öz fəaliyyətlərini qura bilsinlər.

Heç kəsə sirr deyil ki, bu gün Milli Məclis tərəfindən uşaqların hüquqlarının qorunması, onların inkişafı və xoşbəxt gələcəyi ilə bağlı müxtəlif qanunlar qəbul olunur, Azərbaycan hökuməti tərəfindən məhz bu istiqamətdə çoxlu sayda normativ hüquqi aktlar həyata keçirilir. Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəl­xalq təşkilatlar birbaşa uşaq problemləri ilə məşğul olur, Azərbaycan hökuməti ilə birgə müxtəlif layihələr həyata keçirirlər. Dövlətin aidiyyatı qurumları (Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) bu sahədə Azərbaycan hökumətinin siyasətini formalaşdıraraq həyata keçirməkdədir. Hesab edirəm ki, QHT-lər də dövlətin apardığı bu siyasətdə yaxından iştirak etməklə problemlərin həlli istiqamətində böyük fəallıq göstərməlidirlər. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə istər KİV-dən, istərsə də əməkdaşlıq etdiyimiz ayrı-ayrı millət vəkillərindən yeni bir qanun layihəsinin üzərində işlərin aparıldığını eşitdim. Söhbət "Ailə həkimi" ilə bağlı qanun layihəsinin hazırlanması ideyasından gedir ki, bu da mükəmməl formada nəinki həyata keçirilməlidir, həm də birmənalı olaraq hamı tərəfindən dəstəklənməlidir. Bilirsiniz ki, səhiyyə sistemində son dövrlər çox böyük uğurlu  islahatlar həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq diaqnostika mərkəzlərinin, xüsusi sağlamlıq ocaqlarının yaradılması, müalicə müəssisələrinin yenidən qurulması işi sürətlə davam etdirilir. Bu gün bəşəriyyəti narahat edən mövcud problemlərlə (talassemiya, autizm və s.) bağlı sahələrdə xüsusi mərkəzlərin yaradılması sabahkı Azərbaycanın gənclərinin  daha sağlam, uşaqlarının daha firavan yaşamasına şərait yaradacaqdır. Məhz bu kontekstdə biz ictimai təşkilat olaraq "Ailə həkimi" qanun layihəsinə çox diqqətlə yanaşırıq və qeyd etməliyəm ki, artıq bu məsələyə bir neçə istiqamətdə öz   fikirlərimizi bildirməyə hazırlaşırıq. Doğrudan da bu gün Azərbaycanda hər bir ailənin öz xüsusi həkiminə çox ciddi ehtiyacı var. Həm həkim, həm də QHT rəhbəri olaraq inanıram ki, bu qanunun hazırlanması və qəbul olunması yeni bir dalğada Azərbaycan ailəsinə, bu ailədə formalaşan gənc nəslin sağlamlığına, mənəviyyatına veril­miş çox böyük töhfə olacaqdır.

-  Bir çox xəstəliklər var ki, onların yayılma tendensiyası daha çox  ailəyə və cəmiyyətə təsir göstərir. Siz necə fikirləşirsiniz?
- Şübhəsiz ki, bu gün bizim uşaqları narahat edən, qloballaşan dünyada mövcud problemlər vardır. Düzdür, bunlar birbaşa olaraq uşaqları əhatə etməsə də, birbaşa uşaq problemləri sayılmasa da, təəssüflər olsun ki, nəticə etibarı ilə sonda uşaqları yoluxdurur, onların mənəviyyatına, sağlamlığına təsir göstərir. Bu baxımdan da bütün dünyada çox ciddi təhlükə mənbəyi sayılan narkomaniya, alkoqollu içkilərə aludəçilik, QİÇS virusuna yoluxma kimi problemlərin həlli istiqamətində güman edirəm ki, hər bir ictimai təşkilat, cəmiyyətin hər bir  üzvü öz sözünü deməlidir.

- Doğrudan da son zamanlar narkomaniya aktual problemə çevrilir. Bu istiqamətdə işinizi necə qurur və hansı layihələri həyata keçirirsiniz?
- Bizim üçün prioritet hesab etdiyimiz işlərdən biri də narkotikə aludəçilik, narkotikdən əziyyət çəkən xəstələrin müalicəsi, habelə narkotikə meylli olan yeniyetmə və gənclərin bu yoldan çəkinməsi, onların profilaktikası işidir. Qeyd edim ki, bu günlərdə təşkilatımız tərəfindən narkotiklərin törətdiyi fəsadları, insan şəxsiyyətinin və ləyaqətinin nə dərəcədə alçalmasına təsirini, ailələr üçün yaratdığı  problemləri, eləcə də gələcək dövlətçiliyin inkişafı üçün olan  təhlükəni   əks etdirən rolik hazırlanmışdır. Bu rolik elektron KİV-də səsləndirilməklə problemin həlli istiqamətində yardımçı olacaq maarifləndirmə, təbliğat işlərini daha da gücləndirəcəkdir. Məhz bu kimi layihələrlə, bu kimi maariflən­dirici, təbliğat xarakterli roliklər hazırlamaqla,  biz bir daha özümüzün həm bu sahədə olan rolumuzu, vəzifəmizi həyata keçirir, digər tərəfdən də çalışırıq ki, narkotikə olan meylliliyin  aradan qaldırılmasına xidmət göstərə bilək .Xüsusilə vurğulamaq istəyirəm ki, son dövrlər narkotiklərə aludəçilik meyllərinin yaş senzi aşağı düşməkdədir. Bu, çox narahat edici bir məqamdır. Qeyd edim  ki, əgər bir neçə  il bundan əvvəl rəsmi statistikada yaş senzi 30-dan yuxarı göstərilirdisə, son vaxtlar narahat edici, həyəcan təbili çalacaq rəqəmlər (16-17 yaş həddində)  səsləndirilir. Bəzən müstəqil ekspertlərin və QHT-lərin apardığı sorğular nəticəsində məlum olur ki, hətta 13-14 yaşında uşaqlar da narkotik maddələrə meyllənirlər, narkotiklərdən bu və ya digər səviyyədə istifadə edirlər. Bu, sabahkı gələcəyimiz olan  uşaqlarımız  üçün çox böyük təhlükə mənbəyidir. Deməzdim ki, bu, bütün Azərbaycanda hal-hazırda mövcud olan problemdir. Amma hər halda, yəni gedişat göstərir ki, bu gün bu problemin həllinə ciddi yanaşaraq, maariflən­dirmə, təbliğat işlərimizi daha düzgün qurmalı, sağlam həyat tərzini,  zərərli vərdişlərdən uzaq olmaq tematikasını artıq orta məktəblərdə keçirməyə başlamalıyıq. Qeyd edim ki, bu məsələlər ətrafında biz çox ciddi düşünürük və hesab edirik ki, bəşəriyyətin böyük problemi olan narkomaniyanın aradan qaldırılması, ən azından yayılmasının qarşısının alınmasında öz töhfəmizi verməliyik.

Hal-hazırda bu istiqamətdə ciddi işlər aparılır, bu sahədə dəyərli mütəxəssislərlə, bu sahəni bilən insanlarla əməkdaşlıq edilir. Bu yaxınlarda Ombudsman Aparatında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, eləcə də Avropa İttifaqı və BMT İnkişaf proqramının "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" regional yardım proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyevlə görüşlər keçirərək, bu istiqamətdə  birgə layihələrin hazırlanması və müxtəlif  tədbirlərin həyata keçi­rilməsində öz  təkliflərimizi səsləndirmişik.

 

Rəna Kərimova

2587 dəfə oxunub

BİOETİKA BƏŞƏRİYYƏTİN SABAHININ KEŞİYİNDƏ DURAN ELM
Dünyada baş verən güclü inkişaf prosesi, elmi-texniki tərəqqinin geniş vüsət alması yeni-yeni elm sahələrinin yaranmasına səbəb olur. Müasir təbabətin sürətli inkişafı da bütün tibb aləminin qarşısında bioetik və hüquqi problemlərin nəzərdən keçirilməsini zəruri edir. Belə elm sahələrindən biri də son vaxtlar aktual olan "Bioetika və ya tibbi hüquq"dur. Bu məsələ ilə bağlı oxucularımızı maraqlandıran suallara Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova aydınlıq gətirdi.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB