“TÜSTÜLÜ MÜHİT”Ə QARŞI MÜBARİZƏ

Siqaret həvəskarları tütünün insan orqanizminə nə qədər mənfi təsir göstərdiyindən xəbərdardırlar. Ancaq təəssüf ki, zərərli təsirlərinə baxmayaraq, siqaret aludəçilərinin sayı günbəgün artmaqdadır. Ölkəmizdə siqaretə olan meylliyin artdığı bir şəraitdə bu məsələnin qanunvericiliklə nizamlanmasına, qadağa, yasaq mexanizminin işə düşməsinə ehtiyac yaranır. Milli Məclisin Sosial siyasət komitəsinin hazırladığı "Siqaretçəkmənin məhdudlaşdırılması barədə" qanun layihəsi də bu zərərli vərdişin yayılmasının qarşısını almağa yönəlmişdir. Sözügedən qanun layihəsi ilə bağlı suallarımızı millət vəkili, Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev cavablandırdı. Millət vəkili ilk olaraq, siqaret və siqaret tüstüsünün yaratdığı fəsadlardan danışdı.

-  Siqaret tüstüsü qədər insa­na zərər verən ikinci heç bir şey yoxdur. Nə bir qida maddəsi, nə də ətraf mühitdəki hansısa bir maddə... Təkcə onu qeyd etmək kifayətdir ki, siqaret tüstüsündə     4 minə yaxın zərərli maddə mövcuddur ki, onlardan 60-dan çoxu kanserogen, yəni birbaşa xərçəng törədən maddələrdir. Onkoloqlar çox böyük həyəcanla söyləyirlər ki, insanın yaşadığı mühitdə 2-dən artıq kanserogen maddə mövcud olduqda,  bu zaman xərçəngə tutulma riski də artır. Nəzərə alsaq ki, siqaret çəkən insan hər gün 60-dan çox kanserogen maddəni qəbul edir, həmçinin ətrafdakı insanlara da bunu məcburi şəkildə qəbul etdirir, o zaman vəziyyətin nə qədər ciddi olduğu bir daha  sübuta yetir.

Bəziləri özlərinə təsəlli verərək, yalnız uzun müddət siqaret çəkənlərin orqanizmində fəsadlar yarandığını deyirlər. Ancaq alimlərin son tədqiqatları göstərir ki, orqanizmin zəhərlənməsi üçün uzun illərin siqaret aludəçisi olmaq şərt deyil. Elə ilk siqaretdən - siqaret birinci dəfə nəfəs borusuna daxil olandan cəmi 10 saniyə sonra zərərli maddələr qana, qandan da ağciyərlər vasitəsilə mərkəzi sinir sisteminə gedib çıxır. Və öz mənfi təsirini göstərməyə başlayır. Siqaret bütün orqanlara mənfi təsir göstərir. Endokrin sistemə, ürək-damar sisteminə, cinsi fəaliyyətə, hətta sümük toxumalarına qədər çox böyük mənfi təsirləri var. Bu zaman maraqlı bir sual ortaya çıxır ki, bu qədər zərərli təsirinə baxmayaraq, insanlar niyə siqaretdən əl çəkmirlər? Bunun iki cavabı var. Birinci növbədə bu pis vərdiş kimi əsrlərdən-əsrlərə keçib gəlmişdir. Xristofor Kolumb Amerikanı kəşf etdiyi zaman həm də tütünü kəşf etdi - yerli xalqın istifadə etdiyi tütünü yeni dünyadan köhnə dünyaya gətirdi. Qısa müddətdə Avropaya və bütün dünyaya yayılan tütün çəkmək ənənəsi həm də bir dəbə çevrildi. Siqaret çəkməyin bir səbəbi "dəb"dirsə, digər daha ciddi səbəbi siqaretin tərkibində olan nikotinin asılılıq yaratmasıdır. Siqaret çox güclü psixoloji asılılıq yaradır, xüsusən də iradəsi zəif olan insanlar bu asılılığın qurbanına çevrilirlər. Çoxları əsəblərini sakitləşdirmək, stressi aradan qaldırmaq məqsədilə siqaretdən kömək umduqlarını deyirlər. Uzun illərin elmi araşdırmaları isə  göstərir ki, tütünün tərkibində olan qatran və digər maddələr əsəbləri sakitləşdirmək əvəzinə, sinir sisteminə öldürücü təsir göstərir.

- "Siqaretçəkmənin məhdudlaşdırılması barədə" qanun layihəsi artıq 3 il­­dir ki, hazırlanır. Qanunun qəbulunun bu qədər uzanması nə ilə bağlıdır? Necə düşünürsünüz, hələ də  bu məsələ ictimailəşməyib və qanunun qəbuluna zərurət yaranmayıb?
- Bu qanun layihəsini 3 il əvvəl hazırlasaq da, Milli Məclisin müzakirəsinə təqdim etməmişdik. Hətta bu layihə bir çox ekspertizadan keçirilmişdir, əlaqədar komitə və nazirliklərə göndərilmişdir. Və demək olar ki, hamısından müsbət rəy alınmışdır. Bütün bunlara baxmayaraq,  Azərbaycan ictimaiyyəti o dövrdə bu qanunun qəbuluna hazır deyildi.  İlk dəfə 2001-ci ildə bu məsələni qaldıranda, hətta millət vəkillərinin də əksəriyyəti belə bir qanunun qəbuluna müsbət yanaşmamışdılar. Bu gün isə əksər deputatlar belə bir qanunun qəbulunu zəruri hesab edirlər. Hətta millət vəkillərindən Hadı Rəcəbli, Mübariz Qurbanlı, Qənirə Paşayeva, İlham Məmmədov, Məlahət Həsənova, Fazil Mustafayev və digərləri fəal mövqe nümayiş etdirirlər.

Ümumiyyətlə, bu, əhalinin bütün təbəqələrini, bütün vətəndaşları əhatə edəcək, təsir altına sala biləcək bir qanun layihəsidir. Bu qanunun qəbul olunduğu günün səhəri işləməsi çox zəruridir. Çünki bu qanun müəyyən müddət işləməsə və ya yarımçıq işləsə, artıq özünü nüfuzdan salmış olar və siqaretçəkməyə qarşı mübarizə qeyri-ciddi xarakter alar. Dünya ölkələrinin təcrübələri də bunu göstərir ki, yarımçıq qanunlar işləmir, cəmiyyət tərəfindən bu qanunlara bir etinasızlıq olur. Belə bir qanunun qəbul edilməsi və işləməsi üçün çox güclü siyasi iradə olmalıdır. Ölkənin bütün idarəçilik strukturlarında çalışan insanların hamısı bu qanunun qəbulunun zəruriliyini dərk etməli və onun icrasına yardım etməlidirlər. Digər tərəfdən ictimaiyyət qanunun həyata keçirimlisində maraqlı olmalıdır. Siqaret çəkməyən insanlar belə fəal mövqe nümayiş etdirərək siqaret çəkənlərə bu qanundan irəli gələn müddəaları xatırladaraq, qanunun işləməsinə kömək etməlidirlər.

Ötən illərdən fərqli olaraq, hazırda belə bir qanunun qəbuluna şərait yarandığını və ictimaiyyətin də buna hazır olduğunu düşünürəm. Bir tərəfdən də siqaretçəkmə statistikasının günü-gündən artdığı bir şəraitdə belə bir qanunun qəbulu çox vacibdir. Belə ki, aparılan araşdırmalara görə Azərbaycanda kişilərin 45%-i siqaret çəkir. Qadınlar arasında 6-7 il əvvəl 3% təşkil edirdisə, artıq bu hal 10%-ə çatıb. Yeniyetmələr arasında da bu hal çox yayılıb. Siqaret çəkilən mühit olmazsa, televizorda, filmlərdə siqaret çəkmənin zərərləri barədə təbliğat aparılsa, o zaman qadınlar və yeniyetmələr arasında siqaretə vərdiş, aludəçilik də azalar. Digər tərəfdən gənc insanlar öz kumirlərinə, qəhrəmanlarına oxşamaq istəyirlər. Ona görə də biz elə mühit yaratmalıyıq ki, həmin kumirlərin özləri siqaret çəkməsin. Məsələn, biz böyük qəhrəmanımız Koroğlunu əlində saz və misri qılıncla təsvir edirik. Nə yaxşı ki, əlində qəlyanla təsvirini görməmişik. Bu mənada KİV-lərin qəhrəmanı nə cür təsvir etməsinin çox böyük rolu var.

Bu qanunun qəbulunu zəruri edən amillərdən biri də Azərbaycanın 2005-ci ildən "Tütünə qarşı mübarizə haqqında" Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına qoşulması, eyni zamanda digər ölkələrdə siqaretə qarşı aparılan böyük kompaniyaların ölkəmizdə də siqaretçəkmənin dövlət səviyyəsində məhdudlaşdırılmasını tələb etməsidir.

- Siqaretin qanunla qadağan olunması nəyi dəyişəcək və bu qanun özündə hansı müddəaları ehtiva edəcək?
- Əvvəlcə biz layihədə  nəzərdə tutmuşduq ki, iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılsın. Ancaq dünya təcrübəsi, o cümlədən qardaş Türkiyənin qanunvericiliyi bu halın özünü doğrultmadığını göstərdi. İş yerlərində, otellərdə siqaretçəkməyə şərait yaratmaq yarımçıq tədbirlərdir. Bu yeni layihədə isə qapalı yerlərdə siqaret çəkmək qəti qadağan olunacaq. Yalnız üç yerdən başqa. Ruhi xəstəliklər dispanserləri və stasionarları, qocalar evləri və həbsxanalar. Bu yerlərdəki insanlar qapalı mühitdə də siqaret çəkə bilərlər. Digər qapalı yerlərdə, xüsusi ilə bütün tibb və səhiyyə müəssisələrində, ictimai nəqliyyat vasitələrində, ictimai iaşə obyektlərində, mədəniyyət, idman tədbirlərinin keçirildiyi qapalı zallarda, hava limanı, dəmiryol vağzalında siqaret çəkmək qadağan olunacaq. Otellərdə isə siqaret çəkən qonaqlar üçün ayrıca otaqların ayrılması da nəzərdə tutulub. Bu qanunun məqsədi siqaretçəkənlərlə mübarizə deyil, tütünlü, tüstülü mühitlə mübarizədir. Məqsəd ilk növbədə siqaretçəkmənin profilaktikasını aparmaqdır.

Layihədə nəzərdə tutulub ki, hər bir telekanal bir ay boyun­ca 90 dəqiqədən az olmayaraq maarifləndirici xarakterli proq­ramlar, məlumatlar versinlər. Bunlar sosial reklamlar da ola bilər, siqaretə qarşı təbliğat xarakterli çarxlar da. Eyni zamanda mübarizə xarakterli təbliğat radio kanallarında da öz əksini tapacaq. Həmçinin Səhiyyə, Gənclər və İdman, Təhsil nazirliklərində də birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Məktəblərdə siqaretçəkmənin, tütünün zərərləri barədə bir neçə saatlıq dərs proqramları keçirilə bilər.

Türkiyədə bu qanunun qəbulundan sonra siqareti tərgitmə mərkəzləri yaradılıb. Düşünürəm ki, bizdə də belə bir mərkəz olmasa da, ən azından poliklinikaların nəzdində kabinetlər yaradılmalıdır. Bu məsələ layihədə də öz əksini tapıb ki, dövlət siqareti tərgitmək istəyən insanlara pulsuz tibbi-psixo­loji yardım göstərəcək. Zərurət olduqda, siqareti tərgitməyə yardımçı olan dərmanların verilməsi də dövlət vəsaiti hesabına həyata keçiriləcək.

- Yəqin ki, layihədə razılaşdırılmamış, mübahisə və tərəddüdlərə səbəb ola biləcək məqamlar da yox deyil?
- Qəti qərar verilməsi mümkün olmayan bir neçə məqam var. Onlardan biri cərimələrin məbləği ilə bağlıdır. Cərimələr çox aşağı məbləğdə olsa, heç bir əhəmiyyət  daşımayacaq. İnsanlar çəkinməyəcək və qanunu asanlıqla pozacaqlar. Həddən artıq yüksək məbləği də ödəmək mümkün olmayacaq ki, bu da əlavə çətinliklər yaradacaq. Dünya təcrübəsində fiziki şəxslər arasında bu məbləğ 50-300 avro arasında dəyişir. Hüquqi və vəzifəli şəxslər üçün isə bu məbləğ 500-5000 avro arasındadır. Türkiyədə isə fiziki şəxslər üçün cərimə 70 YTL-dir. Düşünürəm ki, bizdə də cərimələr belə yüksək olmalıdır ki, insanlar qanunun nə qədər sərt və tələbkar olduğunu başa düşsünlər.

Konkret qərar verilməsinə çətinlik yaradan ikinci məqam sözügedən qanunun icrasına hansı qurumun nəzarət etməsidir. Türkiyədə bu məsələ valiliklərə tapşırılıb. Valiliklər bizdəki icra hakimiyyəti orqanlarının səlahiyyətlərini daşıyır. Valiliklərdə yaradılan komissiyalarda psixo­loqlar, həkimlər, polislər, bələdiyyə nümayəndələri, ictimaiyyət nümayəndələri və digər mütəxəssislər təmsil olunur­lar. Əvvəlcə biz nəzarətedici qurum kimi bələdiyyələri nəzərdə tutmuşduq. Qonşu Türkiyədə də əvvəlcə bələdiyyələrin səlahiyyətində  idi. Ancaq Türkiyə təcrübəsi göstərdi ki, bu variant özünü doğrultmur. Bələdiyyələr seçkili orqanlar olduğundan seçicilərini itirməmək üçün çox vaxt bu işə barmaqarası yanaşırlar. Həm də icra orqanlarının səlahiyyətləri, imkanları bələdiyyələrə nisbətən daha genişdir.

- Siqaretçəkmənin məhdudlaşdırılması ilə bağlı digər ölkələrin qanunvericiliyi hansı səviyyədədir?
- Bütün dünyada son 30 ildə siqaretçəkmə ilə bağlı çox ciddi mübarizə başlanmışdır. Artıq bu ənənə halına çevrilib. ABŞ-ın təxminən  47-48 ştatında siqaretçəkmənin məhdudlaşdırılması ilə bağlı qanunlar qəbul edilib. Hətta bəzi ştatlatda siqaret  tamamilə yasaqlanıb. Avropa ölkələrində də siqaretçəkmənin məhdudlaşdırılması çox cid­di şəkildə  qanunvericiliklə nizamlanır. İnkişaf etməkdə olan ölkələr də siqaretin zərərini dərk edib və dövlət siyasətində müəyyən korrektələr ediblər. Hətta bildiyimə görə, Butan dövlətində siqaretçəkməyə görə həbs cəzası verilir. Siqaret həmin ölkədə narkotikə bərabər səviyyədə götürülür.

Rusiyada siqaretçəkmənin məhdudlaşdırılması ilə bağlı 3 dəfə qanun qəbul olunsa da, təəssüflər olsun ki, heç biri tam özünü doğrultmadı. Hətta Gürcüstanda da belə bir qanun qəbul olunsa da, işləmədi. Ötən il isə Gürcüstan prezidenti Mixail Saakaşvili dövlət idarələrində məmurlar tərəfindən siqaret çəkilməsini qadağan edən bir sərəncam verdi. Qanun işləməsə də, bu sərəncam müsbət nəticələr almağa kömək elədi.

Qardaş Türkiyədə də 2 dəfə qanun qəbul olunub. 1996-cı ildə qəbul olunan birinci qanun yarımçıq idi. Yalnız ictimai nəqliyyatlarda siqaretçəkməni məhdudlaşdırırdı və tövsiyə xarakterli bir qanun idi. 2008-ci ildə isə yeni bir qanun qəbul olundu və 2009-cu ildən qüvvəyə mindi. Bu qanun çox uğurla işləyir.

- Yeri gəlmişkən, bu yaxınlarda Türkiyədə səfərdə olmusunuz. Yəqin ki, bu səfər zamanı Türkiyənin tütünlə mübarizə sahəsində olan təcrübəsini öyrənmək üçün geniş imkanınız olub...
- Türkiyədə Böyük Millət Məclisində olduq. Səhiyyə və Sosial siyasət komissiyasının başqanı Cevdet Erolla görüşdük. Türkiyə Sağlık bakanlığında da bu məsələ ilə bağlı görüşlərimiz oldu. Qanunun icrası ilə bağlı hazırlanan alt sənədlərlə tanış olduq. Ankara valisi ilə görüşdük. Həmin valilikdə yaradılmış tütünçəkmə ilə bağlı komissiyanın üzvləri ilə görüşdük, fikir mübadiləsi apardıq. Türkiyədə tütünçəkməyə qarşı böyük bir ictimai qurum da var. Həmin qurumun tərkibində tanınmış elm xadimləri, ziyalılar, nüfuzlu insanlar təmsil olunublar. Və bu qurumun ictimai fikrə təsir etmək imkanları da genişdir. Türkiyədə son iki il ərzində siqaretçəkmə 25% aşağı düşüb. Bu çox uğurlu haldır. Hətta Dünya Səhiyyə Təşkilatı siqaretlə mübarizədə göstərdiyi xidmətlərə görə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanı mükafatlandırıb. Bir sözlə, Türkiyədə siqaretçəkmə ilə mübarizənin çox uğurla aparıldığını düşünürəm. Biz də Türkiyə modelini seçsək, çox yaxşı nəticələr əldə edə bilərik

Bir məsələni də nəzərə almaq lazımdır ki, siqaretlə mübarizə yalnız sağlamlıqla bağlı məsələ deyil. Həm də mədəniyyət məsələsidir. Dün­yada tanınmış, nüfuzlu insanlar siqaretçəkməni aşağılayıcı hal kimi qəbul edirlər. Azərbaycanda da siqaretə qarşı belə bir mühit formalaşmalıdır. Unut­maq lazım deyil ki, siqaretçəkmə bizim mədəniyyətimizə, mentalitetimizə yad olan bir vərdişdir.

Rəna Kərimova

2162 dəfə oxunub

QANUNLARIMIZ SAĞLAMLIĞIMIZI QORUYUR
Hadı Rəcəbli: «Sığorta haqqında qanun inqilabi qanun sayılır». 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. Millət vəkilidir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədridir. Siyasi elmlər namizədi, dosentdir. 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB