«LƏYAQƏTLİ HƏYAT» FƏLSƏFƏSİ

Müsahibimiz Açıq Cəmiyyət Şəbəkələrinin Azərbaycan nümayəndəliyi, Səhiyyə Hüququ və Siyasəti proqramının direktoru, tibb elmləri namizədi Leyla İmanovadır.

- 2011-ci ilin yanvar ayında bir çox kütləvi informasiya vasitələrində Azərbaycan üçün tam yeni olan bir anlayış - palliativ yardım  anlayışı - gündəmə gəldi. Müxtəlif mənbələr biri-birini inkar etməsə də, palliativ yardım anlayışına müxtəlif  təyinlər verir. Sizcə, palliativ yardım nədir?
Palliativ yardım (PY) pasiyentə xəstəliyin ağırlaşan və geridönməz mərhələsi diaqnozu qoyulduğu təqdirdə və ixtisaslaşdırılmış müalicə imkanları sona çatdıqda pasiyentin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə ona və onun ailə üzvlərinə göstərilən çoxsahəli xidmətlərin uzlaşdırılmış sistemidir. "Palliativ yardım" termini hələ ki, dilimizdə tam işləklik qazanmasa da, əlillərə, ahıllara, ağır yataq xəstələrinə, zəiflərə və zərərə məruz qalmış insanlara mərhəmət göstərmək xalqımıza tarixən xas olan bir keyfiyyətdir.

- Belə çıxır ki, PY ailəni onun müstəsna imkanından - doğmaları barədə qayğı və nəvazişdən - məhrum edir, ailəni əvəz edir. Bu isə öz növbəsində mentalitetimizə zidd olan situasiyaya gətirib çıxarır...
Əslində palliativ yardım ailəni heç bir halda əvəz etmir və ailə üzvlərinə öz əzizlərinə  yardımı necə göstərməyi, bunu nə dərəcədə bacarıqlı və vahid komanda şəklində etməyi öyrədir və ailəyə mənəvi dəstək verir. 

- Bu halda fərq nədən ibarətdir və nə üçün palliativ yardım bizim üçün yeni bir məfhumdur?
Ömrü ləyaqətlə - ağrısız, əzabsız, zülmsüz başa vurmaq, yarımçıq qalmış işləri bitirmək, doğma və yaxınlar ilə "halallaşmaq" və ləyaqət ilə vidalaşmaq, insanın ölümündən sonra itki ağrısını çəkən yaxınlarına mənəvi dəstək olmaq, "dünyasını dəyişmək" anlayışını "ləyaqətli həyat və ləyaqətli ölüm" anlayışı ilə bərabərləşdirmək palliativ yardımın fəlsəfəsini əks etdirir. Fərq isə ondadır ki, əgər Azərbaycanda palliativ yardım yanaşmasına uyğun olan milli keyfiyyət xəstələrə münasibətdə mənəvi öhdəliklər müstəvisindən keçirsə, Qərb mədəniyyətində daha çox insan hüquqları baxımından müzakirə edilir. Əgər biz hərəkətlərimizi yaşlıya hörmət, xəstəyə qayğı anlayışları ilə dəyərləndiririksə, palliativ yardım həyat keyfiyyəti, layiqli həyat və layiqli ölüm anlayışlarını təbliğ edir.

- Verilən təyinə əsasən palliativ yardım tibbi və sosial sahələrin kəsişməsində dayanan bir anlayışdır. Vətəndaş cəmiyyəti və daha konkret desək, ACİ - YF həllini gözləyən bir çox məsələləri qıraqda qoyub, nəyə görə palliativ yardımı özünə hədəf seçib?
Biz başa düşürük ki, milyona qədər qaçqın və məcburi köçkünü olan ölkə üçün bu problem aktual görünməyə də bilər. Lakin etiraf etməliyik ki, qaçqın və məcburi köçkünlərin problemləri cəmiyyət və dövlət tərəfindən qiymətləndirilmiş, qəbul edilmiş, kifayət qədər maliyyələşdirilən, mübahisə və əlavə müzakirə tələb etməyən, daim nəzarətdə olan və  maliyyə dəstəyi alan bir sahədir. Səhiyyə Siyasəti və Hüququ proqramının əhatə etdiyi əhali qrupları isə əsasən stiqmaya uğramış, cəmiyyətdən fiziki imkanları, psixoloji durumu və yaxud, spesifik davranışı səbəbindən təcrid olunmuş, tibbi xidmətlərə məhdud çıxışı olan, hüquqları haqda az məlumatlı olan və hüquqları az təmin olunan əhali qruplarıdır. Proqramın missiyası isə bu qrupların və onların məxsus olduğu icmaların bilik və bacarlıqlarının artırılması vasitəsilə hüquqlarının tanınmasına yardım etmək, bərabər hüquqlu vətəndaş kimi cəmiyyət quruculuğunda, ictimai islahatlarda  aktiv iştirakını təmin etməkdir. Yüksək ixtisaslı tibbi və psixoloji yardımın əlçatanlığı, həyat keyfiyyətinin yaxşılaşdırılması, ağrının azaldılması və idarə olunması xəstəliyinin terminal mərhələsində olan xəstələrə bu imkanları verir. Bu səbəbdən də adı çəkilən əhali qrupunun hüquqları proqramın prioritetinə çevrilmişdir.  

- Başqa ölkələrdə PY təcrübəsi nə dərəcədə geniş tətbiq olunur və Azərbaycana bu təcrübə gətirilirmi?
Hələ 60-cı illərin əvvəlində palliativ yardımın əsasını qoyan Sesiliya Sonders "Sənin həyatın son anadək əhəmiyyətli olacaq, çünki sən  sənsən" ifadəsi ilə İngiltərədə minlərlə insanın özünə və yaxınlarının həyatına olan münasibəti dəyişdi və "həyat keyfiyyəti" anlayışını tam başqa bir səpkidə - insan həyatının ən zəif, çarəsiz və ilk baxışda cəmiyyətə xeyirsiz bir dövrünə tətbiq etdi. Hazırda Mərkəzi və Şərqi Avropa, Keçmiş Sovetlər məkanı, Cənub-Şərqi Asiya, Cənubi və Şərqi Afrika, Mərkəzi Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələri ərazisində palliativ yardım proqramları fəaliyyət göstərir. Bu gün Gürcüstan, Macarıstan, Polşa, Rumıniya, Serbiya və Ukraynada model proqramlar əsasında yaradılmış tədris mərkəzləri yeni təcrübəyə yiyələnmək imkanlarını təklif edir. Azərbaycana gəldikdə isə, palliativ yardım pilot layihələri ACİ - YF tərəfindən 2001-ci ildən başlayaraq ev şəraitində mobil xidmətin qeyri-hökumət təşkilatları və 2006-cı ildən başlayaraq stasionar şəraitdə QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən həyata keçirilməsi dəstəklənmiş, 2007-ci ildə "Palliativ Qulluq Vəziyyətinin Qiymətləndirilməsi" aparılmışdır. İctimai Səhiyyə və İslahatlar Mərkəzi nəzdində palliativ yardım üzrə yaradılmış işçi qrup tərəfindən siyasi sənəd, metodik vəsait hazırlanmış, palliativ yardım və insan hüquqları üzrə vəsait tərcümə edilmiş və tanıdıcı klip çəkilmişdir. Adı çəkilən materiallar palliativ yardıma aidiyyatı olan qurumların iştirakı ilə müxtəlif toplantılarda - dəyirmi masa, seminar, konfranslarda ictimaiyyətin müzakirəsinə çıxarılmışıdr. Ən sonuncu müzakirələr Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda YUNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının iştirakı və                ACİ - YF dəstəyi ilə həyata keçirilmiş elmi-praktiki seminarda aparıldı. Bu tədbir qanunverici, akademik, təhsil və icra strukturları tərəfindən palliativ yardım xidmətlərinə olan ehtiyacı səsləndirdi və pozitiv siyasi iradə nümayiş etdirdi.

- Palliativ Yardım çox spesifik - etik, tibbi, mənəvi, hüquqi və bir sıra başqa sahələrə toxunan yanaşma kimi hansı müddəalara əsaslanır?
Burada üç müddəa səsləndirilə bilər: palliativ xidmətlər pasiyentlərin və onların ailə üzvlərinin hüquqlarına hörmət olunaraq və bütün mənəvi-etik normalara qeyd-şərtsiz riayət edilməklə pulsuz reallaşdırılır; dinindən, əqidəsindən, cinsindən, irqindən, milliyyətindən, dilindən, yaşayış yerindən, əmlak vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşından, ailə vəziyyətindən, siyasi baxışlarından və təhsilindən asılı olmayaraq, bütün ölkə vətəndaşları üçün əlçatandır; pasiyentin və ya onun qanuni nümayəndəsinin diaqnoz barədə, xəstəliyin proqnozu və təklif edilən palliativ xidmət tədbirlərinin planı barədə bütün hüquqi və etik normalara riayət olunmaqla, düzgün və vaxtında məlumatlandırılmasını nəzərdə tutur.

- Palliativ yardımın Azərbaycanda geniş tətbiqi üçün hansı addımlar atılmalıdır və ilk addımlar hansılardır?
Bayaq dediyim kimi palliativ yardım geniş tətdbirlər sistemidir. Bir çox ölkələrdə olduğu kimi buraya siyasi iradənin formalaşdırılması və palliativ yardımın ölkənin səhiyyə və sosial yardım sistemlərinə daxil edilməsi, orta və ali təhsilli kadrların hazırlanması, hüquqi bazanın təkmilləşdirilməsi, büdcə hesablamalarının aparılması və büdcə layihəsinə daxil edilməsi, ictimaiyyətin hazırlanması, palliativ yardım üçün zəruri hesab edilən dərman preparatlarının, o cümlədən ağrıkəsici preparatların əlçatanlığının təmin olunması kimi addımlardır.

- Maraqlıdır ki, sadalanan geniş tədbirlər dünya təcrübəsində hansı ardıcıllıq ilə həyata keçirilir?
- Hər ölkə öz şəraitinə uyğun olaraq tədbirlərin ardıcıllığını özü üçün müəyyən edir və palliativ yardım planında və ya strategiyasında əks etdirir.

- Palliativ yardım xidmətləri kim tərəfindən həyata keçirilir?
Bu proqram multisektoral komanda - həkim, tibb bacısı, sosial işçi, psixoloq, hüquqşünas, ailə üzvü, dini qurumların nümayəndəsi - tərəfindən həyata keçirilir və dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin sıx qarşılıqlı əlaqəsi əsasında inkişaf etdirilir. Bu qurumlar ölkədə palliativ xidmətlərin inkişafına maraq göstərən beynəlxalq donor təşkilatları və digər təşkilatlarla konstruktiv qarşılıqlı əlaqə yaradır, palliativ xidmətlərin imkanları və metodları barədə geniş maarifçilik işinin aparılmasını təmin edir.

- Palliativ yardımın həyata keçirilməsi üçün xüsusi qayğı evləri - hospislər -  yaradılmalıdırmı?
Palliativ yardım məkandan daha çox təqdim olunan xidmətlərə aid edilən anlayışdır və ev, stasionar, gündüz stasionarı və ambulator şəraitdə, bütün sutka ərzində, yaxud, onun müəyyən hissəsində təklif oluna bilər.

- Bəs hansısa standart prinsip və yaxud, yanaşmalar varmı?
2008-ci ildə İctimai Səhiyyə və İslahatlar Mərkəzi nəzdində Palliativ Yardım üzrə yaradılmış İşçi Qrup tərəfindən ərsəyə gətirilən Siyasi Sənəddə aşağıdakı prinsiplər əsas götürülüb: palliativ xidmətlərin təyin edilməsi haqqında qərarlar diaqnoz qoyu­lan andan başlayaraq konsilium əsasında və pasiyentlə və ya onun qanuni nümayəndəsi ilə razılaşdırılaraq qəbul edilir. Bu xidmətlər geniş profilli komanda tərəfindən xəstəyə son nəfəsinə qədər, xəstənin ailəsinə isə xəstə dünyasını dəyişdikdən sonra da göstərilir. Xəstə və ya onun qanuni nümayəndəsi palliativ xidmətlərdən imtina edə bilər.

- Proqramın effektivliyi hansı göstəricilər ilə  qiymətləndirilir?
Palliativ xidmətlərin keyfiyyətinin meyarı pasiyentin vəziyyətinin mümkün olan maksimal dərəcədə yüngülləşdirilməsi, o cümlədən ağrının aradan qaldırılması və ya azaldılması, xəstənin psixoloji və mənəvi rahatlığı, eləcə də onun ailəsinin sosial-psixoloji əhvalının mümkün olan maksimal dərəcədə yaxşılaşmasıdır.

- Azərbaycan üzrə palliativ yardıma olan ehtiyaclar qiymətləndirilibmi?
2007-ci ildə ABŞ-ın Minnesota ştatının Minneapolis Palliativ Təbabət Xidmətləri Tibb Mərkəzinin direktoru Con Eli və 2009-cu ildə Beynəlxalq Palliativ Yardım proqramının məsləhətçisi,  Ümumdünya Palliativ Yardım Alyansının baş araşdırıcısı və Milli Hospis və Palliativ Yardım Fondunun beynəlxalq məsləhətçisi Stephen Konnor tərəfindən Azərbaycan üzrə aparılmış qiymətləndirmələrə əsasən palliativ xidmətlərə ehtiyacı olan insanların sayı ildə 45000 - 56000 kimi göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının Nəzarətdə Saxlanılan Dərman preparatlarının əlçatanlığı proqramına əsasən ağrıkəsicilərə olan real ehtiyaclar bu gün qeydə alınan ehtiyaclardan düz 666 (!) dəfə çoxdur və bu fərqin azaldılması üçün əhəmiyyətli müdaxilələr həyata keçirilməlidir.

- Bu ehtiyacların ödənilməsi üçün küllü miqdarda vəsait tələb olunacaq...
Əlbəttə. Lakin dünya təcrübəsində palliativ yardım xidmətlərinin maliyyələşdirilməsi böyük həcmdə vəsait cəlb etmədən mövcud kadr və maliyyə resurslarının düzgün istiqamətləndirilməsi vasitəsilə həyata keçirilir.

- Hazırda ölkə qarşısında palliativ yardım sahəsində hansı vacib məqsədlər qoyulmalıdır və hansı məsələlərin həlli zəruridir?
Bayaq vurğuladığım kimi hər ölkə bu sahədə öz inkişaf proqramını və istiqamətini seçir. Lakin bütün hallarda ağrının aradan qaldırılması, palliativ xidmətlərin fundamental insan hüququ kimi qəbul edilməsi, uşaqlar daxil olmaqla sağalmaz xəstə olan bütün pasiyentlərin müvafiq yardım ilə təmin olunması üçün qanunvericilikdə bütün zəruri dəyişikliklərin edilməsi, kadrların hazırlanması və təkmilləşdirilməsi, tədris və professional standartların hazırlanması və maliyyə vəsaitlərinin ayrılması zəruridir. ACİ - YF adı çəkilən ehtiyaclar sırasında palliativ yardım üzrə təlim və tədris proqramlarının, professional standartların hazırlanmasını, təlimlərin keçirilməsini, xarici təcrübənin öyrənilməsini, qanunvericiliyin dəyişdirilməsini, ictimai rəyin formalaşmasını dəstəkləyir.

- ACİ - YF-i təmsil etməsəydiniz, palliativ yardımı təbliğ edərdinizmi?
Cəmiyyətin mənəvi inkişaf səviyyəsi ahıl, xəstə, əlil və çarəsiz insanlara olan münasibəti ilə ölçülür. İnkişaf perspektivi isə insan ömrünə, ləyaqətinə, hətta ölümünə verilən dəyər ilə proqnozlaşdırlır. İnsanın bir varlıq kimi əhəmiyyəti "ləyaqətli həyat" və "ləyaqətli ölüm" anlayışlarının maddi dəyərlərə üstünlük gəlib ön plana keçməsi və cəmiyyətin elitar istiqamətdə inkişafını təsdiqləyir. Düşünürəm ki, bu səbəblərdən bir vətəndaş kimi və cəmiyyətin nümayəndəsi kimi hansı təşkilatı təmsil etməyimdən asılı olmayaraq, mən artıq palliativ yardımın aktiv vəkilinə çevrilmişəm. Jurnalınızın oxucularının da gələcəkdə palliativ yardımın etibarlı tərəfdaşlarına çevrilməsinə ümid bəsləyirəm.

2845 dəfə oxunub

«QIZIL ƏLLƏR»İN SAHİBİ
Yaxud məşhur cərrah Teymur Babayev intihara cəhd edən şəxsi necə həyata qaytardı? Həkimlik diplomu almaq o qədər də çətin deyil. Yaxşı həkim, «qızıl əllər»in sahibi adını qazanmaqsa, hamıya qismət olmur. Məşhur cərrah Teymur Babayev ikincilərin sırasındadır. "Qızıl əl" adını xalq verib ona. Təbii ki, səbəbsiz deyil. Çünki çoxlarına ikinci həyat bəxş edib. Hətta siması eybəcərləşdiyinə görə intihara cəhd edən şəxsi əvvəlki görkəminə qaytararaq, onu birdəfəlik bu fikirdən daşındırıb.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB