BİOETİKA BƏŞƏRİYYƏTİN SABAHININ KEŞİYİNDƏ DURAN ELM

Dünyada baş verən güclü inkişaf prosesi, elmi-texniki tərəqqinin geniş vüsət alması yeni-yeni elm sahələrinin yaranmasına səbəb olur. Müasir təbabətin sürətli inkişafı da bütün tibb aləminin qarşısında bioetik və hüquqi problemlərin nəzərdən keçirilməsini zəruri edir. Belə elm sahələrindən biri də son vaxtlar aktual olan "Bioetika və ya tibbi hüquq"dur. Bu məsələ ilə bağlı oxucularımızı maraqlandıran suallara Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova aydınlıq gətirdi. 

- Rəbiyyət xanım, səhiyyə qanunvericiliyində pasiyentlərin hüquqlarını müdafiə edən maddələr kifayət qədərdir. Ancaq bütün bunlara baxmayaraq, pasiyentin hüquqlarının müdafiəsini tənzimləyən ayrıca bir qanunun qəbul olunmasına ehtiyac duyulur. Parlamentin İnsan hüquqları  komitəsinin sədri kimi bu barədə düşüncələrinizi bilmək istərdik...
-1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində vətəndaşların sağlamlığının qorunması hüququ təsbit edilmişdir.

Mövcud maddədəki müddəaların milli qanunvericilikdə daha da  genişləndirilməsi məq­sədilə 1997-ci ildə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda əhalinin sağlamlığının qorunması  sahəsində insan və vətəndaş  hüquqlarına dövlət təminatı və bu  təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb. Qanu­nun 24-cü mad­də­sində konkret olaraq pasiyentin hüquqları da əks olunub. 1997-ci ildən ötən zaman çox hadisələrə öz korrektəsini edib. Müasir dövrdə iqtisadi, sosial, mədəni dəyişikliklər ictimai fikrin inkişafını, pasiyentin hüquqlarının yeni reallığa əsasən gerçəkləşməsi istiqamətində əhəmiyyətli dəyişiklikləri zərurətə çevirdi. Bu gün həyata keçirilən tibbi  fəaliyyətin əsasında səhiyyə sistemində baş verən kordinal dəyişikliklərdən daha geniş bəhrələnmə, yeni texnologiyaların tətbiqi zamanı yaranan problemlər haqqında məlumatlanma, həkim-pasiyent münasibətlərinin yeni müstəvidə tərəflərin əməkdaşlıq prinsipi əsasında qurulması, pasiyentə passiv bir subyekt kimi baxılmasının yolverilməzliyinin  qəbul edilməsi kimi tələblər durur, pasiyentin sosial və fərdi  hüquqlarının təmin olunması,  müalicə prosesində qarşılıqlı dia­loqa keçməsi məsələsi gündəmə gəlir. Səhiyyə sistemində özəl sektorun  yaranması, pasiyentin seçim hüququnun genişlənməsi, dünyanın aparıcı dövlətlərinin  səhiyyə sistemləri, tibb mərkəzləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi pasiyentin hüquqlarının gerçəkləşdirilməsinə xidmət edən amildir.

Pasiyentin hüquqlarının qorunması ilə əlaqədar beynəlxalq  təşkilatlarda çoxsaylı sənədlər qəbul edilib. Bu sənədləri imzala­yan dövlətlər orada əks olunan tələbləri həyata keçirmək üçün öhdəliklər götürür, milli qanunvericilikdə müvafiq qanunlar qəbul edirlər. "Pasiyentin hüquqları haqqında Avropa Xartiyası", "Pasiyentin hüquqlarının təminatına yardım haqqında bəyannamə", "Pasiyentin  hüquqları haqqında Lissabon bəyannaməsi" və s. kimi sənədlər mühüm əhəmiyyət kəsb edən sənədlər olub, bioetikanın təməl prinsiplərinə əsaslanır.

Bu baxımdan "Pasiyentin  hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, "Əhalinin  sağlamlığının qorunması haqqında" Qanunun mühüm maddəsinin müstəqil qanuna çevrilməsi beynəlxalq standartlara uyğunlaşmaq istəyindən irəli gəlir və insan hüquqlarının əhatə dairəsini daha da genişləndirir.

Müasir dövrdə pasiyentlərin hüquqlarının təmin olunmasının parlament və qeyri-parlament vasitəsi ilə həlli mövcuddur. Bir sıra ölkələr (Yunanıstan, İslandiya, İsrail, Litva, Finlandiya) parlamentdə  müstəqil qanun qəbul edir, digər ölkələr  əhalinin sağlamlığı  haqqında qanunda mövcud olan müddəa ilə məhdudlaşır. Bir başqa qrup ölkələr isə (Çexiya, Fransa, Böyük Britaniya və digərləri) pasiyentin  hüquqları haqqında Xartiyanı əsas götürürlər.

Azərbaycan dövləti vətəndaşların sağlamlığı  hüququnun müasir tələblərə uyğun  gerçəkləşdirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşməsinə önəm verərək yeni Qanun layihəsinin  müzakirəsini məqsədə uyğun sayır.

- Bioetika nədir, tibbi hüquq özündə hansı məsələləri ehtiva edir?
- 1967-ci il dekabrın 3-də cərrah Kristian Barnard dünyada ilk dəfə bir insanın ürəyini başqa birisinə köçürdü. O, qəza zamanı həlak olmuş bir insanın hələ döyünən ürəyini sağalmaz xəstəyə köçürtməklə onu xilas etdi.

Cəmiyyətin tarixdə baş verməmiş bu hadisəyə münasibəti heç də birmənalı olmadı. Həkimin buna haqqı var idimi? Bir insanın orqanının digərinə köçürülməsi mənəviyyat qanunları ilə üst-üstə düşürdümü? Yeni elmi kəşfləri, təbabət sahəsində əldə edilən yeni texnologiyaları gerçəkləşdirərkən etik normalara riayət edilməsi nə dərəcədə vacibdir? Bio təbabətin mütərəqqi kəşflərini reallaşdırarkən hansı ənənəvi etik  dəyərlərdən uzaqlaşırıq? Gen mühəndisliyinin inkişafı bəşəriyyətə nə verir? İnsan orqanlarının transplantasiyası, evtanaziya cinayətdir və ya  şəfqət?

Bütün bu sualların cavabını dövrün çağırışına cavab olaraq meydana gələn  bioetika elmi verir. Bioetika - yeni tibbi texnologiyaların yaratdığı çoxsaylı  problemlərin hüquqi və mənəvi tənzimlənməsində etik normaların, mənəviyyat prinsiplərinin üstünlüyünü təmin edən mürəkkəb fenomendir. Elmi eksperimentlərin nəticələrinin nəzarətdən çıxması, alim-həkim məsuliyyətsizliyinin törətdiyi fəsadlar, insan səhhətinin dəyərsizləşdirilməsi heç bir elmi kəşfə haqq qazandırmır. Bəşəriyyətin varlığı, sabahı, ümumi taleyi üçün kollektiv məsuliyyət hissini dinindən, dilindən, milli mənsubiyyətindən, peşəsindən asılı olmayaraq hər bir kəs yaşamalıdır. Heç bir elmi kəşf , elmi yenilik ümumbəşəri dəyərlərdən  üstün ola bilməz!

Müasir mədəniyyətin bu fenomeni XX əsrin 60-70-ci illərində humanitar elmlərin və təbiətşünasların birgə səyi və əməkdaşlığı ilə yarandı. Bioloji elmlərin və ümumbəşəri dəyərlərin bir-birini tamamladığı bu elmi istiqaməti 1970-ci ildə  amerikan alimi Van Rensseler Potter "Bioetika" adlandırdı və bu ifadə elmi dövriyyə inkişaf haqqı qazandı.

1971-ci ildə Van Rensseler Potter "Bioetika! gələcəyə körpü" adlı kitabında yazırdı: "Yaşamaq uğrunda  mübarizə yalnız elm deyil, yeni müdriklikdir. Burada iki elementi birləşdirmək olar - bioloji bilikləri və ümumbəşəri dəyərləri. Buna görə mən onun "Bioetika" adlandırılmasını təklif edirəm."

Sonrakı onilliklərdə bioetikanın  əhatə dairəsi genişlənməyə başladı.

Bioetika elmi-texniki tərəqqinin yaratdığı mənəvi problemləri öyrənməklə  yanaşı, yeni siyasi institutların formalaşmasında da iştirak edir. Bu baxımdan etika komitələrinin fəaliyyəti xüsusilə önəmlidir. Hər bir elmi-tədqiqat mərkəzində, peşəkar birliklərdə, xəstəxanalarda, beynəlxalq təşkilatlarda mövcud olan bu qurumlar hüquqi müdafiə fəaliyyətini həyata keçirir. Bu sahədə ali prinsip elm və texnikanın nailiyyətlərindən insan hüquqları və azadlıqlarına müdaxilə məqsədilə istifadə edilməsinin qarşısının alınması, elmi-texniki tərəqqidən sülh və bəşəriyyətin  rifahı naminə istifadə etməsidir.

Bioetikanın 4 əsas prinsipi: insanın şərəf və ləyaqətinin üstünlüyü, xeyirxah işlərə xidmət, fərdin muxtariyyətinin tanınması, ədalət prinsipinin əsas götürülməsi, pasiyentin hüquqlarının qorunması, müalicə prosesində həkim - pasiyent münasibətlərində könüllü razılığın təmin olunması insan hüquq və azadlıqlarının sərhədlərini genişləndirən şərtlərdəndir.

Yeni elmi kəşflər sürət əsrində daha təəccüb doğurmur. Ancaq hər bir yeniliyin mütərəqqi  xarakteri onun hansı məqsədə, mərama xidmət edəcəyi ilə ölçülür. Atomu quruculuq məqsədi ilə  yaradanlar onun bu gün bəşəriyyəti hansı  fəlakətə sürükləyəcəyini  düşünə bilməzdilər

Yüksək texnologiyaların rifaha və tərəqqiyə xidmətini təmin edən yalnız və yalnız  mənəviyyat prinsipləri, etik normalar olacaq. Bu baxımdan Bioetika bəşəriyyətin sabahının keşiyində duran elm sahəsidir.

- Bioetikanın yeni bir elm sahəsi kimi ötən əsrin 60-70-ci illərində yarandığını qeyd etdiniz. Ancaq yəqin ki, bu elmin çox dərin tarixi kökləri vardır. Xüsusən də Şərqdə hələ əsrlər öncə hüquq, fəlsəfə və əlbəttə ki, təbabətin elemetlərini özündə birləşdirən məsələlər inkişaf edirdi...
- Vaxtı ilə akademik V.N.Vernadski biosferanın - noosferaya - yəni insan zəkasının yaratdığı mühitə keçəcəyini yazırdı. Noosfera dedikdə bəşəriyyətin elmi idrakının mənəvi idrakla birləşdiyi, elmin və texnikanın etik qanunlara tabeçiliyinin hökm sürdüyü mühit nəzərdə tutulurdu. Həqiqət, xeyirxahlıq və gözəllik noosferada birləşməli idi. Təkamül buna doğru getməlidir. İnsan zəkası qırıcılığa xidmət edə bilməz! Yeni və kifayət qədər qədim mülahizələrdir. Müasir biotibbi etikanın əsasında duran prinsiplər vaxtilə böyük mütəfəkkirlər tərəfindən dəqiqləşdirilmişdir.

"Təbabətin atası" sayılan Hippokratın (e.ə 460-377) məşhur "Həkim Andı"nda həkim-xəstə münasibətlərinin mənəviyyat prinsipləri əsasında qurulması tələbi irəli sürülmüşdür. "Ziyan vermə" prinsipi bu gün də müasir həkimlərin əlində simvoldur. Parasels orta əsrlərdə (1493-1541) Hippokratdan fərqli olaraq "Xeyir­xah ol!" deyərək xəstənin sosial etibarının qazanılmasının nə qədər önəmli olduğunu önə çəkirdi. Pasiyentlə münasibətdə emosional və ruhi kontaktın vacibliyi müalicə prosesində əsas şərt kimi qəbul edilirdi. Zaman keçdikcə deontoloji model, "borcunu yerinə yetir" prinsipi cəmiyyətə təqdim olundu. Bu sosium və tibbi birlik tərəfindən müəyyən olunmuş normaların dəqiq yerinə yetirilməsi idi. "Şərəf kodeksi"nin müddəalarına etinasızlıq həkimlik sənətindən məhrum edilmə ilə nəticələnə bilərdi.

Müasir təbabət bioetikanın "insanın şərəf və ləyaqətinə yüksək hörmət" prinsipini əsas tutur. Bu isə öz növbəsində tarixən mövcud təcrübənin ümumiləşdirilməsi, humanistləşdirilməsi və insan hüquqlarının qorunması deməkdir.

Böyük Şərq mütəfəkkirləri, təbabət sahəsinin görkəmli alimləri insanın fiziki sağlamlığı ilə  ruhi sağlamlığı arasındakı mütənasibliyə, ənənəvi təbabətlə qeyri-ənənəvi təbabətin əlaqəsinə,  xəstənin durumuna təsir edən şərtlərin həkim tərəfindən dəqiq müəyyənləşdirilməsinə dair çoxlu sayda qiymətli əsərlər yazmışlar.

Şərqin dünyaya təqdim etdiyi "Avesta"da fəlsəfi fikirlərlə təbabətə aid olan çoxlu sayda məsələ öz əksini tapmışdır. Məsələn, hələ mikroskopun olmadığı bir dövrdə mikrobların və virusların müəyyən edilməsinin qeyri-mümkünlüyü şəraitində fəhmlə insan sağlamlığına zərər vuran səbəblərdən söhbət açılır, ətraf mühitin insan sağlamlığı üçün vacib şərt olduğu qeyd edilir­di.

300 il mövcud olan Hinduşapur Akademiyasının (III əsr) fəaliyyəti sonradan Mesopotamiyada  Edem, Suriyada Eliz kimi tibbi mərkəzlərin yaranmasına səbəb oldu. Orta əsrlər dövrünün böyük alimi, həkimi, filosofu İbn-Sina  bu günə çatan  100-dən çox əsəri ilə tibb elminin  inkişafında əvəzsiz rol oynamışdır. "Həkimlik elminin qanunları" adlı əsərində olan müddəa müasir tibb elmində geniş istifadə olunan prinsiplərdəndir. Farmokologiya sahəsindəki böyük kəşflərlə yanaşı, xəstənin psixo­lo­­ji durumuna təsir metodları haqqında tövsiyələri bu gün də öz əhəmiyyətini itirmir. 150-dən çox əsəri ilə təbiət elmlərinin inkişafına, xüsusilə təbabətə verdiyi töhfələrlə tarixdə xüsusi yeri olan Əbu-Reyhan Biruni (970-1048) yazırdı: "Müalicədən öncə sağlamlığa qovuşmaq istəyən hər bir şəxs ruhunun təmizlənməsinə, insan gözünün həqiqəti görməsinə maneçilik törədən keyfiyyətlərdən qurtulmasına, yaşamasına mane olan həsəddən, paxıllıqdan, pis vərdişlərdən uzaqlaşmağa çalışmalıdır. Xəstəlik təkcə dərmanların və həkimlərin köməyi ilə sağalmır. Xəstənin sağalmaq istəyi çox önəmlidir". Bu, yüzilliklər keçsə də, dəyərini itirməyən müdrik kəlamdır ! Əbu-Reyhan Biruni fundamental "Saydana" əsərində 4500-ə qədər dərmanın yunan, türk, suriya, iran, hind, xarəzm dillərində adlarını toplayaraq dərman preparatlarının terminologiyasını hazırlayaraq tibb elminə böyük töhfə vermişdir.

Ekoloji problemlərin insan səhhətinə təsiri İbn-Sinanın, Sultan Əli Təbibi Xorasaninin, Ər-Razininin əsərlərində geniş əks olunub. Ər-Razinin "Kitabi əl-əsrar" və "Kitabi sirr ül əsrar" əsərlərində təbabətin vacib məsələlərinə dair fikirləri  sonralar T.Paraselsin öz şəxsi mülahizələri kimi təqdim etməsi tarixdə dəfələrlə təkrarlanan hallardır. Şərq mütəfəkkirlərinin müasir təbabətin formalaşmasında əvəzsiz rolu, həkim - xəstə münasibətlərinin yüksək mənəvi dəyərlərə əsaslanması sahəsində tövsiyələri və konkret həll yolları, Şərqin böyük tibb ensiklopediyaları Qərbə yenidən təqdim olunmalıdır. Bütün bu sadalananlar müasir bioetikanın boş yerdə yaranmadığını, Şərq və Qərb elmi dəyərlərinə əsaslanaraq insan zəkasının inkişaf istiqamətini müəyyən edən mənəvi dəyərlərə önəm verilməsi nəticəsində yaranan fenomen olduğunu sübut edir. Bu həm Şərqin , həm də Qərbin bir araya gəldiyi elmi, hüquqi, mənəvi məkandır.

Rəna Kərimova

3365 dəfə oxunub

«AĞ ÖLÜM»ÜN CAYNAĞINDA
Məzahir Əfəndiyev: «Qadınlar arasında narkomaniya bəlasına düçar olanların sayı artıb» "Bir dəfə daddın, bir də istəyirsən. Fikirləşirsən ki, tək bircə dəfə də istifadə edim, ataram. Bir də onda ayılırsan ki, artıq əl çəkmək mümkün deyil, əksinə, digər vasitələrə əl atıbsan, doza artıb və s. Üstəlik vaxtı çatanda tapılmasa, gen dünya adama dar gəlir. Elə bu məqamdan da başqa bəlalar başlayır.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB