SAĞLAM RUH İNSANIN ƏN ETİBARLI MÜDAFİƏÇİSİDİR

Millət vəkili Adil Əliyev: "Bütün xəstəliklərin müalicəsi elə insanın öz əlindədir. Sağlam həyat tərzi, xoş ovqat və möhkəm iradə bütün xəstəliklərə qalib gələ bilir." 

Yunan filosoflarından birinin maraqlı bir fikri var: "Ən böyük həkim öz ruhunu idarə etməyi bacaran xəstənin özüdür". Əslində bu sözdə böyük bir məntiq var və məntiqin əsası budur ki, sağlam ruh, fiziki hazırlıq insanı bir sıra xəstəliklərdən qoruya bilir. Qısa müddət ərzində Azərbaycanda idmanın müxtəlif sahələri ilə bağlı beynəlxalq turnirlər, o cümlədən Avropa və dünya çempionatları təşkil edildi. Bu həm dövlətin idman siyasətinin tərkib hissəsidir, həm də sağlam cəmiyyətin formalaşdırılması ilə bağlıdır. Bu gün insanlar bilməlidir ki, hansısa xəstəlik baş qaldırandan sonra təşvişə düşmək gərək deyil, sadəcə olaraq sağlam həyat tərzi keçirmək, sağlam olarkən öz sağlamlığını qorumaq kifayət edər. Bununla bağlı bir misal çəkmək istəyirəm. Mən 1999-cu ildə fəqərə yırtığı xəstəliyindən əziyyət çəkirdim. Hətta həmin illərdə onurğanın tam şəkilini çəkəcək texniki imkanlar olmadığı üçün Gürcüstana getdim. Aydın oldu ki, bel hissəmdə üç yerdə yırtıq əmələ gəlib. Deməli, L3-L4 arasında 4 mm, L4-L5 arasında 7mm və L5 S1 arasında 11 mm-lik yırtıqlar aşkarlandı. Azərbaycanda, neyrocərrahiyyə xəstəxanasında bildirdilər ki, mütləq və mütləq əməliyyat həyata keçirilməlidir. Əks təqdirdə bildirildi ki, bu cür əməliyyatlar olmasa xəstənin ayaqları iflic olur və sonsuzluq problemi ortaya çıxır. Yəqin ki, bir insanın ömürlük şikəst olmasının nə demək olduğunu bilməmək çətin deyil. Buna baxmayaraq, mən ümidimi üzmədim və əməliyyata getməkdən imtina edərək, yeni çıxış yolları aramağa başladım. Hətta xalq təbabətinə üz tutsam da bunun bir nəticəsi olmadı. Nəhayət, qərarlaşdırıb Almaniyaya müayinəyə getdim. Almaniyada aparılan analizlərdən sonra bildirildi ki, bunun əməliyyatsız da müalicəsi mümkündür və bunun üçün xüsusi rejimlə idman  və üzgüçülüklə məşğul olmaq lazımdır. Bundan sonra Moskvaya yollanaraq məşhur "Bubunov" və "Dikulin" mərkəzlərinə üz tutdum. Həmin mərkəzlərdə idmanla müalicə həyata keçirilir və bunun üçün xüsusi məşq proqramları olur. Başlanılan proses uğurlu nəticələr verməyə başladı. Bundan sonra isə qərara aldım ki, belə bir mərkəz Azərbaycanda da yaradılsın və belə xəstəliklərdən əziyyət çəkənlərin əməliyyatsız müalicə olunmasını təmin edim. Beləliklə də, həkim Kamal Teymurovla birlikdə "Uzun ömür" klinikasını açdıq. Bunun üçün Almaniyadan xüsusi məşq avadanlıqları gətirdik, mütəxəssislərin peşəkarlığını artırmaq üçün onları Moskvaya -"Bubinov mərkəzi"nə təlimlərə göndərdik, nəticədə xüsusi proqramlı belə bir mərkəz ortaya çıxara bildik. Bunu da qeyd edim ki, mən Bakıya qayıdandan sonra da məşqlərimi davam etdirdim. Əvvəllər həftədə yeddi dəfə məşq edirdim. Qısa müddət ərzində 100 kq-dan 83 kq-ma düşdüm və xəstəlikdən əsar-əlamət qalmadı. Halbuki, həkimlər bildirirdi ki, əməliyyatsız bu mümkün deyil. Bunu da bildirim ki, belə əməliyyatlar həm də fəsadlar yaradır. Məsələn, əməliyyatdan sonra xəstə, hətta bir neçə il 2 kiloqramdan artıq yük qaldıra bilməz, istənilən an isə fəqərələrdə yeni yırtıqlar ortaya çıxa bilər. Amma mən öz müəyyənləşdirdiyim həyat rejimi ilə konkret məşqlər etməklə nəinki sağlamlığımı tam bərpa edə bildim, hətta veteranlar arasında keçirilən Kinqboqsinq üzrə dünya  çempionu oldum, indi də bu cür turnirlərdə iştirak edirəm. Amma əməliyyat yolu ilə bu problem həll olunsaydı indi də əziyyət çəkməli idim. Bir məqamıda xüsusi olaraq qeyd etmək lazımdır ki,  müəyyənləşdirdiyimiz 3 formalı məşqi həyata keçirməklə tək fəqərə yırtığı müalicə edilmir, həm də bu şəkər, qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sağalmasına yardımçı olur. Amma təkrar edirəm, bunun üçün xüsusi avadanlıqlar və xüsusi məşğələlər olmalıdır. Adi formalı məşqlər əlavə problemlər yarada bilər. Buna görə bizim müəyyənləşdirdiyimiz xüsusi məşğələlər həftə ərzində üç dəfə həyata keçirilir və qısa müddətdə nəticələr ortaya çıxır.

Öz həyatımda baş verənlərdən, yaşadıqlarımdan bu nəticəyə gəldim ki, belə xəstəlikləri əməliyyatsız dəf etmək istəyirsənsə, ciddi iradəyə sahib olmalısan, öz sağlamlığın üçün oturaq həyatdan imtina edib, hər zaman hərəkətdə olmalısan. Bir məqamı da yada salım ki, fəqərə yırtığı, onurğa xəstəlikləri ən çox keçmiş MDB məkanında yayılıb. Ona görə ki, oturaq həyata daha həvəsliyik və nəticədə bu durğunluq onurğada fəsadlar yaradır. Diqqət yetirin, qərb insanları demək olar ki, hər səhər idman edir, nə olursa olsun həftənin sonu gəzintiyə çıxır bununla da sağlam həyat tərzi yaşayırlar ki, bu da ilk növbədə insanın səhhətinə müsbət təsir göstərir. Onu da qeyd edim ki, indi də mən həmin məşqləri davam etdirir, hər gün demək olar ki, futbol oynayıram. Bu isə sözsüz ki, mənim onurğamda bir zamanlar əmələ gələn problemləri tamam aradan qaldırıb. Düzdür, bəzən bu xəstəlikdən əziyyət çəkənlər hesab edir ki, bir neçə dəfə bu məşqlərə gəlməklə problem aradan qalxacaq. Amma yuxarıda da dediyim kimi bu məsələdə iradə gərəkdir. İradəli olmalı, qidadan tutmuş, həyat tərzinə qədər hər məqama xüsusi diqqət ayırmalısan. İlk dövrlərdə bu məşqlərlə həmin yırtıqların sıxılmasına nail olur, sonra isə ümumiyyətlə bu yırtıqlardan qurtulmaq olur. Bunun üçün sadəcə olaraq günün hansı saatında olmasından asılı olmayaraq, həftədə 3 dəfə bu məşqləri nəzarət altında etmək kifayət edər.

Beləliklə, fikrimi tamamlayaraq bildirmək istəyirəm ki, bütün xəstəliklərin müalicəsi elə insanın öz əlindədir. Sağlam həyat tərzi, xoş ovqat və möhkəm iradə bütün xəstəliklərə qalib gələ bilir. Bunu mən öz həyatımda yaşadım və təsdiq etdim.

2568 dəfə oxunub

SAĞLAM RUH İNSANIN ƏN ETİBARLI MÜDAFİƏÇİSİDİR
Millət vəkili Adil Əliyev: “Bütün xəstəliklərin müalicəsi elə insanın öz əlindədir. Sağlam həyat tərzi, xoş ovqat və möhkəm iradə bütün xəstəliklərə qalib gələ bilir.” Yunan filosoflarından birinin maraqlı bir fikri var: "Ən böyük həkim öz ruhunu idarə etməyi bacaran xəstənin özüdür". Əslində bu sözdə böyük bir məntiq var və məntiqin əsası budur ki, sağlam ruh, fiziki hazırlıq insanı bir sıra xəstəliklərdən qoruya bilir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB