SƏHİYYƏ VƏ TƏHSİLİN BİRGƏ MÖVCUD OLDUĞU MƏKAN

Bu dəfəki müsahibimiz 80-dən çox elmi əsərin müəllifi, bir sıra xari­ci elmi cəmiyyətlərin üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, t.e.d. Sənan Kərimovdur. 

- Sənan müəllim, Təkmilləşdirmə institutunun yaradılması, onun  səhiyyədə rolu barədə nə deyə bilərsiniz?
- Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 1935-ci ildə yaradılmışdır. Bizim institutun əsas məqsədi Azərbaycanda olan həkimlərin təkmilləşdirilməsidir. 2008-ci ilə kimi Təkmilləşdirmə institutunda ixtisas dəyişmə də aparılırdı, amma 2008-ci ildə təhsil haqqında yeni qanun qəbul olundu və səhiyyədə ixtisaslaşma rezidentura formasını aldı. Səhiyyə nazirliyi hansı ixtisasdan nə qədər lazım olduğu barədə öz sifarişini verir. Qəbul Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Hamı bilirdi ki, 6 aya,1 ilə mütəxəssis hazırlamaq mümkün deyil. Bütün Avropa ölkələrində rezidentura 3 ildən 5 ilə kimidir. İxtisasın çətinliyindən, həcmindən asılı olaraq bizdə də artıq belədir. Rezidenturaya bu il birinci qəbul keçirildi. Azərbaycanda 300-ə yaxın qəbul aparıldı ki, onlardan da 52 rezident 17 ixtisas üzrə bizim institutumuzda rezidentura keçir. Azərbaycanda Tibb universitetində, Təkmilləşdirmə institutunda, Elmi tədqiqat institutlarında və bir neçə böyük klinikalarda rezidentura keçirilir.Rezidentura qaydaları Avropa və Amerika qaydalarına tam uyğundur. Biz bu sahədə dünya sisteminə daxil olmuşuq.Ona görə bir çox problemlər də aradan götürülüb. Rezidentlərlə mütəmadi olaraq söhbətlər aparıram. Görürəm ki, test üsulu ilə ixtisaslaşmaya qəbul olan cavan həkimlərimiz çox savadlı və  həvəslidirlər. Çünki onları heç kim məcbur etmir. Özləri ixtisas seçimi üçün gəlib sənəd verirlər. İndi öyrənməyə məcburiyyətdən çox daxili tələbat var deyərdim.

İnstitutumuzda 30-a yaxın kafedra var. Azərbaycanda qəbul olunmuş bütün ixtisaslara görə bizdə çox yüksək səviyyədə kurslar təşkil olunur. Bizim yeni istifadəyə verilmiş binamız tədris korpusudur və burda, əsasən, mühazirə və seminar məşğələlər aparılır. Praktik məşğələlərimiz isə kliniki bazalarımızda aparılır. Sözsüz ki, institutumuz elm və  müalicə işi ilə də məşğul olur.

Çalışdığım elm ocağı həmişə inkişafda olub. Birinci inkişaf dövrü görkəmli ictimai-siyasi xadim, alim, professor Əziz Əliyevin adı ilə bağlıdır. Biz onun 115 illik yubileyi ilə əlaqədar Səhiyyə nazirliyi ilə birlikdə böyük bir konfrans keçirdik. Əziz Əliyev Rektor olduğu illər ərzində çox böyük işlər görüldü. İnstitutda yeni kafedralar, yeni istiqamətlər açıldı, maddi-texniki baza, kadr potensialı, müəllim-professor heyətinin hazırlanmasında böyük işlər görüldü.

 İkinci inkişaf dövrü ulu öndərimiz Cənab Heydər Əliyevin rəhbərliyi dövründə Akademik M.Cavadzadənin adı ilə bağlı olan dönəmi əhatə edir. Bu dövrdə maddi-texniki bazamız, yataqxanamız tikildi. Demək olar ki, bütün professor-müəllim heyətimiz Moskva şəhərində və Sovetlər birliyinin başqa aparıcı elmi mərkəzlərində aspirantura, doktoranturada yüksək səviyyədə hazırlandılar. Mən də o vaxt Moskva şəhərində 3 il müddətinə məqsədli aspiranturada müdafiə edib qayıtdım.

İnstitutumuzun üçüncü inkişaf mərhələsi Cənab Prezidentimiz  İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, institutun qısa bir müddət ərzində əsaslı təmiri ölkə rəhbərinin səhiyyəyə fundamental diqqətinin göstəricisidir. Möhtərəm Prezidentimizin səhiyyəyə diqqətinin nəticəsidir ki, büdcəmiz ilbəil artır. Binamız 1972-ci ildən istifadəyə verilib və heç vaxt əsaslı təmir aparılmamışdı. Biz təxminən 2 il bundan qabaq möhtərəm Prezidentimizə, Səhiyyə nazirliyə bununla bağlı müraciət etdik. Bir həkimin normal şəraitdə işləməyi çox vacibdir. Buna görə bizim müraciətimiz qəbul olundu. Bizə göstərdiyi diqqət və qayğıya görə hörmətli Prezidentimizə çox minnətdarıq. Cənab Prezidentimizin demək olar ki, əsas siyasətində səhiyyə və təhsil dayanır. Bizim institutda isə bunlar hər ikisi bir yerdədir. Səhiyyə nazirliyinin də dəstəyi ilə biz artıq tədris prosesini yüksək səviyyədə təşkil edirik. Kafedraların artıq tədris aparmaq üçün hər bir imkan və şəraitləri var.

- Sertifikasiya sisteminin tətbiq olunması səhiyyəmizə hansı töhvələrini verdi?
- Bu, bütün dünyada qəbul olunmuş praktikadır. Mən hesab edirəm ki, bizim həkimlərimizin biliyi və bacarığı xarici həkimlərdən az deyil. Əvvəllər həkim bilirdi ki, keçdiyi ixtisas kursundan sonra işinə davam edəcək, amma indi bilir ki, o mütləq imtahan verməlidir. Bu isə məsuliyyəti bir az da artırır. İndi həkim başa düşür ki, oxumalı, yeni monoqrafiyalar, dərsliklər əldə edib tibbi savadını artırmalıdır. Qeyd etmək istəyirəm ki, həm rezidentura, həm sertifikasiya sistemi son  4-5 ildə bizim səhiyyəmizin çox böyük nailiyyətidir. "Sağlamlıq haqqında qanun"a görə, hər bir həkim 5 ildən bir  ümumi təkmilləşmə, sonra isə sertifikasiyadan keçməlidir. Sertifikasiyası olmasa ümumiyyətcə, heç kəs həkim kimi işləyə bilməz. Artıq 2010-cu ildən sertifikasiya proqramı tətbiq olunur və bu, həkimlərimiz üçün yeni olduğuna görə onları buna hazırlamaq lazımdır. Bizim 95% kurslarımız ümumi təkmilləşmə kurslarıdır. Bu kurslarda həkimlərin öz ixtisaslarına görə savadları artırılır, praktik məşğələlər, seminar məşğələləri aparılır, sertifikasiya prosesinə hazırlaşdırılır. Buna görə də son illərdə bizim kurslara qəbul demək olar ki, 2 dəfə artmışdır.

- Sertifikasiya prosesinə hazırlıq necə gedir?
- Buna Səhiyyə nazirliyi nəzarət edir. Sertifikasiyadan keçəcək həkimləri Təkmilləşdirmə institutuna göndərir, biz isə proqramların hamısını keçdikdən sonra kursu bitirmələri barədə onlara Şəhadətnamə veririk. Bu barədə iş həqiqətən çətindir. Çünki bizim biliyini artırdığımız insanlar adi tələbə yox, öz işinin peşəkarı, müəyyən xarakteri, vərdişləri olan yetkin insanlardır. Bunların hamısını gərək tədris prosesində nəzərə alasan. Müəllim elmlər namizədi olsa da, o öz üzərində işləməyə məcburdur. Burda ikitərəfli proses gedir. Müəllim həm öyrədir, həm də öyrənir. Bizim üçün hər bir həkim, hər bir müəllim çox dəyərlidir. Burda ən müasir iş gedir, ən son məlumatlar ötürülür. Dərs prosesi mühazirədən, praktik məşğələdən və seminardan ibarətdir. Bunlar üçü də hər bir mövzunu dolğun izah etmək üçündür. Yəni kursant bu dərslərdə testin suallarını başa düşür. Bunlar hamısı birlikdə bir vəhdət təşkil edir. İnstitutumuzun iş prinsipində üç istiqamət var: tədris, elm və praktika- bunlar hamısı birlikdə vəhdət təşkil etsə də, aparıcısı tədris məsələsidir. Kafedranın kliniki işləri, yəni xəstələrlə iş tədris məsələsinə xidmət edir. Müayinə və müalicə olunan xəstələrlə iş bizim həkim -müdavimlərimizlə birlikdə aparılır. Həvəsi olan insan, sözsüz ki, öz üzərində işləyir, savadını artırır. Elmi istiqamət də, müəllim, professor və dosentlərimizin daha yüksək səviyyədə bilik əldə etmələrinə yönəlmişdir.  Əsas istiqamətimizdən biri də həkim- müdavimlərimizin praktik işlə yanaşı, təbabətin elmi tərəfinə də yiyələnmələridir.Tədris prosesi müəllim üçün həmişə çox çətin, həm də məsuliyyətlidir, çünki sertifikasiyanın nəticələri dərslərin keyfiyyətindən asılıdır.

- Bütün görülən işlərə, aparılan islahatlara etiraz edənlər, skeptiklər mütləq olur. İnkişaf, tərəqqi həmişə birmənalı qarşılanmır. Onlara cavabınız, münasibətiniz, adətən, necə olur?
- Hər bir pasiyent savadlı həkimin yanına getmək istəyir. Savadlı həkim isə həmişə öz üzərində işləyən həkimdir. Sözsüz ki, köhnə tərzdə düşünən insan­lar var ki, "mənim 45-50 yaşım var, mən artıq mütəxəssisəm, yenidən məni sertifikasiya etməyə nə ehtiyac var" deyə düşünürlər. Belə düşünən bir qisim həkimlər öz biliklərinə güvənmirlər, həvəsləri yoxdur, köhnə biliklərlə işləyirlər, ixtisasları ilə əlaqədar yeni bir kitab oxumurlar. Belə insanlar isə hər yerdə, həmişə var. Amma inkişafı da danmaq olmaz. Mən artıq öz kafedramızda da görürəm ki, əvvəl həvəssiz, kursa  məcburi gələn həkimlər indi artıq özləri maraqlanırlar, sual verirlər, öyrənmək istəyirlər, çünki bilirlər ki, mütləq sertifikasiyadan keçməlidirlər. Ona görə həkimlərin çox qismi bunun labüdlüyünü başa düşür.

- Hər bir işi başlayanda, adətən, onu proqnozlaşdırırıq, müəyyən gözləntilərimiz olur. Bəs sizin gözləntilərinizlə bu günkü nəticə üst-üstə düşürmü?
- Mən hətta deyərdim ki, nəticə  biz gözlədiklərimizdən daha da yaxşıdır. Qeyd etmək istərdim ki, bizim institutumuzun müəllim- profes­sor heyəti testlərin hazırlanmasına, bu testləri tədris etməyə, proqramların dəyişilməsinə çox ciddi yanaşır. Hər bir mövzuya aid olan testləri həkim- müdavimlərimizə izah edirik və onlar onu başa düşərək düzgün cavabı yadda saxlayırlar. Şəxsən mən düşünürdüm ki, testləri düzgün cavablandıra bilməyənlərin sayı daha çox olacaq. Çünki ilkin proses olduğu üçün həkimlər buna adət etməyiblər. Çox sevin­dirici haldır ki, sertifikasiyadan keçə bilməyənlərin sayı barmaqla sayılacaq qədər azdır.

- Böyük tarixi olan, həkimlərin məbədi sayılan belə mötəbər tədris müəssisəsində rəhbərlik etmək asan iş deyil, yəqin ki?
- Cənab Prezidentimizin qayğısı nəticəsində səhiyyəmiz çox sürətlə inkişaf edir və bu da bizim qarşımıza böyük öhdəliklər qoyur. Mən instituta Rektor təyin olunanda tədris müəssisəsi öz çətin dövrlərini yaşayırdı. Maddi texniki bazasında, kadr potensialında, işin quruluşu barəsində bir çox problemlər var idi. Bu yükün altına girmək də çox böyük məsuliyyət idi. Çünki bir işi insana etibar edirlərsə, gərək onu yaxşı səviyyədə icra edəsən. Bu üç il müddətinə biz bütün bu problemlərin həll olunması ilə məşğul olmuşuq. Keçən il 20-ə yaxın cavan kadrlarımızı, professor-müəllim heyətinin bir çoxlarını Rusiya, Türkiyə, Ukrayna və başqa dövlətlərə- müəllimlər üçün təşkil olunan kurslara göndərmişik. Artıq praktik məşğələlər keçməyə, mühazirələr oxumağa çox gözəl şəraitimiz var. Biz istəyirik ki, yalnız Rusiyadan yox, Ukraynadan, Türkiyədən, Avropa ölkələrindən həkim-müdavimlər qəbul edək. İnstitutda 23 mövzu üzrə elmi-tədqiqat işləri aparılır. Bir qayda olaraq institut tərəfindən 8 elmi-praktiki konfrans keçirilmişdir. Bundan başqa, biz video görüntü ilə kursların keçirilməsinə hazırlaşırıq. Bu, bizə öz regionlarımızla burdan mühazirə aparmağa, xarici ölkələrlə əlaqə saxlamağa, xaricdə olan professorların kursantlarımıza mühazirələr oxumasına, müəllim- professorlarla diskusiyalar aparılmasına, həm də klinikalarımızda olan ağır xəstələri konsilium etməyə imkan yaradacaq. Biz hətta bir mütəxəssisimizi Moskva şəhərinə bunun­la bağlı kurs keçməsi üçün göndərmişik. Sistemi tətbiq etmək üçün avadanlıq gözləyirik. Həmçinin institutumuzun internet saytı hazırlanır, elektron kitabxanaya qoşulmuşuq. İndi hər bir həkim institutun hesabına elektron kitabxanada istənilən məlumatı əldə edə bilər. Əlavə olaraq, burda proqramlar, iş planlarımız, kafedralar və s. barədə ətraflı məlumat var. Hal-hazırda yeni bir proqram üzərində işlənilir. Bir neçə aya daxili imtahanlarımızı da mərkəzləşmiş, test üsulu ilə aparmağı planlaşdırırq. Bu bizim kafedra müəllimlərinin, həkim-müdavimlərin məsuliyyətini bir az da artıracaq.

 - Bildiyimizə görə, "Ailə həkimi" kafedranız var. Bu kafedra hansı işləri özündə ehtiva edir?
- Bəli, "Ailə həkimi" kafedramız 2003-cü ildə yarandı, amma bir neçə il bu kafedranın inkişafı çox zəif gedirdi.Çünki bizdə ümumiyyətlə, ailə həkimi ixtisası yox idi. Doğrudan da, Səhiyyə nazirliyi bu barədə çox işlər gördü. 2008-ci ildə yeni ixtisaslar təstiq olunanda artıq ailə həkimi qanuni olaraq tətbiq olundu. İndiyə qədər xəstəxanalarda, poliklinikalarda belə bir ştat vahidi də yox idi, indi artıq bütün bölgələrdə, əsasən də, kənd yerlərində ailə həkimləri var. Artıq biz onların təkmilləşməsi ilə məşğul oluruq. Bu kafedra gənc və çoxşaxəli kafedradır. Ailə həkimi demək olar ki, təbabətin hər ixtisasını bilməlidir. Buna görə onların proqramı çətin, tədrisi isə bir neçə mərhələdən ibarətdir. Onlar başqa kafedralarda da tədris keçirlər. Çünki ailə həkiminin cərrahiyyə, mama-ginekologiya, uşaq xəstəlikləri, göz xəstəlikləri, dəri xəstəliyi və s.-dən biliyi olmalıdır ki, lazımı vaxta o, xəstəliyi aşkarlasın və pasiyentə hara getmək lazım olduğu barədə istiqamət versin. Biz gənc alimləri bu proqram üzrə işləməyə cəlb etmişik. Artıq kafedra çox yüksək səviyyədə öz tədrisini aparır.

- Xarici ölkələrdə hər bir ailənin ailə həkimi, ailə vəkili, ailə psixoloqu var və bu adi bir haldır. Bizdə buna münasibət necədir?
- Ailə həkimi praktikasını həyata keçirmək bir günün işi deyil, buna illər lazımdır. 2008-ci ildən bu proses gedir. Yerlərdə ştat vahidləri ayrılır. Ora həkimlər cəlb edilir və biz onları hazırlayırıq. Faktiki olaraq, hansısa bir kənddə işləyən həkim ailə həkimi kimi fəaliyyət göstərirdi. Yəni o uşağa da, böyüyə də baxırdı. Əvvəldən bu praktika gedirdi, amma qanuni əsası yox idi. İndi isə ailə həkimi peşəsi var və həkimlər bizim institutumuzda ixtisas üzrə təlimlər keçirlər. Xaricdə də ailə həkimi praktikası 1 - 2 ilə formalaşmayıb. Bu inkişaf onilliklərlə gedib. Bizdə isə bu proses sürətlə gedir. İnsanlar da artıq buna adət ediblər.

 Yerlərdə, regionlarda səhiyyə o qədər inkişaf edib ki, artıq pasiyentlər hər xırda şikayətlə Bakıya gəlmirlər. Çox məsələlər, hətta mərkəzdə yox, region xəstəxanalarında ailə həkimləri ilə həll olunur. Orda hər cür laboratoriyalar, savadlı həkimlərimiz var. Səhiyyədə ildə təxminən 70-ə yaxın yeni müəssisələr tikilir, təmir olunur, istifadəyə verilir ki, bunların da çoxu rayon, şəhər xəstəxanaları, ailə həkimlərinin məntəqələridir. Mən əminəm ki, ən çoxu 5-6 ildən sonra ailə həkimi hər bir ailənin ən yaxın sirdaşı və sağlamlığını etibar etdiyi ilk şəxs olacaq.

- Səyyar kurslarınız barədə nə deyə bilərsiniz?
- Səyyar kurslar təkmilləşdirmənin çox vacib bir hissəsidir. Son zamanlar bu daha da inkişaf edib və tətbiq olunan ixtisasların sayı artırılıb. Biz insanları olduqları məkandan ayırmamaq üçün tədrislərimizi gedib hər hansı bir regionda aparırıq. Elə dərslər var ki, buna görə həkimləri işindən ayırıb bura gətirmək lazım deyil. Onu yerlərdə də etmək mümkündür. Bu çox gözəl nəticə verir. Belə ki, praktik məşğələləri də biz onların xəstələri ilə aparırırq. Diaqnostik və müalicədə çətinliyi olan ağır xəstələrə elə ordaca kömək göstərilir. Həm həkimə yerində problem izah olunur, həm də xəstənin özünə köməklik göstərilir.

Bundan başqa, biz Səhiyyə nazirinin tapşırığı ilə Moskvada  təkmilləşmə ilə məşğul olan diplomdan sonrakı Akademiya ilə müqavilə bağlamışıq və oranın kafedra müdirləri, professorları, böyük təcrübəsi olan dosentləri artıq 2 ildir ki, bizim həkimlərimizə səyyar kurslar keçirlər. 2010 və 2011-ci illərdə12 ixtisası əhatə edən 12 bu cür kurs keçirmişik. Biz bu prosesi genişləndirməyi planlaşdırırıq.

- Bir ali tədris müəssisəsinin rəhbəri kimi bu ilki planlarınız nədən ibarətdir?
- Sözsüz ki, sertifikasiya məsələsi ilə bağlı bizim institutun əhəmiyyəti çox artıb. Səhiyyə Nazirimiz cənab Oktay Şirəliyevin əmrinə görə hər il imtahan suallarının 20%-i yenilənməlidir. Testin suallarının hazırlanması, onların yoxlanılması, proqramın sertifikasiya ilə uyğunlaşdırılması, hər il yeniliklərin daxil edilməsi-bu çox böyük bir işdir. Bununla birlikdə sözsüz ki, verdiyimiz təhsil və onun nəticəsi barədə məsuliyyət də artır.

Lamiyə Nəbiyeva

2953 dəfə oxunub

FOLKLORŞÜNAS ALİMLƏ TİBBƏ DAİR SÖHBƏT
Biz onu "Altı il Dəclə-Fərat sahilində" adlı elmi-publisistik əsərindən tanıyırıq. İraqdan, burada yaşayan türkmanlardan, onların hə­yatından, folklorundan, dərdindən-sərindən bəhs edən bu kitab elə po­pulyarlıq qazanmışdı ki, əl-əl, ev-ev gəzirdi. 1996-cı ildə bu kitab İraqda çap olunandan sonra ölkə prezidenti ona pul mükafatı da təyin etmişdi. Amma o, bu mükafatın vəziyyəti ağır olan İraq türkmanlarına verilməsini xahiş etmişdi.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB