Rasim Əliquliyev: «İnsan bioloji varlıq olaraq sel kimi gələn informasiyanın qarşısında acizdir»

«Qulaq gündə bir söz eşitməsə kar olar» məsəli indiki dövrdə  daha aktualdır. Həqiqətən də yaşadığımız cəmiyyəti informasiyasız təsəvvür etmək çətindir. İndi informasiya almadan, məlumat mübadiləsi aparmadan, internetin köməyi olmadan hər hansı sahənin inkişafına nail olmaq da mümkün deyil.

Amma etiraf edək ki, bu qədər informasiya bolluğuna rəğmən, onun həyatımıza, səhhətimizə mənfi və ya müsbət təsirləri  barədə düşünmürük.     

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, texnika elmləri doktoru, professor, AMEA-nın müxbür üzvü Rasim Əliquliyevlə söhbətimiz də elə bu mövzudadır.

Həmsöhbətimiz öncə qeyd etdi ki, insan bioloji varlıq olmaqla yanaşı həm də informasiya dünyasının - infosfera­nın fasiləsiz subyektidir. Insanın informasiya sistemi elə qurulub ki, ətraf mühitdən daim məlumat alır: «İnsan informasiyanı duyğu orqanları vasitəsi ilə qəbul və istehsal edir, eyni zamanda onu ətraf mühitə çatdırır. Bütün bunlar hamısı qapalı bir sistem əmələ gətirir. İnsan canlı varlıq olduğu üçün informasıya qəbulu və ötürülməsinin ona müsbət və mənfi təsirləri olur».

- Mənfi və müsbət təsirlər deyəndə nələri nəzərdə tutursunuz?
- İnsanı əhatə edən informasiya mühiti sağlam olmalıdır. İnformasiya mühiti nə qədər sağlam olarsa bir o qədər də insan sağlam olar. Məsələ burasındadır ki, insan informasiya qəbul edərək özünü , ruhunu sağaldır, qidalandırır. Bir çox xəstəliklərin yaranması sinir sistemi ilə bağlıdır. Belə ki, sinir sisteminin funksiyası pozulur və bu da bütün orqanlara öz təsirini göstərir. Belə hallarda insan informasiya qəbul edərək özünü müalıcə edə bilər. Məsələn, sevdiyi müsiqiyə qulaq asaraq mənəvi qida alar. Gözəl bir rəsm əsərinə baxmaqla, yaxşı bir kitab oxumaqla da insan özü-özünə yardımçı ola bilər.

Bu ilk növbədə informsiya bolluğu ilə bağlıdır. Yəni insanın qəbul etdiyi informasiya çox olanda həzm edə bilmir və onda mənəvi yorğunluq əmələ gəlir. Müasir dövrdə isə informasiya bolluğu o həddə çatıb ki, insanlar bundan əziyyət çəkirlər. Sel kimi gələn informasiyanın qarşısını almaq çox çətinləşib. İnsan bioloji varlıq olaraq sel kimi gələn informasiyanın qarşısında acizdir. Çünki onun duyğu orqanlarının yadda saxlamaq, qəbul və emal edərək ətraf mühitə təqdim etmək imkanları məhdudlaşır.

Konkret təsirlərə gəlincə, bir tədqiqat zamanı əldə olunan nəticələri nəzərinizə çatdırmaq istərdim.

Eskapizm: qadınlar televizora baxaraq xörəyi yandırırlar, sürücülər radioya qulaq asaraq, mobil telefonla danışaraq qəza törədirlər. Bu isə o deməkdir ki, informasiya qəbul edən insan şərti olaraq başqa mühitə ayrılır. Ona gorə də informasiyanı lazımi vaxtda qəbul etmək doğrudur.

Adi qaydada insan bir dəqiqədə 10-15 dəfə kirpiyini qırpır. Kompyuterdə işləyərkən bu hərəkət 60% azalır, bu da gözün səthinin tez qurumasına gətirib çıxarır. Digər tərəfdən, monitora baxanda göz bəbəyi geniş açılır, bu da gözün səthində olan mayenin tez buxarlanmasına səbəb olur. Kitab oxuyanda göz bəbəyi az açılır.

Yaş ötdükcə qulaq, göz zəif­lədiyi kimi, dad, iybilmə orqanları da zəifləyir. Ona görə də insan qocaldıqca deyir ki, əvvəlki meyvələrin, ətin dadı, ətri vardı, indi hər şeyin ləzzəti qaçıb. Əslində isə, belə deyil, sadəcə olaraq, insan yaşlaşdıqca duyğu orqanlarının həssaslığı azalır.

Bundan başqa insan çox kitab oxuyanda, şəraiti dəyişən­də tez acır. Çünki yeni informa­siya qəbul edir və bu zaman enerjisi paylanır. Qocaların və körpələrin tez-tez yatması da  çox informasiya qəbul edə bilməmələrindən irəli gəlir.

- İnformasiya bolluğunun təsirləri sırasında onun məzmunu problemi də varmı?
- İnformasiya məzmununa görə əsəb sisteminə təsir edir, onun fəaliyyətini pozur və nəticədə orqanlar normal işləmir. Əsəb pozğunluğu və digər bu kimi xəstəliklərin yaranmasına səbəb olur. Bundan başqa informasiyanı məzmununa görə hərə bir cür  qavrayır və qavranılan informasiyaya münasibət müxtəlif olur. Məsələn, bir bəd xəbər iki müxtəlif insana müxtəlif təsirlər göstərir. Birinin əhvalı pozulur, digərinə isə təsir etmədiyinin şahidi oluruq. Arzuolunmayan, məsələn təsadüfən televiziyada göstərilən ölüm səhnəsi və yaxud başqa informasiyalar da insanın əsəblərinə pis təsir göstərir.

Yeri gəlmişkən, informasi­ya­nın vaxtında verilməməsi də (məsələn, gecə verilməsi) mənfi təsirlərə malikdir.

- Rasim müəllim, informasiya bolluğundan yaxa qurtarmaq mümkündürmü?

- İndki dövrdə bu çox vaxt mümkün olmur. Amma bəşər ta­rixinə nəzər salsaq görərik ki, informasiyanın az olduğu zamanlarda yaşamaq daha maraqlı və rahat idi. İnformasiya az olduğundan ondan təkrar istifadə olunurdu. Bu halda insan istədiyi, axtardığı informasiyanı daha çox qəbul edirdi.

- Son vaxtlar informasiya ekologiyası, informasiya mədəniyyəti də bir problem kimi qabardılır...
- İnformasiya daşıyan siqnalların səviyyəsi indiki zamanda informasiya ekologiyasının ən mühüm problemlərindən biridir. Bura toylarda musiqinin səsinin həddindən artıq çox olması, yollarda maşınların siqnallarının səsi, maqnitafonların yüksək səslə oxudulması  və s. hallar daxildir.

İnformasiya mədəniyyətinə gəlincə, bu, cəmiyyətin informasiya resurslarından və informasiya kommunikasiya vasitələrindən effektli istifadə etmək bacarığıdır.

Elə bir dövrə gəlib çatmışıq ki, həyatımızı texnikasız təssəvvür etmək mümkün deyil.

Bu mənada cəmiyyət müasir texniki vasitə və metodlardan, kompüter texnologiyalarından istifadə etməklə informasiyanın əldə edilməsi və ötürülməsi bacarığına yiyələnməlidir. Burada texniki vasitələrdən düzgün istifadə məsələsi də önə çıxır. Tədqiqatlar göstərir ki, müasir texnikadan düzgün istifadə etmədikdə insanın səhhəti­nə mənfi təsir göstərir.

Gülnar Mayisqızı

2105 dəfə oxunub

Aynur Sofiyeva: «İndiki səviyyəyə çatmağımda ailəmin rolu əvəzsizdir»
May ayının 15-i Beynəlxalq Ailə Günüdür. Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının 1993-cü ildə çıxardığı qərara əsasən, 1994-cü ilin may ayının 15-dən etibarən qeyd olunmağa başlayıb. Artıq 3 ildir ki, Azər­bay­canda da bu gün qeyd olunur.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB