NƏCİB PEŞƏYƏ HƏSR OLUNAN 52 İL

Maqsud Qasımov: «Həkim olmağımı atam çox istəyirdi» 

"Təbiblik sənətin ən nəcibidir", deyib Hippokrat... Elə biz də bu deyimdən yola çıxaraq jurnalımızın bu sayına ən nəcib sənət sahiblərindən biri olan həkim-professor Maqsud Qasımovu qonaq etdik. Keşməkeşli və faydalı bir həyat yolu keçən bu ağsaqqalla söhbətimizə isə onun uşaqlıq illərini xatırlamaqla körpü saldıq.

Zəngibasar rayonunun Zəngilər kəndində, başqalarından heç nə ilə seçilməyən sadə kəndli ailəsində doğulub böyümüşəm. Rayonumuz İrəvana bitişik, kəndimiz isə bu şəhərin cəmi 10-12 kilometrliyində yerləşirdi. Atam Qasımov Səfər Məhərrəm oğlu da 1883-cü ildə elə həmin kənddə dünyaya gəlmişdi. Onun təhsili İrəvanda ibtidai ruhani məktəbində aldığı təhsillə məhdudlaşırdı. 1903-cü ildə türklərlə ermənilər arasında baş verən münaqişə  zamanı atamgil Zəngiləri tərk etmək məcburiyyətində qalırlar. Babam, atam və bibim əvvəlcə Türkiyəyə gedirlər. Buradan Cənubi Azərbaycanın Xoy şəhərinə, daha sonra isə Xorasana köçürlər. İki il Xorasanda yaşayırlar. 1905-ci ildə geri, doğma yurd-yuvaya dönürlər. Elə həmin il rus-türk savaşı başlayır. Fürsətdən istifadə edən ermənilər digər ailələrlə yanaşı atamgili də kənddən deportasiya edirlər. Onlar yenidən Xorasana qayıdırlar. Həmin vaxt artıq atam ailəli idi. Bu ərəfədə atam İrəvanda aldığı ruhani təhsilini tamamlamaq üçün dövrün elm mərkəzlərindən sayılan Nəcəf şəhərinə oxumağa gedir. O, Nəcəfdə işləyib ailəsini saxlamaqla bərabər ali ruhani məktəbinə daxil olur və 8-il burada təhsil alaraq axund və şeyx  rütbələrinə layiq görülür. Atam ərəb və fars dillərini mükəmməl bilirdi. Səkkiz ildən sonra doğma torpaqlarına olan sevgisi onu yenidən öz diyarına, Zəngilərə gətirib çıxarır. Kənddə tez bir zaman içərisində insanların inam və hörmətini qazanır. Xeyirxahlığına,  alicənab insan olduğuna, ağıllı məsləhətlər verdiyinə görə adamlar atama hörmət göstərirdilər. Onun təşşəbüsü ilə kənddə iki məscid tikilmişdi. Azərbaycanda sovet  hakimiyyəti qurulduqdan sonra atam 320 hektar torpaq səhəsini və meyvə bağlarını dövlətə təhvil verərək, özü də kolxozda nəzarətçi işləyir.

 

- Bəs dini dünyagörüşünə görə, ona təzyiqlər olmurdu? 

- İlk illərdə atamın dini fəaliyyətini bir o qədər məhdudlaşdırmayıblar. Amma 30-cu illərin ikinci yarısında durum dəyiş­di: evlərdə dini ibadətlər yasaqlandı, məscidlər bağlandı. Atamın təşəbbüsü ilə tikilən məscidlərdən biri anbara çevrildi, digəri isə dağıdıldı. Özünü isə həbs etmək istəyirdilər. Atamın ərəb, fars, azərbaycan dilində müxtəlif mövzulara aid nadir kitablardan ibarət  kitab­xanası vardı. Ona təzyiqlər başlayanda məcburiyyət qarşısında hamısını suya atmışdı. Yalnız Quran kitabı qalmışdı, onu da anam qoynunda saxlayırdı.

 

- Bütün var-dövlətini Şura hökumətinə verən bir şəxsi niyə həbs etmək istəyirdilər?

- Atam bölgədə nüfuz qazanmışdı. Ona Şeyx Səfər deyə müraciət edir,  hər məsələdə onunla məsləhətləşməyə gələrdilər.

Ermənilər isə bunu həzm edə bilmirdilər. Ona görə də fürsətdən istifadə edib onu həbs etdirmək istəyirdilər. Nəhayət, onlar buna nail oldular. Onlar atamdan yaxa qurtarmaq üçün həyətdəki ot tayasına silah qoydular. Sonra da axtarış apararaq atamı silah saxlamaqda suçladılar. Və bu bəhanə ilə də 1941-ci ildə atamı birdəfəlik bizdən qoparıb apardılar. Biz bir daha onun üzünü görmədik.

 

- Atanız həbs olunduqdan sonra ailənizin durumu necə oldu?

- Atam həbs edildikdən sonra anam və biz, yeddi bacı-qardaş köməksiz qaldıq. Anam Məşədi Züleyxa bizi ərsəyə yetirənə qədər çox çətinliklər çəkdi. Atam aparılanda 9 yaşım vardı. Fiziki cəhətdən möhkəm olduğuma görə, ailəmə kömək etməyi və işləməyi qərara aldım. Eyni zamanda məktəbə də gedir, nə isə öyrənməyə çalışırdım. Bu minvalla yeddi illik orta məktəbi bitirdikdən sonra 1949-cu ildə Bakıya gəlib, Tibb İnstitutuna imtahan verdim. İmtahandan uğurla keçərək institutun müalicə işi fakültəsinə daxil oldum.  Lakin hərbi xidmətlə bağlı çağırış vərəqəm gecikdiyinə görə yerimi başqa tələbəyə verdilər.  Mənə isə sanitar fakültəsində təhsil almaq təklif olundu, düşünmədən təhsilimi bu fakültədə davam etdirdim.

 

- Maqsud müəllim, necə oldu ki, işləmək üçün Tacikistana getdiniz?

- İnstitutun sonuncu kursunda oxuyanda eşitdik ki, Tacikistanda həkimə ehtiyac var və SSRİ Səhiyyə Nazirliyinin tapşırığı ilə bu respublikaya gənc mütəxəssislər göndəriləcək.  1956-cı ildə Tibb İnstitutunu bitirdikdən sonra gənc mütəxəssislər sırasında mən də Tacikistana getdim. Bir qrup həkimi, o cümlədən məni Tacikistanın Moskva rayonuna göndərdilər. Aclıq, yoxsulluq, müxtəlif yoluxucu xəstəliklərin hakim olduğu illər idi. Ölüm halları çoxalmışdı, doğulan uşaqların  təxminən 40-50 faizi 15 yaşına çatana kimi infeksion xəstəliklərdən ölürdülər. Rayon iqtisadı cəhətdən çox geri qalmışdı. İşləmək çətin idi.

- Tacikistanda neçə il işlədiniz?

- On il. Bu müddətin 4 ilini tək işlədim. Tacikistanda işələdiym müddətdə ailə həyatı qurdum. Həyat yoldaşım Kamilə xanım da həkim idi. Ailə qurduqdan sonra daha 6 il Tacikistanda qalıb işlədik. Onu da deyim ki, Kamilə xanım məni elmi işlə məşğul olmağa vadar etdi. Ona ailə qurmaq təklifi edəndə şərt qoydu ki, «əgər elmi işlə məşğul olsan, biz ailə qura bilərik». Bu, əslində mənim də ürəyimdən oldu. Tacikistanda elmi tədqiqat İnstitutu vardı. Həmin institutun təklifi ilə yaşadığımız ərazidə tədqiqat işləri apardıq. Mən kol­xozçuların qidalanması ilə bağlı elmi iş götürdüm. Bu da təsadüfi deyildi. Həmin vaxtlar vətəndaşlar çox işləyir, amma az qidalanır­dılar. Eyni zamanda necə qidalanmaq haqqında bilikləri də yox idi. Məsələn, süd məhsullarının çeşidlərindən xəbərsizdilər, pendirin nə olduğunu bilmirdilər. Həyətyanı sahələrindən əkin üçün istifadə etməyi bacarmırdılar. Bu mənada həmin dövrə görə, götürdüyüm mövzu həssas bir məsələyə həsr olunmuşdu. Ona görə də namizədlik dissertasiyasını məxfi şəkildə hazırladım. Çünki o zaman insanların aclıq, səfalət içində yaşadıqlarını açıq şəkildə göstərmək olmazdı.

Elmi işimi Qazaxıstanın Alma-Ata şəhərində müdafiə etdim və  1964-cü ildə tibb elmləri namizədi dərəcəsini aldım. 1992-ci ildən isə tibb elmləri doktoruyam.

Nəhayət, 1966-cı ildə biz Tacikistanın Moskva rayonu ilə vidalaşıb, vətənə qayıtdıq.

 

- Tacikistandan qayıtdıqdan sonra yəqin ki, təcrübəli mütəxəssis kimi işlə təmin olundunuz?

- Bəli, Tacikistandan gələndən sonra məni Azərbaycan Tibb İnstitutunun Qidalanma kafed­ra­sında işlə təmin etdilər. Həmçinin 1967-70-ci illərdə Səhiyyə Nazirliyində işlədim. 1970-80-ci illərdə isə Bakı şəhərinin Baş Dövlət sanitar həkimi vəzifəsində çalışdım. Bu illərdə Xəzər dənizinin Dağıstan sərhədindən başlayaraq İran sərhədinə qədər olan 840 kilometrlik sahili ilə bağlı olan «Bakı əhalisinin şəhər ətrafı istirahətinin təşkili» adlı mövzu götürdüm və doktorluq dissertasiyası hazırladım. Bu çox əhəmiyyətli bir mövzu olduğu üçün kitab halında da nəşr olundu. 1980-1994-cü illərdə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi, 1994-1997-ci illərdə  Səhiyyə Nazirinin müavini, həmçinin Respublikanın Baş Dövlət sanitar həkimi vəzifə­lərində çalışdım. 1997-ci ildən etibarən isə Taun Əleyhinə Stansiyanın direktoruyam.

Bu müddət ərzində 120-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın, 10 kitabın, 6 dərsliyin müəllifi olmuşam.

 "Sağlam həyat tərzi uğrunda" adlı kitab yazmışam. Məktəblilərin gigiyena və sağlamlıq üzrə biliyini artırmaq, məktəblərdə tibbi- gigiyenik qaydalara düzgün riayət olunması üçün metodik tövsiyələr hazırlamışam.

Səhiyyə sahəsində göstərdi­yim xidmətin müqabilində Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və Şərəf nişanı ordenləri, "Əmək rəşadəti" və digər medallarla, Y.Məmmədəliyev adına medal və mükafatla, Hacı Zeynalabdin Tağıyev adına "Fəxri" və "İnam" Şərəf diplomları ilə, həmçinin Fəxri Fərmanlarla təltif olunmuşam.

 

- Maqsud müəllim, səhv etmiriksə, ailə üzvlərinizin hamısı həkimdir.

- Mənim həkim olmağımı atam çox istəyirdi. Elə onun bu istəyi məni bu sahəyə gətirdi. Həyat yoldaşım Kamilə xanım isə psixologiyanı seçmişdi. Amma biz Tacikistanda işlədiymiz dövrdə orada mama-ginekoloqa daha çox ehtiyac vardı. Ona görə də mənim təklifimlə Kamilə xanım Düşənbə şəhərində təkmilləşdirmə kursu keçdikdən sonra bu istiqamətdə fəaliyyətini davam etdirdi.

İki qızım var, hər ikisi də həkimdir. Böyük qızım Aybəniz göz həkimidi. Moskvada oxuyub, hal-hazırda  doktorluq dissertasiyası üzərində işləyir. Kiçik qızım Xumar isə sinir həkimidir. Nəvəm Aynur da həkimdir, hazırda təhsilini Amerikada davam etdirir. Kamilə xanımın qardaşı qızı Rəna xanım da həkimdi, Amerikada işləyir. Övladlarımızın həkim olmasına gəlincə, onlar özləri bu sənəti seçiblər, biz isə dəstəkləmişik. 

İnanıram ki, bizim ailəmizdə bu ənənə davam edəcək.


Gülnar Mayisqızı

2063 dəfə oxunub

ŞƏKƏRLİ DİABET- SOSİAL BƏLA
Rafiq Məmmədhəsənov: «Fiziki hərəkətlərin azlığı, stress insanları bu xəstəliyə daha da yaxınlaşdırır» Müasir tibb elminin üzləşdiyi problemlərdən biri də şəkərli diabet xəstəliyidir. Vaxtilə az hallarda rast gəlinən bu xəstəlik indi milyonları əhatə edir. Həkimlərin təbirincə desək, şəkərli diabet artıq həyat tərzi­nə, sosial bəlaya çevrilib. Dünya səhiyyə təşkilatlarının məlumatlarına görə, yaxın illər ərzində bu xəstəliyə düçar olanların sayı daha da artacaq.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB