«QIZIL ƏLLƏR»İN SAHİBİ

Yaxud məşhur cərrah Teymur Babayev intihara cəhd edən şəxsi necə həyata qaytardı?

 

Həkimlik diplomu almaq o qədər də çətin deyil. Yaxşı həkim, «qızıl əllər»in sahibi adını qazanmaqsa,  hamıya qismət olmur. Məşhur cərrah Teymur Babayev ikincilərin sırasındadır. "Qızıl əl" adını xalq verib ona. Təbii ki, səbəbsiz deyil. Çünki çoxlarına ikinci həyat bəxş edib. Hətta siması eybəcərləşdiyinə görə intihara cəhd edən şəxsi əvvəlki görkəminə qaytararaq, onu birdəfəlik bu fikirdən daşındırıb.

Qeyd edək ki, tibb elmləri doktoru, Tibb Universitetinin "Ağız və üz-çənə cərrahiyyəsi" kafedrasının professoru Teymur Babayev 1938-ci ilin 11 sentyabrında Bakıda həkim ailəsində dünyaya göz açıb. 1945-ci ildə 6 saylı orta məktəbə daxil olub. Orta məktəbi bitirdikdən sonra,1956-ci ildə indiki Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olub. 1961-ci ildə ali məktəbi bitirib və təyinatla Sabirabad rayonuna gedib. Üç il burada  işləyib.

Daha sonra Bakıya qayıdıb və Musa Nağıyev adına xəstəxanada çalışıb. Bir ildən sonra sənədlərini aspiranturaya təqdim edib. Təhsilini cərrahi stomatologiya kafedrasında davam etdirib və il yarımdan sonra göndərişlə Moskva Stomatologiya İnstitutuna gedib. 1969-cu ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdıb və 4 saylı stomatoloji poliklinikada cərrah-stomatoloq işləyib. 1971-ci ildən etibarən  Tibb Universitetində assistent kimi fəaliyyət göstərən T.Babayev   1977-ci ildə dosent adı alıb. Üç il sonra isə yenidən Moskvaya gedərək doktorluq dissertasiyasını müdafiə edib. Təxminən iki il böyük alim N.A.Plotnikovla bir yerdə çalışıb, təcrübəsini bir qədər təkmilləşdirdikdən sonra yenidən vətənə dönüb. Elə o vaxtdan da Tibb Universitetində çalışır, həkimlər yetişdirir, insanlara həyat bəxş edir. Dövlət də onun əməyini yüksək qiymətləndirib. Məşhur cərrah "Tərəqqi" medalı ilə təltif olunub. 

Yeri gəlmişkən, Teymur Babayev Moskvada işləyərkən dünyada ilk dəfə həyata keçirilən bütöv çənə sümüyünün köçürülməsi əməliyyatlarının iştirakçısı olub.

 

- Teymur müəllim, müasir dövrdə geniş şəkildə tətbiq edilən plastik əməliyyatların ta­rixi hansı dövrə gedib çıxır?

- "Plastik" sözü qədim yunan dilində şəkil vermə, biçimləndirmə anlamına gələn "plastos" sözündən götürülüb. Plastik və estetik cərrahiyyənin tarixi miladdan öncə 600-cü ilə gedib çıxır. Bir sıra tarixi mənbələrdə Hindistanda cəza olaraq kəsilmiş burnun sonradan necə bərpa edildiyi haqda məlumtlar var. İlk plastik əməliyyat - süd vəzinin kiçildilməsi - 1669-cu ildə həyata keçirilib. Amma bütövlükdə uğurlu əməliyyatlar XX əsrə təsadüf edir. Onu da deyim ki, plastik cərrahiyyənin inkişafına savaşlar, xüsusilə də İkinci Dünya Müharibəsi böyük təsir göstərib. Belə ki, müharibə zamanı meydana gələn orqan itkilərinin bərpası bu sahənin genişlənməsinə yol açıb. Təsadüfi deyil ki, ilk qarın dartma (yığdırma) əməliyyatı müharibədən bir qədər sonra, 1950-ci ildə həyata keçirilib. Yağ alma metodu isə 1960-1970 illərdən sonra tətbiq olunmağa başlayıb. Süd vəzi əməliyyatlarında slikondan istifadə isə 1963-cü ildə edilib. Bu gün plastik əməliyyatların müxtəlif metodları sürətlə inkişaf edir. 

 

- Siz əsasən rekonstruktiv əməliyyatlar aparırsınız. Bu əməliyyatın plastik əməliyyatların digər növlərindən fərqi nədir?

- Öncə qeyd edim ki, plastik cərrahiyyə həm estetik, həm də rekons­truktiv cərrahiyyəni əhatə edir. Estetik cərrahiyyə üz və bədənə aid hissələri şəkilləndirmək, insanı gözəlləşdirmək məqsədi daşıyır. Bu əməliyyat  əsasən burunda, dodaqlarda, üz nahiyəsinin yumşaq toxumalarında, göz qapaqlarında, qulaqlarda aparılır.  Ancaq unutmaq lazım deyil ki, plastik cərrahiyyə yalnız süni gözəllik yaratmaq üçün həyata keçirilmir. Belə ki, plastik cərrahiyyənin bir qolu olan rekonstruktiv əməliyyatla pozulmuş üzvləri əvvəlki halına qaytarmaq mümkündür. İnsan bədəninin bütövlüyü, xarici görünüşü, anadangəlmə qüsurlar, infeksiyalar, iş və avtomobil qəzaları, yanıq və digər səbəblərdən şəkil dəyişkənliyinə uğraya bilər. Təbii ki, bu deformasiyalar insanın gündəlik yaşam tərzinə mane olur, estetik gözəlliyinin pozulması ilə yanaşı,  psixoloji durumuna da mənfi təsirlər göstərir. Məhz rekonstruktiv cərrahiyyə hesabına həmin insanların deformasiyaya uğramış, itirilmiş bədən üzvləri yenidən bərpa olunur və bununla da onların cəmiyyətə adaptasiya olmasına, ruhi vəziyyətinin düzəlməsinə böyük kömək göstərilir.

Məlumat üçün bildirim ki, latın dilində "reconstruction" sözündən götürülən bu ifadə yenidən yaratmaq, bərpa etmək mənalarını verir. Onu da deyim ki, rekonstruktiv əməliyyat bədənin yalnız bir nahiyəsi ilə bağlı deyil. Başdan-ayağadək vücudun bütün hissələrində rekonstruktiv əməliyyat aparıla bilər. Bunun üçün yaş sərhədi də yoxdur.

 

- Teymur müəllim, konkret olaraq hansı hallarda bu əməliy­yata ehtiyac yaranır?

- Uşaqlarda dodaq-damaq yarıqları, baş sümüklərində şəkil pozğunluğu, barmaqlarda yapışıqlıq, artıq barmaq kimi problemlər olduqda, yeniyetmələrdə isə döşün olmaması, çənə yoxluğu, burunda olun pozuntular zamanı rekonstruktiv müdaxiləyə ehtiyac yaranır. Üz sinirlərinin iflici və dərin yaraları zamanı ortaya çıxan problemlər də rekons­truktiv cərrahiyyənin əhatə dairəsindədir.

Müasir dövrdə əvvəllər düzəldilməsi mümkün olmayan, yaxud da  çətin olan anadangəlmə və ya sonradan qazanılmış anormallıqlar, funksional pozğunluqlar indi daha asan bərpa olunur. Bu əməliyyatlar nəticəsində qopmuş, itirilmiş orqan sadəcə həmin hissəyə "yapışdırılmır", eyni zamanda bərpa edilən və ya yenisi ilə əvəz olunan orqanın bütün funksiyalarının bərpasına çalışılır. 

Bir sözlə, rekonstruktiv cərrahiyə üzü və bədəni yenidən inkişaf etdirir, fiziki funksiyaları bərpa edir və gücləndirir. Anadangəlmə, qəza və ya xəstəlik nəticəsində əmələ gələn deformasiyaları minimuma endirir.

Onu da qeyd edim ki, kosmetik gözəllik yaratmaq məqsədi ilə həyata keçirilən estetik əməliyyatlarla rekonstruktiv əməliyyatlar sıx əlaqədədir. Məsələn, üz iflici zamanı edilən əməliyyatla yalnız estetik gözəllik qaytarılmır, eyni zamanda üzdəki tarazlıq təmin olunur, mimik hərəkətlərin funksiyası bərpa edilir. Və ya genetik, hormonal dəyişikliklər, hər hansı bir xəstəlik nəticəsində ortaya çıxan döş deformasiyalarının əməliyyatına, yalnız gözəllik məqsədi ilə atılmış addım kimi baxmaq düzgün deyil. Məsələ burasındadır ki, bu çatışmazlıqlar əməliyyat nəticəsində bərpa olunmazsa, döş, bel və boyunda ağrılara səbəb olar, qozbellik yaranar, qollarda keyimə baş verə bilər.

 

- Rekonstruktiv əməliyyat insanın əvvəlki simasını tam qaytarmağa imkan verirmi?

- Bəzi hallarda əvvəlki simanı bərpa etmək çətin olur. Biz xəstənin şəklinə baxır, onun sifətini bərpa etməyə çalışırıq. Bəzən də xəstə özü əvvəlki sifətini istəmir, məsələn burnu böyük, əyri  olubsa, deyir başqa cür istəyirəm. Əksər hallarda biz xəstənin istəyinə uyğun olaraq əməliyyat aparırıq.  Əməliyyatdan öncə xəstə ilə danışırıq və bir çox hallarda onun istəyini nəzərə alırıq.

 

- Bəllidir ki, uşaqlar daim hərəkətdə olduqlarından tez-tez yıxılırlar. Və bu zaman müəyyən zədələr də alırlar. Bu zədələr sonrakı illərdə fəsadlar yarada bilərmi? Valideynlərə nə məsləhət görərdiniz?

- Uşaqları hər zaman qorumaq və onlara qarşı həmişə diqqətlə yanaşmaq lazımdır. Həqiqətən də uşaq hər zaman hərəkətdə olduğundan harasa dəyir, yıxılır və bu zaman yüngül və ağır zədələr alır. Amma valideynlər səhlənkarlıq göstərərək həkimə müraciət etmirlər. Yaş artdıqda isə həmin zədələr müxtəlif fəsadlar törədir. Məsələn, erkən yaşlarında yıxılıb burnu zədələnən uşağın böyüdükcə aldığı zədənin nəticəsi burunda çəpər əyilmələri şəklində özünü büruzə verə bilər. Bu isə təbii ki, onun yaxşı nəfəs almasında problemlər yaradır, qaça bilmir. Bununla da zəncirvari proses başlayır: tənnəffüs yolları xəstələnir, ürəyə güc düşür, ağciyərlər yüklənir, bəzi hallarda bronxit, allergik rinit, laringit kimi xəsətliklər yaranır. Hər kəsə bəllidir ki, uşaqlarda müxtəlif vərdişlər olur, bəziləri qələm çeynəyir, dişinə çöp salır, bəziləri uzun müddət əmzik yeyir və s. Bu vərdişlərə diqqətlə yanaşmaq lazımdır. Məsələ burasındadır ki, 3-4 yaşına kimi əmzik yeyən uşaqlarda üst çənədəki dişlər qabağa, alt çənə isə arxaya doğru formalaşır. Bunun nəticəsində də yemək yeyərkən qida yaxşı xırdalanmır, həzm prosesində müxtəlif fəsadlar əmələ gəlir, hətta  mədə xəstəliklərinə gətirib çıxarda bilir. Ona görə də mən valideynlərə məsləhət görərdim ki, uşaq zədə alarsa, onda müxtəlf vərdişlər varsa, mütləq mütəxəssisə müraciət etsinlər ki, sonradan yarana biləcək fəsadların qarşısı alınmış olsun.

 

- Göründüyü kimi, adları çə­kilən əməliyyatlar o qədər də asan keçmir. Hər bir əmliyyatın özünəməxsus çətinliyi olur. Amma bununla belə yəqin ki, yaddaşınızda ən çətin keçən əməliyyatlar siyahısı da var...

- Çətin keçən əməliyyatlarım çox olub. Amma həqiqətən biri lap çətin olub. İntihar məqsədilə ov tüfəngini çənəsinə söykəyib, özünü güllə­lə­yən bir xəstəm vardı. Güllə onun alın nahiyəsindən çıxmışdı, amma əsas orqanları zadələmədiyi üçün sağ qalmışdı. Güllə onun sifətini demək olar ki, iki yerə bölmüşdü. Üç il həmin xəstənin üzərində işlədim və bir neçə əməliyyatdan sonra o normal həyata qayıtdı.

 

- Teymur müəllim, sizin yolu­nuzu davam etdirənlər varmı?

- Mənim çox peşəkar, hazırlıqlı tələbələrim var. Vaxtilə Azərbaycanda bu sənət yaxşı inkişaf etməmişdi. Ona görə də mən bu sənətin incəliklərini Moskvada öyrənmişəm. İndi də həmin incəlikləri tələbələrimə öyrədirəm. Onların arasında elmlər namizədi olanlar da var. Kafedramızda dörd elmlər doktoru çalışır. Nəzərinizə çatdırım ki, Azərbaycanda qonşu ölkələrlə müqayisədə plastik cərrahiyyə əməliyyatları çox yüksək səviyyədə aparılır.

 

- Yeri gəlmişkən, Azərbaycanda bu sənətin vəziyyəti necədir, gələcəyini necə görürsünüz?

- Getdikcə ölkəmizdə bu sahə genişlənməyə başlayır. Əvvəllər məcburiyyət qarşısında qalan, hər hansı qəzaya uğrayan insanlar plastik əməliyyatlara üz tuturdularsa, indi estetik cəhətdən gözəl görünmək istəyənlər də həddindən artıq çoxdur. Təbii ki, inkişaf olan yerdə problem də olur. Bizdə plastik cərrahiyyəni dərindən öyrənmək üçün fakültələr, dərs vasaiti yoxdur. Düzdür, biz yuxarı kurs tələbələrinə bu haqada məlumat veririk, amma təbii ki, bizim dediklərimiz yetərli olmadığından onlar xaricdə oxumağa məcbur olurlar. Müsbət cəhət odur ki, xarici ölkələrdə bu sənəti öyrənən vətəndaşlarımız vətənə qayıdıb, burada işləyirlər.

 

Gülnar Mayisqızı

5119 dəfə oxunub

ANTİBİOTİKLƏR VƏ FƏSADLARI
Məhəmməd Kərimov 1955-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Tibb İnstitu­tunun müalicə-profilaktika fakültəsinə qəbul olunub. SSRİ Tibb Elmlər Akademiyasının A.V.Vişnevski adına Cərrahiyə İnstitutunda fəaliyyət göstərib. 1988-ci ildə namizədlik dissertasiyanı müdafiə etdikdən sonra Azərbaycana qayıdıb. Həmin vaxtdan da Tibb Universitetində çalışır. Səhiyyə Nazirliyinin baş cərrahıdır.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB