«SAĞLAMLIQ ALLAHIN ƏMANƏTİDİR»

Əlfəddin Abdullayev: «İndiki zamanda hər kəs özünün həkimi olmağı bacarmalıdır»

 

Biz onu "Sağlamlıq" verilişindən tanıyırıq. Düzdür, indi həmin proqram artıq yayımlanmır. Amma onu ekranlarda görəndə istər-istəməz yadımıza "Sağlamlıq" verilişi düşür.

Sağlamlıqla bağlı müasir veri­li­ş­lər bizi qane etməyəndə, xoşumuza gələn məqamlar olmayanda da, onu yada salırıq. Çünki üzündə daim nur olan bu insan təkcə tibbi məsləhətləri ilə deyil, danışığı, ifadələri ilə də insanlara şəfa bəxş edirdi.

"Bizim qonaq" rubrikasında bu dəfəki müsahibimiz Əlfəddin Abdullayevlə söhbət zamanı ayrı-ayrı məqamlara toxunsaq da, söhbətin bir ucu yenə sağlamlığa gəlib çıxdı.

 

- Necə oldu ki, tibb sahəsini seçdiniz?

- Həkimlik peşəsinə həmişə böyük hörmətim və həvəsim olub. Digər tərəfdən doğulub, boya-başa çatdığım kənddə həkim yox idi. Bu amil də mənim tibb sahəsini seçməyimdə rol oynayıb. Ona görə də orta məktəbi əla qiymətlərlə oxuduğum üçün tərəddüd etmədən 1946-cı ildə sənədlərimi Tibb İnstitutuna verdim. Elə həmin il ali məktəbə qəbul oldum. Onu da xatırladım ki, həmin illərdə oxumaq çox çətin idi. Ölkədə ərzaq qıtlığı hökm sürürdü. Hətta iş o yerə çatmışdı ki, bizə gündəlik iki talon verirdilər, biri yarım kloqram qara çörək, biri də borş yemək üçün. Bu qidalar bizim bir günlük yemək rasionumuzu təşkil edirdi. 1948-ci ildə talon sistemi ləğv edildi. Tələbə yataqxanasında hamı bayram edirdi.

 

- Əlfəddin həkim, siz insanların inamını, hörmətini, məhəbbətini qazanmısınız, bütün bunları əldə eləmək çətin olmayıb ki?

- Ümumiyyətlə, insanların inamını qazanmaq çətin bir işdir. Bunun üçün gərək hər an çalışasan. Həkim olub, inam, etibar, etimad qazanmaq isə daha çətindir. Yaxşı həkim olmaq üçün insanda saf istək, saf niyyət olmalıdır. Mənim istək və niyyətim isə həmişə xeyirxahlıqdan ibarət olub. Bu yaşa çatmışam, amma indi də hər axşam yatmamışdan əvvəl öz-özümə hesabat verirəm ki, bu gün hansı yaxşı bir işi görə bildim. Zənnimcə, insanlar xeyirxahlıq eləməyə tələsməlidirlər.

Təbii ki, insanların məni tanımasında, etibar etməsində televiziyanın da böyük rolu olub. "Sağlamlıq" proqramını hazırlayarkən çalışırdım ki, maraqlı, hikmətli sözlər, insan əhval-ruhiyyəsini qaldıran kəlmələr işlədim, bu vasitə ilə insanlara ümid verim, onların itən ümidlərini bərpa edim. Çünki insanı yaşadan, sağaldan ümiddir. Həyatın yarısı arzudur, yarısı ümid. İnsanda ümid olduqda, ən ağır xəstəliyin belə öhdəsindən gələ bilir. Ümid insan orqanizmində onun şəfa tapmasına kömək edən maddələr əmələ gətirir. Təəssüf ki, bu incəliklər müasir tibdə, elmdə öz izahını tapa bilmə­yib. Onu da deyim ki, insan ətrafdakıların inamını, etibarını tədricən qazanmalıdır. Bunun üçünsə insanlar həmişə yaxşılıq eləməyə çalışmalıdırlar. Tibdə ən məşhur rəmz hər kəsə bəlli olan ilan və piyalədir. Amma məncə ən yaxşı rəmzi 500 il bundan əvvəl yaşamış holland həkim verib. O rəmz kimi "yanar şam"ı göstərmişdi. Mən də "yanar şam"ı seçmişəm. Ona görə ki, əsl həkimlər yanar şam kimi olmalıdırlar. Xəstəni sağaltmaq, ona şəfa vermək üçün sidq ürəklə çalışmalı, xəstə üçün yanmağı bacarmalıdırlar. Məşhur filosof, həkim İbn-Sina deyir ki, özünü təbabətə həsr edən adam mərhəmətli, sadə, təmənnasız, pak, açıq ürəkli və təmkinli olmalıdır. Onun zahiri görkəmi abırlı, sözü-söhbəti yığcam, baxışı açıq-aydın, geyimi səliqə-səhmanlı, həm də sadəliyi ilə seçilməlidir. Bütün siması etimad və rəğbət  doğurmalıdır. Həkimin səmimiliyi, ünsiyyət qabiliyyəti  müalicə vasitələrindən biri olmalıdır.

 

- Əlfəddin həkim üçün sağlam həyat tərzi nə deməkdir?

- Birincisi, səhərlər yataqdan vaxtında durmaq, namaz qılmaq, vaxtında yemək, yemək yeyərkən tələsməmək. Sağlam insan 8 saat, hər hansı xəstəliyi olan adam isə 10 saat yatmalıdır. Bundan başqa, hərəkət eləmək. İnsan dəqiqədə 70-100 addım getməlidir. Yaponların xüsusi addımölçən cihazları var. Yeriyən zaman üzərilərinə taxırlar ki, bu şərtə əməl edə bilsinlər. Bir gündə bir yapon ən azı 8-9 kilometr yol getməsə, yatmaz. Məsələn, mən ayda 130 kilometr piyada yol gedirəm. Bundan başqa sinir sistemlərini sakit saxlamaq lazımdır. Çünki bir çox xəstəliklərin yaranmasına əksər hallarda əsəb gərginliyi səbəb olur. Belə ki, əsəb və stress qanda adrenalinin miqdarını artıraraq, digər orqanlara mənfi təsir göstərir. Qanda adrenalinin miqdarı qalxdıqda isə şəkərin miqdarı artır, qan təzyiqi yüksəlir, qanda laxtalanma əmələ gəlir. Belə hallarda hərəkət etmək, piyada yol getmək məsləhət görülür. Çox yemək, çox yatmaq, hətta çox danışmaq da məsləhət deyil. Ən əsası isə düzgün qidalanmaq lazımdır. Bu gün insanların əksəriyyəti normal qidalanmaya bir o qədər də əhəmiyyət vermirlər. Hətta bir çoxları səhər yemək yemir. Nəzərinizə çatdırım ki, bu çox yalnış bir vərdişdir. Keçmişdə deyərdilər: "Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı tərgit". Bizdə isə əksinə edirlər. Bunun nəticəsi olaraq insanda piylənmə əmələ gəlir. Xüsüsi ilə də çox şəkər yemək olmaz. Çünki 25 qr şəkər 15 qr piy əmələ gətirir. Piy qatı isə qaraciyərin və ürəyin üstünə yığılaraq, orqanların funksiyasını pozur. İndi qadınların 50, kişilərin 4, uşaqların isə 10 faizində piylənmə gedir. Fransızlar kökəlməni üç şərti dərəcəyə bölürlər. Onlar deyirlər ki, birinci dərəcə normadan 20% artıq olur və bu dərəcədə kökələn insan yaraşıqlı görünür. İnsanda ikinci dərəcəli kökəlmə baş verdikdə isə gülməli görünür. Üçüncü dərəcəyə çatanda isə ona yazığın gəlir. Fransada başqa bir adət də var. Xüsusi bir qapan düzəldiblər. Özünü çəkdirən adamın çəkisi 100 kiloqramı ötürsə, məşhur bəstəkar Şopenin matəm marşı səslənir.

Müasir dönəmdə insanın düçar olduğu xəstəliklərin kökündə əsasən stress durur. Xüsusilə də ürəyin işini çətinləşdirən amil stressdir. Ona görə də gündəlik həyatımızda stressdən uzaq olmağa çalışmalıyıq. Təsadüfi deyil ki, "ağlayan uşağın ağlamağını kəsib, onu güldürə bilmək, böyük bir binanı inşa edən memarın işindən daha çox dəyərlidir" deyirlər.

 

- Maraqlıdır, stressdən necə yayınmaq olar?

- Stressdən, ətraf təsirlərdən qidalanmaya fikir verməklə qorunmaq olar. Çoxlu meyvə-tərəvəz yemək lazımdır. Məsələn, Yaponiyada əhalinin cəmi 1 faizi stressdən əziyyət çəkir. Çünki onlar ildə 500 kq tərəvəz yeyirlər. Şirniy­yatdan, duzdan az istifadə etmək lazımdır. İnsan orqanizmi üçün 12 qr duz lazımdır ki, bu da müxtəlif qidaların tərkibində orqanizmə daxil olur. Artıq duz isə damar divarlarına yığılır, təzyiqi artırır, qanı laxtalandırır.

Bir sözlə "Dədə Qorqud" dastanında deyildiyi kimi, dünya gəlimli, ge­dimli, bir ucu da ölümlüdür. Heç kim dünyanı tutub, duran deyil. Lakin sağlam həyat tərzi keçirmək lazımdır. Çünki bu dünyada bir gün artıq yaşamaq özü böyük xoşbəxtlikdir. İngilis kraliçası ölüm yatağında olarkən ömrünün bir gün uzadılmasının müqabilində həkimə bütün İngiltərəni bağışlayacağını deyir. Amma həkim bildirir ki, artıq gecdir. Can Allah tərəfindən bizə verilən əmanətdir. Əmanətə isə xəyanət eləmək olmaz.

 

- İndi insan səhhətinə mənfi təsir göstərən süjetlər, filmlər ço­xalıb. Hətta elə cizgi filmləri var ki, uşaqların səhhətinə mənfi təsir göstərir. Sizcə, bu təsirlərdən özümüzü necə qorumalıyıq?

- İndi efirdə kim nə istəyir, onu da edir və deyir. Mən AzTV-də "Sağlamlıq" proqramının aparıcısı olanda hər sözümüz diqqətlə yoxlanırdı. İndi vəziyyət dəyişib. İki kəlməni dalbadal deyə bilməyən cavan uşaqlar bir də görürsən veriliş aparır. Filmlərə, süjetlərə gəldikdə isə çalışmaq lazımdır ki, ailə üzvləri, xüsusilə də uşaqlar qorxulu kinolara, cizgi filmlərinə, süjetlərə baxmasınlar. Bundan başqa televizora 2 metrdən yaxın, 5 metrdən uzaq olmamaq şərti ilə baxmaq lazımdır. Ümumiyyətlə, 3 yaşına qədər uşaqlara televizora baxmaq olmaz. Çünki bu, müasir xəstəliklərdən olan "televizor piylənməsi" ilə nəticələnir.

Təkcə televizordan deyil, insan özünü ətraf təsirlərdən də qorumalıdır. Həyata nikbin ruhla baxmaq, ümidlə yaşamaq lazımdır. Şair Əmir Xosrov Dəhləvi deyir ki, "su, arpa çörəyi, bir də otaq küncü qismətim olsa, bəxtiyaram mən". Monqollar isə deyirlər ki, "sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan". 

 

- Müasir dövrdə insanların daha çox stressdən əziyyət çəkdiyini dediniz. Bəs indi daha çox hansı xəstəliklər geniş yayılıb?

- İndi qan təzyiqi, şəkərli diabet geniş yayılıb. Yaşı 60-a qədər olanlar arasında hər 3 nəfərdən birində, yaşı 60-dan yuxarı olanlar arasında isə hər 2 nəfərdən birində qan təzyi­qi xəstəliyi var. Səkkiz nəfərdən biri isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 

 

- Səbəbi nədir?

- Qeyd etdiyim kimi, stress, əsəb. İnsan qorxduqda, stress keçirdikdə, qanda adrenalin çoxalır, ürəyin fəaliyyəti zəifləyir, bu da müxtəlif xəstəliklərə səbəb olur. Ona görə də özümüzü qorumalıyıq. İndiki zamanda hər kəs özünün həkimi olmağı bacarmalıdır.

 

- Əlfəddin Abdullayev ailə xoşbəxtliyini nədə görür?

- İnsan həyatının əsasını təşkil edən ailənin xoşbəxtliyində nigahın vaxtında yaranması və onun göz bəbəyi kimi qorunması əvəz edilməz əhəmiyyət kəsb edir. Ailə sağlam təməl üzərində qurulmalıdır. Biri-birini başa düşmək, yola vermək ailənin daimi olmasını şərtləndirir. Zənnimcə, yaxşı ailə qurmaq ustalıq olsa da, onu qorumaq böyük məharət tələb edir.

Ailə həyatı özü bir məktəbdir. Burada ər-arvad bir-birilərini öyrənir, uşaqları tərbiyə edirlər. Ailə üzvlərinin sağlam olması ailənin ən ümdə xoşbəxtliyidir. Bu xoşbəxtliyi isə hər kəs qorumalıdır. Çünki sağlamlığa göstərilən qayğı ən yaxşı dərmandır. İnsan ona məxsus digər var-dövləti gizlətməyə çalışsa da, sağlamlıq kimi əvəzedilməz xəzi­nəni həmişə özü ilə gəzdirir. Nə qədər ki, sağlamlıq kimi bir xoşbəxtliyi var, insan onu hiss etmir. Onu yalnız xəstəlik tapanda duyur.

Yaxşı olar ki, hər bir gənc nigahın, ailə xoşbəxtliyinin  əhəmiyyətini öyrənərək, dədə-baba məsləhəti olan "tez duranla tez evələnən uduzmaz" kəlamına əməl etsinlər.

Gülnar Mayisqızı

5709 dəfə oxunub

FOLKLORŞÜNAS ALİMLƏ TİBBƏ DAİR SÖHBƏT
Biz onu "Altı il Dəclə-Fərat sahilində" adlı elmi-publisistik əsərindən tanıyırıq. İraqdan, burada yaşayan türkmanlardan, onların hə­yatından, folklorundan, dərdindən-sərindən bəhs edən bu kitab elə po­pulyarlıq qazanmışdı ki, əl-əl, ev-ev gəzirdi. 1996-cı ildə bu kitab İraqda çap olunandan sonra ölkə prezidenti ona pul mükafatı da təyin etmişdi. Amma o, bu mükafatın vəziyyəti ağır olan İraq türkmanlarına verilməsini xahiş etmişdi.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB