Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Kamran Musayevin müsahibəsi:
– Azərbaycanda ürək – damar xəstəlikləri ilə bağlı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
– Bu məqamı bir daha qeyd etmək istəyirəm. Təəssüf ki, həm Azərbaycanda, həm də dünyada ürək – damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər arasında birinci yerdədir. Ötən il Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə baxsaq görərik ki, ürək – qan dövranı xəstəlikləri Azərbaycanda da ölümə səbəb olan xəstəliklər arasında birinciliyini qoruyur. Dünyadakı tendensiya da belədir. Kardiologiya, ürək – damar cərrahiyyəsində, ümumi səhiyyədəki inkişafa baxmayaraq, bu tendensiya hələ də davam edir. Bizim ölkəmizdəki səhiyyənin son 15 ildəki inkişafına baxdığımız zaman nisbi olaraq bu ölüm faizində bir azalma olduğunu söyləyə bilərik. Nəyə görə? Hər şeydən əvvəl, bizim diaqnostik imkanlarımız artıb. 15 – 20 il əvvəl diaqnozu qoyula bilməyən xəstələrin çoxuna bu gün diaqnoz qoyulur. Digər tərəfdən müalicə imkanlarımız da çoxalıb. Bir daha qeyd edirəm ki, 15 – 20 il əvvəl respublikamızda müalicəsi, əməliyyatı mümkün olmayan xəstələr, bu gün Mərkəzi Klinik Xəstəxana başda olmaqla, ölkəmizdəki müxtəlif mərkəzlərdə əməliyyat olunur. Bu faktlara görə bir azalma olduğunu söyləmək mümkündür. Amma yenə də, biz hamımız çox çalışmalıyıq ki, ürək-damar xəstəliklərindən ötrü itirilən insanların sayını mümkün olduğu qədər azaldaq.
– Ölkəmizdə ürək transplantasiyası nə zaman həyata keçiriləcək? Bununla bağlı, hər hansı bir iş aparılırmı?
– Azərbaycanda orqan transplantasiyası ilə bağlı qanunvericilik 1999-cu ildə təsdiq olunub. Böyrək, qaraciyər köçürülmələri ölkəmizdə uğurla həyata keçirilir. Ürək transplantasiyasının həyata keçirilməsi üçün bizim meyitdən orqan köçürülməsinə ehtiyacımız var. Çünki biz cüt olan orqanlardan və ya hissəvi köçürülməsi mümkün olan orqanları – qaraciyər, böyrək kimi orqanları biz canlı donorlardan götürüb köçürə bilirik. Amma ürək və ya başqa tək olan orqanların köçürülməsi üçün bizim beyin ölümü diaqnozunun təsdiqlənmiş olan xəstələrə ehtiyacımız var. Yəni biz donor kimi bunlardan istifadə edək. Bu barədə hazırlıqlar da mənə elə gəlir ki, artıq son mərhələdədir. Mən inanıram ki, ölkəmizdə ürək transplantasiyası da yaxın vaxtlarda həyata keçiriləcək. Dünyada ürək transplantasiyasının müəyyən məhdudiyyətləri var. Burada ən başlıca məhdudiyyət donor sayının azlığıdır.
Bir statistikanı diqqətinizə çatdırmaq istərdim. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində də donorlar ürək transplantasiyası gözləyən xəstələrin sadəcə 5%-nə kifayət edir. Çünki bayaq da qeyd etdiyim kimi, biz ancaq beyin ölümü olan xəstələrdən ürək köçürə bilərik. Ona görə də, ürək – damar cərrahiyyəsi, tibb elmi bunlara alternativlər axtarır və bu alternativlərdən ən önəmlisi də “süni ürək” köçürülməsi əməliyyatıdır.
– Azərbaycandan ürək – damar əməliyyatına görə xarici ölkələrə üz tutan xəstələrin sayındakı artım və ya azalma barədə nə deyə bilərsiniz? Bir də, Azərbaycandakı səhiyyə ocaqlarına, elə Sizin xəstəxanaya əməliyyat üçün müraciət edən əcnəbilər varmı?
– Bu suala görə sizə minnətdarlığımı bildirirəm. Mən 2001-ci ildə ölkədə fəaliyyət göstərməyə başlayanda bizim azərbaycanlılar ürək – damar əməliyyatları üçün müxtəlif ölkələrə gedirdilər. Bir azərbaycanlı kimi bu hal məni ağrıdırdı. Amma bu gün bir azərbaycanlı kimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri kimi tam məsuliyyətimlə deyirəm ki, həmin tendensiya tam tərsinə çevrilib.
Bu gün mən ən azı öz xəstəxanamızdan deyə bilərəm ki, bizim Rusiya, Türkiyə, İran, İngiltərə, Şotlandiya, ABŞ, MDB məkanından çoxlu sayda pasientlərimiz var. Onlar yalnız ürək – damar əməliyyatları üçün deyil, digər xəstəliklərə görə də Mərkəzi Klinik Xəstəxanaya müraciət edirlər.
– Anadangəlmə ürək qüsurlarının yaranma səbəbləri nə ilə bağlıdır?
– Anadangəlmə ürək qüsurları bizim sahədə özünəməxsus yer tutur. Mən həmişə bir məqamı vurğulayıram ki, anadangəlmə ürək qüsurlarının böyük əksəriyyəti, tam müalicəsi mümkün olan xəstəliklərdir. Anadangəlmə ürək qüsurlarının səbəbləri də çox vacibdir. Mənim kimi praktik cərrahlar isə, səbəbdən çox nəticə ilə maraqlanır. Ürək – damar xəstəliklərinin bir çoxundan fərqli olaraq, anadangəlmə ürək qüsurlarının böyük əksəriyyətini biz tam müalicə edə bilirik. Yəni bu uşaqlara biz vaxtında diaqnoz qoya bilsək və müvafiq bir əməliyyat apara bilsək, bu uşaqların böyük əksəriyyəti sonrakı həyatına tam sağlam uşaq olaraq davam edə bilərlər. Ananın hamiləlik dövründəki keçirdiyi infeksiyalar, hamilə qadının qidalanması, qohum evliliyi və s. anadangəlmə ürək qüsurlarının yaranma səbəbləridir. Bir çox halda, bizim qeyd etdiyimiz səbəblərin heç biri olmadan da anadangəlmə ürək qüsuru ilə doğulmuş uşaqla qarşılaşa bilirik. Amma yenə deyirəm, səbəbi nə olursa olsun, bizim üçün müalicə taktikası dəyişmir, yəni əgər əməliyyat olunması lazımdırsa, biz onu əməliyyat etməliyik.
Ürək – damar cərrahiyyəsinin verdiyi imkanlarla anadangəlmə ürək qüsurlarının çox böyük əksəriyyətini biz uğurla əməliyyat edə bilirik. Mərkəzi Klinik Xəstəxanada da bu əməliyyatlar uğurla icra olunur. Bu yaxınlarda vaxtından əvvəl doğulmuş, çəkisi 1 kq 700 qram olan körpəmizi anadangəlmə ürək qüsuruna görə əməliyyat etdik və onu tam sağlam şəklində valideynlərinə təhvil verdik.
– Son illər kardiocərrahiyyə Azərbaycan səhiyyəsinin ən inkişaf edən sahələrindən biridir. İndi hətta körpələr üzərində açıq ürək əməliyyatları aparılır. Hələ 2013-cü ildə Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb. Ancaq insanlar nədənsə müalicə üçün xaricə üstünlük verirlər. Bəlkə, onlar öz həkimlərimizə etibar etmirlər?
– İndi vəziyyət dəyişib. Yadımdadır ki, Mərkəzi Klinik Xəstəxanada işlədiyim ilk illərdə, yəni 2000-2001-ci illərdə Azərbaycan vətəndaşları müalicə üçün əsasən xaricə üz tuturdular. Bu da narahatlıq doğurmaya bilməzdi. Demək olar ki, hazırda bu tendensiya azalmağa doğru gedir. Bu gün respublikadakı mövcud xəstəxanalarda ürək cərrahiyyəsi sahəsində problemlər aradan qalxıb və xəstələrin xarici ölkələrə getməsinə daha ehtiyac qalmayıb. Təkcə Mərkəzi Klinik Xəstəxanada deyil, bir sıra digər tibb mərkəzlərində də kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində dünya standartlarına uyğun çox uğurlu əməliyyatlar aparılır. Sevindirici haldır ki, vətəndaşlarımız öz xəstəxanalarımızda müayinə və müalicə olunmağa üstünlük verirlər. Hətta xarici vətəndaşlar da müalicə üçün bizə müraciət edirlər. Bizim xəstəxanada ABŞ, İngiltərə, Hindistan, Almaniya, Rusiya, Ukrayna və digər ölkələrin vətəndaşları əməliyyat olunub. Deməli, onlar Azərbaycan həkimlərinin peşəkarlığına etibar edirlər ki, burada əməliyyat olunmağa razılıq verirlər.
Ölkəmizdə kifayət qədər kadr potensialı və səhiyyə infrastrukturu mövcuddur. Bu gün Mərkəzi Klinik Xəstəxanada və digər tibb ocaqlarımızda olan müasir avadanlıqlar, yüksəkixtisaslı mütəxəssislər ən mürəkkəb əməliyyatları aparmağa qadirdirlər. Tam əminliklə deyə bilərəm ki, komandamız yeni doğulmuş körpə, 90 yaşlı qoca üzərində də ürək əməliyyatları həyata keçirə bilir. Bir sözlə, dünyada elə bir çətin ürək əməliyyatı yoxdur ki, onu Azərbaycanda həyata keçirmək mümkün olmasın.
– Minlərlə xəstəni əməliyyat etmisiniz. Yaddaşınızda xüsusi qalan xəstə varmı?
– Ürəyində nadir problemi olan xəstələr yadımda daha çox qalır. Ən çox yadda qalan xəstələrimdən biri ölkəmizdə ilk dəfə süni ürək köçürdüyümüz xəstədir. 3 il bundan əvvəl gerçəkləşən bu əməliyyatdan sonra sözügedən xəstəmiz ailəsi ilə birlikdə mütəmadi olaraq yoxlamaya gəlib-gedir. Onlarla qarşılaşanda 3 il bundan əvvəlki ağır günləri xoş xatirə kimi yada salırıq. Həmin xəstə deyir ki, “mən indi 3 yaşımdayam”. Mənim üçün xoşdur ki, onun övladları universitetə qəbul oldu və ataları onların yanındadır, yaşayır, işləyir. Bu, həkimliyin ən gözəl tərəfidir.
Əməliyyat etdiyim xarici ölkələrin vətəndaşları da yadımda qalır. Bunların arasında ABŞ, İngiltərə, Almaniya, Pakistan, Hindistan, Türkiyə, İran, MDB ölkələrində olan xəstələrimi yaxşı xatırlayıram.
– Kamran həkim, bir qədər də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” beynəlxalq konqresindən danışaq. Bu konqresin keçirilməsi təşəbbüsünün əsasında nə dayanır?
– Təəssüf ki, bütün dünyada, eləcə də Azərbaycanda ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. Hər il dünyada on milyonlarla insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2030-cu ildə bu rəqəm 23 milyona çata bilər. Buna görə ürək ölümlərinin sayının azaldılması əsas hədəfdir. Qarşıya qoyulan hədəfə çatmağın yolu məhz insanların tibbi maarifləndirilməsidir. Bu baxımdan keçirdiyimiz konqreslərin böyük əhəmiyyəti var.
“Bakı Ürək Günləri” beynəlxalq konqresini təşkil etməkdə məqsəd ölkəmizdə həyata keçirilən dövlət tibb siyasətinə, respublikamızın bu sahədə əldə etdiyi uğurların təbliğinə, eləcə də yerli mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına dəstək olmaqdır. Konqresdə yerli ürək həkimləri kardiologiya və kardiocərrahiyyə sahəsində dünyadakı ən son yeniliklərlə tanış olur, eləcə də yerli və xaricı mütəxəssislərin bu sahədə təcrübə mübadiləsinə imkan yaradılır. Son konqresdə dünyanın 15-dək ölkəsindən 400-dən çox kardioloq və kardiocərrah iştirak edib. Konqresin fəxri mühazirəçisi isə ABŞ-ın Klivlend Klinikasının ürək-damar cərrahı, professor Brus Laytl olub. Məlumat üçün bildirim ki, professor Laytl həm də ümummilli liderimiz Heydər Əliyevi Klivlend Klinikasında əməliyyat edən həkimdir. Məhz onun bu ilki konqresdə iştirakı ulu öndərimizin xatirəsinə həsr etdiyimiz Konqresin əhəmiyyətini bir daha artırdı.
– Sizcə, Bakıda keçirilən bu tədbirin səviyyəsi, eləcə də, konqresdə müzakirə olunan məsələlər, dinlənilən məruzələr dünya ölkələrində keçirilən analoji toplantılarla eynilik təşkil edirmi?
-Tam səmimiyyətlə və əminliklə söyləyə bilərəm ki, bəli, “Bakı Ürək Günləri” beynəlxalq konqresi hər cəhətdən – istər iştirakçılar baxımından, istər müzakirə olunan məsələlər baxımından – dünyada keçirilən bu tip konqreslərlə eynilik təşkil edirdi. Bunu iki cəhətdən dəyərləndirmək lazımdır. Birincisi, bu, nəticə etibarilə bir elmi konqres idi. Bizim burada müzakirə etdiyimiz məsələlər kardiologiya və ürək cərrahiyyəsi sahəsinin ən aktual mövzular olur. Bu məsələlər dünyanın istənilən yerində keçirilən analoji konqreslərin əsas mövzularıdır. Mən, Amerika və Avropa Ürək Cərrahiyyəsi cəmiyyətlərinin üzvü kimi, vaxt tapdıqca ildə ən azı iki-üç dəfə ABŞ və digər ölkələrdə keçirilən konqreslərdə iştirak edirəm.Tam əminliklə söyləyə bilərəm ki, Bakıda müzakirə olunan mövzular dünya tibb elmini narahat edən ən aktual məsələlərə həsr olunur.
İkinci isə, konqresin təşkilatı işini xüsusi olaraq qeyd etmək istərdim. Toplantıda iştirak edən xarici qonaqlar öz çıxışlarında dəfələrlə vurğuladılar ki, Bakıdakı tədbir, həm iştirakçıların sayı və tərkibinə görə, həm də müzakirə olunan mövzular baxımından çox yüksək səviyyədə təşkil olunub.
Axşamınız xeyir olsun sualım Kamran həkimedi oğlumun inşallah 15yasi olacaq ürəyinde problem orta dərəcəlidir Loru dildə deyim qapaqcigin 2si açılıb baglanmadadur həkimin qəbuluna gətirmək müalicə etdirmək istəyirəm mümkündur mümkünsə ne vaxt gələ bilərəm qəbulu nədi