Azərbaycan torpaqlarının 20 faizini 30 il ərzində işğal altında saxlayan erməni təcavüzkarları Qarabağda məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, kurqanları bir sözlə tarixi mədəniyyət abidələrini dağıtmışlar. Bu isə “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” Yunesko-nun 1972-ci il konvensiyasına ziddir.
Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərimizdə infrastruktur məhv edilib, Qarabağ ərazisində yerləşən maddi-mədəni irsimiz dağıdılıb, talan edilmişdir.
Zeynəb İsmayılqızı
Qeyd edim ki, Şuşa Azərbaycanın incisi, abidələr şəhəridir. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulub və ilk çağlarda Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırıbdır. 1905,1920 və 1992-ci illərdə Şuşa 3 dəfə tamamilə yandırılmışdır. Mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. “Şişə” (Şiş qayalarla əhatə olunduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası “uc”,”yüksək olan” “şiş” komponenti ilə izah edirlər.
Tarixin yaddaşı və yadigarları olan abidələr maddi mədəniyyət nümunələridir. Buna görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacib məsələlərdəndir.
Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlərqurdu, Hacı Yusifli, Çölqala, Urudlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə, Merdinli. Məhəllələrdə hamam, məscid və bulaqlar vardır.
XIX əsrin sonu XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar.
XX əsrin əvvəllərinədək Azərbaycanda o cümlədən Şuşada musiqi sənəti ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir bəy Hacıbəyovun böyük əməyi sayəsində professional musiqi təhsilinin bünövrəsi qoyulur.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədi ilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini,Molla Pənah Vaqifin məqbərəsini yerlə yeksan etmiş,7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumi təhsil məktəbini, mədəni-maarif,kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Milli Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarix muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dək çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük qələbənin sevincini yaşadıq.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə tarixi mədəniyyət abidələrinin və muzeylərin bərpası, habelə yenidən qurulması işləri sürətlə davam edir. Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə, həmçinin mütərəqqi üsullar tətbiq edilir.
Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və kompleks istifadəyə verilib. Kompleksdə işlər Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlayıb və abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Fondun dəstəyi ilə yenidən qurularaq Şuşa şəhərində ucaldılıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri zamanı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyinin və büstünün açılışı olmuş və bu, ictimai rəydə rəğbətlə qarşılanmışdır.
Qeyd edim ki,2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.
Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Bir cavab yazın