Bagla

Həkimdən soruş

Hekimden sorus







Səksən ilə doğru

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və terminologiya kafedrası: Yer üzündə ən ali varlıq hesab edilən  insanı öyrənən ilk elm kimi anatomiyanın tarixi bizim  eradan min il əvvəllərə təsadüf edir. Belə ki, İnsan özünü dərk edən gündən anatomiyanı öyrənməyə başlayıb. Bu mənada Anatomiya  tələbələrə ilk tibbi  bilik verən ən əsaslı bünövrə və tibbin əlifbasıdır. Bu təməl fənnin dərinliklərinə baş vurmaq üçün Anatomiya elminin tədris edildiyi Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və terminologiya kafedrası haqqında yazmağı qərara aldıq.

İnsan Anatomiyası və terminologiya kafedrasının müdiri, əməkdar elm xadimi, professor Vaqif Bilas oğlu Şadlinski kafedra haqqında bizə geniş məlumat verdi.

 

Vaqif Şadlinski: “Diri ikən öyrənirik, ölü ikən öyrədirik!”

Ə.e.x., prоfessоr Vaqif Bilas oğlu Şadlinski 1940-cı il, 24 yanvarda Vedibasarda anadan оlub. 1970-ci il­dən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun İnsan ana­tоmiyası kafedrasında çalışır. 1982-ci ildə nami­zəd­lik, 1999-cu ildə isə dоk­tоr­luq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə Tibb İnstitutunda I müalicə-profilaktika fakültəsinin dekan müavini, Həmkarlar İttifaqı  Komitəsinin  sədri, 1994-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin ümumi işlər üzrə prorektoru vəzifələrində çalışıb. 1995-ci il­­dən isə İnsan anatоmiyası kafedrasına rəhbərlik edir. V.B.Şadlinski uzun illər ATU-nun tədris və müalicə işləri üzrə prо­rektоru оlmuş­dur. Akademik Y.Məmmədəliyev adına və H.Z.Ta­ğıyev adı­na müka­fatlara layiq görülmüşdür. О, Avrоpa Patоlоqlar, Qara­də­niz və Baltikyanı ölkə­lə­rin, anatоmlar cəmiy­yətinin idarə heyətinin üzvü, Azərbaycan Mоrfо­lоqlar (AHE) cəmiyyətinin sədri, Bey­nəl­xalq Mоrfоlоqlar Assоsiasiyasının Kооr­dinasiya Şura­sının üzvüdür. V.B.Şad­linski «Mоrfоlоgiya» (Rusiya Federa­si­yası), «Klinik və ekspe­rimental təbabət» (Gürcüstan), «Sağlam­lıq» (Azər­baycan)  jur­nal­larının  redaksiya heyətinin üzvü­dür.

 2010-cu ildə Elmi-pedaqоji nailiyyətlərinə görə əməkdar elm xadimi adına layiq görülmüşdür. V.B.Şadlinski  YUNESKО nəzdində Bey­nəlxalq Kadrlar Akademiyası tərəfindən anatоmiya prоfessоru adı və təhsildə uğurlarına gö­rə xüsusi qızıl medalla təltif edilib. 2000-ci ildə «Respub­likanın Əməkdar hə­kimi» adı­na layiq görülüb. 2004-cü ildə Rusiya alimlərinin təqdimatı ilə V.B.Şad­linski Rusiya Tibb Elmləri Aka­de­miyasının həqiqi üzvü seçil­mişdir.

V.B.Şad­linski 19 mоnоqrafiyanın, Azərbaycan və rus dillərində olan insan anatоmiyası atlasının, 25 dərs­liyin, 28 dərs və tədris-metоdik və­saitin,  413 elmi məqalənin, o cümlədən  29 ictimai və publisistik məqalənin müəllifidir.

V.B.Şad­linskinin rəhbərliyi al­tında 15 elmlər namizədi və 7 dоk­tоrluq dissertasiya işi müvəf­fəqiyyətlə mü­dafiə edilmiş, hal-ha­zırda daha 2 namizədlik və 1 dоktоrluq işinə rəh­bərlik edir. O, ABŞ, Almaniya, Türkiyə, İran, İsrail, İspaniya, Özbəkistan, Moskvada keçirilən elmi konfranslarda və konqreslərdə müxtəlif mövzularda çıxış etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” jurnalının, Rusiya Federasiyasında “Morfologiya”, “Allergologiya və immunologiya”, “Anatomiya və histopatologiya jurnalı”, Gürcüstanın “Eksperimental və klinik tibb”, “Tibbi jurnal”, həmçinin dünyada bir çox məşhur jurnalların, o cümlədən “Journal of Neuroendocrinology Research”, “Archive Euromedica”, “Mедицинский вестник Башкортостана”  jurnallarının Redaksiya Heyətinin üzvü, Yaponiyada “Neurology and Neuroscience Reports” adlı nüfuzlu beynəlxalq elmi jurnalın şef-redaktoru, Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti İctimai Birliyinin Sədridir. 2009-cu ildə Türk Dünyası Uluslararası Araşdırmaları Beynəlxalq Akademiyasının üzvü seçilib və Akademiyanın “Qızıl Medalı” ilə mükafatlandırılmışdır.

 

– Vaqif müəllim, uşaqlıq illərindən daha cox yadınızda qalan xatirə hansıdır?

Mən uşaq idim. Biz Qərbi Azərbaycanın Vedibasar bölgəsindən Şəmkir rayonunun Çinarlı kəndinə yenicə köçmüşdük. Həyətimizdə hündür, qocaman bir çinar ağacı var idi. Hər axşam hamı onun ətrafına yığışıb, söhbətləşirdi. Yenə belə axşamlardan biri idi. Çinarın hündürlüyünə baxıb, onun zirvəsinə qalxmaq istədim və heç kimin xəbəri olmadan ağacın başına çıxıb, birdən “ata, bax gör hara çıxmışam” deyə atamı səslədim. Atam isə yıxılmağımdan ehtiyat edib, həm həyəcan, həm də qurur dolu səslə astadan “oğlum aşağı düş” deyə məni çağırdı. Ağacın zirvəsindən bütün kənd yaxşı görünürdü. Bu an dağların arasından, lap uzaqlardan, doğma kəndimizi də görmüş kimi oldum və sevindim. Bir uşaq təxəyyülü ilə özümü sanki orada hiss edib, bir anlıq rahat olsam da atamın təkidi ilə ağacdan düşdüm. Atam başımı sığallayaraq, dedi. “O gün gələcək oğlum, biz mütləq doğma torpaqlarımıza qayıdacağıq” Həmin gün atamın mənə inamla söylədiyi bu sözlər sevincimə sevinc qatmışdı.

– Keçmişə tez –tez səyahət edirsiniz?

Mənə elə gəlir heç bir insan öz keçmişini unutmamalıdır. Mən də öz nəslimin  keçmişini bilmək istəyirəm və bu təbiidir. 

 

– Bu mənada Henri Luis Menkenin “Keçmiş qarşısında baş əy, gələcək üçün qollarını çırmala”ifadəsinə münasibətiniz

Keçmişimiz yaddaşımızdır. Ona nəzər saldıqda tarixi keçmişə malik Şadlinskilər nəslinin bir nümayəndəsi olmağım, tələbələrim, aspirant və dissertantlarım, minlərlə həkim-tələbələrim və verdiyimiz təhsilə görə onların ürəklə söylədikləri Çox sağ olun kəlməsi mənim üçün çox dəyərlidir. Hesab edirəm ki, keçmiş gələcəyə açılan bir gündür, gərək onu elə yaşayasan ki, gələcəyin işığı keçmişdəki qaranlıqları yarıb, nura qərq etsin. Çünki gələcək gün ümidimiz, inamımızdır.

– Mütaliə etdiyiniz kitablar:

Mütaliə etdiyim kitablar çoxdur, həm yerli, həm xarici. Amma həyatım boyunca mən təkcə dərslik və digər kitablarla kifayətlənməmişəm. Çünki həyatın tərs üzünü görüb, ondan sərt həyat dərsi almışam.

 

– Vaqif müəllim, Respublikamızda çox saylı tibbi kadrların yetişməsində böyük rolunuz vardır. Anatomiya sahəsində nə kimi  yenilikləriniz var?

– Bilirsiniz, anatomiya sahəsində yenilik  etmək  çox çətindir. Çünki qeyd etdiyimiz kimi, tibb elmi, o cümlədən onun ən vacib hissəsi olan anatomiya indiyədək öyrənilmə mərhələsindədir. Bəzi alimlər belə hesab edir ki, guya anatomiya daha öz öyrənilmə imkanlarını qurtarıb. Lakin hesab edirəm ki, anatomiyada hələ öyrənilməli cox şeylər var. İnsan bədəninin quruluşunu öyrəndiyi üçün anatomiya həmişə öyrənilməli, tədqiq edilməlidir .

 

– Hörmətli professor, bu il Sizin 80, rəhbərlik etdiyiniz insan anatomiyası və terminologiya kafed­rasının 100 illik yubileyi olacaq. Tibb fakültəsinin yaranmasının da 100 illiyi bunlarla üst-üstə düşür. Bununla bağlı hansı tədbirlər həyata keçirməyi nəzərdə tutmusunuz?

-Kafedranın 100 illiyini keçirmək üçün məqalələr  toplusu hazırlamışıq. Kafedranın 100 illiyi ilə bərabər Tibb fakültəsinin də 100 illiyi qeyd ediləcək. Bununla əlaqədar Dünyanın demək olar ki, əksər  ölkələrindən bir qrup alimlər məmnuniyyətlə öz məqalələrinin Azərbaycanda dərc edilən jurnalda  görmək istəyirlər. Bu bizim uğurumuzdur.

Qeyd etmək istərdik ki, ə.e.x., professor Vaqif Şadlinskinin təşəbbüsü və müstəsna təşkilatçılıq qabiliyyəti sayəsində beynəlxalq aləmdə tanınan İnsan anatomiyası və terminologiya kafedra­sının Tədris muzeyi yenidən qurulmuş, tarixi ənənələr saxlanılmaqla yeni şöbələr yaradılmış, sahəsi genişləndirilmiş, çox qiymətli eksponatlar və təbii preparatlarla zənginləşdirilmişdir.

          Bu mənada Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və terminologiya kafedrasında yerləşən Tədris Muzeyi sanki əsrarəngiz bir aləmi  xatırladır. Bu məkanı böyük bir anatomiya teatrının  səhnəsinə bənzətmək olar. Burada insanın yaranması və inkişafını əks etdirən müxtəlif orijinal preparatlar, mulyajlar, orqanizmi təşkil  edən üzv və üzvlər sistemi, damar və sinirləri təsvir edən təbii  muzey preparatları olduqca çoxdur.

Müxtəlif vaxtlarda həm yerli, həm də müxtəlif  ölkələrdən  Respublikamıza, eləcə də Azərbaycan Tibb Universitetinə gələn xarici qonaqlar çox böyük maraq və həvəslə anatomiya muzeyinə gəlir, orada olan eksponatları seyr edib, öz ürək sözlərini rəy kitabına yazaraq, çox böyük təəssüratlarla  buradan  ayrılırlar.

 

Elmi rəhbərim

Ə.e.x., professor Vaqif  Bilas oğlu Şadlinskinin rəhbərliyi altında bir sıra namizədlik və doktorluq işləri müvəffəqiyyətlə müdafiə edilmişdir.

Hörmətli professor, bir aspirantınız olaraq Sizə – Elmi rəhbərimə həsr etdiyim şerin bir bəndinin bura daxil edilməsi bir ustadın hər zaman  öz tələbələri, aspirantları və yetirmələrinə göstərdiyi diqqət və qayğının gözəl nümunəsidir.

 

 ****

İstər həkim, istərsə də tələbə,

Tədqiqatçı alim olsaq da yenə

Ehtiyac duyuruq müəllimimizə

Ey bizə bilik verən, həm yol göstərən

Uca Tanrı hər zaman yar olsun Sizə!  

*****

Əziz müəllimimiz! Yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir və gələcək fəaliyyətinizdə bol-bol uğurlar diləyirik

 

SƏDAQƏT RÜSTƏMOVA

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və

Terminologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru


 740    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *