Miqren geniş 4-72 saat davam edən və işıqdanqorxma, fonofobiya, ürəkbulanma, bəzən qusma ilə müşayiət olunan intensiv baş ağrısı tutmaları ilə keçən, əmək qabiliyyətinin azalması, gündəlik həyat fəaliyyətinin pozulması ilə nəticələnən yayılmış xroniki xəstəlikdir. Dünya əhalisinin 12%-dən çoxu miqrendən əziyyət çəkir, qadınlarda xəstəliyə kişilərə nisbətən 3 dəfə artıq rast gəlinir.
Sübut olunmuşdur ki, hormonal faktorlar miqrenin gedişatına əhəmiyyətli dərəcədə təsir edir. Epidemioloji tədiqatlara əsasən, pubertat dövrünə qədər oğlanlarda və qızlarda miqrenin tezliyi təxminən eynidir, lakin qızlarda menarxe başlandıqdan sonra tədricən artır və 30-39 yaşlarda pik səviyyəyə çatır (kişilərlə müqayisədə üç dəfə artıq), menopauzadan sornra tədricən azalır. Bu məqamlar qadınların reproduktiv yaş dövründə cinsi hormonların, yəni estrogenlərin artan dövrü aktivliyi ilə bağlıdır.
Estrogen-assosiasiyalı miqren pik qatılığa çatandan sonra estrogen səviyyəsinin kəskin azalması dövrlərində ifadə olunur: menstruasiyadan əvvəl və ovulyasiyadan sonra. Hamiləlik dövründə estrogen qatılığının artması və onun II və III trimestrlərdə stabil səviyyədə qalması miqren tutmalarının azalması ilə korrelyasiya edir. Təbii əmizdirmənin erkən kəsilməsi, ananın yaşının 30-dan az olması doğuşdan sonra miqrenin residivləşməsinə təkan verən amillərdir.
Miqrenin gedişatı 40-50 yaş arasında ağırlaşa bilər, bu da menopauzal keçid dövründə reproduktiv hormonlar səviyyəsinin dəyişməsi ilə bağlıdır. Postmenopauzada hormonal fon stabilləşdikdən sonra, adətən, baş ağrısının involyusiyası baş verir.
Beynəlxalq baş ağrısı təsnifatına əsasən (The International Classification of Headache Disorders, ICHD III beta), estrogen-assosiasiyalı miqrenin iki növü mövcuddur:
– həqiqi menstrual miqren (HMM) – “perimenstrual pəncərədə” yaranan baş ağrısı tutmaları – menstruasiyadan qabaq 2 gün və ilk 3 günü arasındakı boşluqda, ən azı üç menstrual dövrdən ikisində. HMM miqrenoz baş ağrılarından əziyyət çəkən qadınların 10%-də təsadüf edir;
– menstrual-assosiasiyalı miqren (MAM) həm “perimenstrual pəncərədə”, həm də menstrual dövrün istənilən günündə baş verir. Bu tip miqren qadınların 35–56%-nə xasdır.
MAM ilə əhvalın pozulması arasındakı əlaqəni öyrənən tədqiqatlar (perimenstrual sindrom, predmenstrual disforik pozuntular və böyük depressiya) hər iki vəziyyəti yumurtalıq hormonlarının dəyişməsi və onların əsas neyromediatorlar olan serotonin, norepinefrin, dofamin, endorfin qatılığının requlyasiyası vasitəsi ilə neyronların oyanıqlığına təsiri ilə bağlayır.
Klinika və müalicə
Menstrual miqrenin klinik gedişatı sefalgiyanın yüksək intensivliyi və davamlığı, bəzən 72 saatdan artıq davam etməsi ilə, vegetativ və qastrointestinal dezadaptasiya simptomları, farmakoterapiyaya pis tabe olması ilə səciyyələnir.
Tutmanı yatırmaq üçün triptanlar, QSİP-lar və erqotamin törəmələri təyin edilir. Optimal “risk-fayda” nisbətinə görə triptanlar seçim preparatları hesab olunur. Kəskin miqren tutmasının müalicəsi məqsədi ilə yaradılmış iki yeni sinif preparatlar SGRP reseptorları antaqonistlərinə aid olan ditanlar və hepantlar ağrı sindromunu aradan qaldırarkən damarları daraltmır və beləliklə, insult keçirmiş, hipertoniyalı və ürəyin işemik xəstəliyi olan pasiyentlərə də təyin oluna bilər.
Qısamüddətli terapiya QSİP və ya triptanlarla menstruasiyadan 2-3 gün əvvəl təyin edilir və 5-7 gün davam edir. Fasiləsiz profilaktik terapiya beta-blokatorlar, antikonvulsantlar, antidepressantlar qrupundan olan preparatlarla aparılır.
Bir cavab yazın