Bagla

Həkimdən soruş

Hekimden sorus







Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ( Urud)

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ( Urud) “Ailə Həkimi.az” saytına müsahibə verib: Onunla söhbəti təqdim edirik:

Müsahibəmizdən öncə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev (Urud) “Ailə Həkimi” saytının fəaliyyətə başlaması ilə saytın rəhbər, yaradıcı və texniki işçilərini təbrik edib: “ Mən Ailə Həkimi” saytının fəaliyyətə başlaması ilə saytın rəhbər, yaradıcı və texniki işçilərini təbrik edirəm. Hər birinə uğurlar arzulayıram. Ümid edirəm ki, “Ailə Həkimi” saytı layihəsi bundan öncə olan “Ailə Həkimi” layihəsinin uğurlu nəticəsini davam etdirəcək. Azərbaycan səhiyyəsi ilə bağlı maraqlı informasiyaları izləyən oxucular üçün dolğun, operativ, dəqiq informasiyalar verən, Azərbaycan səhiyyə mədəniyyətinin yüksəldilməsində xüsusi rola malik sayt olacaq. Mən bir daha sizin yaradıcı, rəhbər və texniki işçilərinizi təbrik edirəm”.

 

– Milli Məclisin Səhiyyə komitəsi tərəfindən yeni qanun layihələri hazırlanır, dinləmələr təşkil edilir. Bu yaxınlarda komitə tərəfindən “Pasiyentin hüquqları haqqında” qanun layihəsinin hazırlanması üçün dinləmə təşkil edilmişdi. Həmin dinləmədə hansı məsələlər müzakirə olundu?

– Bəli, Səhiyyə komitəsinin iclasında vətəndaşları çox narahat edən, düşündürən, tibb işçisi-klinika-pasiyent münasibətlərinin yeni müstəvidə çözülməsi və onun daha sivil münasibətlər səviyyəsinə qaldırılması üçün hüquqi bazanın yaradılması istiqamətidnə müzakirə keçirilmişdi. Həmin dinləmədə deputatlarla yanaşı, bu sahədə çalışan təcrübəli ekspertlər, həm özəl, həm də dövlət sektorunda olan səhiyyə müəssisələrinin rəhbərləri,  İcbari Tibbi Sığorta Agentliyinin rəhbər işçiləri, AMEA-nın İnsan Hüquqları İnstitutunun alimlər iştirak ediblər. Həmin dibləmədə qərara alındı ki, “Pasiyentin hüquqları haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrup yaradılsın. Sual oluna bilər ki, indiyə qədər Azərbaycanda pasiyentlərin hüquqları qorunmurdumu? Əlbəttə, qorunurdu. Hazırda hazırda pasiyentin hüquqları 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir. Bu qanunun bir fəsli pasiyentlərin hüquqları ilə bağlı müddəaları özündə əks etdirir. Amma bu qanun sovet modelindən gələn bir sənəddir. Bundan əlavə isə həmin qanun icbari tibbi sığortanın olmadığı bir dövrdə qəbul edilib. Həmin qanunda pasiyentin müraciət, klinikanı seçmək, anonimlik hüququ öz əksini tapıb. İndi isə pasiyentin hüquqları dedikdə həm iqtisadi, həm inzibati, həm cinayət, həm də mülki müstəvidə çözülən hüquqlar meydana çıxıb.  Bu da indiki dövrün tələblərinə tam uyğundur. Hesab edirəm ki, yeni hazırlanacaq “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müasir dövrün tam tələblərinə cavab verəcək.

 

– “Pasiyentin hüquqları haqqında” qanun layihəsində pasiyentlərə dəymiş ziyana görə hər hansı bir komissiyanın yaradılması nəzərdə tutulurmu?

– Pasiyentlərin hüquqları ilə bağlı 3 müstəvidə hüquqi əsaslar olacaq. Pasiyentlərin sağlamlığına vurulan zərərin ödənilməsi üçün komissiya yaradılacaq. Yeni qanun layihəsində təzminat, mənəvi zərərlə bağlı, pasiyentə vurulan iqtisadi zərərin ödənilməsi hüququ olmalıdır. Bunun üçün müəyyən standartlar da hazırlanmalıdır. Pasiyentə vurulan zərəri hüquq-mühafizə orqanlarına qədər müstəqil bir komissiya araşdırmalıdır. Bu, dünya təcrübəsində var. Həmin komissiyanın tərkibində müxtəlif sahələrdə təcrübəsi olan həkim ekspertlər, hüquq-mühafizə orqanlarının işçiləri və QHT, ictimaiyyət nümayəndələri olmalıdır. “Pasiyentin hüquqları haqqında” qanun layihəsində də bunlar öz əksini tapacaq. Həmin komissiyanın qərarı isə son qərar olmalı deyil, tövsiyə xarakteri daşımalıdır. Bu qərar əsasında isə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini müəyyənləşdirməlidir.

 

– Yeni qanun layihəsi üzərində işlər nə zaman yekunlaşacaq və müzakirəyə təqdim ediləcək?

– İşçi qrup payıza qədər müəyyən informasiya bazasını formalaşdıracaq. Hesab edirəm ki, yeni qanun layihəsi gələn ilin yaz sessiyasında komitəyə təqdim olunacaq.

 

– Bəs tibb işçilərinin hüquqlarının qorunması ilə bağlı yeni sənəd hazırlana bilər?

– Tibb işçilərinin hüquq və vəzifələri əmək müqaviləsi ilə tənzimlənməlidir. Əmək Məcəlləsində də bütün işçilərin hüquqları, vəzifələri və mükəlləfiyyətləri də müəyyən edilib. Amma təcili yardım və reanimasiya şöbəsində çalışan həkimlərin müəyyən qədər mühafizəsinin gücləndirilməsinə ehtiyac var. Xüsusən də kənd rayonlarında təcili yardım işçilərinə haqsız iradlar bildirilir, onlar təhqir olunur. Hesab edirəm ki, Cinayət Məcəlləsində dövlət orqanlarında, polisə qarşı zorakılığa görə hansı tədbirlər nəzərdə tutulursa, həmin tədbirlər təcili tibbi yardımda işləyənlərə də tətbiq olunmalıdır. Başqa ölkələrin, o cümlədən Rusiyanın təcrübəsində bu var.

 

– Musa müəllim, 2020-ci il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bununla bağlı hansı yeniliklər nəzərdə tutulub?

– Bu, tamamilə yeni bir sahədir. Ölkədə sağlam rəqabət mühiti formalaşacaq. Bu gün dövlət və özəl sektor arasında demək olar ki, rəqabət yoxdur. Rəqabət yalnız avadanlıqlarda və kadrlardadır. Amma icbari tibbi sığortanın tətbiqi ilə hər bir klinika, həkim çalışacaq ki, daha effektli işləsin, daha çox xidmət göstərsin ki, onunla müqavilə daha çox bağlansın. Çünki pasiyentin klinikanı və həkimi seçmək hüququ var. Hansı klinika daha yaxşı xidmət göstərsə, o daha çox qazanacaq. Bundan əlavə, icbari tibbi sığorta həmrəylik prinsipinə əsaslanan bir modeldir. Dövlət tərəfindən hər bir vətəndaşa verilən 29 manat məbləğində baza zərfi olacaq. Həmin baza zərfinə təcili və təxirəsalınmaz yardım xidmətinin göstərilməsi daxil edilib. Planlı müayinələr, müşahidələr və s. isə əlavə zərfin üstündədir. Əlavə zərf isə 3 mənbədən maliyyələşəcək. Əlillər, uşaqlar, pensiyaçılar, tələbələr, hamilə qadınlar  və üzrlü səbəbə işləməyənlər dövlət tərəfindən sığortalanacaq. Digər kateqoriya isə işəgötürən və işçidir. İşəgötürənlər işçilərini əməkhaqqının 2 faizi və işçilər aldığı əməkhaqqının 2 faizi məbləğində vəsait ödəyəcək. Eyni zamanda, iş münasibətlərini rəsmiləşdirə bilməyən şəxslər, fermerlər hər ayda 10 manat və ya ildə 120 manat ödəməklə tam sığorta paketi ala biləcəklər. Bu da bizim dövlətin, cənab Prezidentin humanist addımlarından biridir.


 98    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *