Ölkəni dünyada tanıdan və nüfuzlu edən ən mühüm göstəricilərdən biri onun elminin səviyyəsidir. Tarix, adət, ənənə, milli mətbəx və rəqslər, idman – bunlar hamısı əlbəttə önəmlidir, lakin elm zirvədə deyilsə, digər amillərin əhəmiyyəti qat-qat azalır. Yaxud tərsinə, elm inkişaf etmişsə, digər məqamların təsiri qat-qat artır və zatən də elmin yüksək inkişaf səviyyəsi avtomatik olaraq bütün sahələrin irəliləməsinə təkan verir: demokratiyanın da, mədəniyyətin də, iqtisadiyyatın da, ordunun da.
Misal üçün, Braziliyada keçirilmiş son yay olimpiya oyunlarında Keniya da, Efiopiya da qızıl medal əldə edib. Fəqət bu fakt onların dünya dövlətləri arasında ucaldıb söz sahibi edirmi? Bəs xalqının güzəranını yaxşılaşdırırmı? Halbuki həmin olimpiya oyunlarında dünyanın ən inkişaf etmiş ölkələrindən sayılan Norveç və Finlandiya, yaxud İsrail və Avstriya bircə qızıl medal belə qazanmadı. Məgər bu amil onları hörmətdən düşürürmü? Xeyr, elmdə öndər olduqları müddətdə belə şeylər onları hörmətdən salmaz. Əksinə, bəzən belə ölkələr peşəkar idmandan çox, xalqın ümumi sağlamlığı naminə kütləvi bədən tərbiyəsini üstün tuturlar.
ABŞ, Almaniya və Yaponiya kimi ölkələr isə elmi inkişaflarının təbii davamı olaraq yüksək yaşam standartlarına malikdirlər və eyni zamanda olimpiadada əldə etdikləri qızıl medalların sayına görə öndədirlər. Əgər idman mövzusunda uğurlar bizim üçün prinsipialdırsa, ancaq qeyd olunan kontekstdə əldə ediləndə vətəndaşımızı daha dolğun sevindirəcək və bizə də tam mənasında nüfuz və şan-şöhrət qazandıracaq.
Unutmayaq ki, ümumiyyətlə, planetimizdə var olan 200 dən çox ölkənin içində sadəcə, elmi nailiyyətləri ilə gündəmdə olan dövlətlər dünyaya hökm edir. Burada heç bir istisna yoxdur, ola da bilməz və hələ bizim ulu babalarımız Nizaminin timsalında bunu çox gözəl anlayıblar: “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.
Azərbaycanımız ədəb və əxlaq kimi mövzularda, əlbəttə, öz yüksək standartlarını təyin edə bilər, lakin elm mövzusunda dünyada qəbul olunmuş qaydaları qəbul etmək lazımdır. Sadəcə bu çərçivədə öz bilik və intellektimizi ortaya qoyub yeni ixtiralar edə bilərik və bunlar da dünyada tanınar və seçilər, biz də öz növbəmizdə yüksələrik.
Təbii ki, elmin bütün sahələrini dünyaya tam inteqrasiya edərək inkişaf etdirmək önəmlidir, lakin bir sahə var ki, insanların gündəlik həyatda ən çox qarşılaşdığı, eyni zamanda yüksək texnologiya və yüksək insanlıq keyfiyyətləri tələb edən sahədir və bu sahənin inkişafı ilə nəinki bütün elmin inkişafı, hətta bütün ölkənin inkişafı və ölkənin dünyada yeri dəyərləndirilir. Bu da tibdir. Ona görə də tibbin inkişafına lokal amil kimi deyil, qlobal bir meyar kimi baxmaq doğrudur.
Bu prizmadan qeyd edim ki, Sovet İttifaqı qapalı bir ölkə olduğundan təbabət burada özünəməxsus, qeyri-standart bir formada həyat sürdürürdü. Hətta sovet rəsmi tibb kitablarında belə dünyada qəbul edilməmiş xəstəliklərin təsnifatı və olmayan dərmanlarla müalicə üsulları ilə qarşılaşırıq. Həmin mirasın əziyyətini hələ də çəkməyə davam edirik.
Bəli, Ulu Öndərimizin və cənab Prezidentimizin səyləri nəticəsində nəinki yüzlərlə tibb mütəxəssisi Türkiyədə, Avropada yetişdı, həmçinin saysız-hesabsız modern klinikalar tikildi, yeni ultramüasir və bahalı cihazlar alındı. Eyni zamanda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva həkim olduğuna görə səhiyyədə islahatlar daha da intensivdir. Dövlətimiz səhiyyədə öz öhdəliyini artıqlaması ilə yerinə yetirir. Bu da bizləri kəmiyyətin tam mənada keyfiyyətə keçməsi üçün yeni təşəbbüslər ortaya qoymağa sövq edir.
Baxaq görək, əsas problemlərimiz nədir. İndiki halda həkimlərimizin maaşı 100 dəfə artırılsa, ən qısa müddətdə xəstələrimiz ABŞ-dakı kimi müalicə olunacaqmı və problemlər bitəcəkmi?! Xeyr, böyük ehtimal, problem daha da dərinləşəcək. Yəni biz gözüyumulu maaşların artımını tələb etməli deyil, sistemin daha effektiv fəaliyyəti üçün düşünməliyik. Əvvəlcə qeyd edim ki, ölkədə tibbin inkişafı haqqında ümumi fikir sadəcə hansısa bir cərrahın çox mürəkkəb əməliyyatı icra etməsi ilə qoyulmaz. Tibb xidmətinin homogenliyi, daha doğrusu, orta səviyyəsi, həmçinin tibbin əlçatanlığı, müasirliyi, dünyaya inteqrasiyası, avtomatizasiyası, universallığı və sığorta sisteminin fəallığı qiymətləndirilən ilk məsələlərdir. Daha sadə dillə desək, ilk növbədə, nail olacağımız hədəf odur ki, Lerikdə, Qaxda və Culfada xəstələrə edilən müayinə, qoyulan diaqnoz, müalicədə yazılan göstərişlər Bostondakı, Frankfurtdakı və İstanbuldakı həkimlərin rəftarından və yazılan reseptlərdən seçilməsin.
İslahat dövründə təməl addımı doğru atmalıyıq ki, digər addımlarımız da möhkəm olsun. Ona görə öncə tibbimizin adı düzgün, aydın və rəsmi şəkildə qoyulmalıdır. İnkişaf etmiş ölkələrdə tətbiq olunan tibbin adı: Modern Qərb Tibbidir (Modern Western Medicine). Məhz bu məfhumun üzərində qurulan fəlsəfə Qərbin bu qədər inkişaf etməsinə yol açan əsas amillərdəndir. Bu mənada Qərb dedikdə coğrafi qərb nəzərdə tutulmur: Şimali Amerikadan Yaponiyaya, İtaliyadan Avstraliyaya qədər bu tibbin doktrinalarını mənimsəmiş bütün ölkələr əhatə dairəsindədir. Modern Qərb Tibbi yalnız çox mərhələli xüsusi mürəkkəb üsullarla sübut olunmuş (evidence-based medicine) müayinə və müalicə növlərini qəbul edir. Ən yüksək səviyyədə təhlükəsizliyi və effektivliyi sübuta yetirilmiş müalicə üsulları haqda araşdırmaların nəticələrinə əsaslanan həmin məlumatlar bu məqsədlə yaradılmış Kokreyn Kitabxanasında (Cochrane Library) toplanılır. Çox ciddi tədqiqatlar (meta-analiz, sistematik baxış və gözü bağlı randomizə kontrol sınaqlar) zəminində dünyada dərman və müalicə üsullarına lisenziya verən ən mötəbər qurum ABŞ-ın FDA (Food and Drug Administration – Qida və Dərman Nəzarəti) təşkilatıdır və bir çox ölkə onun qərarlarını avtomatik qəbul edir.
Əlbəttə, bu qədər ciddi araşdırmalar tibbi səhv ehtimalını minimizə edir, həmçinin lazımsız antibiotik və digər dərman vasitələrinin istifadəsinə əngəl olur. İnkişaf etmiş ölkələrdə hər istənilən analizə, rentgen və kompüter tomoqrafiyasına da müasir elmlə ayaqlaşan daimi nəzarət var.
Qərb tibbinin rəsmi qəbulu və onun təbliğatı əlifba qəbulu kimidir və öz növbəsində böyük islahatlar silsiləsinə yol açar. Bunlar arasında tibbi terminologiyadakı islahatlar da çox mühümdür. Bundan sonra məqsədyönlü şəkildə ABŞ-ın, Qərbi Avropanın qabaqcıl universitetlərinin tibbi təhsil planı mənimsənməli və dərslikləri tərcümə edilməlidir. Hər sahədə dünyanın ən qabaqcıl istinad tibb mərkəzləri ilə də (Mayo Clinic, Cliveland Clinic, Johns Hopkins Hospital kimi) əməkdaşlıq edə bilərik. Əlavə olaraq da, xaricdə təhsil görmüş azərbaycanlı həkimlər bu prosesə hər tərəfli cəlb edilməlidir.
Hər ixtisasın özünün və bunun içində hər həkimin fərdi sərhədləri cızılmalıdır. Hazırda respublikamızda əksər tibbi ixtisaslarımızın sərhədləri beynəlxalq normalarla cavab vermir, bəziləri isə ümumiyyətlə mövcud deyil. İş sadəcə həkimlərin lisenizyalaşmasıyla məhdudlaşmır, laboratoriyalarının və klinikaların bütünlükdə işləyiş sistemlərinin beynəlxalq norma çərçivəsində sertifikatlaşmasına ehtiyac vardır. Dünyada bu işdən məsul ən etibarlı qurumlardan biri JCİ (Joint Comission İnternational) sayılır. Vurğulamaq lazımdır ki, Türkiyədə 44, İsraildə 32, Rusiyada 4, Azərbaycanda isə 2 klinika bu yüksək akkreditasiyanı ala bilmişdir. Medikal turizmin yayılması üçün, əksər əcnəbilərin gözündə bu ən önəmli göstəricilərdəndir.
Ayrıca, bütün inkişaf etmiş ölkələrdə var olan rezidentura sonrası “üst ixtisas” (fellowship) proqramları yaradılmalıdır. Ümumən də həm rezidentura, həm üst ixtisas proqramlarına Qərb tədris fəlsəfəsi gətirilməlidir ki, bu fəlsəfəyə görə universitet klinikasının ilk hədəfi təhsildir, ikinci hədəfi elmi tədqiqatdır və sadəcə üçüncü yerdə klassik mənada xəstə müalicəsidir. Bu çərçivədə, universitetin tibb mərkəzinə müraciət edən bütün pasiyentlər öncəliklə rezidentlər tərəfindən müayinə olunmalıdır və cərrahi əməliyyatlar da mütləq qaydada onların iştirakı ilə komanda şəklində həyata keçirilməlidir.
Elmi jurnalların nüfuzu və elmi məqalələrin nəşri, onlara istinad göstəricilərinin (impact factor və citation index) ölkəmizdəki etibarının beynəlxalq normalar çərçivəsinə salınması məqsədəuyğundur. Yeri gəlmişkən, üzülərək qeyd edim ki, hələ də heç bir kitabxanamız qabaqcıl elmi jurnal axtarışı motorlarından və bazalarından (PubMed, Ovid, Ebscohost, Web of Science, Scopus və s.) internet üzərindən ev şəraitində, ictimai nəqliyyatda, parkda tam mətn (full text) məqalə oxumaq üçün loqin və parol vermə xidməti təklif etmir.
Artıq ölkəmizdə icbari tibbi sığortanın tətbiqi prosesi gedir. Dövlətimiz tərəfindən, həqiqətən, böyük işlər görülür, böyük maliyyə ayrılır. Bəs, hansı tibb növünə və tibb kitablarına istinadən bu və ya digər tibbi sığorta halı dəyərləndiriləcək?! Qeyd edildiyi kimi, bu gün ehtiyacımız olan ilk addım əlbəttə ki, Qərb tibbinin postulatlarının rəsmi şəkildə ölkəmizdə qəbul edilməsidir. Ayrıca, sistemin effektiv olması üçün ölkənin bütün müalicə müəssisələrini və apteklərini birləşdirən vahid virtual sistemin yaradılması yerinə düşərdi. Bütün xəstəlik tarixlərinin və reseptlərin rəqəmsal formada yazılaraq, elektron imza ilə bu sistemə işlənməsi ciddi sıçrayış olardı. Birdə ki, insan sağlamlığına birbaşa və ya dolayısı yolla ziyan verən müəssisələrə (tütün fabrikı, spirtli içki və s.) xüsusi sağlamlıq vergisi tətbiq etmək səhiyyə büdcəsinin formalaşmasına ciddi dəstək olar.
Yuxarıda sadaladıqlarım ümumilikdə səhiyyə sistemini əhatə etdiyi üçün orta tibb işçilərinin təhsilinin də Qərb standartlarına uyğunlaşdırmaq zərurətini də unutmamaq lazımdır. Qeyd edim ki, Türkiyədə tibb bacıları 4 il təməl tibb təhsili alırlar; arzu edərlərsə, sonra daha 4 il oxuyub və dissertasiya müdafiə edərək uzman-tibb bacısı, bir neçə il müddətində universitetdə elmi və praktiki fəaliyyət göstərdikdə isə dosent-tibb bacısı və professor-tibb bacısı yüksək adlarını qazanırlar. Bu uzun yol nəticəsində hörmətli peşəyə sahib olmaqları təbiidir.
Dünyada daha hörmətli olmağımız üçün dövlət səviyyəsində mürəkkəb tibbi avadanlıq, habelə müasir cərrahi və mikrocərrahi alət dizaynı, istehsalı və təmiri sənayesinin yaradılmasının dəstəklənməsi sevindirici olardı.
Daha sonra, ümumən bioetika mövzusunda da qanunvericilikdə boşluqlar var. Tibb hüququ mövzusu geniş işıqlandırılmalı, həkim-pasient-klinika-farm kompaniya və xüsusi olaraq da bunların hamısının kütləvi yayım şirkətləri ilə münasibətləri və media tərəfindən həm tibbi xidmətin və vasitənin, həm tibbi hadisənin təqdimatı qanunla tənzimlənməlidir. Əməliyyata və istənilən tibbi müdaxiləyə yazılı formada izahlı icazə formasının imzalanması qaydaları da işlənməlidir. Şüuru özündə olmayan pasientin hüquqlarının qorunması isə ayrı bir mövzudur. Xaricdə təhqiredici sayılan, bizdə isə hələ də keçmişin mirası olaraq normal sayılan bəzi ifadələr işlədilə bilməkdədir: misal, “ürək xəstəliyi” yerinə “ürək qüsuru” (hətta körpələrimizə də bu mənada yol verilməz şəkildə “qüsurlu” deyirlər), “yarıq damaq-dodaq” yerinə “dovşan dodaq və qurd ağız” kimi çeşidli heyvan damğaları, hətta bütün dünyada fiziki məhdud şəxslərin hərəkət etdiyi vasitəyə “təkərli stul” (wheelchair) deyilərkən bizdə əfsus ki, sıx-sıx alçaldıcı şəkildə “invalid kolyaskası” və ya “əlil arabası” termini işlədilir. Zənnimcə, multikultural və tolerant ölkə nümunəsi kimi bu incə məqamlara da diqqət yetirməliyik. Bundan başqa, etika çərçivəsində də tibbi rütbəyə və keçmiş tibbi vəzifəyə, habelə tibbi quruculuğa hörmət məsələləri bərqərar edilməlidir. Misal üçün xaricdə bir professorun təqaüdə çıxması rəsmi şəkildə təntənə ilə qeyd edilir və yaxud kafedra müdirliyindən çıxsa belə, xüsusi səlahiyyətlərlə təmin olunur və heç bir şəkildə hörməti azalmır. Türkiyədə həm həkimlərin, həm müəllimlərin böyük əksəriyyəti dövlət məmuru sayılırlar, xidməti pasportlara malikdirlər və onunla vizasız Avropada beynəlxalq konqreslərə asanlıqla qatıla bilirlər. Bunların hamısının gəncliyin düzgün yetişdirilməsində mühüm rolu vardır. Tibbi tərbiyə təbib və alimlik adının yüksəlməsində vacibdir və nümunəvi həkimlik anlayışının zəruri parçasıdır.
Qeyd olunanlar hamısı bir-biri ilə əlaqəli mövzulardır və müasir yüksək texnoloji nailiyyətlər buna ciddi şəkildə yardımçı ola bilər. Həmçinin blokçeyn (blokchain), Süni Zəka (Artificial İntelligence), Maşın Öyrənməsi (Machine Learning), Neyron Şəbəkələr (Neural Networks) kimi irəli texnologiyaları dərmanların orijinallığı, tibb standartlarının unifikasiyasi və dünyaya inteqrasiyası kimi məsələlərdə biz də geniş tətbiq edə bilərik. Nəticədə, təhsil, diaqnostika, müalicə ən ucqar kəndlərimizdə belə inkişaf etmiş Qərb dünyası ilə eyni olmalıdır və sistemin çarxları o şəkildə sinergik hərəkət etməlidir ki, həm pasient, həm həkim, həm tibb müəssisələri, həm dövlət qurumları uduşlu olsunlar.
Azərbaycan yüksək intellektə malik olan həkimlər diyarıdır və bu potensialı düzgün istiqamətləndirmək lazımdır.
Məqaləmin sonunda yenə də bildirmək istərdim ki, bu məsələyə heç də kiçik bir lokal məsələ kimi baxmaq olmaz. İnkişaf etmiş xarici ölkələrdə ən nüfuzlu təbəqə həkimlərdir. Sadəcə ona görə yox ki, alimdirlər, biliklidirlər, hörmətləri var, həm də zənginlər. Bir də ki, Qərbdə tibb universiteti anlayışı yoxdur, universitet nəzdində digər fakültələrlə yanaşı, tibb fakültəsi fəaliyyət göstərir və o da, təbii ki, universitetin ən böyük fakültəsi olduğu üçün səsvermədə daim həkimlər qalib gəlir və buna görə universitet rektorlarının əksəriyyəti həkimdir. Bu da onlara ciddi səlahiyyət verir və ictimai fikri formalaşdırma imkanını yaradır. Yeri gəlmişkən, bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin ilk fakültəsi məhz Tibb fakültəsi olmuşdur.
Tibb elminin nailiyyətlərindən bəhrələnib aid olduğumuz Türk və İslam dünyasında barış və rifahın çoxalmasına, bu vəsilə ilə ümumən bütün dünyaya daha böyük töhfə verə bilərik. Həmçinin bunları birləşdirən qeyri-hökumət elmi təşkilatları yaradıb daha nəhəng işlər görmək, konqreslər, kurslar keçirmək olar, habelə mobil cərrahi qruplar yaradıb Tuvadan Qırğızıstana qədər ödənişsiz əməliyyatlar icra edə bilərik və nəticədə, həm səmimi dostluğu və qardaşlığı dərinləşdirə, həm də hamımız üçün bir çox siyasi divident əldə edə bilərik.
Respublikamızın rəmzlərindən olan bayrağımızın rənglərinin təcəssümü – Türk multi-millətçiliyi, müasir elm və İslamın mənəviyyat, savad və sülh simbiozuna verdiyi dəyəri bu formada düzgün şəkildə təbliğ edib Milli İdeyamızı başqa ölçüyə çıxara bilərik.
Tibdə nailiyyətlərimiz qədim mədəniyyətimizi, şanlı tariximizi və müasir dünya görüşümüzü layiqli şəkildə təzahür etdirməli və birlikdə davamlı inkişaf çərçivəsində cənab Prezidentimiz İlham Əliyevin öndərliyində elmimizi zirvələrə daşımalıyıq.
Bir cavab yazın