Bagla

Həkimdən soruş

Hekimden sorus







“Narkomaniyaya qarşı mübarizədə qısametrajlı filmlər daha effektlidir” – Kənan Qubadzadə

 

İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Son vaxtlar sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Məhz “ağ ölüm”lə mübarizə üçün ölkəmizdə bir çox təşkilatlar, qurumlar yaradılaraq fəaliyyət göstərir, konfranslar keçirilir, tədbirlər təşkil olunur. Lakin bu barədə son illərdə daha çox kütlənin diqqətini çəkən, marağına səbəb olan qısametrajlı filmlər eyni zamanda böyük ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Həmin filmləri ərsəyə gətirən təşkilatlardan biri də Narkotizmlə Mübarizə İctimai Birliyidir. 

 

Mövzu ilə əlaqədar Narkotizmlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə MediaPost-a açıqlama verib. O bildirib ki, narkomaniyaya qarşı mübarizə metodlarının ən başlıcasından biri maarifləndirmə istiqamətidir: “Bizim Narkotizmlə Mübarizə İctimai Birliyi 2006-cı ildə dövlət qeydiyyatına alınıb və yarandığı gündən narkomaniyaya qarşı mübarizə istiqaməti üzrə istər hüquqi, istərsə də tibbi maarifləndirmə tədbirləri həyata keçirib. Artıq 15-20 ilə yaxın bir ildə xeyli sayda böyük layihələr həyata keçirmişik və bu layihələr maarifləndirmə istiqamətində – Bakı şəhərində, universitetlərdə, orta ixtisas məktəblərində, orta məktəblərdə və eyni zamanda regionları geniş miqyasda əhatə edib. Bizim əsas məqsədimiz bəşəriyyəti narahat edən “ağ ölüm”lə mübarizə istiqamətində kəskin mübarizə aparmaqdır. Bilirik ki, narkomaniyaya qarşı mübarizə metodlarının ən başlıcasından biri maarifləndirmə istiqamətidir. Biz bu istiqamətdə bir çox tədbirlər, hətta “İdman Yarışları Vasitəsilə Narkotikə Yox Deyək” devizi altında böyük layihələr həyata keçirmişik. Ancaq son dövrlər baxırıq ki, müasir dövrün tələblərinə uyğun olaraq, rəqəmsal medianın inkişafı istiqamətində qısametrajlı filmlər daha çox effekt verir. Qısametrajlı filmlərin bir neçəsini biz bu vaxta qədər çəkmişik. Belə qısametrajlı filmlər həm ictimaiyyət arasında, həm də dövlətimiz tərəfindən çox yüksək səviyyədə dəyərləndirilir”.

 

Kənan Qubadzadənin sözlərinə görə, QHT Dövlət Dəstəyi Agentliyi ümumiyyətlə çalışır ki, bütün təşkilatların layihələrini şəffaf şəkildə dəstəkləsin: “Bizə qısametrajlı filmlərimizi ərsəyə gətirməkdə Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi göstərir. Agentliyin Müşahidə Şurasına minnətdarlığımızı bildiririk ki, bu cür istiqamətdə olan layihələri yüksək səviyyədə dəyərləndirirlər. Dövlət Dəstəyi Agentliyi yarandığı gündən QHT-lər üçün doğma bir məkan olub. Belə ki, onlar daim qeyri-hökumət təşkilatları ilə müzakirələr aparır, ictimai dinləmələr həyata keçirir və agentliyin əməkdaşları, agentliyin rəhbəri bu istiqamətdə təşkilatların hər zaman yanında olduğunu bildirirlər. QHT Dövlət Dəstəyi Agentliyi ümumiyyətlə çalışır ki, bütün təşkilatların layihələrini şəffaf şəkildə dəstəkləsin. Biz də artıq bir-neçə dəfə bu istiqamətdə layihələrin qalibi olmuşuq. Biz çəkdiyimiz filmləri geniş şəkildə mediada, kütləvi informasiya vasitələrində işıqlandırırıq və sosial şəbəkələrdən bizə layihələrlə bağlı böyük maraq cəlb olunur. Onlar bildirirlər ki, konfranslar, tədbir salonlarında oturub hansısa bir layihənin tədbiri dinləmək o qədər maraq kəsb etmir. Ona görə biz də çalışırıq ki, hər zaman belə qısametrajlı filmlərə üstünlük verək”.  

 

“Bizim filmlərimizin təqdimatı zamanı çox böyük ictimaiyyət nümayəndələri, QHT-lər və eyni zamanda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həmişə bizimlə bir yerdə olur. Bu istiqamətdə olan layihələrdə hər zaman Narkotik və Narkomanlığa Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupu hər zaman bütün QHT-lərin yanında olur. Daxili İşlər Nazirliyi bu istiqamətdə geniş layihələr həyata keçirir. Onlar da daim çalışırlar ki, istər tanınmış incəsənət nümayəndələri ilə, istər böyük kütləyə malik olan bloggerlərlə bu istiqamətdə böyük çağırışlar həyata keçirirlər. Düşünürəm ki, gələcəkdə də qısametrajlı filmlərə daha çox maraq cəlb olunduğu üçün belə filmlərin çəkilməsi və ictimaiyyətə geniş, keyfiyyətli şəkildə təbliği vacib məsələdir və biz bundan sonra da çalışacağıq ki, belə layihələrimiz davamlı olsun. Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinə bildirmək istərdik ki, bu istiqamətdə layihələrə maraq böyük olduğu üçün belə layihələrin dəstəklənməsinə ehtiyac vardır” – deyə K.Qubadzadə əlavə edib. 


 4004    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *