Bagla

Həkimdən soruş

Hekimden sorus







Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir

 

Öd daşı xəstəliyinin cərrahi müalicəsi laparoskopik və açıq metodla həkim-ümumi-cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Hər iki üsulla icra edilən əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır.

 

2021-ci ildən cari ilin oktyabr ayınadək icbari tibbi sığorta çərçivəsində 32 473 xolesistektomiya (öd kisəsinin xaric edilməsi) əməliyyatı aparılıb. Onlardan 17 290-nı laparoskopik, 15 183-ü açıq üsulla icra olunub. Öd kisəsinin xaric edilməsi qarın boşluğunda ən çox icra edilən əməliyyatlardan biridir.

 

Qeyd edək ki, xəstəliyin xüsusiyyətindən, yanaşı patologiyanın izlənməsindən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşılaraq optimal cərrahi üsul seçilir. Öd daşı xəstəliyinin ağırlaşmış formaları və öd kisəsinin bəzi xəstəlikləri əməliyyat üçün əsas göstərişdir.

 

Əməliyyatdan əvvəl xəstə aşağıdakı kompleks tibbi müayinədən keçir:

  • Qaraciyər, öd yolları və mədəaltı vəzinin ultrasəs müayinəsi;
  • Qanın kliniki və biokimyəvi analizi, qanın laxtalanması;
  • Elektrokardioqrafiya (EKQ);
  • Döş qəfəsi orqanlarının flüoroqrafiyası və ya rentgenoqrafiyası;
  • İnsan immunçatışmazlığı virusu (İİV), sifilis, hepatit B və C infeksiyalarının yoxlanılması.

 

Tibbi göstəriş olduqda qarın boşluğunun KT və MRT müayinəsi, oral xolesistoqrafiya, xolangioqrafiya kimi rentgenoloji müayinələr də təyin edilə bilər. Bu instrumental müayinələr Xidmətlər Zərfinə daxildir.

 

Laparoskopik xolesistektomiya orta hesabla təqribən 40 dəqiqə davam edir. Ağırlaşma olmadıqda xəstə növbəti gün evə buraxılır. Əməliyyatdan təqribən 9 gün sonra tikişlər tibb müəssisəsində sökülür.

 

Sözügedən əməliyyatdan əvvəl aparılan həkim konsultasiyası, laborator və instrumental müayinələr, anesteziya, reanimasiya, stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman/tibbi sərf, qan və qan komponentləri, yatış müddətində qidalanma, 12 yaşa qədər uşaqlarda müşayiət edən şəxsin qidalanması sığorta tərəfindən tam qarşılanır.

 

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmış xidmətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.


 801    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *