Orqanizmdə maqneziumun azlığı narahatlıq, əsəbilik, səbirsizlik, yorğunluq, həyəcan vəziyyəti yaradır. Predmenstrual sindromun (PMS) yaranmasına aparan səbəblər hələ tam öyrənilməyib. Hesab olunur ki, menstrual dövrün ikinci yarısında psixi durumun, əhvalın dəyişməsi bir neçə amillərin təsiri altında baş verir. Daha çox yayılmış səbəblər arasında hormonal disbalans, irsiyyət və B6 vitamini (piridoksin) defisitidir. PMS, həmçinin bədənin soyumasından, istilənməsindən, travmalardan, fiziki yüklənmədən sonra inkişaf edə bilər. Təhrikçi səbəblər arasında emosional və əqli gərginlik, stress göstərilir. Son illərdə alimlər predmenstrual sindromun daha bir vacib səbəbini, orqanizmdə maqnezium çatışmazlığını aşkar etmişdir.
Maqnezium çatışmazlığına hesab olunduğundan çox rast gəlinir. Səbəb isə bu kimyəvi elementin emal olunmuş qida məhsullarının tərkibində azalmasıdır. Adətən, gündəlik rasionda maqneziumla zəngin olan ərzaqlar çox azdır. Bu məhsullar arasında badam, halva, soya unu, qovrulmuş püstə, paxla, kakao, qoz-fındıq, günəbaxan tumunu göstərmək olar.
Elmi tədqiqatlar göstərir ki, maqnezium və B6 vitaminlərinin qəbulu predmenstrual sindromun əlamətlərini, yəni qıcıqlanma, depressiya, aqressivlik, ağlağanlıq, yorğunluq hissləri yüngülləşir. Menstrual dövrün ikinci yarısında maqnezium və B6 vitamini qəbul edən qadınlar süd vəzilərin ağrıması, meteorizm, ödem, təngnəfəslik və susuzluqdan az şikayətlənir.
Maqnezium həyat metalı adlandırılır. Orqanizmdə bir çox proseslər onun iştirakı ilə keçir. Maqnezium fosfor, kalium, B, C, E vitaminlərinin sorulmasına kömək edir, amma onun əsas təyinatı sinir sistemini dağıdıcı streslərdən qorumaqdır. Sakitləşdirici dərman otlarının maqnezium preparatları ilə birlikdə qəbulu mümkündür.
Qeyd etmək lazımdır ki, termik emal zamanı ərzaqlardakı maqneziumun miqdarı yarıya qədər azalır. Dondurulma “həyat metalının” miqdarını üçdə bir qədər azaldır, saflaşdırma prosesində isə mikroelementin 99%-ə qədəri itirilir.
Qeyri-düzgün həyat tərzi, sərt arıqlama pəhrizləri də orqanizmdə maqnezium çatışmazlığına səbəb olur. Maqneziumun “düşmənləri” arasında yağlı qida, şirniyyat, ağ un məmulatları, alkoqol, işlədici və sidikqovucu preparatlar, bəzi antibiotiklər də var. Maqnezium defisitini bərpa etmək üçün maqnezium preparatlarını qəbul etmək olar.
Maqnezium və B6 vitaminindən başqa, menstrual dövrün ikinci yarısında ginekoloqlar E vitamini təyin edir. Bu vitamin hormonal sisteminə təsir edir, süd vəzilərin ağrısını, narahatlığı və depressiyanı aradan qaldırır.
PMS keçirən qadınların yarıdan çoxu müxtəlif lokalizasiyalı ağrılar hiss edir. Onlar baş ağrılarından, sinə, aşağı qarın nahiyəsində ağrılardan, oynaqlarda sızıldayan ağrılardan şikayət edir. Bu simptomlar bir-biri ilə əlaqəlidir və hormonal disbalansın, xüsusi toxuma hormonlarının, prostaqlandinlərin artıq sintezinin nəticəsidir. Maqnezium və vitamin B6 bu simptomların öhdəsindən gəlir. Əhvalı sabitləşdirmək və şirniyyata meyli azaltmaq üçün mürəkkəb karbohidratlardan istifadə edin. Makaron, çörək, sıyıq yeyin.
Az-az və tez-tez yeyin. Bu zaman qanda şəkər stabil səviyyədə qalır. Şirniyyat əvəzinə təzə meyvə, günəbaxan halvası yeyin. Halva gözəl maqnezium mənbəyidir. Yarmaları da unutmayın: yulaf, qarabaşaq, darı və s. Qida rasionunda yetərincə zülal, xüsusən, bitki zülalı olmalıdır. Bu, paxla, noxud və digər paxlalılar ola bilər. Vitaminli və mikroelementlərlə zəngin tərəvəzlər yeyin: brokkoli, gül kələmi, boranı, kərəviz. Gecələr qatıq için. Qoz, qarpız, göyərti və süd məhsullarını ayrılıqda istifadə edin.
Heyvan mənşəli yağlı məhsulların istifadəsini məhdudlaşdırın: yağlı qoyun əti, xama, qaymaqlı yoğurt. Duzun miqdarını azaldın. Aybaşıdan 7-10 gün əvvəl duzsuz pəhriz gözləyin. Kolbasa, vetçina, sosislər, pendir, balıq konservləri və kürünü müvəqqəti olaraq rasiondan çıxarın.
Quşüzümü və mərsin morsları, ot cövhərləri için. Dərman bitkilərindən itburnu, yemişan, melissa və damotu tövsiyə olunur.
Gün rejiminə riayət edin. Aybaşıdan qabaq əqli yükü azaldın. Ağır fiziki işləri, idman yarışlarını ləğv edin. Sağlam və davamlı yuxu, normal ailə və iş mühiti PMS-nu yumşaldır.
Nəhayət, özünüzü idarə edin, unutmayın ki, predmenstrual sindrom mənəvi qüsurları “doğrultmaq” üçün bəhanə deyil. Sizinlə birlikdə yaşamağa “məhkum” olanların həyatını zəhərləmək heç bir hormonların “səlahiyyəti” deyil…
Bir cavab yazın