Bagla

Həkimdən soruş

Hekimden sorus







Şəkərli diabet və böyrəklər: Diabetik nefropatiya nədir?

 

Dr. Kamil Müslümov NefroloqAzərbaycan Tibb Üniversiteti (2001-2008)

Diabet (Şəkər xəstəliyi) və  diabetlə bərabər seyr edilən yüksək qan təzyiqi (hipertoniya), orqanizmdə böyrək zədələnməsinə yol açaraq diabetik nefropatiyanın əmələ gəlməsinə səbəb olur. Diabet insanın yaşam keyfiyyətini pozan ciddi bir ağırlaşma olan diabetik nefropatiya, normal izlənmə və müalicə edilmədiyi zaman böyrək çatışmazlığına və sonunda insan həyatının itirilməsinə səbəb ola bilər. Ciddi təqib olunması lazım olan diabetik nefropatiyada qan şəkəri yüksəkliyi, genetik meyllilik, artıq çəki və hipertoniya risk faktorlarıdır. Risk faktorlarını ləğv etmək ya da nəzarətdə saxlamaq müalicənin əsasını təşkil edir. Qısaca olaraq aşağıda kiçik başlıqlar altında diabetik nefropatiya haqqında sizə bilgi verməyə çalışacam.

 

Diabetik nefropatiya nədir?

Diabetik nefropatiya, diabetin ən vacib və tez- tez rast gəlinən eyni zamanda yaşam keyfiyyətini pozan ağırlaşmalardan biridir. Diabetik böyrək xəstəliyi də deyilən bu narahatçılıq, düzənli təqib və uyğun müalicə həyati vacibliyə sahibdir.

 

Diabetik nefropatiyanın əlamətləri hansılardır?

Diabetik nefropatiyanın erkən dövründə heç bir əlamət bilinməyə bilər. Ancaq sonrakı dövrlərdə hipertoniya, sidikdə zülal, albuminuriyanın səviyyəsindən asılı olaraq ayaqda, topuqda, və ya əllərdə ödəm və çəkinin artması, tez-tez sidiyə çıxma, təngənəfəslik, iştahsızlıq, ürəkbulanma və qusma əlamətləri meydana gəlir. Diabetlərdə hipertoniya, diabet olmayanlarla müqayisədə iki dəfə çox rast gəlinir.

 

Diabetik nefropatiyanın səbəbləri nələrdir?

Cəmiyyətdə tez-tez rast gəlinən diabet xəstəliyinin bir ağırlaşması olan daibetik nefropatiya, müalicə olunmayan və ya lazımı dərəcədə kontrol olunmayan diabetin böyrəklərdəki qanda zərərli maddələri çıxaran qan damarı yumaqcıqlarını zədələməsi ilə meydana gəlir. Bu vəziyyət böyrək zədələnməsinə yol açarkən eyni zamanda hipertoniyaya səbəb olur. Əmələ gələn yüksək təzyiq böyrəyin damar yumaqcıqlarında təzyiqi daha yüksəldərək böyrəkləri daha çox zədələnməsinə yol açar. Tənzimlənə bilməyən hipertoniya diabetik nefropatiyanı daha sürətlə irəliləməsinə zəmin yaradır.  

 

Diabetik nefropatiyanın diaqnozu necə qoyulur?

Diabetik nefropatiya diabet ilə əlaqədar aparılan testlər zamanı meydana çıxır. Tip 1 daibeti olan insanlara diaqnoz qoyulduqdan 5 il sonra diabetik nefropatiya screening aparılması tövsiyə edilərkən, Tip 2 diabet diaqnozu qoyulanlarda dərhal başlanmalıdır. Diaqnoz üçün aparılan rutin testlər aşağıdakı kimidir:

 

Sidik albumin testi: böyrəklər, albumin normal halda filtrə etməz, yəni sidiklə çıxarmaz. Sidikdə mikroalbumin testi- sidik albumin olması böyrək funksiyasının yetərsiz olduğunu göstərir. 

 

Albümin/kreatinin nisbəti testi: Kreatinin, sağlam böyrəklərin qandan ayırıb çıxardığı bir maddədir. Albumin/kreatinin nisbəti böyrək funksiyası haqqında məlumat verir.

 

Yumaqcıq filtrasiyası sürəti:  (GFR-YFS):  Bir qan nümunəsində kreatinin miqdarı ölçülərək böyrəklərin qanı hansı sürətlə süzdüyünü təxmin etmək üçün istifadə olunur. Filtrasyon sürətinin aşağı olması böyrək funksiyasının zəif olduğunu göstərir.

 

Üç aylıq müddət içərisində aparılan bu 3 müayinədən ikisində və ya  daha çoxunda davamlı albuminuriya tapılan zaman diaqnoz qoyulur.

Laborator testlərdən əlavə uzman həkim böyrəklərin vəziyyətini dəyərləndirmək üçün ultrasəs, rentgen, KT və MRT müayinələrini də istəyə bilər.

 

Diabetik nefropatiyanın müalicəsi necə aparılır?

Diabetik nefropatiyanın müalicəsi ən vacib olan qanda şəkərin miqdarının tənzimlənməsi ciddi aparılmalıdır. Buna oxşar olaraq qan təzyiqinin istənilən səviyyədə saxlanması, diabetik nefropatiya riskini azaldır və irəliləməsini zəiflədir. Pəhrizdə duz istifadəsinin azaldılması həm qan təzyiqini tənzimlənməsinin asanlaşdırmaqla, həm də kardiovaskulyar xəstəlik riskini azaldır. Albumin/kreatinin səviyyəsi davamlı olaraq yüksək isə, hipertoniya olmasa belə, xronik böyrək xəstəliyini gecikdirmək üçün ACEİ/ARB qrupundan olan anti hipertenziv dərman preparatları istifadə olunur.

Daha çox irəliləmiş diabetik nefropatiya yəni böyrək çatışmazlığı müalicəsində isə dializ, böyrək nəqli və ya simptomatik müalicələr istifadə olunur.

 

DİABETİK NEFROPATİYADA ƏN ÇOX SORUŞULAN SUALLAR 

Diabetik xəstədə nefropatiya araşdırması nə qədər vaxtdan bir yoxlanılmalıdır?

Tip 1 diabetli xəstələrdə diabetin başlanmasından 5 il sonra ildə bir dəfə, tip 2 diabetlərdə isə diaqnoz qoyulandan başlayaraq ildə bir dəfə GFR-YFS və sidikdə albumin/kreatinin səviyyəsi yada 24 saatlıq sidikdə albuminuriya səviyyəsi baxılaraq diabetik nefropatiya axtarılması aparılmalıdır.

 

Diabetik nefropatiyanın risk faktorları hansılardır?

Hiperqlikemiyanın yəni qan şəkəri yüksəkliyinin müddəti və dərəcəsi, genetik meylilik, çəki artıqlığı, hipertoniya, dislipidemiya (xolesterin səviyyələrində yüksəlmə), siqaret çəkmə, ailədə diabet və böyrək xəstəliyi olması diabetik nefropatiyanın risk faktorarındandır.

 

Diabetik nefropatiya ən çox kimlərdə olur?

Diabetik nefropatiya əsasən Tip 1 daibet xəstələrində diaqnoz qoyulduqdan 5 il sonra meydana gələrkən, Tip 2 xəstələrdə diaqnoz qoyulan kimi görülə bilər. Bundan əlavə qan şəkəri və qan təzyiqi tənzimlənməyən diabetik xəstələrdə daha çox müşahidə olunur.

 

Diabetik nefropatiya xəstələri nələrə diqqət etməlidirlər?

Diabetik nefropatiya xəstələrinin xəstəliklərinin kontrol altında tuta bilmək üçün ev və social həyatlarına diqqət etməlidirlər. Çünki pəhriz, idman və öz-özünə idarəetmə, qan şəkəri səviyyələrini və yüksək qan təzyiqi tənzimləmək üçün lazımdır.

 

Diabetik nefropatiya riski altında olan ya da diabetik nefropatiya xəstəliyi olanların diqqətli olması lazım olan nuanslar bunlardır:

– Qan şəkəri səviyyəsi normal təqib edilməlidir. Böyrək zədələnməsinin qarşısının alınması və ya yavaşlatılmasının ən yaxşı yolu, qan şəkərini yaxşı bir şəkildə tənzimləməkdir. Bu əsasən pəhriz, idman və lazım olarsa insulin və ya hipoqlikemik tabletlərlə aparılır.

– Yüksək təzyiq tənzimlənməlidir.

– Günlük rutin idman proqramı hazirlanmalı və istifadə edilməlidir.

– Sağlıqlı bir qidalanma proqramı yaradılmalıdır. Bol miqdarda meyvə, nişasta tərkibinə sahib olmayan tərəvəz, tərkibində kəpəkli taxıllar və paxlalılar olan yüksək lifli bir pəhriz proqramı hazırlanmalıdır. Bundan əlavə doymuş yağların, işlənmiş ətlərin, şirniyyatların azaldılmasına diqqət etmək lazımdır.

– Zülallar, kontrollu şəkildə istifadə olunmalıdır. Şəkər xəstəliyi və böyrək xəstəliyi olan insanlar sağlamlıqları üçün  yetərincə zülal istifadə edilməlidir, ancaq izafi yeməkdən qaçmalıdırlar.

– Sidik ifrazında olan problemlərlə bağlı doktora müraciət edilməlidir. Çünki sidik yolu infeksiyalarında erkən müalicə vacibdir.

– Siqarət  çəkmə tam  dayandırılmalıdır

– Sağlıqlı çəkidə qalmaya çalışılmalıdır. Çəki vermək lazımdırsa mütləq bir dietoloqla  görüşülməlidir.

–  İbuprofen ve naproksen kimi  NSAİ (steroid olmayan anti-inflamatuvar dərmanlar ) başda olmaq üzrə böyrəklərə zərər verə biləcək  dərmanlar istifadə edilməməlidir.  Hər hansı  bitki tərkibli dərmanlar qəbul edilmədən əvvəl həkimlə məsləhətləşməlidir. Çünki bunlar böyrəklərə ziyan bura bilər.


 5348    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *