Bagla

Həkimdən soruş

Hekimden sorus







Selen qadın reproduktiv sisteminin funksional komponenti kimi və fəsadlaşmış hamiləliyin genezində onun rolu

 

Selen (Se) əvəzolunmaz mikroelement olmaqla orqanizmdə öz bioloji rolunu selenoproteinlər vasitəsi ilə reallaşdırır (selentərkibli zülallar). Selenoproteinlər katalitik və antioksidant aktivliyi hesabına struktur və fermentativ funksiya daşıyır. Bu sıradan qlutationperoksidaza (glutathione peroxidase), tioredoksinreduktaza (thioredoxin reductases, TrxRs) və selenoprotein R (SELENOP) antioksidant fermentlərin əhəmiyyəti daha çoxdur. Bu fermentlər toxumaları aktiv oksigen for­ma­­larının zədələyici təsirindən və DNT zədələn­məsinə cəlb olunmuş, potensial mutagenez, hüceyrəni məhv etmək və kanserogenez təsirli hüceyrə metabolizminin digər endogen məhsullarından qoruyur. Antioksidant mexanizmləri müdafiə fəsadlaşmış hamiləlikdə tez-tez müşahidə olunan oksidləşmə stresi ilə bağlı proseslərin modulyasiyasında mərkəzi rol oynayır.

 

Selenin hamiləlik fəsadlarının inkişafında rolu
Güman etmək olar ki, qanda Se aşağı səviyyədə olması ya hamiləlik fəsadlarının inkişaf etməsi və sonrakı nəticələri ilə bağlıdır, ya da yüksək oksidləşmə stresinə qarşı ananın fizioloji cavabıdır. M.P. Rayman et al. irəli sürdüyü hipotezaya əsasən, “hamiləlikdən qabaq Se çatışmazlığı hestasion hipertonik vəziyyətlərin formalaşması üçün daha böyük risk amilidir, nəinki hamiləlik dövründə yaranan defisit vəziyyət”. Lakin bu fikir hazırda diskussiya mövzusu olaraq qalır. Bir tərəfdən, məhz prekonsepsion dövr oositlərin keyfiyyətini və mayalanmadan sonrakı implantasiya proseslərini müəyyən edir. Digər tərəfdən, potensial təhlükəli defisitlər sitotrofoblastın invaziya proseslərinə də təsir etməklə plasentar çatışmazlığın formalaşmasına və müvafiq olaraq, uzaq hestasiya fəsadlarının inikşaf etmə riskinə təsir edir. Hamiləlikdən əvvəl və ya yalnız hamiləlik vaxtı Se alan heyvanlarda blastosistlərin keyfiyyətinin yaxşılaşması və implantasiyaönü itkilərin azalması müşa­hidə olunurdu. Bu məlumatlar hamiləliyin baş tutması üçün preqravidar hazırlığın aparılmasının vacibliyini təsdiqləyir.

 

Tədqiqatlar göstərir ki, hətta fəsadsız hestasiya zamanı qanda Se qatılığı əhəmiyyətli dərəcədə azalır. Ehtimal ilə, bu II və III trimestrlərdə qan plazması həcminin artması ilə, cift toxumalarında ekspressiya olunan SELENOP vasitəsi ilə transplasentar Se köçürülməsi ilə bağlıdır. Əksinə, qan zərdabında Se səviyyəsinin yüksək olması düşük və vaxtından qabaq doğuşların riskini azaldırdı. Müəlliflərin fikrincə, bu Se-nin oksidləşmə stresini, endoteliozu yatırması, eykozanoidlərin hasilatını tənzimləməsi, damar tonusunu modulyasiya etməsi və iltihab əleyhinə təsiri ilə bağlıdır.

 

M.P. Rayman et al. apardığı müqayisəli populyasion tədqiqatda I trimestrdə, hamiləliyin 6-cı və 35-ci həftələrində Se defisiti tezliyi öyrənilmişdir. Məlum olmuşdur ki, 16-həftəlik dövrdə selen defisiti daha qabarıqdır. Bu qrupda hipertenziv fəsadlara daha tez təsadüf edilirdi. Şimal regionlarında D3 vitamini defisiti də nəzərə alınsa, Se və D3 vitaminin qarşılıqlı əlaqəsi və reproduktiv sistemin fəaliyyətinə müştərək təsiri diqqətəlayiqdir.

 

Böyük Britaniya və Kanada alimləri kollektivi vaxtından əvvəl doğuş keçirmiş qadınların mikro­nutriyent statusu öyrənilmişdir (2014). Məlum olmuşdur ki, bu pasiyentlərdə hamiləlik vaxtı çox vaxt Se, maqnezium və sink defisiti aşkar olunurdu.

 

E. Mesdaghinia et al. təqdim etdiyi ikili randomizə olunmuş birbaşa plasebo-nəzarətli tədqiqatın məqsədi əlavə Se qəbulunun dölün bətndaxili inkişaf ləngiməsi sindromunun yaranmasına təsirini öyrənmək idi. Təsadüfi seçimlə ayrılmış iştirakçılar 10 həftə müddətində (hamiləliyin 17-ci həftəsindən 27-ci həftəsinə qədər) 100 mkq tablet formalı Se (n=30), yaxud plasebo (n=30) qəbul edirdi. Terapiyanın sonunda göbəkbağı arteriyalarının dopplerometriyası aparılırdı. Əsas qrupda pulsasiya indeksi göstəriciləri daha aşağı olmuşdur. TrxRs və C-reaktiv zülal səviyyələri də əlavə Se alan hamilələrdə daha aşağı olmuşdur.

 

Qeyd etmək lazımdır ki, Se defisiti hamiləliyin başqa fəsadlarında da müşahidə olunur: vərdiş edilmiş yarımçıq hamiləlik, vaxtından əvvəl doğuş, doğuşdansonrakı qalxanvarı vəzi disfunksiyası. Tədqiqatlar göstərir ki, Se (selenoproteinlərin komponenti kimi) tireoperoksidazaya qarşı antitellərin səviyyəsini (at-TPO) azaldaraq doğuşdan sonra hipotireoz və qalxanvarı vəzi xəstəlikləri törədir. Se, həmçinin autoimmun tireoiditi olan pasiyentlərdə qalxanvarı vəzin iltihab aktivliyinin azalmasında iştirak edir.

 

Məlumdur ki, somatik sağlam qadınlarda da hamiləlik dövründə qalxanvarı vəzi disfunksiyası və hipotireozun inkişaf etməsi mümkündür, dölün tireoid hormonlara olan tələbatı nəzərə alınmaqla bu fizioloji əsaslı prosesdir. Lakin hipotireoz hamiləliyin yarımçıq kəsilməsinə səbəb ola bilər, demək, erkən hestasiya dövründə Se dotasiyası bu fəsadın yaranma riskini azalda bilər. Rentgen fluoressent vizualizasiya vasitəsi ilə qranulyoz hüceyrələrdə Se ionlarının toplanması aşkar olunmuşdur.
İnsanın follikulyar mayesində nəzərə çarpan Se izləri və Se-asılı fermentativ aktivlik əlamətləri qeyd olunur. İdiopatik sonsuzluqdan əziyyət çəkən qadınlarda follikulyar Se səviyyəsi əhəmiy­yətli dərəcədə aşağıdır. Follikular ətrafındakı selenoferment zülalın antioksidant aktivliyi hematogenez və mayalanma prosesində mühüm rol oynayır.

 

Se defisiti korreksiyası
Qida əsas Se mənbəyidir və bu elementin orqanizmə daxil olması onun qida məhsullarındakı miqdarından asılıdır. Selenin yetkinlər üçün tövsiyə olunan sutkalıq istifadə miqdarı 30–40 mkq/sut bərabərdir, lakin gündəlik 400 mkq qədər selen istifadəsi təhlükəsiz hesab olunur.

 

Prekonsepsiya və hestasiya dövründə aşkar olunmuş Se defisitini aradan qaldırmaq məqsədi ilə qida əlavələri olaraq ən azı 200 mkq/sut dotasi­ya tövsiyə olunur. Selentərkibli fermentlərin güclü antioksidant aktivliyi vasitəsi ilə plasentar çatışmaz­lıqla bağlı mamalıq fəsadların riskini azaltmaq mümkündür.


 5710    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *