Bütün dünyada xərçəngə ən çox qadınlar arasında rast gəlinir və 40-45 yaş arası ən yüksək ölüm göstəricisinin səbəbidir. Dünyada hər 8 qadından birinin süd vəzi xərçənginə tutulma riski var. Avropada hər 4 qadından biri süd vəzi xərçəngi səbəbi ilə həyatını itirir.
Vətənxa Süzən Sabir qızı, Milli Onkologiya Mərkəzi, həkim radioloq, tibb elmləri doktoru, dosent
ERKƏN DİAQNOSTİKA HƏYAT QURTARIR…
Süd vəzi xəstəliklərində rast gəlinən əlamətlər
• Gözlə görünən əlamətlər
• Əllə hiss edilən əlamətlər
• Süd vəzidə rast gəlinən ağrı
Gözlə görünən əlamətlər
Gözlə görünən ən kiçik dəyişiklik belə göz ardı edilməməlidir, çünki bunlar xərçəng əlaməti ola bilər. Gözlə görünən əlamətlər aşağıdakılardır:
• Süd vəzini formasında dəyişiklik
• Süd vəzi giləsinin deformasiyası
• Süd vəzinin və ya süd vəzi giləsinin içəriyə doğru çəkilməsi
• Süd vəzi giləsində yara, qızartı, qalınlaşma
• Süd vəzi giləsindən gələn axıntı
• Süd vəzi dərisində şişkinlik, qalınlaşma
• Süd vəzi dərisində rəng dəyişikliyi
Əllə hiss edilən əlamətlər
Qadınların həyatları boyunca əllə etdikləri müayinədə bir sərtliyə rast gəlmə ehtimalları olduqca yüksəkdir. Böyük hissəsi xoşxassəli şişlər olsa da, diqqətlə araşdırılmalıdır. Əl ilə hiss edilən strukturlar iki tipdə ola bilər:
Kista. Əlinizlə hiss etdiyiniz kütlə daxili maye ilə dolu kisədirsə, buna kista deyilir. Ölçüləri bir neçə millimetr ilə bir neçə santimetr arasında dəyişən bu kistalar, adətən, xoş xassəlidir. Xüsusilə 40 yaşlarda menopauzadan əvvəl görünən kistalar menstruasiya dövründə böyüyür və ağrı verir. Nadir hallarda olsa da, 25 yaşdan kiçik olan qadınlarda da rast gəlinir. Müalicədə kistanın möhtəviyyatı iynə ilə boşaldılaraq daxilindəki maye müayinə edilir. Nəticəyə görə müalicə üsuluna qərar verilir.
Solid kütlə. Maye tərkibli olmayan, daxili fərqli hüceyrələr ilə dolu quruluşlara solid kütlə deyilir.
Solid kütləyə 40 yaşdan sonra rast gəlinirsə, burada xərçəng riski yüksəkdir. Mammoqrafiya və USM dəyərləndirilməsi ilə birlikdə dəqiq diaqnoz üçün kütlədən bioptatın götürülməsi ilə patoloji araşdırma aparılmalıdır.
Süd vəzində ağrı
Qadınlarda süd vəzi ağrısı ən çox rast gəlinən şikayətlər arasındadır. Hər qadın yaşının müəyyən bir dövründə süd vəzisində olan ağrılardan əziyyət çəkir. Xüsusilə menstruasiya dövründə süd vəzi ağrısı daha çox qeyd edilir. Menopauza dövründə isə süd vəzi ağrısı şikayəti azalır.
Döş qəfəsindəki ağrılar ilə süd vəzi ağrısı qarışdırıla bilər. Hər döş-süd vəzi ağrısı xərçəng deyildir, amma az da olsa xərçəng əlaməti ehtimalı vardır.
Süd vəzi ağrısında diqqət edilməli olan hallar bunlardır
• Mensturasiyadan əvvəl və sonra ağrının eyni qalması
• Tez-tez eyni yerdə təkrarlanması
• Ağrının pulsasiya şəklində olması
• Yanma və ya bıçaq batması şəklində ağrı hiss edilməsi
• Ağrının qoltuq altına və ya qola yayılması
• Ağrı ilə birlikdə ələ gələn kütlənin olması
Süd vəzi ağrısının başqa səbəbləri
• İnfeksiya
• Tireoid vəzi xəstəlikləri
• Pankreas xəstəlikləri
• Menstruasiya pozğunluqları
• Hormonal status
• Kistalar
• Travma
• Artrit
• Süd vəzi dərisi altında damar trombozu
• Əzələ ağrıları
• Fibrokistik dəyişikliklər
• Süd vəzlərinin iri ölçüdə olması
• Antidepresant qəbulu
• Psixoloji dəyişikliklər
Süd vəzi xəstəliklərində diaqnostika üsulları
• Öz-özunə müayinə
• Klinik müayinə
• Mammoqrafiya
• Süd vəzinin USM
• MR
• PET
• Biopsiya
Öz-özünə müayinə
Süd vəzi xərçənginin erkən diaqnostikasında yaşı 20-dən yuxarı olan qadınların özlərini mütəmadi olaraq ayda bir dəfə müayinə etmələri olduqca vacibdir.
Müayinə necə aparılmalıdır?
• Müayinəni güzgü qarşısında, işıqlı bir yerdə aparın. Əllərinizi belinizə qoyaraq gözləriniz ilə hər iki süd vəzinizin forma, ölçü, rəng və quruluş fərqliliklərinə diqqət yetirin. Eyni proseduranı əllərinizi başınızın arxasına qaldıraraq təkrarlayın.
• Yenə güzgü qarşısında durun, sağ süd vəzini sol əlinizlə, sol süd vəzini sağ əlinizlə süd vəzi üzərində kiçik dairələr çəkəcək şəkildə və çox sıxmadan, barmaqlarınızın iç səthi ilə təmas etdirərək hərəkət etdirin.
• Hər iki süd vəzi giləsini barmaqlarınızın arasına alaraq diqqətli və çox sıxmadan müayinə edin.
• Sonra hər iki qoltuqaltını əks əlinizlə müayinə edin.
Müayinə zamanı nələrə fikir verməli olduğunuz “Əllə hiss edilən əlamətlər” bölməsində qeyd edilir.
Klinik müayinə
Nadir hallarda bəzi süd vəzi xərçənglərinə mammoqrafiya və ya USM ilə diaqnoz qoyulması qeyri-mümkün olur. Bu səbəblə ixtisaslı həkimin aparacağı klinik müayinə erkən diaqnostika üçün əhəmiyyətlidir. Xüsusilə risk qrupunda olan qadınlara mütləq kliniki müayinə də edilməlidir.
Mammoqrafiya
Mammoqrafiya erkən diaqnostika metodlarının ən əsasıdır. 40 yaşdan yuxarı olan bütün qadınların ildə bir dəfə mammoqrafik müayinədən keçməsi erkən diaqnostika üçün böyük əhəmiyyətə malikdir. 40 yaşadək olan qadınlar göstəriş olmadıqda mammoqrafik müayinə olunmurlar. Bunun səbəbi süd vəzinin fibroqlandulyar toxumasının müayinənin həssaslığını azaltmasıdır.
Mammoqrafiya ağrılı bir müayinə üsüludurmu?
Mammoqrafiyanın icrası bir çox qadının qorxu- sudur, amma düşünüldüyü qədər ağrılı bir müayinə deyildir. Mammoqrafiyanı çəkən texnikin bilikli və təcrübəli olması mammoqrafiya edilərkən yaşanan ağrını azaltığı kimi, görüntülərin keyfiyyətində də əhəmiyyətlidir.
Mammoqrafiya nə zaman çəkilməlidir?
Xüsusi bir göstəriş olmadığı hallarda müayinə süd vəzi həssaslığının ən az olduğu menstruasiyanın bitdiyi həftə aparılmalıdır. Bu dövrdə süd vəzlərinin şişkinliyi də ən az olduğu üçün daha yaxşı nəticələr alınır.
Mammoqrafiya zamanı qəbul edilən şüa zərərlidirmi?
Hal-hazırda istifadə edilən mammoqrafiya cihazlarının şüa dozası olduqca aşağıdır və sağlığınıza mənfi təsir göstərməz. Buna baxmayaq, mammoqrafiya cihazlarının keyfiyyət kontrolu və şüa dozasının ölçülməsi periodik olaraq aparılmalıdır.
Süd vəzinin ultrasonoqrafik müayinəsi
Heç bir zərərli təsiri olmadığı üçün hamilə qadınlar da daxil olmaqla, bütün qadınlarda aparıla bilər. Xüsusilə süd vəzi toxuması sıx olan cavan qadınlarda mammoqrafik müayinə mümkün olmadıqda bu müayinə üsulundan istifadə edilir.
USM, süd vəzidə aşkar edilən kütlənin quruluşu haqqında məlumat verir. Kütlənin kista, yoxsa solid kütlə olduğunu təyin etməyə imkan verir.
Mammoqrafiya ağrılı bir müayinə olduğu üçün qadınlar USM müayinədən keçmək istəyə bilərlər. Ancaq hər iki müayinə metodu bir-birini tamamlayır. Mammoqrafiyada görünən bəzi əlamətlər USM-də görünməyə bilər. Bəzi hallarda isə mammoqrafiya qərar verə bilmir və USM-ə göndərilir. Burada siz həkiminizin qərarına güvənməlisiniz.
MR
MR-in göstəriş olduğu hallar və pasiyentlər aşağıdakılardır:
• Silikon protez istifadə edilərək süd vəzi böyütmə əməliyyatı olunan qadınlar
• Biopsiya edilib-edilməməsi qərarının verilməsi
• Süd vəzi qoruyucu əməliyyatların aparılmasına qərar verilmə mərhələsi
• Süd vəzi toxuması çox sıx olan cavan qadınlar
• Kütlə aşkar edilməsinə baxmayaraq, mammoqrafiya və USM-də nəticə alınmadığı hallar
• Ailəvi olaraq süd vəzi xərçəngi riski yüksək olan qadınlar
• Metastazların araşdırılması
• Cərrahi əməliyyat olunmuş süd vəzlərinin müayinəsi
PET (Pozitron Emisyon Tomoqrafiya)
İnyeksiya ilə radioaktiv bir maddənin verilməsi şəklində aparılan PET metodu ilə xərçəng hüceyrələrinin yeri aşkar edilir.
PET, əsasən, metastazlar zamanı, kimya terapiyadan, radio terapiyadan sonra şişin olub-olmadığını araşdırmaqda istifadə edilir.
Biopsiya
Yuxarıda göstərilən müayinə metodları nəticəsində xərçəng şübhəsi varsa, aşkar edilən törəmədən hüceyrə nümunələri götürülür. Bu nümunələr araşdırılaraq dəqiq diaqnoz qoyulur. Biopsiyadan başqa digər metodlarla dəqiq diaqnoz qoymaq mümkün deyil.
Risq faktorları
• Yaş. Yaşı 50-dən çox olan qadınlarda 50-dən az olan qadınlara nisbətən xərçəng riski 4 dəfə çoxdur.
• Süd vəzi xərçəngi hekayəsi. Daha əvvəl süd vəzi xərçəngi aşkar edilmiş qadında xərçəng riski normal qadınlara nisbətən 3-4 dəfə çoxdur.
• Genetik faktorlar. Ailədə birinci dərəcəli qohumlarda süd vəzi xərçəngi olan qadınlarda digərlərinə nisbətən xərçəng ehtimalı 2 dəfə çoxdur.
• Kontraseptiv maddələrdən istifadə olunması
• Siqaret
• Alkoqol qəbulu
• Estrogen hormonu ilə müalicə
Sağlığınızı riskə atmayın!. Süd vəzinizdə dəyişiklik gördüyünüz və ya ağrı hiss etdiyiniz zaman vaxt itirmədən mütləq həkimə müraciət edin.
Salam, usm müayinəsində kalsinat tərkibli kistoz törəmə aşkarlanıb. Qadının 82 yaşı var, nə etmək mümkündü, əgər bədxassəli törəmə olsa, müalicə mümkündü?