Bagla

Həkimdən soruş

Hekimden sorus







Uşaq və yeniyetmələrdə rəqəmsal asılılıq

 

Müasir diaqnosika və müalicə strategiyası

Həkim – pediatrın təcrübəsində tez-tez və azırda internet-asılılıq və qacetlərdən asılılıq probleminin aktuallığı müxtəlif ixtisaslı mütəxəssislərdə şübhə doğurmur. 1998-ci ildə Kimberli Yanq davranışla impulslara nəzarətin pozulması arasındakı əlaqəni göstərmək məqsədi ilə “internet-asılılıq” terminini təklif etmişdir. Yanqın tərifinə görə internet-asılılıq İnternetlə bağlı olan, gündəlik həyat tərzini pozan və sosial əlaqələrə maneçilik törədən hər hansı kompulsiv davranış deməkdir. Qacet asılılığı (smartfonlar­dan, mobil telefonlardan, mobil telefonların problemli istifadəsi, kompulsiv istifadəsi və izafi dərəcədə istifadəsi) medianın istifadəsi nəticəsində qacetlərə həddən artıq bağlılıq, zəif nəzarət və gündəlik fəaliyyətin pozulması ilə xarakterizə olunan dezadaptiv davranışdır. Rəqəmsal texnologiyaların həddən artıq istifadə olunması nevroloq M. Spitseri (2012) daha dəqiq “rəqəmsal asılılıq” termini düşünməyə sövq etdi.

 

İnternet-asılılıq və psixoaktiv maddələrdən asılılıq zamanı müşahidə edilən davranış arasında ümumi cəhətlər çoxdur və bir çox nevroloji və neyrovizualizasiya tədqiqatları beyin qabığında digər addiktiv sindromlarla analoji bioloji dəyişikliklərin yaranmasını və onların mükafatlandırma, emosiyalar, icra funksiyaları, həmçinin diqqət, qərar qəbulu və koqnitiv nəzarətlə bağlı beyin funksiyalarına təsirini göstərir.

 

Çox vaxt internet istifadəsinin kəsilməsindən sonra ləğv etmə simptomları üzə çıxır. Pasiyentlər titrəmə, ürəkbulanma, istilik hiss edir, apatiya və ya marağın itməsi, mədə-bağırsaq traktı problemləri ilə üzləşir. Bu, kimyəvi tarazlığı bərpa etmək üçün beynin dofamin ehtiyacının artması ilə izah olunur. Depressiv və aqressiv ləğv simptomları arasında fərq mövcuddur. Aqressiv ləğv simptomları söz və fiziki münaqişə ilə ifadə oluna bilər. Depressiv simptomlar isə ağır formada keçir, suisidal təhlükə və cəhdlərə gətirib çıxara bilir.

 

İnternet-asılıqdan əziyyət çəkən adamlar, adətən, bunu gizlədir. Bir tərəfdən, yeniyetmələr və gənclər vəziyyətin ağırlaşacağını dərk etmir, digər tərəfdən, davranışının asılılığa çevrildiyini dərk edənlər bunu gizlətməyə və valideynlərin, ətrafdakıların narahatlığını azaltmaq üçün normal görünməyə çalışırlar. Asılı insanlara xas olan sonuncu psixopatoloji simptom residivdir.

 

Amerika asılılıq təbabəti cəmiyyəti (The American Society of Addiction Medicine) 2013-cü ildə asılılığı tərif edərək bu halı xroniki beyin xəstəliyi kimi təqdim edir və bəyan edir ki, asılılıq psixoaktiv maddələrin istifadəsi ilə məhdudlaşmır. Bütün asılılıq növləri, kimyəvi və ya davranış olsun, müəyyən səciyyəvi cəhətlərə malikdir, o cümlədən şiddət dərəcəsi, kompulsivlik (nəzarətin itirilməsi), əhvalın dəyişməsi və distresin yüngülləşməsi, dözümlülük və abstinentlik, habelə, neqativ fəsadlara baxmayaraq, davam olunması. Beləliklə, həm internet-asılılıq, həm də qacet asılılığı davranış asılılığı deməkdir və sistemə girişdən sonra hansı fəaliyyətin aparılması mühüm deyil.

 

İnternet-asılılığı aşkar etmək üçün çoxsaylı alətlər təklif olunub, o cümlədən internet-asılılıq cədvəli (Internet Addiction Scale), internet-asılılıq sınağı (Internet Addiction Test), internet-addiktiv pozuntusu sınağı (Internet Addictive Disorder), internet-asılılığın diaqnostik meyarları (Internet Addiction Disorder Diagnostic Criteria), Çen internet-asılılıq cədvəli (Chen Internet Addiction Scale), İnternetin kompulsiv istifadəsi cədvəli (Compulsive Internet Use Scale), Qriffit asılılıq komponentləri meyarları (Griffith Addiction Components Criteria).

 

R. Tao et al. internet-asılılığın səkkiz simptomlarını təklif etmişdir:
1. qayğılıq: güclü internetdən istifadə etmək istəyi və şəbəkədəki əvvəlki hərəkətləri düşünməmək bacarıqsızlığı;
2. abstinensiya: disforik ovqat, həyəcan, əsəbilik və internetdə bir neçə gün olmayandan sonra cansıxıcılıq;
3. tolerantlıq: eyni məmnunluq səviyyəsinə çatmaq üçün internetin daha çox istifadə olunması;
4. nəzarətin çətinliyi: internetin istifadəsinə nəzarət etməyi, azaltmağı və ya kəsilməsini daim istəmək və/və ya bunu edə bilməmək;
5. zərərli fəsadların nəzərə alınmaması: internetin həddən artıq istifadəsi səbəbindən yaranan daimi ya təkrarlanan fiziki və ya psixoloji problemlərə məhəl qoymamaq;
6. sosial əlaqələrin və maraqların itməsi: əvvəlki əyləncələrə və həvəslərə marağın itirilməsi, internetdən başqa;
7. neqativ emosiyaların zəifləməsi: disforik əhvaldan çıxmaq ya yüngülləşmək üçün internetin istifadəsi (misal üçün, çarəsizlik, günah və ya narahatlıq hissi);
8. gizlətmə: ailədən, dostlardan və qohumlardan, terapevtdən internetin istifadəsi haqqında doğru məlumatın gizlədilməsi, misal üçün, internetə sərf olunan vaxtın və pulun.

 

Qacetlərin gündə 120 dəqiqədən çox və bir oyun ərzində 75 dəqiqədən çox istifadə edilməsi yüksək intensiv istifadə kimi dəyərləndirilir. Hesab olunur ki, qacetlərin dəfələrlə (gündə 3 dəfədən artıq) və hər dəfə 30-75 dəqiqə istifadəsi asılılıq yaradır. Qacetlərə aludə olan uşaqlar gerçək həyatda yox, sosial şəbəkədə dost axtarır. Smartfonlardan asılılığın səbəbi bu halda onların başqa adamlarla qarşılıqlı əlaqə və təmas qurulması vasitəsi olmasıdır. Bəzi istifadəçilər üçün qacet təkcə ünsiyyət və oyun aləti deyil, eyni zamanda həmsöhbətdir, zövq almaq üsuludur, yorğunluğu azaldır və təhlükəsizlik görünüşü yaradır. Belə istifadəçilər tənbəldir, ünsiyyət qurmağa ərinir. Bu vəziyyət ətraf mühitdə sosiallaşmaq qabiliyyətini azaldır. Smartfonlardan istifadə edən yeniyetmələr öz aləmindədir və ətrafa məhəl qoymur, az ünsiyyət qurur, bir yerə toplananda da söhbət etmir, smartfonları ilə məşğul olur.

 

Evdə nəzarət və qaydalar:
– ekran əyləncəsinin istifadə müddətini məhdudlaşdırmaq: uşaqlar 18–24 ay yaşlı — ekran daşıyıcılarından istifadə etməmək; məktəbəqədər yaşlı uşaqlar — gündə 1 saata qədər; ibtidai sinif şagirdləri və yeniyetmələr – internet-resursları başqa vacib məşğuliyyətləri əvəz etmək üçün istifadə etməmək;
– hər gün 1 saat fiziki məşq hərəkətləri;
– ailə naharı;
– tam gecə yuxusu; onlayn-oyunlara 3 saatdan artıq vaxt ayırmamaq; qacetləri uşaq otağına qoymamaq; yuxudan bir saat əvvəl onlayn-oyunu oynamamaq;
– internetə çıxışın və alınan informasiyanın müddətini məhdudlaşdırmaq;
Uşaq medialarına böyüklərin nəzarəti:
– onlayn-oyuna başlamazdan və internetə daxil olmazdan əvvəl uşaqla vaxt məhdudiyyətini razılaşdırmaq;
– qacetlərdən istifadəni və istifadəni kəsməyi uşaqlara öyrətmək.

 

Məktəbin və pedaqoqların rolu:
– təlim və/və ya seminarlar: “İnternetin münasib istifadəsi”, “İnternet-asılılıq problemləri” (müəllimlər, şagirdlər və valideynlər üçün);
– məktəb – erkən internet-asılılıq əlamətlərini aşkar etmək üçün yaxşı məkandır.
Valideyn səriştəsinin yaxşılaşdırılması:
– valideynlərlə uşaqların ünsiyyətini yaxşılaşdırmaq;
– valideynlərlə uşaqların birlikdə daha çox vaxt keçirməsi;
– valideynlər uşaqların internet aktivliyindən xəbərdar olmalıdır;
– valideynlərin psixi sağlamlığının yaxşılaşdırılması.

 

Dövlət tədbirləri:
– internetə çıxış yaşını məhdudlaşdırmaq;
– internet-kafe ilə orta məktəb arasındakı məsafənin nəzərə alınması (ən azı 200 m);
– internet-kafenin iş cədvəlinin korreksiyası;
– internetdə qumar oyunları ilə məşğul olan şirkətlərə qarşı siyasət və qaydaların tətbiqi, həmin fəaliyyətin daşıdığı zərərin minimallaşdırılması.


 488    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *