Bagla

Həkimdən soruş

Hekimden sorus







Uşaqlıq mioması… Cərrahi əməliyyatsız müalicə?

 

Təbabətin inkişafı bizə az qala hər gün sürprizlər yaşadır. Cərrahi əməliyyatların bir qismi tarixə qovuşur, yerini minimal müdaxilə ilə böyük nəticə verən proseduralar tutur, bəzi hallarda isə əvvəllər müalicəsi olmayan və ya iynə-dərmanla vəziyyətin bir qədər yüngülləşdirilməsi ilə davam edən, insana uzun illər əziyyət verən xəstəliklər həmin minimal müdaxilə ilə müalicə olunur.

 

Dr. İlqar Hüseynov, invaziv radioloq, “Məlhəm Beynəlxalq Hospital”

Haqqında danışacağımız tibbi müdaxilə narkozsuz, kəsiksiz, qanitirmə olmadan, qol və ayaq damarından girilməklə icra edilən UFE prosedurasıdır. Tibbi mənbələrdə ilk dəfə Ravina tərəfindən 1995-ci ildən icra edilməsi haqda məlumat olan UFE “uterin fibriod embolization” deməkdir ki, bu da dilimizə tərcümədə uşaqlıq mioması düyününün embolizasiyası mənasına gəlir. Daha ətraflı təsvir etsək, proseduranın mahiyyəti qol və ya ayaq damarına iynə ilə girildikdən sonra kateter adlanan borucuqlarla irəliləyərək uşaqlıq damarının tapılması, daha sonra uşaqlıq damarının məhz miomanı qidalandıran şaxələrinin seçilib xüsusi kürəcik və ya dıgər tıxac materialları ilə doldurulmasından, bu yolla qan dövranına qapadılmasından ibarətdir. Nəticə etibarı ilə isə tıxanmış damar artıq əvvəlki kimi uşaqlığın mioma düyününün qan təchizatını həyata keçirə bilmir, qanla qidalanmayan düyünün ölçüləri kiçilir və cansız toxumaya çevrilir. Beləliklə, həmin düyünün qadın orqanizmində olması ilə meydana çıxan əlamətlər və yaratdığı hallar aradan qalxır. Bəs həmin əlamətlər hansılardır? Uşaqlığında mioma düyünü olan qadın miomanın sayından və ölçülərindən asılı olaraq çanaq ağrıları, çanaqda basqı hissi, tez-tez sidik ifrazı istəyi, menstruasiya (aybaşı) günlərində qanaxma miqdarının və günlərin normadan çox olması, cinsi əlaqədən imtina kimi şikayətlər ifadə edə bilər. Demək olar ki, bir əsr ancaq medikamentoz və cərrahi üsullarla müalicə edilən, bəzi hallarda uşaqlığın itirilməsi ilə nəticələnən uşaqlıq mioması 21-ci əsrdə tam fərqli metodla, bədənin fərqli nahiyəsindən müdaxilə edilməklə, bir iynə içərisindən müalicə edilir, adətən, xəstəxanada yatma müddəti bir günü keçmir, cərrahi kəsik və tikişi olmayan pasientin gündəlik sarğıya ehtiyacı olmur və digər cərrahi müdaxilələrdən fərqli olaraq orqanizm daha qısa bərpa müddəti tələb edir. Ayrıca qeyd edək ki, hamiləlik planları olan qadınlar gələcək planlarına optimistcəsinə yanaşa bilərlər. Cərrahi əməliyyat zamanı uşaqlığın çıxarılması, əməliyyatdan sonra hamiləliyin qadağan olunması riskləri varsa, UFE əməliyyatından sonra belə müzakirə mövzuları olmur. Fransa, Yaponiya, ABŞ və s. ölkələrdə az qala 30 il əvvəl start verilən UFE prosedurası ölkəmizdə 10 ildən çoxdur ki, icra edilir və ürəkaçan nəticələrə malikdir. Beləliklə, tibbin yenilikləri sərhəd tanımır, həmin yeniliklər mütəxəssislərimiz tərəfindən mənbəyindən əldə edilərək ölkəmizə “daşınır” və demək olar ki, ölkəmizdə icra edilməyən elə bir müayinə və müalicə metodu qalmamışdır. Qalır vaxtında həkimə getmək…


 5244    PAYLAŞ |

“Uşaqlıq mioması… Cərrahi əməliyyatsız müalicə?” üçün bir cavab

  1. Hacıyeva nərgiz dedi ki:

    Çox sağ olun.narkozsuz neçə dözmək olar?

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *