Bagla

Həkimdən soruş

Hekimden sorus







Yeniyetmənin beyini: o nə barədə düşünür?

 

Yeniyetmə dövrü çox vaxt riskli davranışla, valideynlərlə münaqişə ilə, kefinin sürətlə dəyişməsi ilə və gözlənilməz hərəkətlərlə bağlı olur. Amma yeniyetmələr əbəs yerə bu şöhrəti qazanıb, onların yalnız kiçik bir faizi cəncələ düşür. Baxmayaraq ki, həyatının bu son dərəcə vacib yetkinləşmə və özünütanıma mərhələsini hamı istisna olmadan keçir, bu, beyinin plastik və yeniliyə açıq olan, ətraf dünyanınsa ətraf dünyanınsa sonsuz və öyrənilməmiş olduğu “unikal imkanlar zamanıdır”. Evelin Krone, professor Leyden Universitetinin professoru və koqnitiv neyrobioloq yeniyetmə beyinin davranış və inikşaf xüsusiyyətlərini tədqiq edir və ömrün ilk dörddə birinci dövründə beyində nələr baş verdiyini izah edir.

 

Yeniyetmə yaş dövrü 10-22 yaş arasındadır, hərçənd ki, müxtəlif mədəniyyətlərdə bu çərçivələr dəyişir. “Yeniyetməlik” və “pubertat” terminləri çox vaxt eyniləşdirilsə də, bu heç də eyni anlayış deyil. Pubertat dövr gənc orqanizmdə cinsi hormonların hasil olunmağa başladığı cinsi yetkinlik dövrüdür, bu yeniyetməlik dövrünün hələ birinci fazasıdır. Təbii ki, cinsi hormonlar beyin inkişafını stimulyasiya edir, amma “yeniyet­məlik” dediyimiz dövr, həm də “sosial böyümə” deməkdir ki, bu zaman yeniyetmənin beyini dəyişir, intensiv sosial əlaqələr və ətraf mühitin müstəqil tədqiqi nəticəsində daha stabil əlaqələr qazanır.

 

Yeniyetmə beyində cərəyan edən hansı dəyişikliklər daha çox nəzərə çarpır? Doğulduqdan sonrakı ilk aylarda beyin sürətlə böyü­­yür, amma bəzi sahələrindəki inkişaf prosesləri 25-30 yaşa qədər davam edir. Məlumdur ki, 5-6 yaşa qədər beyində toplanan neyronların və sinapsların (neyronlar arası birləşmələr) miqdarı maksimal dərəcəyə çatır. Sonra gözlənilmədən neyronlar arasındakı sinaptik əlaqələrin sayı azalmağa başlayır. Əslində, bu sinaptik əlaqələrin optimizasiya prosesidir, ən vacib və zəruri əlaqələr qalır, artıqları isə ləğv olunur (bu proses sinaptik pruninq adlanır). Bu proses beyində qeyri-bərabər keçir: görmə və eşitmə qabığı kimi sensor şöbələrdə sinaptik pruninq təxminən 8 yaşa qədər başa çatır, amma icra funksiyalarına və işçi yaddaşa cavabdeh olan prefrontal qabıqda sinaptik əlaqələrin optimizasiya prosesi 25 yaşa qədər davam edir.

 

Boz maddənin həcmi (neyronlar və onlar arasında sinaptik əlaqələr) qeyri-bərabər dəyişir, ağ maddənin miqdarı isə ömrün ilk dörddə birinci hissəsində tədricən artır. Ağ maddə miyelin qişası ilə örtülmüş və buna görə də ağ görünən uzun neyron çıxıntılarıdır. Miyelin bir növ neyron əlaqələrini bərkidən yapışqandır. Formalaşmış miyelin qişası müxtəlif beyin şöbələri arasında siqnalların daha sürətlə ötürülməsinə, demək, onlar arasında kommunikasiyanın yaxşılaşmasına kömək edir. Bütün yapışqan yalnız 25 yaşa yaxın öz yerinə çatır, yeniyetmə beynini yetkin yaşlı beyindən fərqləndirən də budur. Müasir neyrobio­loji bilikləri nəzərə almaqla həddi-büluq dövrü hesab olunan 18 yaş təsadüfi ölçüdür, gerçəklikdə yeniyetmələr müxtəlif yaşlarda yetkinləşir.

 

Açığı, planlaşdırma qabiliyyəti yeniyetmələrin ən güclü cəhəti deyil. Lateral (yan) prefrontal qabıq sahəsi işləri uğurla planlaşdırmaq və çətin işləri yerinə yetirmək üçün zəruri olan vacib funk­si­yalara cavabdehdir: problemlərin həlli, informasiyanın işçi yaddaşda saxlanılması, mani­pulyasiya olunması və inhibitor nəzarəti.
Deyildiyi kimi, prefrontal qabıq 25 yaşa qədər inkişaf edir, belə ki, hələ də lazımsız sinaptik əlaqələr ləğv olunur və miyelin formalaşır. Yəqin ki, məhz buna görə yeniyetmə yaşlarında işçi yaddaş daha pis işləyir, yeniyetmələr başında eyni vaxtda, “onlayn” olaraq daha az mövzu saxlayır, onların inhibitor nəzarəti daha zəifdir – davranış testlərində onlar spontan stop-siqnala daha ləng reaksiya verir və impulsiv davranışa pis œnəzarət edir. Yeniyetmələr, həmçinin icra nəzarətini qiymətləndirən Strup sınağının öhdəsindən də zəif gəlir. Sınaq vaxtı onlara müxtəlif rənglərlə yazılmış sözlər göstərilir və sözü deyil, məhz onun yazıldığı rəngi adlandırmaq tələb olunur. Sözün mənası və rəngi bir-birinə ziddir və bu testi tez və düzgün yerinə yetirmək üçün beyinə çox səy göstərmək tələb olunur (sözün yazıldığı rəngi tez söyləməyə cəhd edin!).

 

Mürəkkəb işləri səmərəli planlaşdırmaq üçün bu funksiyaların hamısı qarşılıqlı əlaqə qurmalıdır: işçi yaddaşda eyni vaxtda bir neçə opsiya saxlamalı, daha cəlbedici variantları inkar etməli (feysbukda oturmaq) və ziddiyyətləri tez həll etməlidir. Bunun üçün müxtəlif beyin şöbələrinin effektiv kommunikasiyası gərəkdir, fokus da prefrontal qabığa yönəlməlidir, yeniyetmələrdə isə bu struktur hələ 25 yaşa yaxın tam formalaşır. Yeniyetmələri işini düzgün planlaşdıra bilmədi­yinə görə tənbeh etmək dəqiq olmaz, yaxşısı budur onlara seçim etməkdə yardımçı olun və öz fikrinizi zorən qəbul etdirməyin.

 

Göründüyü odur ki, yeniyetmələrin beyini həvəsləndirməyə və tərifə yönəlir. Odur ki, bəzən yeniyetmələri uğurlarına görə alqışlamaq daha səmərəlidir, nəinki hər dəfə səhvlərini qabartmaq.

 

Əvəzində, yeniyetmələrin emosiyalardan ehtiyacı yoxdur! Yeniyetmələrin emosiyaları hiperaktiv və şişirdilmişdir, rasional mühakiməyə və inhibitor nəzarətinə tabe olmur. Bununla belə, onlar daha incə və mürəkkəb emosiyaları yaxşı ayıra bilmir, çaşdırır, reaksiyaları isə başqalarının emosiyalarına uyğun deyil.

 

Emosiyaları tanımaq və ayırmaq qabiliyyəti 10-18 yaş arası hələ tam formalaşmayıb. Bəzi emosiyaları, misal üçün, sevinc hissini 7 yaşlı uşaqlar artıq yaxşı seçir. Lakin qəzəb və qüssəni uşaqlar ən azı 10 yaşından tanımağa başlayır. Daha mürəkkəb emosiyaları, təəccüb və qorxunu gənclər yalnız yuxarı yeniyetməlik yaşlarında duymağa başlayır. Bu, o demək deyil ki, yeniyetmələr həmin emosiyaları yaşamır, sadəcə onlar mürəkkəb emosiyaları çaşdırır. Tutaq ki, qorxu ifadə edən sifəti təəccüb kimi dəyərləndirir.

 

Yeniyetmə yaşlarında əsas yetkinləşmə mərhələləri yaşıdlarla ünsiyyətlə bağlıdır. İnsanlar inanılmaz dərəcədə sosial məxluqlardır, yeniyetmələr dostları ilə ünsiyyətdən öz identikli­yi və maraqları xeyrinə faydalanır, başqalarını anlamağı və dinləməyi, özünü başqalarından fərqləndirməyi öyrənir.

 

Yeniyetmə yaşlarda uşaqlar vaxtını sutkalar­la evdən kənarda, dostları ilə keçirə bilər. Bu dövrdə daha sıx dost münasibətləri qurulur, bununla yanaşı, dostla düşməni ayırmaq bacarığı qazanılır. Həmin dövrdə də yeniyetmələrdə psixi durum modeli aydınlaşır (“Theory of mind” ingiliscə). Psixi durum modelinə sahib olmaq həm özünün, həm də başqalarının təəssüratlarını dərk etmək, onların davranışını izah etmək və proqnozlaşdırmaq qabiliyyətidir.

 

Yeniyetmə yaşlarında uşaqlar artıq anlayır ki, onların öz bilikləri başqalarını qane etməyə bilər, ətrafdakılar səhv qənaətə gələ bilər. Bu sosial vərdişə beyinin prefrontal qabığı cavabdehdir, amma bu dəfə onun medial sahəsi.

 

Sosiallıq beyinin inkişaf etməsinə və şəxsiyyətin formalaşmasına təkan verir, amma bunun əks tərəfi də var: yeniyetmələr sosial təsirə qarşı çox həssasdır. Yaşıdlarının alqışı onlara böyük zövq verir, amma onların inkarı ağrıya bənzər reaksiya törədir. Sözsüz, sosial inkar istənilən yaşda xoşa gəlməyən bir haldır, amma yeniyetmələrin reaksiyası daha qabarıqdır. Tədqiqatlar göstərir ki, konkret yeniyetmənin fikri ya yanaşması öz dairəsinin əksəriyyətindən fərqlənirsə, beyində “həyəcan şəbəkəsi” aktivləşir (ön qurşaq qabığı və adacıq), bu isə, böyük ehtimal ilə, yeniyetməni gəldiyi qənəti dəyişməyə və ya qrupun maraqlarına uyğunlaşmağa vadar edir.

 

Qəzəblənmiş valideyn soruşur: “Hamı eyvandan atılmağa getsə, sən də gedəcəksən?” Bəli, yeniyetmə gedəcək, çünki onun beyni belə qurulub və sualın bu tərzdə qoyuluşu ona hisslərini anlamağa az kömək edəcək.

 

Bütün çətinliklərə rəğmən yeniyetməlik dövründə beyin plastik olaraq qalır, bu ona zərbələrdən daha asan bərpa olunmağa kömək edir, tədrisdə, yaradıcılıqda və kreativlikdə geniş imkanlar verir. Yeniyetmələr daha orijinal düşüncəyə malikdir və ideyalarını təcrübəyə daha cəsarətlə çevirir. Böyüklər isə problemləri məqsədyönlü, rasional, sınanılmış üsullar ilə həll etməyə çalışır, neyronları daim dəyişən gənc beyin alternativ həllərin imkanıdır.

 

Yeniyetmə beyninin xarakteristikası:
1. Plastik beyin – motor qabığın inkişafı musiqi alətlərin mənimsənilməsini asanlaşdırır.
2. Yaradıcı beyin – çevik əlaqələr: ideyalar və kreativ həllərin müxtəlifliyi
3. Sosial iştirakçı beyin – aktiv ventral striatum, xüsusən, mənsub olduğu qrupun maraqları xeyrinə
4. Zirək və cəsarətli beyin – daha aktiv ventral striatum: cürət göstərilməsi və riskə getmək hazırlığı bəzi idman növlərinə asanlıqla yiyələnməyə imkan verir
5. Təkanverici siyasət qüvvəsi – çevik əlaqələr: kreativ qərarlar, müzakirədən/diskussiyadan zövq almaq qabiliyyəti
Yeniyetmələrin müsbət cəhətlərini görmək vacibdir, ehmalca kəskin bucaqlardan yayınmağa kömək etməyə çalışmalıyıq.

 

Niyə nəfsimizə hakim ola bilmirik?
Bəzən, zənn edirik ki, ani istəklərimizi saxlamaq üçün (onuncu cins şalvarı almamaq, lazımsız sevgi macərası yaşamamaq, yuxudan qabaq pirojna yeməmək) bir balaca iradəli olsaq, yetər. Amma tədqiqatlar göstərir ki, əksər adamlar əzəldən nəfsinin öhdəsindən gələ bilmir.

 

Stenford universitetinin kampusunda yerləşən rahat uşaq bağçası zahirən 60-cı illərin amerika bağçalarından heç nə ilə fərqlənmirdi. Lakin 20 il müddətində onun yetirmələri psixoloji fakultənin tədqiqat laboratoriyasının əməkdaşları üçün sınaq obyektləri idi. Körpələrə mütəmadi olaraq maraqlı oyunlar təklif edən suyuşirin xala və əmilər sonra­dan dünya elminin klassiklərinə çevrildi.

 

Günlərin bir günü arıq “alim əmi” Uolter Mişel adəti üzrə körpələrin yanına gəlir, amma bu dəfə onlara bir qutu kiçik ağ zefir gətirir, odun üzərində tutsan maralı köpən zefirciklər. Amma Uolter əmi və köməkçiləri şirniyyatı elə-belə paylamaq istəmirdi. Bunun üçün onlar üç yaşdan altı yaş arası 16 oğlan və qız seçir və onlara maraqlı oyun təklif edir. Körpəni boş otağa gətirir, mizin arxasına oturdur və qarşısına sevimli şirniyyat qoyurlar – zefir, peçenye ya krendel. Dadlını indi də yemək olardı, amma kələkbaz əmi və xalalar deyirdi: onlar gələnə qədər bir az gözləsən, şirniyyat iki olacaq.

 

Eksperimentatorlar 15 dəqiqəlik otağı tərk edirdi, körpə isə zefirlə (ya seçdiyi təamla) təkbətək qalırdı. Tovlama böyük idi, amma sınananlar ona tab gətirməyə çalışırdı: üzünü çevirirdi, gözlərini əlləri ilə örtürdü, mizi təpikləyirdi. Özləri ilə bacara bilməyəndə uşaqlar şirniyyatı yalayıb mizin üstündə diyirlədirdi. Böyüklər gələnədək şirniyyatın ikidə üç hissəsi yeyilmiş olurdu. 1960-cı illərin sonu —1970-ci illlərin əvvəlinə “zefir sınağından” 600-dan çox uşaq keçdi və statistika dəyişməz olaraq qaldı: hər üç uşaqdan ikisi tamahını saxlaya bilmədi. “Stenford körpələri” Mişelə insanın həzz məqamını təxirə salmaq qabiliyyətini izah edən nəzəriyyəni işləyib hazırlamağa kömək etdi. Alim təxmin edir ki, iradə gücü iki sistemdən asılıdır – “soyuq” və “isti”. “Soyuq” sistem rasional təfəkkürdür və onun sayəsində insan anlayır ki, nəyə görə şirniyyatı elə indi yeyə bilməz. “İsti” sistem stimullara qarşı ani, reflektor reaksiyalara cavabdehdir. Əslində, bu ayrı çiyinlərdə oturan mələk və şeytandır. Təcrübə göstərir ki, şeytan tez-tez mələyə güc gəlir: siqaret çəkənlər xərçəngi düşünmədən növ­bə­ti siqaretə əl uzadır, xanımlar heç vaxt ge­yin­mə­­yə­cəyi ayaqqabıya aylıq maaşını xərcləyir, şirniyyat sevənlər isə növbəti zefirin qarşısında tab gətirməyib çəki alır.

 

Mişelin işi daha bir təmin etməyən faktı üzə çıxarır: nəfsinə hakim olmaq qabiliyyəti insanın xislətində, zatında əzəldən yoxdursa, ona yiyələnmək demək olar ki, mümkün deyil. Stenford sınaqlarından 20 il sonra yaşlanmış alim sınaqdan keçirdiyi uşaqların həyatı ilə maraqlanır. Məlum olur ki, eksperiment vaxtı özü ilə bacarıb bir əvəzinə iki zefir ala bilən körpələrin böyük yaşlarda diqqəti cəmləmək qabiliyyəti və hövsələsi yüksəkdir, onlar işlərini daha yaxşı planlaşdırır, özünə inamlıdır və stresə davamlıdır. Öz impulsiv həmyaşıdlarından daha yaxşı oxuyur: İQ səviyyəsi və standartlaşdırılmış ali məktəbə qəbul sınaq balları (SAT) nəfsini cilovlamağı bacaranlarda xeyli yüksəkdir.

 

İncə məqam. İnam məsələsi
Son illərdə bir çox ölkələrin məktəblərində tətbiq olunan “zefir testinin” nəticələri birmənalı qarşılanmır. Əlavə tədqiqatlar göstərir ki, böyük­lərə inamı olmayan uşaq çox güman ki, şirniyyatı yeyəcək, çünki onların mükafatı artırmaq vədinə inanmır. Mişel özü zefir sınağında natamam ailələrdən olan uşaqların davranışını müşahidə edirdi. Atasız böyüyən körpələr otaqda tək qalan kimi başqalarından daha tez şirniyyatı yeyirdi.

 

Psixoloqlar müəyyən etmişdir ki, “göydə durna” gözləmək və ani həvəsini cilovlamaq bacarığı insanla ömrü boyu qalır. Mütəxəssislər stenford eksperimentinin 59 iştirakçısını axtarıb tapır. Artıq əlli yaşın içində olan könüllülər yenidən özünənəzarət sınağında iştirak edir, onların bir qismi, hətta tomoqrafda uzanır. Məlum olur ki, özünü cilovlaya bilən adamlarda seçim etmək, istəkləri və mənfəəti təhlil etmək qabiliyyətinə cavabdeh olan beyin qabığı sahələri daha aktivdir. Belə insanlara sosial şəbəkədən çıxmaq və işlə məşğul olmaq, yeni qacet almaq üçün növbəti kredit götürməmək daha asandır.


 6757    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *