Bagla

Həkimdən soruş

Hekimden sorus







Elşən Ağayev: Almaniya Azərbaycanlı Tibb İşçiləri Birliyinin məqsədi Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir

 

Almaniya Azərbaycanlı Tibb İşçiləri Birliyi (AMD) olaraq altıncı illik konfransımızı Ayzenax şəhərində təşkil etdik. Ənənəvi olaraq, builki konfransda da AMD üzvləri ilə yanaşı, Almaniya və Azərbaycandan, eləcə də ABŞ, İngiltərə, Kanada və Türkiyədən həkimlər və tibb mütəxəssisləri iştirak edirlər.

 

Bunu AZƏRTAC-a açıqlamasında AMD İdarə Heyəti sədrinin müavini, otolarinqoloq Elşən Ağayev deyib.

 

“Məqsədimiz illik konfranslar vasitəsilə üzvlərimizə il ərzində gördüyümüz fəaliyyətlər barədə hesabat vermək, həm Almaniyada, həm Azərbaycanda, həm də digər ölkələrdə çalışan həmkarlarımızla fikir mübadiləsi aparmaqdır. Ölkəmizin səhiyyəsinə və tibb təhsilinə, gələcək inkişafa hansı dəstəyi verə biləcəyimizi müzakirə edirik.

 

“AMD üzvlük əsasında fəaliyyət göstərən təşkilatdır. Birliyin Almaniyada fəaliyyət göstərən, 150-yə yaxın azərbaycanlı üzvü var. Lakin AMD təkcə həkimləri təmsil etmir. Tibb işçiləri birliyi olduğu üçün Almaniyada çalışan tibb bacılarını və tibb sahəsinin digər nümayəndələrini də təmsil edir”, – deyə E.Ağayev bildirib.

 

Konfransın əsas mövzularına toxunan E.Ağayev qeyd edib ki, tədbirdə Almaniyada özəl həkimlik fəaliyyəti, tibbin innovativ metodları, robotik cərrahiyyə, süni intellektin tibbdə tətbiqi və innovativ öyrənmə metodları müzakirə olunur.

 

AMD İdarə Heyəti sədrinin müavini vurğulayıb ki, konfrans Almaniya, Azərbaycan və digər ölkələrdən olan həmkarlarla fikir mübadiləsi aparmaq, onların təcrübə və yanaşmalarını öyrənmək, eləcə də müvafiq sahələrin inkişafına töhfə vermək baxımından faydalı müzakirələrlə yadda qalıb.

 

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

 43    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *