“SAĞLAMLIQ VARSA ÜMİDİN VAR,
ÜMİDİN VARSA HƏR ŞEYİN VAR DEMƏKDİR“
Tibb elmini bəşəriyyətin ən böyük nailiyyəti hesab etsək yanılmarıq. Hələ qədim dövrlərdən sağlamlıq insanların ən böyük qayğısı olmuşdur. Hər bir insanın həyatında elə bir an ola bilər ki, ölüm ilə həyat arasındakı zərif ipin ucu həkimin əlində olsun. O anda xəstənin ürəyində ümid çırağını yalnız həkim yandıra bilər.
“Ailə həkimi” olaraq hər bir azərbaycanlı ailəsinin doğma sirdaşı və etibar edəcəyi “loğman” olmaq birinci missiyamızdır.
2008-ci ilin may ayından işıq üzü görən jurnalımız ilə tibbi maarifləndirmə yolunu tutaraq addım-addım yolumuza davam edirik.
Jurnalın hər sayında elə tibbi yazılar və uyğun kompazisiyalar seçməyə çalışırıq ki, xəstəyə yaşamaq ümidi, sağlam insana isə malik olduğu dəyərin qədrini bilmək kimi hisslər aşılaya bilək. İşimizin ən önəmli tərəflərindən biri müxtəlif tibbi, psixoloji və sosial məsələlər, düzgün qidalanma, zərərli vərdişlərlə mübarizə, ana və uşaq sağlamlığı, idman, gözəllik kimi aktual mövzularla əlaqədar ölkənin tanınmış həkimləri, ictimai-siyasi və elm xadimləri, iş adamlarının jurnalımızın müsahibləri olmalarıdır.
Ümid edirik ki, “Ailə Həkimi” jurnalının yeni veb saytında keçdiyimiz yola nəzər salmaq imkanınız olacaq. Əvvəlki saylarımızda nəşr etdirdiyimiz maarifləndirmə və metodik tövsiyə xarakterli yazılarımızla tanış olacaqsınız.
“Ailə Həkimi” jurnalı redaksiyası