Qay-Fresan Faqon
XIV Lüdovikin şəxsi həkimi etdiyi müalicədən sonra Britaniyalı hersoq və digər kral qohumları öldüyünə görə, tarixə “şahzadələrin qatili” kimi düşmüşdür. Mesyu Faqonun sevimli müalicə üsulu qanalma idi və müasirlərinin fikrincə, o bəzən öz qurbanlarını, yəni pasiyentlərini ölümünə qədər qansızlaşdırırdı. Sevimli pasiyenti olan Günəş-kral üfüqə qürub etdikdən sonra mesye həkimlikdən kənarlaşdırıldı. Tibb dili ilə desək, XIV Lüdovikin tibbi kitabçası kartotekadan çıxarıldı.
Robert Noks
XIX əsrin əvvəlində doktor Noks Edinburqda tibbi qalmaqalın iştirakçısına çevrilir. Seriyalı qatillər Byork və Heyr boynuna alırlar ki, qətlləri yalnız doktor Noksun anatomik teatrı üçün törədiblər. Məsələ ondadır ki, o zamanlar anatomik teatr üçün cisim tapmağın yeganə yolu kiminsə ittiham olunub asılmasını gözləmək idi. Lakin XIX əsrin Edinburqunda edamlar hər həftə baş vermirdi.
Doktor Noks özünü elə aparırdı, sanki yarmağa hazırlaşdığı 16 təzə cəsədin necə peyda olmasını və boyunlarında nə üçün qançırlar olmasını anlamır. Bir möcüzə sayəsində doktor edamdan canını qurtarıb izlərini Londonda itirdi.
Jilbert Teodor Morel
Hitlerin şəxsi həkimi onu çoxlu miqdarda naməlum mənşəli və maraqlı mənfi təsirləri olan dərmanlar içirdib kefləndirirdi. Belə ki, Morelin icad etdiyi “qızıl həb”in tərkibində böyük miqdarda konvulsiya, dezoriyentasiya və hallüsinasiya törədən kofein və amfetamin pervitin maddələri var idi. Görünür, dərman çox effektiv olub, çünki 1940-cı ildə Londonu bombardman etmək əmrini verən Hitler dərin təsir altında britaniya paytaxtına “min ton partlayıcı maddə” atmaq istəyib. Sonra yuxusunu alıb rəqəmi “beş tona” dəyişib.
Uolter Friman
Psixiatr və lobotomiyanın əsas tərəfdarı 1950-ci illərdə öz “lobotomobilində” ABŞ-nı gəzir və vətəndaşlara müalicə və profilaktika məqsədi ilə beyinlərini mişarlamağı təklif edir. İctimaiyyət anlayanda ki, lobotomiya sağlam adamı da iradəsiz tərəvəzə çevirə bilər, Frimanın icra etdiyi əməliyyatların sayı yüzlərlə hesablanırdı. Lobotomiya rəsmən yalnız 1960-cı illərdə qadağan olunmuşdur.
Con Riçard Brinkli
Kanzaslı sakit amerikalı 1900-cü illərdə impotensiyanın unikal və təsirli müalicə üsulunu təklif etməklə məşhurlaşır. Kişiyə sadəcə keçinin cinsi vəzilərini köçürmək lazım idi! İlk əməliyyatı Brinkli övladı olmayan fermerin üzərində icra edir. Bir ildən sonra möcüzə baş verir: fermerin arvadı Billi adlı oğlan doğur!
Brinkli öz üsulunu axına qoyur, möcüzəli əməliyyat isə o zamanlara görə böyük məbləğə- 750 dollara başa gəlirdi. Uzun illər sonra məlum olur ki, müdaxilə olsa-olsa plasebo effekti göstərir. Üstəlik, Brinkli açıq elan edir ki, əməliyyatın uğuru pasiyentin intellekt səviyyəsindən asılıdır: pasiyent ağıllıdırsa, keçinin cinsi vəzilərinin ona kömək edəcəyi ehtimalı da artır. Heç kim də öz səfehliyini boynuna almaq istəmirdi.
Ser Uilyam Arbutnot Leyn
1903-cü ildə adlı-sanlı və hörmətli cərrah ser Uilyam Leyn sensasiyalı kəşf edir: yoğun bağırsaq insana lazım deyil! Ümumiyyətlə, yoğun bağırsaq qəbizliyin əsas səbəbkarıdır (bununla razılaşmamaq çətindir). Odur ki, onu birdəfəlik kəsib atmaq və qorxulu yuxu kimi unutmaq yaxşıdır.
Təəccüblü deyil ki, Leynin klinikasından çıxan hər iki pasiyentdən biri yoğun bağırsağından məhrum olmuşdur, hətta miqrenə görə gəlmiş olsa də…
Leynin daha bir səfeh və səs-küylü kəşfi odur ki, kürən qadınlar heç vaxt qəbizlikdən əziyyət çəkmir.
Bir cavab yazın