Bagla

Həkimdən soruş

Hekimden sorus







Xəstəliklərin qlobal yükü

 

 

 

 

 

 

 

Son zamanlar 25 il davam edən və dünyanın 190 ölkəsini əhatə edən geniş miqyaslı elmi tədqiqatın nəticələri dərc edilib. Məlum olub ki, bu gün insan həyatını qısaldan əsas səbəblər qida pozuntuları və hipertoniyadır.

 

Ən əsası odur ki, keçmiş 25 il ərzində vaxtsız ölüm hallarının risk amilləri köklü dərəcədə dəyişib. 1990-cı ildə, həqiqətən, uşaq və anaların kifayət qədər qidalanmaması, su mənbələrinin təhlükəsiz olmaması, antisanitariya başlıca səbəblərdən biri idi. İndi vəziyyət dəyişib. Alimlər həyatı qısaldan səksənə yaxın müxtəlif risk amili aşkar etmişdir. Onların arasında həm məişət zorakılığı, həm pozulmuş ekologiya, həm narkomaniya, həm zərərli istehsalat yer alıb. Amma hesablamalara görə, onların hamısı əhəmiyyətinə görə qida pozuntuları və yüksək qan təzyiqindən geri qalır. Doğrusu, bu nəticələr hamını, o cümlədən mütəxəssisləri də təəccübləndirdi. Qida çeşidinə xüsusi diqqət yetirmək əksər insanlara xas deyil. Viruslar, infeksiyalar və başqa bəlalar bizə daha vacib gəlir. Sən demə, ömür uzunluğunun azalmasında onların rolu o qədər də böyük deyil.
Ona yaxın diyetik risk amili aşkar edilib. Onlardan ən vacibi – meyvə, tərəvəz, xalis buğda və qoz-fındıqdan az istifadə etməkdir. Yəni orqanizmi vitaminlər, mikroelementlər və sel­lülozla təmin edən qida məhsullarının azlığıdır. Hamı bilir ki, vitamin və minerallar orqanizmin dolğun fəaliyyəti üçün zəruridir. Amma ildən-ilə bu barədə yeni məlumatlar alınır.
Belə ki, bu gün bir çox xəstəliklərin inkişafında D vitamini çatışmazlığı aparıcı rol oynayır. Təkcə osteoporoz deyil, həm immunitet pozuntuları, vərəm, piylənmə, hətta Altsgeymer xəstəliyi və qocalıqla bağlı əqli zəiflik bu qəbildən olan xəstəliklərə aiddir. Bu “günəşli” vitaminin insult keçirmiş xəstələrin sağalma proqnozuna təsirini təsdiqləyən məlumatlar var. Reabilitasiya dövründə orqanizmə kifayət qədər D vitamini daxil olursa, müalicənin uğurlu olacağı ehtimalı artır.
Daha da qəribə faktlar üzə çıxmışdır. Artıq sübut olunub ki, D vitamini süd vəzi, ağciyər, yoğun bağırsaq, prostat vəzi xərçəngi kimi ciddi xəstəliklərin profilaktikasında əhəmiyyətli rol oynayır. Habelə, başqa xərçəng növlərinin pis sonluğu ehtimalını azaldır. Bu, hələ bir misaldır. Başqa vitaminlərə dair məlumatlar da var, amma aydın olanı odur ki, onların orqanizmə təsirini dəyərləndirməmək olmaz.
Daha bir səciyyəvi risk amili həddən çox qırmızı ət yemək və rasionda duzlu qidanın üstünlük təşkil etməsidir. Qırmızı ətin tərkibi doymuş yağlar, transyağlarla zəngindir və onu həftədə bir-iki dəfədən artıq yemək olmaz.
Transyağlar mübadilə proseslərinə təsir edərək, “pis” xolesterinin miqdarını artırır, “yaxşınınsa” miqdarını azaldır. Bu, ateroskleroz ehtimalını artırır. Damarlarda əmələ gəlmiş düyünlər miokard infarktı və beyin insultunun inkişaf etməsinə yol açır. Son illərdə transyağların yaddaşa, kişi və qadınlarda döllənmə qabiliyyətinə, qocalıqla bağlı əqli zəifliyin tezləşməsinə mənfi təsiri aşkar edilmişdir.
Bu istiqamətdə müsbət addımlar da atılır. Son iyirmi-otuz ildə bir çox ölkələrdə transyağlı turşuların istifadəsini azaltmağa yönəlmiş ciddi işlər aparılır. Belə ki, bəzi ölkələrdə bu yağlar qadağan edilib, yaxud istifadəsi minimal – 2%-lik səviyyəyə endirilib.
Amma məsələ təkcə mağazadakı qida məhsullarının tərkibində deyil. Təəssüf ki, insanların zərərli qidaya olan meyli azalmır. Çoxları yenə də hamburger və şirin qazlı içkiləri sağlam qidadan üstün tutur. Tədqiqatlar göstərir ki, son 25 ildə insanlar şəkərdən daha çox istifadə edir. Bu, məhz qazlı içkilərin geniş yayılması ilə bağlıdır.
Duzlu qidanı da hesabdan silmək olmaz. Alimlərin fikrincə, natriumdan həddən artıq istifadə etmək vaxtsız ölümün başqa amili – hipertoniya ilə birbaşa əlaqəsi var.
Ümumilikdə, duzun insan orqanizminə zərərli təsiri çoxdan sübut olunmuş faktdır. Natriumun artıqlığı böyrək və oynaqları da sıradan çıxarır. Məhz bu səbəbdən həkimlər yekdilliklə hesab edir ki, sağlamlığı qorumaq üçün azduzlu pəhriz gözləmək, yəni qidanın tərkibindəki duzun miqdarını azaltmaq lazımdır.
Duz təkcə hazırlanarkən yeməyə qatılmır, hazır məhsulların tərkibində də mövcuddur. Belə ki, tərkibindəki duzun miqdarına görə birinci yerdə çörək, ikinci yerdə – ət yarımfabrikatları dayanır. Çıxış yolu sadədir: yüksək dərəcədə emal olunmuş məhsulları azaltmaq və ədviyyatla qarışmış duzdan istifadə etmək. Bununla qidanı istədiyiniz kimi duzlayıb, iki dəfə az duz istifadə edirsiniz. Ədviyyat isə həm yeməklərə yeni dad verir, həm də orqanizmə fayda.
Yeməklərə dad vermək və şitliyini götürmək üçün limon şirəsi və istənilən təzə göyərtidən istifadə etmək olar. Ətirli otlar da qatmaq olar – kəkotu, sürvə.
Amma məsləhətdir ki, qida məhsullarını duzsuz istifadə etməyə öyrəşəsiniz. Bəli, əvvəlcə bu çətindir, yemək şit və dadsız gəlir, amma bir müddətdən sonra orqanizm öyrəşir və məhsulların təbii dadına alışır. Sadəcə, bir-iki həftə səbr etmək, dözmək gərəkdir.
Təbii ki, hədsiz duzlu məhsullardan – çipslərdən, siyənəkdən, duzlu xiyardan vaz keçmək lazımdır – onların tərkibindəki natri­umun miqdarı bütün hədləri qırır.
Heyvan mənşəli yağlar və transyağlı tərkibli qida məhsullarından mümkün qədər az istifadə edin. Qırmızı ətdən çox toyuq əti, hind toyuğu ətini, balıq yeyin. Bu məhsulları həftədə 2-3 dəfə 100-120 qramlıq porsiya ilə yemək olar və lazımdır.
Qidanın əsasını tərəvəz təşkil etməlidir. Tərəvəzlərin tərkibi vitaminlər, mikroelementlər, sellüloz və faydalı bitki yağları ilə zəngindir. Hər gün çiy halda 750 qram, bişmiş halda isə 400 qram tərəvəz yemək olar. Sutkada 500-750 qram meyvə yemək olar. Giləmeyvə də buraya daxildir. Bu tərzdə qidalanmaq minimal kalorilik şərti ilə orqanizmi bütün zəruri maddələrlə təmin edir.
O ki qaldı, uzun saxlama müddətli qənnadı məmulatlarına, şirin qazlı içkilərə və hazır şirələrə, qida çeşidində onlara yer olmamalıdır.


 816    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *