Bagla

Həkimdən soruş

Hekimden sorus







Beyin qidası

Belə məlum olub ki, zehni inkişaf səviyyəsi qida tərzindən çox asılıdır. Həyatın müxtəlif dövründə beyinin qidalanması fərqlidir. Bəs, ağıllı olmaq üçün nə yemək lazımdır?

Doğulana qədər
Amerikanın üç mötəbər tədqiqat mərkəzi ürəkaçmayan nəticələr əldə edib. Hamiləlik dövründə anaları pestisidlərin (Pestisidlər zərərli orqanizmlərin qarşısını almaq və ya zərərlərini azaltmaq üçün istifadə edilən maddə və ya maddələrdən ibarət qarışımlardır. Qida şəklində insanlar tərəfindən istifadə edilməsi nəticəsində pis xəstəliklərə səbəb olurlar) təsirinə məruz qalmış uşaqların qavrama qabiliyyəti həmyaşıdlarından zəif idi.
Kaliforniya, Kolumbiya universitetlərinin alimləri hamilə qadınlardan analiz götürürdü. Körpənin yeddi yaşı tamam olandan sonra onun zehni inkişaf səviyyəsi yoxlanırdı. Ananın qanında zərərli pestisidlərin səviyyəsi nə qədər yüksəkdirsə, uşağın əqli inkişaf göstəricisi də o qədər aşağı olmuşdur.
Şərh: Son zamanlar pestisidlərə dair çoxlu tədqiqat aparılıb. Bir-birinə zidd nəticələr alınıb. Bəzi alimlər iddia edir ki, bu maddələr xərçəng törədir, başqaları buna etiraz edir. Amma hamının fikri budur ki, pestisidlər sinir sisteminə və uşaqların əqli inkişafına son dərəcə mənfi təsir göstərir. Onlar sinir hüceyrələri arasında impulsun ötürülməsini pozur.
Pestisidlərin təsirindən uşaqlar tez qıcıqlanır, aqressiv olur. Böyüklərin qanında pestisidlərin səviyyəsi və depressiya əlamətləri arasında əlaqə aşkar edilib.
Meyvə və tərəvəzi yalnız etibarlı yerdən alın. Mağazaya və sertifikatlı bazarlara daxil olan məhsulların tərkibində pestisidlərin olması dövlət səviyyəsində yoxlanılır. Amma küçədə əldən nəyi istəsən almaq mümkündür. Ən yaxşı halda, ərzaq məhsullarını pestisidlər, boy artımı maddələri, antibiotiklərdən istifadə etməyən istehsalçıdan birbaşa almaq olar.

 

Uşaqlıq dövründə
Məktəbdə oxumağımız, ali məktəbə daxil olacağımız, sonra nüfuzlu işə düzələcəyimiz uşaqlıqda nə ilə qidalandığımızdan çox asılıdır. Böyük Britaniyadakı Bristol universitetinin alimləri belə qənaətə gəlib.
Hələ ötən əsrin 90-cı illərində başlamış tədqiqatda 14 min uşaq iştirak edib. İlk dəfə körpələr üç yaşında həkim qəbuluna gəlirdi. Valideynlər doldurduğu xüsusi anketdə uşağı qidalandırdığı məhsulları göstərirdi. Gənc ledi və centlmenlərin dörd, yeddi və səkkiz yaş yarımında daha üç sorğu aparılırdı.
Sonuncu qəbulda balaca respondentlər standart anlaq testi yerinə yetirirdi. Erkən yaşlarında yarımfabrikatlar, şirniyyatdan çox istifadə etmiş uşaqlar aşağı nəticələr göstərdi. Rasional qidalanma tərzi ilə böyümüş uşaqlar testin öhdəsindən əla gəldi.

Zehnin inkişafında uşaqların qida rasionu böyük əhəmiyyət kəsb edir. Maraqlı bir fakt. Sovet İttifaqında uşaqlara ucdantutma balıq yağı verilirdi. Bu, ilk növbədə, raxitin profilaktikası məqsədi ilə edilirdi. Sonradan məlum oldu ki, “balıq pəhrizindən” keçmiş uşaqlar əqli cəhətdən daha yaxşı inkişaf edib. Bu, onunla əlaqədardır ki, balıq yağında çoxlu omeqa-3 polidoymamış yağlı turşular var. Antioksidant təsirli bu yağlar yaddaşı və qavrama qabiliyyətini artırır. Bu, böyüklər üçün də belədir. Amma erkən yaşlarında da olduqda xüsusilə vacibdir.
Orqanizmin kifayət qədər yod alması vacibdir. Bu element çatmayanda böyüklər tez yorulur və ruh düşkünlüyü yaşayır. Uşaqlar inkişafdan qalır və dərsləri yaxşı qavramır.
Zehin üçün daha bir əvəzolunmaz komponent lesitindir. Sinir sisteminin funksiyası və beyin hüceyrələrinin normal fəaliyyəti üçün zəruri olan bu amin turşusu həm böyüklərin, həm uşaqların rasionunda mütləq olmalıdır. Mənbəyi isə ət, balıq, yumurta sarısı və ya günəbaxan yağıdır.

Belə misallar çox göstərmək olar. Amma onların məğzi birdir: lap başlanğıcdan düzgün və çeşidli qidalanmaq lazımdır.

 

Gənclikdə
Boston universiteti alimlərinin bir məlumatı var: geniş yayılmış az karbohidratlı pəhrizlər beyinə son dərəcə mənfi təsir göstərir. Tədqiqatda 22-55 yaş arasında olan 19 qadın iştirak etmişdir. Onların bir qismi bir həftə az kalorili pəhrizlə qidalanırdı. İkinci qrupda az karbohidratlı menyu tətbiq edilirdi, yəni yarmaların, nişastalı tərəvəzlərin, şirin meyvələrin və müxtəlif desertlərin miqdarı minimuma endirilmişdir.
Yeddi gündən sonra iştirakçılar bir neçə əqli test cavablandırdı. İkinci qrupdan olan qadınlar xeyli aşağı nəticələr göstərdi. Onların vizual və məkan yaddaşı pisləşdi, hətta reaksiyası ləngidi.

Bu, tipik haldır. Beyinin əsas yanacağı qlükozadır. O, kifayət edirsə, istənilən əqli işin öhdəsindən asanlıqla gəlirik. Təsadüfi deyil ki, məsələnin həlli çətinləşəndə çoxları şokolad ya konfet yeyir. Beş dəqiqədən sonra baş ikiqat qüvvə ilə işləməyə başlayır. Şirniyyat qismən qana soruldu, əlavə şəkər payı alındı, beyin qidalandı.
Bunu tez-tez etməyə dəyməz. Biz, kalorili şirniyyatlara tez öyrəşirik. Amma beyin qlükozanı təkcə desertlərdən deyil, istənilən karbohidratlı qidadan alır. Sadəcə, buğda çörəyi, yarmalar gec həzm olunur. Amma bu daha fizioloji prosesdir. Bu cür qida şəkəri tədricən verir və beyin gün ərzində fasiləsiz qidalanır. Müasir pəhriz növləri bizi karbohidratlardan tam məhrum edir. Ən vacib orqan da qidasız qalır, yarıgüclə işləyir: tez yorulur, sənədləri və sxemləri çətinliklə anlayırıq. Bəzi hallarda, hətta sadə mətni belə anlamaq, öyrənmək ağır olur.
Amma qida çeşidi dolğun olan kimi, rasionda buğda çörəyi, sıyıqlar, kartof, makaron və meyvələr yer alan kimi bu əlamətlər keçir. Sadəcə, miqdarın qədərini gözləmək lazımdır.

 

50-dən sonra
Yaşlı dövrdə aydın zəkanı qorumaq üçün az yemək lazımdır. Almaniyanın Münster universitetinin alimləri belə qənaətə gəlib. Tədqiqatda iştirak etmiş 50 könüllünün orta yaşı 60-a bərabər idi. Üç ay müddətində onların bir qismi kaloriliyi 30% azalmış pəhrizlə qidalanırdı. Digər hissəsi adəti üzrə qidalanırdı. Sonra yaddaşı yoxlamaq üçün test keçirilib. “Azkalorili” qrupdan olan insanlar 20% çox söz xatırlayırdı.

Baxır, kalorilik hansı məhsulların hesabına azalıb. Heyvan mənşəli yağlar və şirniyyat hesabına olsa, yaxşıdır. Bunu 60-da yox, 40-a yaxınlaşanda etmək lazımdır. İnsanların əksəriyyətində artıq bu yaşda mübadilə pozuntuları yaranır.
Amma burada müəyyən çətinlik var. Yaşlaşdıqca, insan qidanın dəyişilməsini mənfi qarşılayır. Xüsusən, təqaüdə çıxmış qadınlar. Onların ünsiyyət çevrəsi daralır, tez-tez “adam arasına” çıxmaq imkanları məhdudlaşır. Əslində, yemək onlar üçün bir növ gücü çatdığı əyləncə, sevinc mənbəyinə çevrilir.

Belə etmək olmaz. Yeni reseptlər axtarın, tərəvəz və yarmalardan istifadə edin. Ola bilsin ki, onlar həyatınıza yeni çalar verəcək, rasionun kaloriliyini azaldacaq. Hər yaşda beyin üçün yeni təəssüratlar faydalıdır.


 1873    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *