Bagla

Həkimdən soruş

Hekimden sorus







Ailə həkiminin təcrübəsində – Neyrodermitlər

Nevrogen – allergik xəstəliklər sırasında neyrodermitlər geniş yayılmışdır. Neyrodermit xroniki xəstəlikdir, onun üçun də insanla ömür boyu yaşayır. Bəzən pasientlər müraciət etdikdə bu şikayətləri eşitmək olar: “boynumun arxa tərəfində qaşınma var, əsasən də, qaşınma əsəbləşəndə, stres keçirəndə çoxalır.” Bu kimi şikayətləri biz, ailə həkimləri çox eşidirik. Bəs xəstəliyin daha hansı simptomları müşahidə edilir? Qıcıqlanan nahiyədə xəstədə qaşınma başlayır, dəri səthi qızarır, qalınlaşır və qabıqlaşır. Xəstələr dəri səthini tez-tez qaşıdıqları üçün dərini cızırlar və zədələnmiş nahiyəyə infeksiya keçirirlər. Bəzi hallarda, hətta yara da əmələ gətirirlər və ikincili infeksiya da qoşularaq pasientin vəziyyətini daha da pisləşdirir. Adətən, hiperemiyalı səthlər boynun arxa nahiyəsi, diz və dirsəkdə rast gəlinir, amma bədənin istənilən səthində də əmələ gələ bilər. Neyrodermit üzücü xəstəlikdir və hər yaş dövründə aktivləşə bilir. Statistika göstərir ki, qadın orqanizmi bu xəstəliyə daha çox düçardır. Xəstəliyin 35-40%-i kişilərdə, 60-65 %-i isə qadınlarda müşahidə olunur və genetik faktor əsas götürülür. Ancaq etioloji faktorları araşdırdıqda xəstəliyin aktivləşməsi üçün çox səbəb var: xroniki stres, neqativ emosiyalar, zehni gərginlik, qeyri-düzgün qidalanma və iş rejimi. Həmçinin allergen faktorunu da istisna etmək olmaz.

 

Əgər valideylərdə neyrodermit olursa, 80% hallarda bu xəstəlik uşaqlarda da olacaqdır. Xəstəlik, əsasən, ocaqlı və diffuz olur. Ocaqlı neyrodermit dərinin bir yerinin zadələnməsi ilə məhdudlaşır və o yerdə qaşınma olur. Diffuz neyrodermit isə tutmaşəkilli qaşınma ilə bir hissədə başlayır və prosess tədricən bədənin bir çox yerlərində ocaqlar yaradaraq çoxalır. Diffuz neyrodermitdə ən çox üz dərisi zədələnir, səthi qızarır, qabıq verir və qaşınır. Qısa da olsa, neyrodermit haqqında danışdıq, indi isə onun müalicəsindən bəhs edək.

 


Bu xəstələrin ilkin olaraq qidasına diqqət yetirməsi tövsiyə olunur. Qıcıqlandırıcı qida, yəni yağlı və istiotlu yeməklər neyrodermiti kəskinləşdirir. Xəstələrə tövsiyə olunur ki, çox şirin və duzlu yeməklərdən uzaq olsunlar, çoxlu meyvə və tərəvəz yesinlər. Həftədə iki-üç dəfə kətan toxumu dəmləməsini qəbul etsinlər. Difuz neyrodermitlərdə xəstələrə imalə edilməsi də məsləhətdir, çünki bağırsaqların təmizlənməsi aller­gen faktoru azaldaraq qaşınmanın qarşısını alır. Həftədə bir-iki dəfə bağırsaqların təmizlənməsi məsləhətdir. Hər iki halda həm diffuz, həm də ocaqlı neyrodermitlərdə sakitləşdirici preparatlardan istifadə olunur. Sedativ təsirli passifloranı xəstəyə təyin etmək olar. Əsas dərman müalicəsi kimi hormonal terepiya aparılır, qızarmış dəri səthinə isə hormonal məlhəmlər sürtülür. Bu məlhəmlər qaşınmanı və qızarmanı aradan qaldırır. Xəstələrə vena daxilinə antihistamin preparatlarının istifadəsi də müsbət effekt verir. Vacib faktorlardan biri də fizioterapiyadir. Pasientlərə ultrofiolet dalğalı proseduralar təyin edilir. Həmçinin fitoterapiya da neyrodermitlərin müalicəsində istifadə olunur: dazotu və çobanyastığı dəmləməsi (250 ml suya bir xörək qaşığı ot qarışığından əlavə etmək) sakitləşdirici və iltihab əleyhinə təsir edir.

 

Sintetik geyimlərin istifadəsi pasientlərə məsləhət görülmür. Bir də yaddan çıxartmaq lazım deyil ki, neyrodermit zamanı bütün orqanizmi müalicə etmək və tənzimləmək lazımdır. Tək zədələnmiş yerləri deyil, orqanizmi daxildən müalicə etmək lazımdır. Dərinin səthindəki dəyişmələr orqanizmin daxilində baş verən pozuntuları göstərir.

 

M.S. Salihov
Ailə təbabəti kafedrasının müdiri

 

A. Məmmədova
E. Gəzvinova
Kafedranın assistentləri


 14215    PAYLAŞ |

“Ailə həkiminin təcrübəsində – Neyrodermitlər” üçün bir cavab

  1. Cavid dedi ki:

    Salam Plazmaferezdə oldum xeyri olmadı qaşınma getmir.Necə edə bilərəmki qaşınma getsin

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *