Bagla

Həkimdən soruş

Hekimden sorus







Gözəl sima patterni. Yeni proporsiyalar

 

Ortoqnatik cərrahiyyənin vəzifəsi təkcə dişləmin və tənəffüs orqanları həcminin bərpa edilməsi deyil, eyni zamanda gözəl sifət quruluşudur. Belə ki, birinci vəzifənin həyata keçməsi üsulları təkmilləşdikcə və inkişaf etdikcə ikincisinin əhəmiyyəti daha da artır. Əməliyyatönü planlaşdırma üsulları təkmilləşdikcə və operativ müalicə texnikası yayıldıqca funksiyanın bərpa edilməsi məsələsi həllinə yaxınlaşdı və estetik məqam önə çıxdı. Lakin estetik nəticənin gözlənilməz cəhətləri aktuallığını itirməyib.

 

Gözəlliyin formalaşdırılmış təsviri məsələsi bəşəriyyəti bütün inkişaf mərhələlərində narahat edib. İdeal sifət tənasübləri hələ Qədim Yunanıstanda təsvir olunub və İntibah dövründə dəqiqləşdirilib. Gözəllik haqqında elmin yeni mərhələsi ortodontiyanın inkişaf dövrünə təsadüf edir, nə zaman ki, həkimlər sifət hissələrinin nisbətinə və bütövlükdə sifət cizgilərinin qavranılmasına təsir etmək imkanı əldə etdi. Ortodontiyanın atası sayılan E.N. Angle klassik antik parametrlərə əsaslanaraq etalon kimi Apollon Belvederskini qəbul edirdi. Sonralar E.N. Wuerpel (1937) sifət tiplərinin təsnifatını təklif edir (yunan, roma, monqoloid) və inanır ki, hər tipin özəl gözəllik qanunları mövcuddur.

 

T.A. Auger (2004) iddia edir ki, gözəl sifət təsəvvürləri cəmiyyətə və zəmanəyə görə dəyişir. Təklif olunur ki, “gözəl” ifadəsi əvəzinə “cazibədar”, “hüsn”, “tarazlıq” kimi sözlər işlədilsin. G.W. Arnett gözəl sifəti iki komponentin nisbəti kimi təsvir edir: ayrı hissələrin keyfiyyəti (gözlər, qaşlar, dodaqlar və s.) və sifət tarazlığı. Uğursuz əməliyyatların səbəbi cərrahın dəqiq ölçülərə deyil, subyektiv təsəvvürlərinə uyğun sifət nisbəti yaratmaq cəhdləridir.

 

İlkin tədqiqat mərhələsi
Gözəl qadın sifətinin universal tənasüb qanunauyğunluğunun axtarışı koordinatlar sistemi­nin müəyyənləşməsindən başlamalıdır. Sifətin hündürlüyü və eni ilə problem yaranmır, amma üfüqi müstəvinin yerləşməsi böyük mübahisələrə səbəb olur. Müxtəlif variantlarda xarici qulaq keçidini və orbitanın aşağı kənarını birləşdirən frankfurt üfüqi xətti, SN (sella-nasion) — türk yəhəri ilə burunüstünü birləşdirən üfüqi xətt, kamperov xətti – traqusdan burun pərəsi kökünə qədərki üfüqi xətt əsas götürülür.

 

Bu xəttlərin hamısı eyni qurulur, belə ki, foto şəkil və ya telerentgenoqram üzərində xəttlə birləşmiş iki sərbəst nöqtə seçilir. Sifətdə bu düz xəttlərə uyğun gələn heç bir real üfüqi struktur yoxdur. Başqalarından bir qədər seçilən Fox- müstəvi həqiqi şaquli xəttə TVL (true vertical line) görə perpendikulyar yerləşir və heç bir oriyentirlə əlaqəsi yoxdur. Məlum oldu ki, sifət səthinə bağlanan heç bir üfüqi struktur əvvəllər təsvir olunmayıb. “Proporsionallıq” anlayışının özü bu ölçünün təyin ediləcəyi oriyentirin olmasını nəzərdə tutur. Həmin xətti struktur başın hər vəziyyətində görünməlidir.

 

Fotoşəkil (elmi) ortodontların diqqətindən kənarda qalmayıb. Yumşaqtoxuma nöqtələri telerentgenoqramların təhlilində istifadə olunur. Operativ müdaxilə planlaşdırılan zaman bütün hesablamaların əsasını təşkil edən sifətin həqiqi şaquli xəttini təyin edən əsas üsul məhz fotoşəkildir. Bu cür şəkillərdə fon seçimi və əlavə işıqlandırma kölgəni maksimal dərəcədə aradan qaldırmağa yönəlib. Beləliklə, kölgələrin olmaması elmi fotoşəkilin vacib xüsusiyyətidir, kölgənin təhlili isə düzgün axtarış istiqamətidir.

 

3D-fotoşəkilin istifadəsi yeni imkanlar yaradır, yəni kölgələrin işıq mənbəyindən asılı olaraq, yerləşməsini öyrənir. Bu baxımdan 3D-fotoşəkillərin təhlili əvvəllər təsvir olunmayan sifət “strukturunu” təyin edir. Xətt boyu keçən işıq və kölgə oyunu “kəməri” üç sahəni birləşdirir (şəkil 1):

– almacıq sümüyünün qabaran sahəsi gicgah sümüyünün almacıq çıxıntısının yuxarı kənarına uyğundur, üzərinə qulaqyanı tüpürcək vəzinin yuxarı qütbü, ön qulaq əzələsi, Baş yumağının gicgah qolu və gicgah piy paketi proyeksiya olunur;
– almacıq sümüyünün maksimal proyeksiya nahiyəsi – almacıq sümüyünün qabaran sahəsi ilə üst-üstə düşən almacıq mimik əzələləri və almacıq (malyar) piy paketi ilə formalaşır;
– yan burun səthi nahiyəsində yəsində yumşaq toxu­malar yoğunluğu burun pərəsini qaldıran əzələnin, üst dodağı qaldıran əzələnin və burun-do­daq piy paketinin yuxarı şöbəsinin kəsişməsi ilə yaranır.

 

“Qurşaq” sifəti yuxarı və aşağı hissələrə ayırmaqla faktiki olaraq onun formasını müəyyən edir. “Qurşaq” proyeksiyasında sifət proyeksiyasının sahəsi maksimaldır, yuxarı və aşağı istiqamətlərdə isə azalır.

 

Zərgərlik sənətində “brilyant qurşağı” deyilən anlayış var. Bu, brilyantı əhatə edən, onun ölçüsünü təyin edən və daşı yuxarı və aşağı hissələrə ayıran nazik haşiyədir. Zərgərlik sənətində istifadə olunan holland terminologiya ənənəsinə uyğun olaraq, bu qurşaq “rundist” (Rondist, Ro), ondan keçən müstəvi isə rundist müstəvisi adlandırılıb.

 

Yaranmış müstəvi tələblərə cavab verir: birbaşa sifətə aiddir, başın istənilən vəziyyətində görünür, baxarkən avtomatik olaraq xətt kimi qavranılır, başı yuxarı və aşağı hissələrə ayıran təbii müstəvidir. Sifət formasını təsvir edən koordinatlar sistemində üfüqi müstəvi kimi istifadə oluna bilər.

 

Bütün üsulların ümumi bir cəhəti var: onlar hamısı qlabella səviyyəsi ilə məhdudlaşır və nazion diş-çənə kompleksinin ön-arxa vəziyyətini təyin edən yeganə hesab nöqtəsi sayılır. Beləliklə, beyin kəlləsinin forması tamamilə nəzərə alınmır və sifət təhlilindən kənarda qalır, halbuki alın sifətin tərkib hissəsidir.

 

Oriyentir seçimində subyektivizmə yol verməmək üçün Ro müstəvisinə görə, 45o bucağında keçən xəttlə alın konturunun kəsişməsindən əmələ gələn Tf (alın qabarıqları nöqtəsi, tuber frontale) nöqtəsi tətbiq olunur.

 

Ro müstəvisinə perpendikulyar yerləşən üç müstəvi ayrılır: Sn (subnazal, subnasale) müstəvisi — kolumellanın üst dodağa keçdiyi nöqtədən keçir; Gb (qaşüstü, glabella) müstəvisi — aşağı alın hissəsinin ən qabarıq nöqtəsindən keçir; Tf müstəvisi — alın qabarığının yuxarı həddindən keçir.

 

Bu müstəvilər arasındakı məsafə sifətin yastı, yoxsa qabarıq görünəcəyini təyin edir. Sn — Gb / Gb — Tf müstəviləri arasındakı nisbət “profil dərinliyi” — PD (profile depth) anlayışı ilə ifadə olunur.

 

Sifətin aşağı şöbəsi üçün distal və ya mezial profili təyin edən eniş prinsipial əhəmiyyət daşıyır. Bu xətt adi insan baxışı ilə təbii qavranılır deyə, çənə ilə üst dodağı birləşdirməlidir. Üst dodaq bütöv struktur kimi dəyərləndirilir, odur ki, onun orta nöqtəsi seçilir. Beləliklə, üst çənə kəsici dişlərin protruziyası və ya retruziyasının təsiri tarazlaşdırılır. Bu xəttlə Ro müstəvisi arasındakı bucaq sifətin aşağı üçdə bir hissəsinin enişi kimi ifadə olunur — LFI (lower face inclination).
Fotoşəkillərin ilkin təhlili qanunauyğunluğu aşkar edir: gözəl qadın sifətlərinin profil dərinliyi PD, yəni Sn — Gb — Tf müstəvilər arasındakı məsafələr təxminən bərabərdir, Ro müstəvisi və LFI arasındakı bucaq 90o yaxındır.

 

Gözəllik anlayışı
Gözəllik haqqındakı təsəvvürlər son dərəcə fərqlidir. Təriflər çoxdur, amma heç biri universal de­yil. Gözəl qadın sifətinin üç nəzəriyyə qrupu bəllidir: birincisi – fizioloji gözəllik, yəni gözəlliyi sağlamlıq və estrogenlərin səviyyəsi müəyyən edir; ikincisi – aralıq, yəni insanlar orta gözəllik dərəcəli sifətləri seçir; üçüncüsü – gözəl sifətlər qızıl kəsimə uyğundur.

 

Beyində baş verən iki müstəqil proses birləşir. Birinci proses daha qədimdir, hipotalamus və limbik sistemin iştirakı ilə keçir. Bu emosional yanaşmadır və nəsil davamı funksiyası ilə bağlıdır. Beyin sağlamlıq əlamətlərinə və orqanizmdə yüksək estrogen səviyyəsinə cavab verir. Buna “cazibəli” sifət deyilir.

 

İkinci proses yenidir, beyin qabığında, ilk növbədə, prefrontal nahiyədə cərəyan edir. Mürəkkəb daxili proporsiyalı obyektlər nümayiş edilərkən bu istiqamət aktivləşir və müşahidə obyekti insan beynindəki ideal təsəvvürlə müqayisə olunur. Proses “harmonik” ifadəsinə uyğundur.

 

Orta sifət nəzəriyyəsi bir çox işlərdə öz təsdiqini tapıb. 32 fotoşəkilin birləşməsindən alınmış sifət şəkili daha cəlbedici sayılır, nəinki hər şəkil ayrılıqda. Bu, onunla izah olunur ki, əvvəldən eyni tipli sifət şəkilləri istifadə olunur və proporsiyaların fərqi beynin qavraya biləcəyi münasib ölçülərə qədər tarazlanır.

 

Sifət həcmli fiqur kimi
Tədqiqatlar göstərir ki, gözəl sifətlərin əksəriyyəti vahid pattern üstündə qurulub. Orta PD ölçüsü 0,97 təşkil edir. LFI ölçüsü daha dəyişkəndir, lakin normal bölgü dərəcəsinə uyğunluğu saxlayır və orta hesabla 93o təşkil edir.

 

Bu parametrlər irqi mənsubiyyətdən və tarixi dövrdən asılı deyil. PD və LFI ölçüləri ortoqnatik cərrahiyyə metodları ilə asanlıqla dəyişə bilər ki, bu da ortoqnatik əməliyyatların planlaşdırılmasında yeni perspektivlərə yol açır, stabil funksional və estetik nəticələrə zəmin yaradır.


 9070    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *