

Pielonefrit, əsasən, kasa-ləyən sisteminin interstisiyasının zədələnməsi ilə şərtləndirilmiş qeyri-spesifik böyrək iltihabı xəstəliyidir. Pielonefrit 7-10% gənc və orta yaşlı insanlarda baş verir. Ahıl və qoca yaşlılarda isə bu xəstəlik 15-23% halda rast gəlinir. Sidik yollarının infeksiyası bütün xəstəxanadaxili infeksiyaların 40%-ni təşkil edir. Sidik yolları infeksiyalarının törədiciləri 80-90% hallarda bağırsaq çöpü, sonra klebsiella, protey, enterobakteriyalardır. Xəstəxanadaxili yoluxmada gram”+” floranın və göy-irinli çöplərin rolu artır.
Pielonefritə yoluxma ehtimalının artması sidikçıxarıcı sistemin yaşla müqavimətinin azalması ilə izah olunur və prostata təsir göstərməsi ilə əlaqədar kişilərdə daha kəskin şəkildə müşahidə edilir. Xəstəliyin ağır irinli formalarına keçid, ikitərəfli pielonefritlərin meydana gəlməsi ahıl yaş ilə əlaqəlidir. Ahıl və qoca yaşlılarda kəskin pielonefritin gedişi, adətən, atipikdir, intoksikasiya, apatiya, ürəkbulanma müşahidə oluna bilər. Bədən temperaturu normal və ya subfebril səviyyəyə qədər yüksəlir, leykositoz, EÇS artımı qeyd olunur, beldə ağrı, bel əzələlərinin gərginliyi, leykosituriya müsahidə olunur. Gec fəsadlar mərhələsində arterial hipertenziya, böyrək çatışmazlığı, anemiya görülə bilər. Diaqnozu təsdiqləmək üçün bakterioloji, urokontrastlı rentgen, USM, KT, MRT məlumatları tələb olunur. Diaqnostika ümumi prinsiplərin əsasında qurulur. Differensial diaqnostika nefrotuberkulözla aparılmalıdır; yaşla bağlı kəskin pielonefritin proqnozu ciddidir, ölüm ehtimalı 20-30% təşkil edir. Müalicə kompleks şəkildə aparılır-antibakterial, iltihaba qarşı preparatlar, ümumi qüvvətləndiricilərlə böyrək makro- və mikrosirkulyasiyasının və urodinamikanın bərpası tətbiq edilir. Pəhriz tövsiyə edilir: mərcanı morsu, sidikqovan ot dəmləmələri bol miqdarda içilir. Müalicənin əsasını antibakterial terapiya təşkil edir. Antibakterial vasitələrin seçimi sidik ifrazına görə aparılır – nefrotoksik preparatlar təyin edilir. Müəyyən edilməmiş törədici olduğu halda sidikdə yüksək konsentrasiyanı yaradan geniş spektrli antibiotiklər təyin edilməlidir. Yaşlı və XBX xəstələrə aşağı doza antibiotiklər verilir. Kəskinləşmədən sonra residivləşmənin qarşısını almaq üçün 3 ay ağcaqayın yarpağı, yarma, qırxbuğum, cəfəri, mərcanı morsu, kətan toxumu tövsiyə olunur. Mikrosirkulyasiyanı yaxşılaşdırmaq üçün desaqreqantlar və immunomodullaşdırıcı vasitələr istifadəsi məsləhət görülür.
M.S. Salihov
ATU Ailə təbabəti kafedrasının müdiri
S.K. Şahbazbəyova
kafedranın dosenti
G.Ə. Babayeva
kafedranın assistenti
Bir cavab yazın