Bagla

Həkimdən soruş

Hekimden sorus







İnvaziv radiologiya – təbabətdə yeni səhifə…

 

Dr. İlqar Hüseynov, invaziv radioloq, “Məlhəm Beynəlxalq Hospital”

Hamımız lap uşaqlıqdan rentgen müayinəsi ilə tanışıq, ya ailə üzvümüz, ya da dost-tanışlarımızdan kiminsə “getdim, rentgen olundum” dediyini eşitmişik. Hələ 120 il əvvəldən başlayaraq sadəcə tibbi görüntüləmə məqsədilə tətbiq edilən rentgen şüaları hal-hazırda başdan-ayağa bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Doğrudur, onkoloji praktikada şişlərin şüa verilməsi yolu lə müalicəsi rentgen şüalarının təkcə müayinədə istifadə edilmədiyini göstərir, lakin bu, rentgen şüalarının passiv istifadəsi hesab edilə bilər. Qısaca desək, çoxumuzun ağlında “sınığı göstərmək üçün” istifadə edilən müayinə metodu həmin metodun verdiyi görüntü altında bədənə müdaxilə etməyə, əməliyyatlar aparmağa imkan vermişdir. Beləliklə, tibdə yeni səhifə – invaziv radiologiya səhifəsi açılmışdır. Lakin, invaziv radiologiya təkcə rentgen şüalarının deyil, eləcə də hamımızın UZİ (rus dilində “ultra zvukovoe issledovanie” söz birləşməsindəki sözlərin baş hərflərindən ibarət abbreviatura, azərbaycan dilinə tərcümədə “ultrasəs müayinəsi”) adlandırdığı ultrasəs, KT adlandırdığı kompüter tomoqrafiya, MRT adlandırdığı maqnit rezonans tomoqrafiyasının imkanlarından yararlanmaqla unikal sahəyə çevrilmişdir. İnvaziv sözü “invaziya”, yəni müdaxilə sözündən qaynaqlanır və mənaca gördüyü işin sadəcə kənardan tibbi görüntüləmə deyil, insan orqanizminə müayinə və müalicə xarakterli müdaxilə olduğunu təsdiq edir.

 

Çağdaş invaziv radiologiya əsasən beynin damar xəstəliklərinin, o cümlədən beyin damarlarından qanaxma və ya onların tıxanması nəicəsində baş verən insult (iflic), insan bədənin demək olar ki, bütün damarlarının, o cümlədən daxili orqanlar, əl, ayaq damarlarının daralması nəticəsində yaranan işemiya (qansızlıq), qaraciyər, uşaqlıq, prostat, beyin şişlərinin, öd, sidik, həzm yolları xəstəliklərinin müalicəsində geniş tətbiq olunmaqla yanaşı bəzən alternativsiz metod olduğunu sübut etmişdir. Məsələn, şəkərli diabet, ateroskleroz və bəzi xəstəliklərdən əziyyət çəkənlərlə yanaşı siqaret çəkən şəxslərdə ürək, əl, ayaq damarlarının daralaması və tam tıxanması baş verir ki, bu da həyati təhlükə daşımaqla ən azı orqan itirilməsinə səbəb olur. Çoxumuz “filankəs şəkər idi, ayağı qanqrena oldu, kəsdilər” söhbətlərinə qulaq şahidi olmuşuq. Bəli, mütəmadi müayinələrin aparılmaması, xəstənin hər hansı səbəbdən vaxtında aidiyyatı həkimə müraciət etməməsi belə acı nəticələnə bilir. Sonuncu misalda daralmış və ya tam tıxanmış ayaq damarının stent və balon tətbiq edilməklə müalicəsi hesabına xəstənin həyatını və ya təhlükədə olan orqanını xilas etmək invaziv radiologiyanın gündəlik işinə çevrilmişdir. Amma misallar bununla bitmir. İkinci misal yaş və yanaşı xəstəliyin verdiyi narkoz riski səbəbilə əməliyyatı qeyri-mümkün olan, prostatın adenoması, yəni xoş xassəli şişindən əziyyət çəkən xəstələrə nakozsuz, cərrahi kəsiksiz, ayaq damarından iynə ilə girilməklə prostat şişini qidalandıran damara tıxac yeridilməsi, bununla da şişin kiçilərək sidik yollarını sıxmaması, nəticədə xəstənin hər gecə 4-5 dəfə sidiyə çıxmaqdan azad edilməsinə aiddir. Bir məqama da diqqət yetirək ki, əməliyyatların əksər hissəsi narkozsuz, yerli keyitmə ilə, kəsik aparılmadan, iynə dəliyindən damar içərisinə girilməklə, uzaq nahiyyədən, məsələn beyin damarına müdaxilə ayaq damarından, ayaq damarına müdaxilə isə əl damarından girişlə, xalq arasında “anjio” adlandılrılan, çoxlarının sadəcə ürək damarlarının müayinə və müalicəsi zamanı eşitdiyi, amma başdan-ayağa geniş tətbiq spektrinə malik, angioqrafiya görüntüsü vasitəsilə icra edilir.

 

Yetər ki, qızıldan qiymətli vaxt itirilməsin. Təbii ki, tibbi maarifləndirmə böyük əhəmiyyət daşıyır ki, bu da dövlət dəstəyi əsasında həkimlərlə yanaşı kütləvi informasiya vasitələrinin köməyinə ehtiyac duyur.


 2066    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *