

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda böyük növbələrin olması çoxsaylı vətəndaş müraciət ilə bağlıdır.
Bu barədə institutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, hazırda Institutda bu problemin aradan qaldırılması ilə bağlı işlər aparılır:
“Bir ilə yaxındır ki, institut tərəfindən onlayn növbə sistemi yaradılıb. Bu, vətəndaşların tibbi xidmətlərə əlçatanlığını asanlaşdırsa da, zaman-zaman həkim qəbullarında sıxlıq yaşanması da müşahidə olunur. Buna səbəb, Elmi-Tədqiqat Kardiologiya İnstitutuna respublikanın müxtəlif regionlarından edilən vətəndaş müraciətlərinin çoxluğudur”.
İnstitutdan bildirilib ki, qanalma otaqlarında yaşanan sıxlığın aradan qaldırılması ilə bağlı aidiyyəti şöbədə fəaliyyət göstərən tibb işçilərinin sayı artırılıb:
“Həmçinin institut tərəfindən 2023-cü ilin iyul ayından etibarən gənc könüllülərin cəlb olunması üzrə işlər aparılır. ETKİ könüllüləri də bu problemin həllində institutun işinə ciddi dəstək göstərirlər”.
İnstitutdan eyni zamanda qeyd edilib ki, xəstələrin müalicəsinin izlənməsi çıxarış günü ilə bitmir. Həkimlər uzun müddət xəstələrin monitorinqini davam etdirir: “Bu, bəzən xəstələrin öz təşəbbüsü ilə aparılsa da, institutumuzun həkimlərinin özləri də bu işdə maraqlıdır. Xəstələr evə buraxıldıqdan bir neçə ay sonra yenidən müayinəyə cəlb olunurlar”.
“Elə xəstələr var ki, müayinə və müalicələrindən razı qaldıqları üçün 10-15 ildir ki, profilaktik müayinə üçün də instituta müraciət edir, övladlarının sağlamlığının qayğısına qalmağı da bizə həvalə edirlər. Bu etimadın qarşısında göstərdiyimiz tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması üçün əlimizdən gələni etməyə davam edirik”, – deyə institutdan bildirilib.

Bir cavab yazın