Bagla

Həkimdən soruş

Hekimden sorus







Varlığı dəva, artığı bəla – SU

Su insan orqaniz­minin əvəzolunmaz komponent­lərindən biridir. O, orqanizm üçün oksigen qədər əhəmiy­yətlidir.

Su həyat mənbəyidir. Belə ki, insan yemək yemədən həftələrlə yaşadığı halda, susuz ancaq bir neçə gün yaşaya bilər.

 

BƏDƏN TEMPERATURU NİYƏ YÜKSƏLİR?
Kimyəvi formulu H2O olan su 11,1% Hidrogen və 88,9 % Oksigendən ibarətdir. Yetkinlik yaşına çatmış insan orqanizminin 55-75%-i sudur (təxminən 38-46 litr). Bu miqdar yaşa, cinsiyyətə, bədənin fərdi xüsusiyyətlərinə və digər faktorlara görə dəyişir. Ana bətnindəki üç aylıq körpənin isə orqanizminin 95%-i sudur. Vücuddakı bütün toxumalar su ilə zəngindir. Hətta qanın da təxminən 83%-i sudan ibarətdir.
Kişilər qadınlara nisbətən daha çox su ehtiyatına malikdirlər. Cavan orqanizmin hüceyrələrində su daha çox olur. İnsan yaşlaşdıqca bədəndə suyun miqdarı tədricən azalır.
Qeyd edək ki, gün ərzində qəbul olunan su orqanizmdən xaric edilən su ilə balans təşkil etməlidir. Belə ki, insana gündəlik 2-2,5 litr su lazım olur ki, elə bu qədər də su orqanizmdən müxtəlif yollarla xaric olunur. Orqanizmin su ehtiyatının 6-8%-nin itirilməsi zamanı bədən temperaturu yüksəlir, dəri qızarır, tənəffüs və ürək döyüntüləri sürətlənir, əzələ zəifliyi, başgicəllənmə ortaya çıxır və kəskin başağrısı yaranır. İnsan bədənindəki karbohidrat və yağın hamısı, zülalların yarısı, bədən suyunun isə 10%-i itirildikdə, sağlamlıq təhlükə altına girir. Bədən suyunun 20%-nin itirilməsi isə ölümlə nəticələnir. Çünki qan həddindən artıq qatılaşdığı üçün ürək onun ötürülməsi funksiyasının öhdəsindən gələ bilmir.

Suyun funksiyaları:
– Qidaların həzm olunması, gərəkli orqanlara daşınması;
– Bədəndən atılması lazım olan qida artıqlarının böyrək və ağciyərə daşınıb, bədəndən xaric olunması;
– Bədən temperaturuna nəzarətin təmin olunması.

Suyun faydası:
– Ağız, burun və gözün nəmlənməsinə kömək edir;
– Su nəcisin yumşalmasını təmin edərək, qəbizliyin qarşısını alır;
– Bədənin müxtəlif orqanlarının, toxumalarının qorunmasına xidmət edir;
– Pəhriz saxlayarkən yeməkdən əvvəl iştahanın yatırılmasına kömək edir;
– Böyrək daşlarının yaranmasının qarşısının alınmasında təsirlidir;
– Həzmi asanlaşdırır;
– Yağ və tər vəzilərinin normal funksiyası üçün gərəklidir.

Bundan başqa həm hamiləlik dövründə, həm də doğuşdan sonra su qadınlar üçün daha çox əhəmiyyətə malikdir. Bu mənada süd verən analar daha çox maye qəbul etməlidirlər.

 

DƏRİNİN GÖZƏLLİYİ SUDAN ASILIDIR
Dəri də 50/100 nisbətində suya malikdir. Bu nisbət körpələrdə 80/100, kişilərdə isə 60 nisbətində dəyişir. Dərinin epidermis qatındakı su miqdarı alt dəri təbəqəsi ilə müqayisədə iki qat artıq olduğundan dərinin parlaq və işıltılı görünməsinə səbəb olur. Su gözəlləşdirməsə də, susuzluq dəriyə mənfi yöndə təsir edir.
Bədənimizdəki suyun təməl qaynaqları içdiyimiz su və digər içki­lərdir. Yediyimiz müxtəlif qidalardakı su da düşündüyümüzdən daha çox maye yaradır. Xiyar, pomidor, qarpız, yemiş və digər sulu meyvə və tərəvəzlər 90%-dən çox suya malikdir. Hətta çörək kimi quru qidalarda da müəyyən miqdarda su vardır. Ümumiyyətlə, bədən gündəlik su tələbatının 50%-ni müxtəlif içki­lərdən, 35%-ni qidalardan, 15%-ni isə vücuddakı qidaların sərf olunmasından əldə edir.

 

SUSAMAMIŞ SU İÇİN…
Yetkinlik yaşına çatan hər bir insan gün ərzində 2,5 litr (təxminən 10 stəkan) suyu tərlə, sidik, nəcis ifrazı və nəfəslə itirir. Su ehtiyacı bədənin itirdiyi enerji miqdarına görə dəyişir. Yetkinlik yaşına çatanlarda enerji sərfiyyatının hər kalorisinə 1-1,5 ml su gərəkdir. Hər 1000 kalori üçün 1-1,5 litr və ya gündəlik 2000 kalorilik pəhriz üçün təxminən 8 stəkan maye qəbul olunmalıdır.
İnsan bədəni çox istiyə və ya soyuğa məruz qaldıqda normal temperaturun yaranması üçün bədən daha çox su sərf edir. Uzun müddət təyyarə ilə səfər etdikdə və həddən artıq günəşə məruz qaldıqda isə su dəridən buxarlanır.
Xəstələndikdə də maye ehtiyacı dəyişir. Temperatur, ishal, qusma hallarında su itkisi artır. Ona görə də belə hallarda bol miqdarda maye qəbul etmək lazımdır.
Həddən artıq susuzluq insanın fiziki, hətta psixo­loji vəziyyətinə təsir edə bilər. Məsələ burasındadır ki, su içiləndən yalnız 30 dəqiqə sonra qan və toxumalardakı yerini ala bilir. Ona görə də susamadan su içməliyik ki, orqanizmimiz susuzluğa məruz qalmasın.
Su içməni mövsümə, sərf olunan enerjinin miqdarına görə bölmək lazımdır. Ümumilikdə isə 15 dəqiqədən bir 50-100 ml. maye qəbul etmək tövsiyə olunur. Yaxud da yarım saatdan bir 200-250 ml. su içmək olar . Qış mövsümündə isə bu göstərici azalır.
Qeyd edək ki, insan orqanizmi bəzən susuzluğu aclıq hissi kimi də duya bilər. Ona görə də aclıq hiss etdikdə, ilk növbədə, bir az su için.

QARACİYƏRİN FUNKSİYASI NİYƏ AĞIRLAŞIR?
Gün ərzində kifayət qədər maye qəbul olunmadıqda bir sıra fəsadlar yaranır. Su az qəbul edildikdə bədənimizdəki yağ nisbəti artır. Böyrəklər lazımi miqdarda su almadıqda qaraciyərin funksiyası ağırlaşır. Yağ anbarını enerjiyə çevirməli olan qaraciyər funksiyasını yerinə yetirə bilmir və yağların əridilməsi yavaşıyır. Yetərli miqdarda maye qəbul etdiyinizi anlamaq üçün sidik ifrazına nəzarət edin. Sidik nə su kimi rəngsiz, nə də tünd sarı rəngdə olmamalıdır. Az miqdarda və tünd rəngli sidik ifrazı kifayət qədər maye qəbul etmədiyinizi göstərir. Şəffaf sidik ifrazı isə lazımlı miqdarda maye qəbul etdiyinizin sübutudur.
Su kalori yaratmadığına görə pəhrizlərdə əsas yer tutan vasitədir. Ancaq həddən artıq su içmək bədənimizin ehtiyac duyduğu vitaminlərin də itirilməsinə səbəb ola bilər. Pəhriz və sağlamlıq məqsədilə edilən idman hərəkətlərinin ardından su içmək düzgün deyil, suyu 15 dəqiqə sonra içsəniz, daha məqsədəuyğun olar.

 

SU İÇMƏKLƏ ARIQLAYACAĞINIZI DÜŞÜNÜRSÜNÜZ?
Həddən artıq su içmək də düzgün deyil. Belə olduqda qan lüzumundan artıq sulanar. Nəticədə, kəskin sancılar belə özünü büruzə verə bilər. Yay günlərində hər kəsə bol miqdarda su içmək məsləhət görülsə də, böyrək çatışmazlığı olan xəstələrə daha az maye qəbul etmək tövsiyə olunur. Belə xəstələrin böyrəkləri öz funksiyasını tam yerinə yetirə bilmədiyindən qəbul edilən mayenin xaric olunması normal getmir və vücudda su artıqlığı yaranır. Bu zaman iştahasızlıq, qusma və baş ağrısı şikayətləri də ola bilər.
Bir çoxları su içməklə arıqlayacağını düşünür, əslində isə suyun belə bir funksiyası yoxdur. Sadəcə onun verdiyi toxluq hissi, həzm sistemini hərəkət etdirir və dolayı da olsa arıqlamaq istəyənlərin imdadına çatır.
Bəziləri isə “çox çay içirəm, su içməsəm də olar” deyə, yanlış düşüncəyə qapılırlar. Çay və qəhvə suyun yerini tuta bilməz. Çünki onların tərkibində olan kofein bədənin su itirməsinə səbəb olur. Digər şirələr və içkilər də suyun yerini tutmur. Əksinə, həmin mayeləri qəbul etdikdən sonra su içmək arzusu yaranır.
Orqanizmin suya tələbatının daha da artdığı yay mövsümündə suyu hər an yaxınlığınızda saxlayın. Gündəlik qidalardan, müxtəlif içkilərdən su almaq əvəzi­nə suyu olduğu kimi için. Adi suyu çox içməyi sevməyənlər suyun içərisinə limon sıxa və ya nanə ata bilərlər.
Su içərkən onun miqdarı ilə yanaşı, keyfiyyətinə, duruluğuna da xüsusi fikir vermək lazımdır. Mətbəxdə sudan istifadə etməmişdən qabaq onu xüsusi düzəldilmiş filtrlərdən süzmək tövsiyə olunur. Su qablarının içərisinə isə antiseptik xüsusiyyətə malik gümüş əşya və ya gümüş parça salmağın böyük xeyri var.


 2087    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *