Bagla

Həkimdən soruş

Hekimden sorus







“Servye Azərbaycan” şirkətinin direktoru Rişad Təhməzov: “Hədəf 130/80” layihəsi üzrə paytaxtda və regionlarda müxtəlif tədbirlər, təlim və skrininqlər keçirilib

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi və “Servye Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə 27 fevral 2025-ci ildə “Hədəf 130/80” layihəsinin təqdimat mərasimi oldu. Tədbirdə səhiyyə və tibb işçiləri, məsul şəxslər iştirak etdilər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin müdiri Babək Tatlıyev, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəsi Hande Harmancı, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev çıxış edərək, ölkəmizdə keçiriləcək “Hədəf 130/80” adlı arterial hipertenziya ilə mübarizə layihəsinin qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə böyük əhəmiyyət daşıdığını bildirdilər.

 

Bir daha vurğulandı ki, müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə çevrilib, yalnız səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi deyil, eyni zamanda əhalinin maarifləndirilməsinin vacib olduğu diqqətə çatdırıldı.

 

Ölkəmizdə həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlərin əsas məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılması, vətəndaşların uzun ömür yaşamasına nail olmaqdır. Ona görə əhalinin həyat və sağlamlığının qorunması istiqamətində fəaliyyətlərin paytaxtla yanaşı, regionları da əhatə etməsi nəzərdə tutuldu. Məlum olduğu kimi qeyri-infeksion xəstəliklər son illərdə bütün ölkələrdə və o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəlikdir. “Hədəf 130/80” adlı arterial hipertenziya ilə mübarizə layihəsinin də əsas məqsədi Azərbaycan əhalisi arasında arterial hipertenziyaya nəzarəti gücləndirmək və bir il ərzində həkimləri maksimum dərəcədə cəlb etməklə, həmçinin rəhbər tövsiyələrə əsaslanan müalicə üsullarına riayət etməklə ürək-damar xəstəliklərini azaltmaqdır. Layihə çərçivəsində əhali arasında, xəstəxanalarda təbliğat və təşviqat kampaniyası aparmaqla yanaşı, televiziya, radio, sosial şəbəkə və s. vasitələrlə də əhali arasında təbliğatı gücləndirmək nəzərdə tutulurdu və bu fəaliyyətlərin hamısı həyata keçirildi.

 

Əhali arasında keçirilən tədbirlərə Bərdə rayonundan başladıq. 13-16 may 2025-ci ildə rayonun kənd məntəqələrində və Ailə Sağlamlıq Mərkəzlərində (ASM) “Hədəf 130/80” layihəsi çərçivəsində maarifləndirmə aksiyaları oldu, 200-ə yaxın iştirakçı skrininqlərə cəlb edildi, təzyiqləri ölçüldü və onlara müvafiq tövsiyələr verldi. Mayın 17-də Bərdə Rayon Diaqnostika Mərkəzində “Hədəf 130 /80” layihəsinin təqdimatı oldu. Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, RİİB-in şöbə müdiri Babək Tatlıyev, o cümlədən tanınmış həkim və kardioloqlar çıxış etdilər. Ətraf rayonların həkimlərin iştirakı ilə keçən tədbirdə bir daha layihənin həyata keçirilməsinin, arterial hipertenziyaya qarşı aparılan skrininq və maarifləndirilmənin əhəmiyyəti vurğulandı.

 

Növbəti tədbirimiz 27 oktyabr 2025-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkil olundu. Səhiyyə Nazirliyi, TƏBİB, RİİB, Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) və “Servye Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində səhiyyə və tibb işçiləri üçün təlim keçirildi. İSİM-in direktoru Səbinə Babazadə arterial hipertenziya mövzusunda maarifləndirici fəaliyyətlərin vacibliyini qeyd edərək vurğuladı ki, bu gün qeyri-infeksion xəstəliklərlə mübarizə bütün səhiyyə sistemləri üçün əsas prioritetlərdən biridir. AKC-nin sədri Ülvi Mirzoyev, Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktik İnstitutunun baş həkimi Rəhimə Qabulova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin aparıcı məsləhətçisi Tərənnüm Əlizadə çıxış edərək, “Hədəf 130/80” layihəsinin arterial hipertenziya ilə mübarizədə mühüm təşəbbüs olduğunu bildirdilər. Eyni zamanda təlimdə iştirak edən tibb işçilərinə təzyiqin düzgün ölçülmə qaydaları və digər istiqamətlər üzrə vacib tövsiyələr verildi.

 

“Hədəf 130/80” layihəsi çərçivəsində növbəti skrininqlər və maarifləndirmə aksiyalarına start verildi. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İSİM, RİİB, AKC və “Servye Azərbaycan” şirkətinin birgə əməkdaşlığı ilə, 28-31 oktyabr 2025-ci ildə Abşeron rayonu üzrə 15 Ailə Sağlamlıq Mərkəzində (ASM) skrininqlər həyata keçirildi. ASM-lərin həkim terapevtləri, İSİM və AKC-nin nümayəndələri tərəfindən aparılan skrininqlər zamanı pasiyentlərin qan təzyiqi ölçüldü, müvafiq sorgular aparıldı və lazımi tövsiyələr verildi. Əhali arasında keçirilən bu maarifləndirmə aksiyaları çərçivəsində 4 gün ərzində 1000-ə yaxın şəxs skriniqlərə cəlb olundu.

 

Qeyri-infeksion xəstəliklərin profilaktikası, arterial hipertenziya ilə mübarizə məqsədilə, 26-28 noyabr 2025-ci ildə Quba, Qusar, Balakən, Zaqatala və Qax rayonları üzrə ilkin tibbi xidmət müəssisələrində, Quba və Balakən rayonlarında yerləşən Asan xidmət mərkəzlərində skrininqlər həyata keçirildi. Layihə çərçivəsində baş tutan müayinələr zamanı ümumilikdə 5 rayon üzrə 700-ə yaxın vətəndaşa tibbi xidmət göstərildi.

 

Növbəti tədbirlər Gəncədə 3-5 dekabr 2025-ci ildə təşkil olundu. Gəncə Şəhər Birləşmiş Xəstəxanasında 90-a yaxın həkimin iştirakı ilə təlim, növbəti günlər isə Gəncə şəhər ASAN 2 xidmət mərkəzində skriniqlər aparıldı. Eyni zamanda, 17-19 dekabr aralığında Şamaxı və Qobustan rayonlarında da tədbirlər planlaşdırmışıq. Orda da ASAN xidmət mərkəzində arterial hipertenziyaya qarşı skrininqlər həyata keçiriləcək.

 

Bir neçə kəlmə də qarşıda nəzərdə tutulan digər fəaliyyətlərdən söz açmaq istərdim. Azərbaycan Kardiologiya Cəmiyyətinin 12-14 dekabr 2025-ci ildə qurultayı planlaşdırılır. Dekabrın 13-də Slovakiyanın Hipertenziya Cəmiyyətinin vitse-prezidenti professor Anna Vachulovanın gəlişi gözlənilir. Onun “Charter 70” Proqramı: Əhali səviyyəsində qan təzyiqinə nəzarətin tətbiqi, icra edilən 2023 layihəsi və hazırda davam edən layihələr barədə məlumat verməsi, əldə olunan təcrübənin bölüşməsi nəzərdə tutulub. Həmçinin, Gurcüstan Kardiologiya Cəmiyyətinin sədri professor Rusudan Agladze tədbirə dəvət olunub, o da hazırda davam edən Fight for Future 50/27 layihəsi barədə məlumat verəcək. Türkiyədən professor Tarık Kıvrakı məmnuniyyətlə gözləyirik, o da hipertoniyaya nəzarət üzrə milli təşəbbüs proqramları üzrə çıxışını təsdiqləyib.

 


 77    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *